Lesbiyanı öldürməlimi?

Lesbiyanı öldürməlimi?
24 oktyabr 2014
# 14:17

Bu yaxınlarda saytlardan biri belə bir başlıqla xəbər dərc etdi: “Biabırçı olay: Gəlin başqa kişiyə qoşulub qaçdı…” Bir xəbər belə təşviqedici şəkildə təqdim olunarmı?

Azan səsi ilə açılan gülləri möcüzə kimi təqdim edən cahil televiziyaya baxandan, sosial ekspert yerində danışdırılan müğənniləri görəndən sonra belə xəbərlərə təəccüblənmirsən. Nə deməli? Ölçü hissi itib. Saytlar, televiziyalar xüsusən kriminal xarakterli xəbərləri pornoqrafik bir tərzdə çatdırır. Bizim sosial medianın dəyərlər etalonu bir çox hallarda kütlənin marağı və rəyidir. O, xəbəri məhz bu prizmadan təqdim edir.

Əlbəttə, hadisənin niyə və necə baş verməsini araşdırmağa, onun arxasında insanın, toplumun dramını görməyə operativ KİV-in vaxtı yoxdur. O, vaxt itirmədən kütlənin şərhlərdə üstünlük təşkil edən (onsuz da bəlli) “Günah öləndə olur” tipli yanaşmasını xəbərin üzünə yükləyib “Təfərrüat” adı ilə təqdim edir.

Bu günlərdə yeni bir tükürpədici xəbərlə mətbuat qırmızı geyindi: “Tələbə qız bacısının başını kəsdi”. Qətlin motivləri ətrafında KİV-də bir neçə versiya dolaşdı. Bunlardan ikisi daha diqqətçəkən idi.

1. “Namus” versiyası: Guya qatil qız bacısını lesbian əlaqələrinə dözməyib, onu qətlə yetirib

2. “Psixoloji” versiya: Qatil olduğu iddia olunan qızın bədəninə cin girib, ona “Bacını öldür” kimi “vəhy” gəlib

Əlbəttə, bunlar sadəcə versiyalardır. Amma lap elə indi, lap elə bu versiyalarda mətbuatın tərəf-təşviq rolu nə qədərdir?

Məgər televiziya bədəndən cin çıxaran baxıcıları az reklam edib?

Və ya elə cinsi azlıqlar qos-qoca telekanallarda təhqir etalonu kimi təqdim olunmayıb?

İndi budur ağac öz bəhrəsini verib; bugünkü versiyalardan biri qızın lesbian olmasıdır. “Lesbian olsa belə, bu, adam öldürmək üçün səbəb deyil” - fikrini ağıllarına belə gətirməyən saytlar əsas gücü onun lesbian olub- olmamasını dəqiqləşdirməyə sərf edir. Daha oğrunun, qatilin ağzından çıxan hər kəlməni dörd gözlə güdən adamlar - tamaşaçılar, müxbirlər, polislər nə kimi səbəb eşitmək istəyirlər? Mən deyim: daha ilginc, daha psixoloji, daha cinsəl, daha zorakı, bir sözlə, pornoqrafik... Ər arvadını, arvad ərini, oğul ananı, qardaş bacını amansızlıqla öldürür. Və... Növbə ta özümüzə çatmayınca qatilin və qurbanın özümüz olduğunu anlamırıq.

Maarifləndirmək kimi funksiyası olan televiziya, KİV reytinqin-kütlənin yanındadır.

Yazdığım kimi mətbuatla məsələ bəllidir, onlarla misal gətirmək olar. Nümunə üçün, lap təsadüfən açdığım saytdan ilk gözümə sataşan iki başlığı yazıram:

"Qızlarım öz istəyi ilə mənimlə yatırdılar" və ya “Oğlunun “namus üstə öldürüldüm” dediyi ana günahsız imiş – TƏFƏRRÜAT”.

Vəssalam.

Amma nəinki mətbuat, nəinki televiziya, nəinki seriallarımız, hətta bədii kinomuz da, hətta teatrımız da tərəf olaraq o qatillər kimi qadın namusu təəssübü çəkir, günahkar axtarır, imansızı dinə gətirir, eynən aparıcı Elgizin verilişlərindəki kimi, qəfil kimisə qınayıb, bihörmət edir.

Milli kinomuz yorulmadan əsl Azərbaycan qadını, əsl Azərbaycan kişisi, əsl Azərbaycan yazıçısı obrazı axtarışındadır. Axı bizim xalqın qatil-qurban qəhrəmanları bu “əsl” obraza uyğun gəlmir... Kimi qınamalı? Kinomuz da “Əsli ilə düzdür” yazılmış imzalı dərkənardan asılıdırsa...

Allah bizə kömək olsun!

# 6114 dəfə oxunub

Müəllifin son yazıları

# # #