Məşhur rejissor: “Həmişə “elitar kino”nun əleyhinə olmuşam”

Məşhur rejissor: “Həmişə “elitar kino”nun əleyhinə olmuşam”
29 iyul 2015
# 15:32

İsveç rejissoru Roy Andersson 4 tammetrajlı, çoxlu qısametrajlı filmin müəllifidir. 1969-cu ildə “Məhəbbət haqda İsveç əhvalatı” filminə görə Berlin festivalının “Qızıl ayı” mükafatını, 2014-cü ildə Venesiya kinofestivalının “Göyərçin budağa qonub həyat haqda düşünürdü” fəlsəfi dramına görə, “Qızıl şir” mükafatını qazanıb. Kulis rejissorun bu günlərdə rus mətbuatına verdiyi müsahibəni ixtisarla təqdim edir.

- Cənab Andersson, əsrin dördə birini kinosənayədən uzaq olduqdan sonra “İkinci mərtəbədən mahnı” filmi ilə triumfal qayıdışınız oldu. Böyük kinosuz 25 il sizə nə verdi?

- Hər şeydən əvvəl mən müstəqil oldum. 1970-ci ildə ilk filmim “Məhəbbət haqqında İsveç əhvalatı”nı çəkəndə 27 yaşım var idi. Bu film inanılmaz uğur qazandı, həm tənqid həm də tamaşaçılar arasında. Amma 5 il sonra çəkdiyim “Qiliag” filmi İsveç kinosunun o ili üçün böhran sayıldı. Film heç kimin xoşuna gəlmədi, prokatda iflasa uğradı. Belə şey tez-tez olur. Amma mənə gəlincə, bu faktiki olaraq bu peşəyə qadağa qoyulması kimi bir şey idi, nə İsveşdə, nə də kənarda bir adam “Qiliap”dan sonra mənə tammetraj üçün bir kron da ayırmazdı. Mən kino işindən uzaqlaşdım, uşaqlarımı saxlamalı, onları yedirib-içirməli idim. Ona görə də sığorta şirkətindən zəng edib, iş təklif edəndə imtina etmədim. Bir neçə rolik etdim, o reklamlar hamının xoşuna gəldi, hətta “Kann şirləri” reklam festivalında mükafat da aldı. 20 ildən çox reklam çəkdim, bioqrafiyamın bu hissəsini danışmaqdan qaçmıram, çünki bunsuz, böyük kinoya qayıdışım mümkün olmazdı. Bu işin sayəsində mən xüsusi prodüser şirkətimi yaratdım, bu şirkət də mənim 2000-ci illərdən bəri bütün filmlərimdə iştirak etdi. “İkinci mərtəbədən mahnıdan” tutmuş, “Göyərçin budağa qonub həyat haqda düşünürdü”yə qədər...

- İnqmar Berqmanın ölümündən sonra sizi 1 nömrəli İsveç rejissoru adlandırırdılar. Bu statusa münasibətiniz necədir?

- (pauza) Ümumiyyətlə, məni çox adlarla adlandırıblar. Məsələn, Anti-Berqman. Çünki Berqman ifrat sağ görüşləri müdafiə edirdi, mənsə həmişə solçu olmuşam.

- Bir də sizə “yoxsullar üçün Berqman” deyiblər.

- Sözün birbaşa mənasında yoxsullar üçün... Mən həmişə seçilmişlər üçün “elitar kino” sözünün əleyhinə olmuşam. Yəqin Berqmanla müqayisə qaçılmazdır, amma mən deyə bilmərəm hansı ayama daha ədalətlidir, hansı mənə toxunur.

- Məlumdur ki, sizin münasibətləriniz olub, həm də deyəsən elə də yaxşı yola getməmisiniz. Aranızda nə baş verib?

- 1967-ci ildə mən İsveç kino məktəbinə daxil oldum. O vaxt oranın rektoru Berqman idi. Kino məktəbində tələbələr etüdlər çəkməli idilər və Berqman o etüdləri müzakirə etmək üçün arada o tələbələri bir yerə toplayırdı. Mənim işlərim onda bərk qıcıq yaradırdı. Bir dəfə mənə dedi: “Əgər siz bu cür solçu filmlər çəkməyə davam etsəniz, mən sizə kinoda işləməyə imkan verməyəcəm”. Sözün düzü, bir-birimizi sevmirdik və buna bir səbəbimiz yox idi. Yox, başqa şey düşünməyin, mən Berqmanı böyük rejissor sayıram, hərçənd onun filmoqrafiyasından üç ya da dörd film xoşuma gəlir. Eyni zamanda o, bədxah və paxıl adam idi üstəlik dözülməz müəllim idi (bədbəxtikdən buna əmin oldum). O insanları aşağılamağı sevirdi, mənsə buna dözə bilmirəm.

- Sizin filmlərinizə baxanda bilmirəm ona üslub olaraq nə ad verim. Demək istəyirəm ki, bu absurda aparıb çıxaran realizmdir.

- 50 il əvvəl mən realist üslubunda çəkirdim, birdən ayıldım və başa düşdüm ki, daha bacarmıram: realizm üslubunda çəkməkdənsə ölmək yaxşıdır. Hətta bu peşəni buraxmaq haqda da düşündüm. Sonra mən öz işlərimə rəssamlıq nöqteyi-nəzərindən baxdım və başa düşdüm ki, abstrakt rəsm mənə yeni səviyyəyə çıxmağa imkan verəcək. Həqiqətən də o mənə realizmdən daha artıq təmiz, konsentrə olunmuş bir şey yaratmağa kömək etdi.

- Filmlərinizdəki mebel sovet mebelinə oxşayır.

- Mən öz filmlərimdə zamandan kənar atmosfer yaratmağa cəhd edirəm. Mənim üçün bu zaman mənim uşaqlığımdakı dövrdür. İsveçin 50-ci illəri. O zaman hamıda sadə mebel var idi, cəmiyyətdə isə hamının təminatı ideyası var idi. Xəyalən tez-tez o dövrə qayıdıram. Rənglər də elə ordandır. Mən öz filmlərimdə elə şərait yaratmağa çalışıram ki, orada artıq heç nə olmasın.

- Əgər başqa bir rejissor sizin filmlərinizi çəksə idi onlar bir az daha qəmli olacaqdı. Sizin üçün gülüş problemlərin həlli üçün alətdir?

-Hə, mən yumora alət kimi baxıram. Bununla belə trilogiyadakı bütün filmlərimdə təkrarlayıram: insan olmaq asan deyil. Çünki insanın həyatı həm gülməli həm də kədərli şeylərə doludur. Ömrün əvvəli şəndir, illər keçdikcə şən şeylər haqda düşünmək çətinləşir, sonda isə faciə ilə bitməsi qaçılmazdır.

- Sizə elə gəlmir ki, sizin filmləriniz Anton Çexovun əsərlərnə oxşayır?

- Mən həyatımda cəmi bir teatr tamaşası hazırlamışam. O da “Vanya dayı” idi. Məni hər şeydən artıq adamların professoru gözlədikləri halda qadınlardan birinin “Artıq sentyabrdır” dediyi səhnə təsirləndirirdi. Bu tamamilə Çexovu əks etdirir. Yenidən Sentyabr.

- Çexov həmişə şikayətlənib ki, rejissorlar onun tamaşalarını düzgün hazırlamırlar. Onun fikrincə o komediya yazıb, amma tamaşalar faciə idi, zal ağlayırdı.

- Onun məyusluğunu anlaya bilirəm. Onun pyeslərində kədər və melanxoliya ilə yanaşı gülüş də var. Onun bütün əsərləri həyatın getməsi, insanlarınsa qocalması barədədir. Mən onda da öz aktyorlarıma deyirdim, faciəvi məqamlara da komik olanlara da diqqət yetirin.

- Budağa qonmuş göyərçin məsələsi haradandır? (“Göyərçin budağa qonub həyat haqqında düşünürdü” filminin adını nəzərdə tutur-A.)

- Məni Breygelin “Qarda ov edənlər” rəsmi ilhamlandırdı. O zaman çoxları kəndlilərin həyatını təsvir edərkən, yuxarıdan onlara baxan quş çəkirdi. Adətən bu quş qarğa olur, amma mənim daha çox göyərçin xoşuma gəlir. Mən ssenarini yazanda pəncərədən baxırdım və karnizə qonmuş göyərçin gördüm və düşündüm ki, göyərçin də indi mənim gördüklərimi görür. Bəlkə elə Breygel də mənim gördüyümü görüb (gülür)?

# 1135 dəfə oxunub

Müəllifin son yazıları

# # #