Sosial şəbəkələrdə sevgi və nifrət yerdəyişməsi

Sosial şəbəkələrdə sevgi və nifrət yerdəyişməsi
25 oktyabr 2019
# 12:13

Dünən futbolçu Rəşad Sadıqovun adını bilməyənlər də əzbərlədi. Nədi, nədi, həmişə yaxşı oynamış oyunçu komandasını uduzduran səhv edib!

Bir qola görə insanı göyə atıb-tutan insanların bir səhvə görə onu yerdən-yerə vurması anlaşılandır.

Kino, ədəbiyyat, teatr tarixi publikanın bu amansız laqeydliyi, vəfasızlığı ilə doludur. Hesab edək ki, şərqdə gözəlin vəfasızlığı nə qədər əks olunubsa, qərb incəsənətində də publikanın vəfasızlığı, sənətkarın faciəsi o qədər yaşanıb və ya işlənib.

Bu mövzuda ən faciəvisi, ən çox xatırladığım publikası ilə üzbəüz bunu hiss edən Etyen Dekrunun əhvalatıdır. Etyen pantomima aktyoru olub. Pantomimanın janr kimi klounada və dramatik teatrdan arınmasına onun əməyi böyükdür. Aylarla zəhmət bahasına ən müxtəlif tryuklar plastik hərəkətlər göstərirmiş. Pantomimanı janr kimi məhşurlaşdırdığı, uğur qazandığı zamanlardan birində səhnədə çaşır, tryuk alınmır. Üzr istəyib, bir də göstərir, bu dəfə də alınmayanda adamlar gülməyə, lağ etməyə başlayır. Etyen dözə bilmir, səhnədən zala enib, adamlara cummağa başlayır. Bu hadisədən sonra onun tamaşalarına heç kim gəlmir. Amma Etyen təkbaşına, boş zala oynamağa başlayır. Afişalar asır, tam yazılan vaxtda da çıxıb bomboş zalda tamaşasını göstərir, amma daha tamaşa nə olur, olsun, Etyen öz faciəsini oynayır...

Çarli Çaplinin “Rampa işığı” filmində də bu mövzuya toxunulur. Çaplinin stendapçı qəhrəmanı publikanın sevimlisidir, zamanla şərtlər, tələblər dəyişir, o, unudulur. Rampa işıqlarısa hələ də cazibə ilə parlayır.

Məsələ yalnız uğurda, ya uğursuzluqda deyil, bütün varlığınla sənətin əbədiliyini duyub, bundan sonra öz ötəri, keçici şöhrətinlə, səhnədən getməyinlə barışmaq ağırdır.

Publikanın unutqanlığı isə bir ayrı xəyanətdir. Ovundurduğun publika həmişə tələb edir. Kiçik bir səhvi, qüsuru bağışlaya bilmir. Çünki travmatik və komplekslidir. Yəni, sənətkar (futbolçunu da bura əlavə etsək) kütləni nəyi ilə ələ almışdısa (komleks və travmalar), elə ona görə də tərk edilir.

Dünya dəyişib, publika ilə interaktiv əlaqələr qurulub. Nə məlum olur? Kəskin tənqidi, fitva verən şərhlər daha çoxdur. Məlum olur ki, bu, həmin amansız kütlədir, analizsiz linç edən, kimsə qarşısında məsuliyyət hissi olmayan qara kütlə.

Ola bilsin, məsələ sadədir. Tamaşaçı başqasını bağışlaya bilər, amma özünü bağışlaya bilmir. O səhnədə, meydanda özünü görəndə təsirləndiyi kimi, özünü görəndə qəzəblənə də bilir. Məsələn, sənətkar, oyunçu öz uğursuzluğu ilə tamaşaçı kürsüsündə oturmuş birinə onun uğursuzluğunu yada salırsa, onun səhvlərini, bacarıqsızlığını xatırladırsa, ona əfv yoxdur. Bu amansızlığın altında “Ura, sən də bizdən birisənmiş!” sevinci, ya da “Mənim kimi luzer...” kədəri dayanır.

Odur ki, dərd etmə, futbolçu! Uğur da, uğursuzluq da sənin deyil. Sənin olan gur işıqlarla daha da yaşıl olan meydançaya sevgidir...

# 3810 dəfə oxunub

Müəllifin son yazıları

# # #