Müğənni evlərindən kasıb komalarına

Müğənni evlərindən kasıb komalarına
13 may 2013
# 13:50

Kəndin palçıqlı və sürüşkən torpaq yolunda sürüşə-sürüşə gəlin aparan, bəzəkli ”Niva”nın yanınca ucaboylu bir adam ətəkləri palçığa bata-bata, kamerasını haylaya-haylaya gedir... Bu adam “Səyyah” verilişinin aparıcısı Səbuhi Yusibovdur.

Əslində, o, bər-bəzəkli, mərmərli-təmirli bahalı yerləri, əyləncə komplekslərini, lüks içində olan adamları və əşyaları göstərən, “budur həyat” deyən teleefirin o biri üzündəki adamları haylayır. O adamları ki ekrana baxanda köks ötürüb deyirlər- “Neynirlər ee bizi”.

Haylayır və yığıb tamaşaçılara başqa həyat göstərir və deyir: “bax, həyat, insan budur!” Bahalı evlər gəzən, müğənnilərin qarderoblarını eşələməyi təzəcə tərgidən, “brend” adamlar, tanınmış insanlar istehsal, “adəmi adəm eləyən paradır” şüarını tamaşaçının beyninə həkk edən, dəbdəbə xəstəsi olan televiziyaya başqa dəyərləri tanıdır, kəndin parıltısız sadə həyatını, insanlarını göstərir.

Və gedib kəndin varlı-hallı, sayılıb-seçilən adamlarını, yaraşıqlı evlərini soruşub axtarmır. Qapısını Allah qonağına açan fəqir-füqəranı yoluxur. Get-gedə qlamurlaşan televiziyaya sadə insanları göstərir. Kim utanacaq?

Dəyəri maddiyyat olan adamla yoxsulun görüşməsi dünyadakı ən pis səhnədir. Bəlkə də kamera görəndə dünyagörmüş arvadların yaşmaqlanması, utanması, gənc qadınların qaçması, gizlənməsi bu səbəbdəndi-onlar bu qlamursevər, əşyaçı televiziyanı tanıyırlar.

Amma bir iş var, onlar artıq “Səyyah”ı da tanıyırlar.

Vətənin ruhunu bu sadə adamların gülüşündə, səsində, ümidində, sevgisində, sevincində, kədərində, qayğısında axtaran Səbuhini də tanıyırlar. Səbuhi bizim şəhərli yazarlar, aparıcılar kimi onları qınamır, “niyə qara geyinirsiniz?”, “bu nə adətlərdir?”, “bu musiqilər nədir?” – soruşmur. Səbəbləri bilir və olsa-olsa “Ağsu ağardır, yoxsa qaraldır?” kimi absurd suallar verir. Bunlar elə suallardır ki ona elə çox fərqli də cavablar almaq olar.

Güvəndiyi tək şey camaatın “Adəmi adəm eləyən paradır” deyənlərdən qoruya bildiyi dəyərlərdir - comərdlik, səxavət, mərdlik, ümid, sevgi...

Verilişin indi də efirə gedib-getmədiyini bilmirəm, yalnız bir sayına, çox güman ki, təkrar verilən bir sayına baxdım.

Səbuhinin verilişi elədir ki, çəkdiklərinin şərhə, istiqamətə, heç nəyə ehtiyac yoxdu. Ölkənin bölgələrini - kəndlərini gəzir və qarşısına çıxan adamlarla hal-əhval tutur. Və bir hal-əhvalla, az qala bir kəlmə ilə kənd adamların həyat şərtləri, qayğıları, sevinci, kədəri görünür.

Məsələn, Səbuhi Cəlilabadın hansısa kəndində yeganə malakan cütlüyü göstərir. Mişa kişi və Dina arvad. Onları danışdırır. Təklik, ümidsizlik, qocalıq onları əzik-üzük bir görkəmə salıb. Səbuhi onların evini, həyətini, qəbiristanlığını, miskin həyatının keçmişini gələcəyini göstərir-şən bir malakan musiqisi altında sanki bir ekzotika kimi təqdim edir. Bu musiqi, bu təqdimat ekrandan görünən miskinliyi ört-basdır etmir, əksinə, qabardır. Baxırsan və ürəyin varsa kədərlənirsən...

# 3704 dəfə oxunub

Müəllifin son yazıları

# # #