İnsanı özündən yaxşı tanıyan yoxdur, deyirlər. Bəstəkar, Xəyyam Mirzəzadə ilə müsahibəyə elə onun öz sözləri ilə başlayırıq. Çünki, mətndən seçdiyimiz bu fikirlər onu bizdən də yaxşı təqdim edir:
“Xəyyam çadır qurana deyirlər. Çadır siz bilən çadır deyil, dünyanın, kürreyi-ərzin çadırıdır. Mən öz adımı qazanmağa çalışıram. Çalışıram ki, çoxlarını qanadımın altına alım. Düzdür, inciyəni, küsəni də olur. Mənim xeyirxahlığım ondadır ki, həqiqəti adamların üzünə söyləyirəm”.
“Məni yada salmadılar...”
- Xəyyam müəllim, musiqi öz seçiminiz olub, yoxsa, valideynlərinizin?
- Ailəmin... Atam dilçi olub. Hadi Mirzəzadə dil tarixini araşdıran ilk alimlərdəndir. Dil tarixi haqqında o zaman bir Çobanzadənin məqalələri vardı, bir də atamın. İndi bu məqalələri bəzi adamlar abzas-abzas oğurlayıb öz adlarına çap etdirirlər. Dəfələrlə özlərinə demişəm, oğurluq edirsiniz bir yana, heç olmasa, bir az dəyişin, bir dəfə yuxarıdan aşağı köçürün, bir dəfə aşağıdan yuxarı. Nə zamanadək belə olacaq? Ya da deyin ki, bu Hadi Mirzəzadənin əsəridir.... Nə isə...
- Musiqiyə skripka ilə başlamısınız. Musiqi alətlərinin belə desək, musiqiçilər arasında “reytinqi” var?
- Alətin yaxşısı pisi yoxdur, amma məncə, skripka çalanlar musiqiçilər arasında ən savadlı musiqiçilərdir. Skripka musiqi tərbiyəsi üçün ən yaxşı alətdir.
- Akademik musiqi ilə məşğul olmaq həmişə elit, dövlətli təbəqənin lüksü olub. İndi necədir?
- Bizdə həmişə belə olub. Amma məsələn rumınlarda belə deyil. Orada az qala hamı musiqi ilə məşğul olur. Özü də skripka yox, violino deməyiniz məsləhətdi. Skripka rus sözüdür, skripet sözündəndir. Amma violino desəniz, siz həm də İtaliya, Avropa musiqisini nəzərdə tutmuş olacaqsınız.
- Xəyyam müəllim, tamaşalara da musiqi yazmısınız?
- Məni nədənsə rusdilli, rus tərbiyəsi almış adam hesab edirdilər. Rus tərbiyəsi heç də pis deyil. Amma bu fikrin tərəfdarlarına görə, mən daha çox Rus Dram Teatrının, Məhərrəm Haşımovun, Ənvər Behbudovun, Gülcahan Güləhmədovanın tamaşalarına musiqilər yazmışam. Ümumiyyətlə üst-üstə 30-a yaxın tamaşaya musiqilər bəstələmişəm. Hüseynağa Atakişiyevin tamaşalarına da musiqi yazmışam.
...Bizim zamanımızda teatr başqa idi. Ağadadaş Qurbanov Gənc Tamaşaçılar Teatrında aktyor idi. O, teatrdan çıxanda baxırdıq görək ki, doğurdan gözündən yaş gələcək? Rza Əfqanlı teatra girəndə əyilib teatrın astanasını öpürdü...
- Kino sahəsi necə oldu ki, sizi cəlb etdi?
- Mənim kinoya gəlişim çox qəribə oldu. O zaman bir film çəkilirdi. Filmin müəllifi bəstəkar üçün mənim müəllimim, dostum, Qara Qarayevə müraciət etmişdi, o da namizəd kimi məni göstərmişdi. Bu, Ağarza Quliyevin “Səhər” filmi idi. Filmin direktoru Teymur Əliyeviç dedi ki, yox, mənə adlı-sanlı bəstəkar lazımdı, bəs, mən Dövlət mükafatı, Lenin mükafatı alacağam-filan. Mən də dedim ki, neynək, olmadı, olmadı. O vaxt gəncdim, ad-sanım yox idi. Cəmi iyirmi-iki iyirmi üç yaşım var idi. Xeyli keçəndən sonra, 1959-cu ildə məni yenə filmə dəvət etdilər. Yenə də ssenaristin təkidi ilə. İmran Qasımovun ssenarisinə “Bizim küçə” filmini çəkirdilər. Bax bu, mənim ilk filmim idi.
Sonra başqa filmlərə də musiqi yazdım. İndiyədək irili-xırdalı təxminən qırxa yaxın filmə musiqi yazmışam, kinoda Tofiq Tağızadə, Arif Babayev, Muxtar Dadaşov, Əlisəttar Atakişiyev, Yuli Qusman kimi rejissorlarla, həm də gənclərlə işləmişəm. Fərəh duyuram ki, kino üçün yazdığım musiqilərə görə dövlət mükafatları almışam.
Amma “Azərbaycanfilm” kinostudiyasının 90 iliyi qeyd olunanda heç yada salmadılar ki, bu qədər filmə musiqi yazmısan. Bu da yeni qurulmuş kino ittifaqın siyasəti!
“Yeddi oğul istərəm”
- Xəyyam müəllim, filmə musiqi yazmaq necə prosesdir? Hazır materialı görəndən sonra işə başlayırsınız, ya necə?
- Məndə başqa cürdür. Əvvəlcə, ssenarini oxuyuram. Həmişə filmlə yaşamağa çalışıram. Ona görə də çəkiliş prosesinə qoşuluram. Adətən foto-sınaqdan montaja qədər bütün proseslərdə iştirak edirəm, ekspedisiyalara gedirəm. Həm ölkəmizi gəzirəm, həm də zövq alıram. Mən mütləq filmə, onun atmosferinə daxil olmalıyam. Laboratoriyadan səssiz-səmirsiz lent çıxır, ona baxıram və rejissorla işləməyə başlayıram; musiqi də mətn kimidir. Elə musiqi cümləsi var uzundur, eləsi var qısadır. Bunu hiss etmək lazımdı. Hiss etməyəndə film bərbad alınır.
Bir də baxırsan musiqi və film bir-birinə dəxli olmayan ayrı-ayrı şeylərdir. Bu, bəstəkarın böyüklüyündən-kiçikliyindən asılı deyil. Bu, bəstəkarın musiqini və təsviri qavramaq qabiliyyətindən asılıdır.
- İstərdik, “Yeddi oğul istərəm” filmi haqqında danışasız... Belə bir fikir var ki, o nə iləsə başqa filmləri xatırladır.
- Bildim siz nəyi deyirsiniz... “Yeddi oğul istərəm” filmi təbdildir. “Yeddi Samuray”, “Möhtəşəm yeddilik” kimi filmlərə oxşayır. Mən bu filmə başqa musiqi yaza bilməzdim. İntəhası, mənim etdiyim işin keyfiyyəti yaxşıdır. “Yeddi oğul istərəm”dən sonra bir neçə filmdə onun musiqisini götürüb bir az başqa şəkildə təqdim etdilər. Mənim musiqimi yamsıladılar. Amma mən axı ona əziyyət çəkmişəm...
“Yeddi oğul istərəm”də Salyandan aşıq, Ağsudan da zurnaçılar gətirmişdilər. Dedim ki, olmaz, qoy məni Şəkiyə göndərsinlər. Şəkinin Dəhnə kəndindən Əbilillah dayını tapdım. Əblillah dayının dörd nəfərdən ibarət məşhur zurnaçalanlar dəstəsi var-bunların biri zurnaçalandı, biri onun dəmkeşidi, biri nağaraçalan, o biri də xırdalıqları edən nağaraçalandı. Yəni, bilin ki, bunlar olmadısa, deməli Şəki zurnaçısı deyil. Bunları çağırdıq, çaldılar, səslərini yazdıq, özlərini çəkdik. Filmdə aşığın saz çalan yeri var - onun üçün aşıq Ədaləti dəvət etdim. Çaldı, biz də yazdıq. Zurnaçılar da, aşıq havası da canlı yazıldı. Həm akustik cəhətdən yaxşı alındı...
Dostluq sənətə mane olur?
- Dünya kinosunda musiqisi ilə sevdiyiniz film hansıdır?
- Yaxşı bir film vardı- “Cadugər”. Kuprinin əsəri əsasında çəkilmişdi. Orada Marina Vladi oynayırdı. Onun gözəl musiqisi var. Bilirsiniz, kinoda musiqi iki cəhətdən iştirak edir-gözəlik və kömək. Mənim istədiyim odur ki, film dramaturgiyaya, əsərin gedişatına kömək etsin.
- Film bitəndən sonra musiqi yadda qalmalıdır, yoxsa yox?
- Film yadda qalmalıdı. Axı sən konsertə yox, filmə baxmağa gəlmisən. Musiqi ekrandan, təsvirdən kənara çıxmamalıdı. Məsələn, film var ki, orada Qara Qarayevin çox gözəl bir musiqisi səslənir, amma başqa filmdə onun yeri yoxdu. Eldar Quliyev Müslüm Maqomayevi Nizami roluna çəkdi və film zəif alındı. Həm də Müslüm orada “Sənsiz”i dövrünün ahəngində oxumayıb, yəni, musiqi hamarlanıb. Axı Üzeyir bəy onu başqa cür yazıb? Həm də o filmdə Nizaminin üzü “rafinirovannıydı”...
- Yəni, indikilər demişkən, qlamurdur?
- Ay sağ ol. Və ya “Nəsimi” filmində Rasim Balayev. Konfet kimi gözəl oğlandır, amma Nəsimisi film boyu çöllərə düşüb avara olur.
- Film Nəsiminin o dövrünü göstərir, bəlkə ona görə?...
- Nə danışırsız, mən İraqda sufilərin həyatını görmüşəm. Normal insanlardır... Gəlin açıq danışaq; Həsən Seyidbəylinin sənəti böyük sənətdir. O, çox talantlı adam olub. Amma onda balaca mövzular böyük ustalıqla həll olunur, nəinki böyük mövzular...
- Xəyyam müəllim, deməli, dostluq sənətə mane olur?
- Dostluq sənətə mane olmur. Olursa, deməli sənətkar deyilsən. Sizcə, niyə bizim filmlərimiz əvvəlki kimi yaxşı alınmır? Filmin rejissoru komandanın rəhbəridirsə, başlayır dostbazlığa. Filmə musiqini öz dostuna həvalə edir, aktyor kimi yaxınını çəkir, rəssamı yenə dostunu qohumunu çağırır. Axırda da baxırsan ki, film xarabdır.
- Həmişə belə olub?
- Həmişə olub.
“Geydirmə şairləri oxuyurlar”
- Ənənə sizin üçün nə deməkdir?
- Ənənə olmasa bu günə gəlib çıxa bilmərik. Ənənə özüldür. Fərq etməz, kənd ya şəhər ənənəsi.
- Azərbaycan musiqisi özüllü musiqidir?
- Əvvəlla, Azərbaycan musiqisinin Aşıq musiqisi və muğam kimi özülü, dərin kökləri var. Bunların indiki Avropa sayağı musiqimizə böyük təsiri var.
- Niyə milli musiqinin təbliğindən danışanda akademik musiqimiz yox, folklor musiqiqimiz, və ya muğam təbliğ olunur?
- Qətran Təbrizi, Füzuli, Xaqani, Həsənoğlu var. Niyə hamı onların adını bilsə də, şerlərini bilmir, amma Zəlimxan Yaqubun şerlərini bilir?
Ona görə ki, Zəlimxan Yaqubu qavramaq çox asandı. Süleyman Rüstəmin “Azərbaycana gəlsin”inini hamı bilir, amma gözəl Təbriz silsiləsini heç kim oxumur? Ona görə ki, həmişə təbliğ olunan oxunur. Geydirmə şairlər oxunur... bir də, şairlik ayrı sənətdi, aşıqlıq ayrı sənətdir. Səməd Vurğun Bakıya gələndə aşıq şeirini poeziyaya gətirdi...
İndi sizin dediyiniz peşəkar, akademik musiqiyə də öyrəşmək lazımdı, savad lazımdı. Siz elə bilirsiniz xaricdə zallar doludur? Orda da qulaq asan azdır. Akademik musiqi çox pul aparan, az pul gətirən sənətdi.
- Muğamatı xaricilər bəyənirlər bəs?
- Kim bəyənir? Ekzotika kimi baxırlar. O xaricilər bura ikra yeməyə və xalçalara baxmağa gəlirlər. Ümumiyyətlə, bütün xalq musiqiləri hərəsi özünəxasdı və özünə əzizdi. Yapon musiqisi yapona əzizdi, çin musiqisi çinliyə, hind musiqisi də hindliyə.
- Xəyyam müəllim, bir bəstəkar kimi nədən ilhamlanıb yazmısınız?
- Yalan sözdür ki, ay bəstəkar ilham aldı, ay nə bilim, çıxdı balkona gördü ki, necə gözəldi hər yan, nə bilim muza gəldi zad... İlham mənbəyi insanın yaddaşıdır. Yaşadığın hadisələr yaddaşa yığılır. Yaradıcılıqla məşğul olanda, pianonun qarşısında oturanda o yaddaş qapısı açılır və o əhvalatları, təəssüratları yenidən canlandırırsan. Musiqiyə, sözə, ya rəsmə çevirirsən...
- Uzun bir zamanın, hadisələrin şahidi olmusunuz. Gördüyünüz qədər dəyərlər nə qədər dəyişib? Yaşam devizi necə dəyişib?
- Nələrsə qalıb və o qalanı qorumaq lazımdı. Gedənlərə çox heyfslənirik. Heyf, Hüseynağa Atakişiyev kimi istedadlı, şəxsiyyətli adam həyatdan getdi. Arif Babayev bizi tərk elədi. Heyf...
...Qalanları qorumalıyıq. Dəyərli olanları, dəyərləri qorumalıyıq!