“Vicdan haqqı”nın Dilarəsi: “Ailə həyatım serialdakına bənzəmir” - MÜSAHİBƏ

<span style="color:red;">“Vicdan haqqı”nın Dilarəsi:  “Ailə həyatım serialdakına bənzəmir” - <span style="color:red;">MÜSAHİBƏ
27 iyun 2018
# 09:00

Aygün Zeynalova. Geniş tamaşaçı kütləsi onu “Vicdan haqqı” serialında Dilarə obrazı ilə tanıyır. Lakin Facebook səhifəsində təqdim etdiyi müxtəlif janrlı ifaları da az qala serialdakı obrazı qədər məşhurdur. Aygün xanımla dərs dediyi Milli Konservatoriyanın dərs otağında görüşürük. Marqlı bir söhbətimiz baş tutur.

Beləliklə, Kulis.az vokal ifaçısı, Əməkdar artist Aygün Zeynalova ilə müsahibəni təqdim edir.

- Aygün xanım, “Vicdan haqqı” serialından məşhurlaşsanız da, çoxları sizi sosial şəbəkələrdəki ifalarınızdan tanıyır. Deyəsən, serialda oxumursunuz.

- Bir dəfə olub. Bəstəkar Bağırovun Səməd Vurğunun sözlərinə yazıdığı “Aygün” filmindəki laylanı oxumuşam. “Aygün” kinofilmində var bu layla... Bilirsiniz, bu serialdır, onun öz formatı, öz quruluşu var. Burada aktyorluğa üstünlük verilir.

- “Vicdan haqqı” sizin ilk ekran təcrübənizdir?

- Bəli.

- Amma səhnə təcrübəniz var, mən biləni. Daha düzü, teatr təcrübəniz. Mən sizi “Arşın mal alan”da Gülçöhrə obrazında görmüşəm...

- İllər öncə Üzeyir Hacıbəylinin Opera və Balet Teatrında qoyulmuş “Arşın mal alan” tamaşasında deyilənə görə, yaddaqalan Gülçöhrə obrazı yaratdım. Sonralar çox təkliflər aldım, lakin ardıcıl dünyaya gələn üç övladıma görə, operadan uzaqlaşmalı oldum. Çox şadam ki, o dövrdə tərəf müqabillərim xalq artistləri mərhum Yaşar Nuri, Azər Zeynalov idilər. İnşallah gələcəkdə də belə layihələrim olacaq.

- Seriala necə gəlməyiniz maraqlıdır. Vokal ifaçısı, klassik musiqi və serial... Yaxın sahələr olsa da, başqa istiqamətlərdir.

- Deməzdim ki, tamam kənar sahələrdir. Çox seriallarda iştirakçıların bəziləri peşəkar aktyorlar deyillər, təhsilləri yoxdur. Fakturası, ya da hər hansı bir cəhəti serial yaradıcılarını cəlb edir, çəkilirlər. Ancaq mən özümü tam kənar saymıram. Biz Musiqi Akademiyasında “Səhnə mədəniyyəti” dərsləri keçmişik, aktyorluq da mənim sənətimə daxildir. Baxın, operettalarda tək ifa deyil, reçitativ dediyimiz nitq hissələri var, oyun var.

- Eşitmişdim ki, siz serial üçün musiqi parçaları ifa və tərtib edirsiniz, oradan seriala cəlb olunmusunuz.

- Qətiyyən yox. Mən həmişə kinoya çəkilmək istəmişəm. Bir müğənninin çəkildiyi filmlər kimi. Məsələn, Rəşid Behbudovun filmləri yadınızdadır? Bax elə. Barbara Streyzand, Mario Lanzanın müzikllərdəki işləri kimi obrazlarım olmasını arzu etmişəm. O filmlərə çəkilim ki, mütləq orada səsim, ifalarım olsun. Amma nə vaxtsa seriala çəkiləcəyim heç təsəvvürümə də gəlməzdi.

“Vicdan haqqı”nı ailəmiz çox böyük maraqla izləyirdi. İstər-istəməz eşidirdim, maraqlanırdım. Mənim TV-yə, verilişlərə baxmağa vaxtım olmur. “Vicdan haqqı”na əvvəldən baxmamışdım. İkinci mövsümdən baxmağa başladım. Əvvəlcə iki seriyasına baxdım, gördüm maraqlıdır. Evdəkilərin və tanışlarımın diqqəti, bu seriala olan marağı məni də cəlb etdi. Və ikinci mövsümdən baxmağa başladım.

Sadəcə bir tamaşaçı kimi serialın rejissoru Rövşən İsaxla əlaqə yaratdım və ona seriala ailəmizin marağı, sevgisi olduğunu dedim. Ona bir bacarıqlı, istedadlı rejissor kimi uğurlar arzuladım. Axırda dedim ki, nə zamansa, lazım bilsəniz sizin layihələrinizdə böyük məmnuniyyətlə iştirak edərəm. Söhbətimizdən sonra Rövşən müəllim mənimlə maraqlanıbmış. Elə səhəri gün ofisinə dəvət edib, kastinq keçirməyi təklif etdi. Çox təəccübləndim. Təbii ki, razılıq verdim. Elxan müəllimlə (Elxan Yunis - Kamil rolunun ifaçısı – red.) birinci mövsümdən bir səhnəni oynadıq. Elə ofisdə baş tutan kastinqdən sonra Rövşən müəllim dərhal məni Dilarə obrazına təsdiq etdi.

-Necə bir təcrübə oldu serial? Mühit necə idi?

- Çox yaxşı, sağlam bir atmosferlə üzləşdim. Aktyorlar, operatorlar, işçi heyəti Rövşən müəllimdən ruhlanır, qidalanırlar. Orada gərginlik yoxdur, sanki səmimi, mehriban bir ailəyə düşdüm.

- “Vicdan haqqı”nda siz artıq tamaşaçının yaddaşına başqa bir aktrisa ilə həkk olunmuş obrazı yaratmağa qərar verdiniz. O köhnə təsəvvürü dağıtmaq çətin olmadı ki?

- Əlbəttə, başqa bir aktrisanın əvəzinə baş rola dəvətli olmağım üzərimə böyük məsuliyyət qoyurdu. Bu etimada qarşı rejissorun bütün tapşırıqlarına ciddi riayət etməyi qarşıma məqsəd qoydum və ilk çıxışımdan onu razı saldım. Sözsüz ki, tamaşaçılarda çaşqınlıq olacağını bilirdim. Biz bilə-bilə buna gedirdik. Tək mən yox, ətrafımdakı komandadan da gedir söhbət. Əgər Rövşən müəllim məni bu rolda gördüsə, mənim orada götür-qoy eləməyim artıq olardı. Bu, digər seriallarda da baş verir. Bir aktrisa bir rolu oynayır, hər hansı bir səbəbdən kənarlaşdırılırsa, onu əvəz edən gəlir. Təbii ki, onun öz fakturası, öz orqanikası, öz yanaşması, öz baxışları var. Bunlar ətrafdakılara başqa cür təsir edir. Bununla bağlı status da yazdım hətta. Yazdım ki, hörmətli serial izləyiciləri, sizin çaşqınlığınız gözlənilən haldır. Təbii ki, mən ilk seriyadan bu obrazda oynasaydım, izləyicilərdə belə hal olmayacaqdı. Alışacaqdılar ki, Dilarə elə budur.

- Məncə, Kəmalə Müzəffərin, çılğın, baxışları ilə qışqıran, emosional Dilarəsindən sonra sizin sakit, nə etdiyini bilən və təmkinli Dilarəniz məntiqəuyğundur. Xeyli müddət keçib, çılğın hisslər soyuyub, illər sizin Dilarəni daha rasional düşünüb hərəkət edən bir qadına çevirib...

- Rejissorun məndən istədiyi odur. Mənim orada artıq emosiya göstərmək ixtiyarım yoxdur. Əlbəttə, Aygün Zeynalova kimi bəlkə başqa reaksiya verərdim məsələlərə, bir başqa cür davranardım. Amma mən orada artıq Aygün Zeynalova deyiləm, mən orada sırf rejissorun görmək istədiyi Dilarəyəm.

-Aygün xanım, dediniz ki, Aygün Zeynalova kimi başqa cür davranardım. Mən onsuz da bu sualı sizə verəcəkdim. Necə davranardınız?

- Bilirsiniz, o serialda minlərlə ailənin problemi göstərilib. İstəmirəm fərdi olaraq söylədiyim hansısa fikrimlə kimsə düşünsün ki, elə məhz belə etmək lazımdır. Mən sadəcə olaraq, düşünürəm ki, uşaqlar varsa, kompromisə getmək lazımdır. İstənilən halda, ailədə çat baş vermişsə, onu yenidən bərpa etməyə hər iki tərəf can atırsa, saf hisslərin üstündə qurulan qarşılıqlı hörmət, sədaqət və məhəbbət duyulan halda qadın bir çox şeylərə kompromisə getməli, ailəsini qorumaq üçün mübarizə aparmalıdır.

- Tamaşaçılar arasında belə fikir var ki, guya siz də qəhrəmanınız Dilarə ilə oxşar tale yaşamısınız. Hətta bəzi tamaşaçılar elə bilir ki, serialdakı balaca Nərgiz sizin övladınızıdır...

- Təbiidir ki, üzdə olan, xüsusilə də qadın sənətkarların şəxsi həyatları ilə həmişə maraqlanırlar. Mən süni şou xətrinə, bəzi şou verilişlərdə verilən müsahibələrdən çox uzaq bir adamam. Efirlərdə, mətbuatda öz ailələrinə məxsus olan şəxsi söhbətləri açıb tökənləri heç cür başa düşmürəm. Lakin madam, çox səmimi soruşdunuz, deyim ki, qətiyyən ailə həyatıma yaxın olmayan bir ssenaridir. Balaca Nərgiz yalnız serialda qızımdır. Mənim üç övladım var, üçü də məktəblidir. Rəhmətlik ataları 5 ildir ki dünyasını dəyişib. O da musiqiçi idi. Və mənim vokal sənətimə qəti mane olmadı, o, fəaliyyətimdəki uğurlarıma sevinən birisi idi. Ruhu şad olsun. Bu, taleyin bir yazısıdır.

- Ümumiyyətlə, yazılan rəyləri oxuyursunuzmu, bu, sizin işinizə təsir edirmi?

- Məntiqə sığan fikirləri oxuyuram. Cümlədən bilmək olur ki, kimin nə dünyagörüşü var. Ağıllı fikirlərə diqqət edirdim, amma yenə də obrazımda heç nəyi dəyişmirəm. Sadəcə olaraq, insanların, tamaşaçıların fikirlərini öyrənirdim. Obraz, süjet xətti necə düşünülübsə elə də gedir. Bunu analiz etmək, müzakirə etmək kimi bir şey yoxdur. Ssenari verilir, belə də oynanılmalıdır. Amma əlbəttə ki, tamaşaçıların da fikri önəmlidir. Biz kimin üçün oynayırıq? Tamaşaçının sevgisi bizə lazımdır. Amma yazılanlar çox vaxt sadəcə bir fikirdir və tamaşaçı adətən bunu öz həyatından çıxış edərək yazır.

- Qəhrəmanınızın situasuyasını hiss edib onun etdiklərinə haqq qazandırırsınız yəqin ki...

- Mən Dilarəni başa düşürəm. Əgər o, bütün ailə üzvləri tərəfindən tənbeh olunursa, təzyiqə məruz qalırsa, ətrafı, hətta övladları ondan üz döndərirsə, Dilarə nə etməlidir? Bəs hansı mühitdə yaşasın? Dilarə özünə bir növ problemsiz mühit yaratmaq fikri ilə bu əhatədən uzaqlaşmaq istəyir. Övladları artıq boya-başa çatıb. Uşaqlar tək deyil, ata da var, nənə də var, ətrafında qohum-əqrəba da var. Dilarə isə çıxdaş olunub. Evdən qovulanda ona görə gedib ucqar bir rayonda sadə, sakit bir ailəyə sığınır. Və sevgisini sonradan kimsəsiz qalan bir uşağa salır. Uşaq da ona bağlanır, ona “ana” deyir. O uşaqdan imtina etmək, artıq günah olar. İndi situasiya başqadır. Artıq qızı ailə qurub, oğlu da yetkin insandır. Ona elə bir ehtiyac da yoxdur. Amma o balaca uşağın ona ehtiyacı var. Dilarənin vicdanı yol vermir o körpədən imtina etməyə. Bilirsiniz ki, serialın da adı “Vicdan haqqı”dır. O istəmir bütün qohum-əqrəba ilə üz-göz olsun. Ona görə də Türkiyəyə getmək, orada problemsiz, sakit bir həyat yaşamaq istəyir. Bir halda ki, bu uşaq da var və o, ona lazımdır. Dilarə də bax burada özünü lazımlı hiss edir və ürəyinin səsi ilə hərəkət edir.

- Aygün xanım, cəmiyyətdə bütün situasiyalarda, qadını ittiham etmək ənənəsi var. Hətta kişi də səhv edəndə, qadın yaxşı olsaydı, kişi belə etməzdi deyirlər. Halbuki, eyni situasiyada qadınlar olsalar, bu, böyük faciə olardı, günahkar əlbəttə, birmənalı olaraq qadın olardı. Bu, niyə belədir sizcə?

- Xalqımız həmişə qadını yüksəkdə görmək istəyir. Ona ideal kimi yanaşır. Bizdə qadın, ana simvolu mükəmməldir. Bu, bizim düşüncəmizə həkk olunub. Ona görə qadın cüzi səhv etsə belə, gözdən düşür. Qadını həmişə o zirvədə görmək istəyirlər. Bizdə qadının anlamı tamam başqadır. Bu anlamda kişi özünə hər hansı hərəkəti rəva bilirsə, qadın bunu etməməlidir. Bizim təfəkkürümüz, mentalitetimiz belə formalaşıb. Düzdür, qadın da insandır, tutaq ki, ailə həyatı alınmadı, qadın nə etməlidir? Yaşamaq üçün mübarizə aparmalıdır.

-Amma nəinki bizim, hətta Braziliya seriallarında belə ssenari yazarları sevgili tərəf kimi qadını qoruyur, kişilərə belə ciddi yanaşmasalar da qadınları sevgilərinə sadiq saxlayırlar.

- (Gülür) Haqlısız, belədi.

- Həyatın hər dönəmində qadına kişidən daha çətin olur. Kimə az, kimə çox, amma belədir. Sizin seçdiyiniz sənətə gəlməyinizdə maneələr olubmu?

- Əlbəttə, olub. Ən böyük maneə atam tərəfindən olub. O, məni iqtisadçı kimi görmək istəyirdi. Amma çox şükür, anam məni düzgün başa düşdü. Deyim ki, mən ziyalı, musiqisevər ailədə doğulmuşam. Anam həkim, atam İqtisad Universitetinin professorudur. Ailədə ana nənəmin gözəl səsi olub. Əslən şuşalı Rəfiqə nənəm Asəf Zeynallının muğam sinfini bitirmişdi. Seyid Şuşinskinin tələbəsi olmuşdu. Ancaq sonralar o fəaliyyət sahəsini dəyişir, Pedoqoji Universitetin “Şərq filalogiyası” fakultəsinə daxil olur və elmi-pedaqoji fəaliyyətə başlayır. O, institutda 1967-72-ci illər arasında fəaliyyət göstərən müəllim və professorlardan ibarət “Təhsil” özfəaliyyət ansamblının yaradıcılarından və solistlərindən biri olub.

Mənim fəaliyyət sahəmi dəyişməyimlə nənəmin taleyi arasında bir paralellik var, sadəcə məndə əksinə oldu. Uşaqlıqdan bir vərdişim var idi, mütləq məktəbdən gələndən sonra royalda çalmalı idim. Məndə musiqiyə böyük sevgi olub. Musiqi təhsilim olmasa da, tonallığı hiss edə, akkordları seçə, ritmi tuta, eşitdiyim musiqini duyumla çala bilirdim. Hələ 6 yaşım olanda evdə musiqiyə marağımı görüb atam məni musiqi məktəbiə aparar. Məndən qabiliyyət imtahanı götürürlər. Sovet dövründə “Olimpiada ayısı” mahnısı var idi. Onu ifa edirəm və bu, çox bəyənilir. Daha sonra çaldığım mahnını oxumağımı istəyirlər. Utanıram, oxumuram. Mən bura oxumağa yox, çalmağa gəlmişəm, deyirəm. Nə biləydim ki çox sonralar məhz oxumağım, səsim bəyəniləcək?

Sonralar məktəbi bitirdim, İqtisad Universitetinə daxil oldum, universitetin “Beynəlxalq əlaqələr” fakultəsini bitirib magistraturasına daxil oldum. Bu dönəmdə biz evimizi dəyişdik. Təzə evimiz 16 nömrəli musiqi məktəbinin yanında idi. O məktəbdən musiqi sədaları gəlirdi. Artıq dözə bilmədim, magistraturanın ikinci kursunda ikən, yaxınlıqdakı musiqi məktəbində fərdi fortepiano dərsləri almağa başladım. Yeddi illik proqramdır, üç aya tamamladım. Sürətlə irəlilədiyim üçün məktəbin müəllim heyəti yekdilliklə Musiqi Akademiyasından vokal üzrə ixtisas sahiblərinin məni dinləməsini məsləhət bildilər. Hərçənd, aspirant idim, iqtisadiyyatdan mövzu götürmüşdüm. Musiqi Akademiyasına getdim. Orada kafedranın müdiri, professor Xuraman Qasımova məni dinlədi, fərq imtahanı verib birbaşa ikinci kursa, Xuraman Qasımovanın sinfinə qəbul olundum. Oxuduğum ərəfədə beynəlxalq müsabiqələrə qatıldım, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı oldum.

- Daha sonra filarmoniyada solist oldunuz?

- Elədir. O dönəmdə də dünya arenasına çıxdım. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümündə Parisdə, Strastburqda, Rusiyada, Romada, Vatikanda, Berlində, Kölndə çıxışlar etmişəm. Parisdə, Senatda konsertim olub. SSRİ-nin Xalq artisti Yelena Obraztsovanın master-klasslarını keçmişəm. Bülbül adına Vokalçıların dördüncü beynəlxalq müsabiqəsinin laureatı olmuşam. Ardıcıl olaraq çoxsaylı konsertlərdə oxumuşam, Avrovisionun 2012-ci ildəki açılış mərasimində çıxışım olub. Bakı “Formula” yarışmasında Azərbaycanın Dövlət himnini oxumaq mənə nəsib olub.

Hazırki əsas şəkil

- Bir vokal ifaçısı kimi hədəfləriniz nədir?

- Əvvəldən nəyisə demək mənə düşmür. Amma hədəflərim var, ona doğru inamla gedirəm.

- Sizə ən yaxın olanı hansıdır - kinoya çəkilmək, teatr səhnəsi, ya musiqi?

- Mənim imkanlarım çoxdu, harada ki, səviyyəli, mənə uyğun fəaliyyət var, orada ola bilərəm. Mənim üçün dar çərçivə yoxdur.

- Öz bəstələriniz varmı?

- İki lirik-melodik mahnı bəstələmişəm. Və bir kiçik kompozisiya yazmışam, amma maraqlıdır ki, o da caz janrındadır (gülür.) Özümdə çox paradoksal şeylər kəşf edirəm. Mənim üçün bir kateqoriya yoxdur.

- Musiqi sahəsində çalışmısnız, Opera Teatrında oynamısınız, dünya səhnələrində çıxış etmisiniz, amma geniş tamaşaçı sizi serialdakı rolunuzdan, sosial şəbəkədəki ifalarınızdan tanıyır. Deməli, kütləyə çıxmaq lazımdır; “Dağ Məhəmmədə sarı gəlmirsə, Məhəmməd dağa sarı getməlidir”...

- (Gülür) Haqlısız. Söylədiyiniz kimi mütəmadi olaraq, əlamətdar günlərdə, dövlət tədbirlərində oxumuşam, ölkəmizi xaricdə təmsil etmişəm. Bu kütləvi işlər deyil. Amma biz sənət adamıyıq, başımız işlərimizin keyfiyyətinin yüksək olmasına qarışır. Bu işlərlə kimlərsə sistematik çalışmalıdır. Menecerlər məşğul olmalıdır və s.

- Facebookdan AyZeynna” qrupu yaratmısınız. Məqsəd nədir?

- “AyZeynna” mənim ad və soyadımın birinci hecalarından yaranıb. Digər layihələrimdə bu adı istifadə edəcəyəm. “AyZeynna” mənim çoxşaxəli yaradıcılığmın təcəssümüdür. Bu sosial şəbəkədə bir qrupdur və ora daxil olan insanlar orada estradanı da tapacaqlar, klassikanı da görəcəklər, mənim kitabxanamdan da istifadə edəcəklər - notları ora yükləmişəm. Ümumiyyətlə, bütün səhifələrim mənim yaradıcılığımdır. Və öyrənmək istəyənlər üçün həmişə açıqdır.

- Serial bitir. Yeni layihələriniz olacaqmı?

- Rövşən müəllimin şübhəsiz, yeni layihələri var. Uyğun görülsə, dəvət olsa işləyəcəyik. İndi tətil gəlir və tətildə mən sözsüz ki, dincəlmək istəyirəm. Bəzi təklif olunan layihələrdən hələlik imtina etdim. Bir qədər istirahətdən sonra yeni mövsümdə sevimli işimlə məşğul olmaq istəyirəm. Necə deyərlər, yeni qüvvə ilə...

# 3268 dəfə oxunub

Müəllifin son yazıları

# # #