Qanımı sənə halal edirəm

Qanımı sənə halal edirəm
3 iyun 2019
# 15:28

Kulis.az Aliyənin “Sabir bu gün” yazısını təqdim edir.

Qoy mən tox olum, özgələr ilə nədi karim,

Mən salim olum, cümlə-cahan batsa da batsın...

Dəhşət odur ki, çoxumuzun, az qala hamımızın cibindən bu iki misralıq mobil ideologiya çıxa; Sabir hər yerdə bizi bağrına basır. “Sabir” deyən kimi, yanlış anlamayın, sovet tənqidçiləri kimi bu mobil ideologiyanın çürüklüyündən, iyrəncliyindən, antihumanizmindən-filandan yox, məhz cahilliyindən, öz salimliyinə vurduğu zərbədən yazmaq istəyirəm. Yəni ideologiya özünə qarşı.

İş orasındadır ki, bu gün “tox və salim olmaq” ötən əsrdəki kimi təhlükəsiz deyil. “Mən salim olum...” ideyası texnika və texnologiya inkişafının, sistemləşmənin, sosiallaşmanın sayəsində tam iflasa uğrayıb. Salim olmaq üçün etdikləri və etmədiklərimiz daha sürətlə qarşımıza çıxır.

Hamı salim olmaq istəyirsə, bunun üçün çabalayırsa, saytların İP tutduğu dəhşətli hadisələr, bir-birini baltalayan insanlar hətta ilk baxışdan təsadüfi görünən faciələr haradan meydana gəlir?

Məsələn, elə bu günlərin mətbuatda yer alıb insanları ağladan ailə faciəsi: gənc qadın doğum zamanı ölüb, körpə uşaqları qalıb, bu azmış kimi ata da bu yaxınlarda yol qəzasında ölüb. Faciənin miqyasını ilk baxışda qəzavü-qədərə bağlamaq olar. Deyəsən, elə mətbuat da bu prizmadan yanaşıb. Amma bir anlıq qəza-qədər mələyinin ətəyini buraxaq.

Ağlaşma manşetlərə baxıb azacıq düşünək: Tutalım, o qadın həqiqətən həkim səhvindən ölübsə də, günah təkcə həkimdə deyil axı, o həkimin təhsilində, daha dəqiqləşdirsək təhsildəki rüşvətdədir. Halbuki müəllimə pul verib qiymət yazdıranda heç kim belə faciə barədə düşünmürdü.

O tələbə özü də, o müəllim özü də belə hadisəyə ürəkdən təəssüflənər, acıyardı. Yaxud ölən qadının əri də avtoqəzada həlak olub. Bəlkə onun yoluna çıxan kimsə “prava”nı pulla alıb, yolda sürmək öyrənirmiş. Amma alanda da, satanda da kimsə bunu istəməmişdi.... Elə TV-də də, mətbuatda da. Məgər aparıcı cahilliyi, bayağılığı təqdim edəndə, jurnalist baş vermiş kriminal hadisəni təfərrüatlarına qədər yazanda, sayt İP uğrunda dəyərləri ayağının altına qoyanda və ya zorakılıq videolarını tirajlayanda, qan tökmüş, adam öldürmüşdü? Yox. Qətiyyən. Amma bunu tirajlayanda oxucuların zorakı, seksual və vəhşi instinktlərini hədəfə almış, ona toxunmaq istəmişdi, daha doğrusu bununla alver etmişdi.

“Mən salim olum” ideologiyası ilə yaşayanda, hər şeyi pulla satanda, sabahı yox, bu günü düşünəndə axırı belə qanlı, ağlaşmalı olur. Yəni, bir gün gec-tez adamın özünə də dəyir zərbə. Heç düşünmədiyin, hətta istəmədiyin halda. Biz bir-birimizi başa düşürük, amma bağışlamırıq.

Ona görə də sabah qarşımda instinktləri, fanatizmi ilə hərəkət edən bir adamın bıçağını görəndə bir mətbuat nümayəndəsi ilə deməliyəm: gəl əzizim, qanımı sənə halal edirəm...

# 1895 dəfə oxunub

Müəllifin son yazıları

# # #