Bütün yolların sonu

Bütün yolların sonu
6 may 2011
# 12:00

…Öldü deməyin, dostlar,
Akif yatmağa getdi

Akif Səməd

Son vaxtlar uşaqlığımdan yadigar qalan bir xatirə tez-tez yadıma düşür. Dağların dörd tərəfdən əhatəsinə aldığı, mənim üçün bütün dünyaya bərabər olan bir ovucluq balaca obada - Şıxlarda yaşımın al-arvadlarına, cinlərə, pərilərə inanan vaxtıydı. Deyirdilər ki, kənddən kimsə bir cini ələ keçiribmiş, üstünə iynə sancıbmış, cin balaca körpəni aldadıb iynəni üstündən çəkdirənə qədər insanların xidmətində durmağa məcbur olubmuş.

Bu cin insanlara çox xeyir veribmiş, həlli müşkül dərdlərə çarə qılıbmış. Axır ki, günlərin birində iynəni üstündən çəkən tapılıb. Xudahafizləşəndə cin sözünü deyib gedib: “Siz məndən elə şeylər soruşurdunuz ki, bunun cavabını özünüz də öyrənə bilərdiniz: axı, niyə insanların cavan ölümünün səbəbiylə maraqlanmadınız?” Onda belə nağıllara inanan vaxtlarımızdı.

Amma bu nağıldan üç alma düşməzdi, onlar zamana, biz dövrə keçməzdik, əvəzində üzlərdən təəssüf ifadəsi keçərdi: “görəsən, insanlar cindən cavan ölümün cavabını niyə soruşmayıblar, bu fürsəti niyə qaçırıblar?!”

***

İndi düşünürəm ki, bu, bütün zamanlarda insanlığın düşüncəsinə hakim kəsilən bir sualmış. Həyat iksiri kimi, bu cavabın da bir addımlığında olan insanlıq heç vaxt onu əldə edə bilməz.

Doğrudan, o, lap bir addımlığımızdadı. “O” dediyim Ölümdü! Bunca yaşlı bir dünyanın belə cavan, sütül, saçı-saqqalı qap-qara, çatmaqaş, gülərüz ölümü də varmış. Amma biz belə öyrənmədik axı!

Bəs, hanı bunun ağrı-acısı? Hanı zəhmi? Hanı saçın qarasını, üzün təravətini, belin qəddini, gözün nurunu, dizin taqətini alan hökmü-hikkəsi?

Yoxmuş - heç bir əlaməti, heç bir xəbərdarlığı, heç bir alicənablığı...

Yanımızdaymış, şah damarımızdan da yaxınmış bizə – nə vaxt, harada, necə «vaxtdır!» deyəcəyini bilməyəcəyimiz qədər içimizdəymiş. İçimizdəkilərdən, bizə «şah damarımız qədər» yaxın olandan nə vaxt xəbərimiz olur ki!

***

«Bütün yolların sonu ölümdür» dedik. Amma ölüm təkcə yolların sonunda deyil. Yolda qırılan ömürlər, Yarıyolda gələn ölümlər var.

Vaxtımızın nə vaxt keçdiyi, vədəmizin nə zaman çatdığı qaşla göz arasında. Yola çıxırıq ki, ömür sürək, ölüm ömrümüzü əlimizdən alır.

Bu dünyaya gələndən ölümə doğru yol gedirik. Amma ömür bizim deyil, axı - sahibi, yiyəsi var! Ömür yolu ölümün gəldiyi yerdə bitir.

Bu ölümsə elə tez gəlir ki! Yola çıxmamış, bu yolun sağ əldəki mehrini, sola çəkən qəhrini görməmiş ömrü əldən alarlar?

***

Yaşımızı yaşamaq üçün diz qatlayanda ölüm dizimizi qatlayır, yaşımızı qurudur - zamana əziyyət belə vermir. Adımızın yaşından qırılıb düşürük - quruca adımızdan savayı heç nə qalmır bu üzü hey dönən, dəyişən, kiçilən Yerdə.

Bu Yerdən özümüzlə götürəcəyimiz də heç nə yoxdu - özümüzdən savayı.

O da bizlik deyil – bizi yerdən əzizlər götürür…

# 2314 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #