Yuriy Bıkovdan üç film
Daim uçmaq təhlükəsi ilə, daim məhv olmaq təhlükəsi ilə yaşamaq insanları nəyə çevirir? Onlar bu seytnot vəziyyətdə nəyə qadirdirlər?
Rejissor Namiq Ağayevin müsahibəsində “Sənət yaşam gücü verməlidir” kimi bir fikir vardı. Çox haqlıdır. Amma bu gücü vermək üçün sənətkarın yaşam gücü almağa bir mənbəsi olmalıdır. Əvvəl-axır o da bir fərddir və sosial cəmiyyətdə yaşayır. Yaşayırsa, deməli, o da sosial faciənin içindədir.
Müasir rus kinematoqrafının təmsilçilərindən olan Yuriy Bıkovun filmlərində əsasən sosial təhlükənin içində yaşayan insanı, onun çıxılmaz vəziyyətini, çabalarını, insanların bu təhlükənin altında nəyə çevrildiklərini görürük. Bu çıxılmazlıqda qəhrəmanlar kimi tamaşaçı da qapı axtarır, amma orada o qapı görünmür. Məsələn, rejissorun “Axmaq” (“Durak”) filmində belə bir çıxış qapısı yoxdur.
Ailəsi ilə yataqxana tipli binada yaşayan, atası kimi santexnik işləyən tələbə Dmitri işini görərkən binalardan birinin lap elə bu gün sabah uçacağını öyrənir. Tipik bir vəziyyət: binanın istifadə müddəti bitib, təmir üçün ayrılan pullarsa vaxtaşırı yeyilib. Enini, uzununu, perpendikulyarlığını ölçəndən sonra Dmitri görür ki, bina nəinki uçacaq, hətta artıq uçmağa başlayıb. Dima bir bina insanı xilas etməlidir-orada qadınlar, uşaqlar var. Amma necə? Dimanın bu adamları xilas etmək üçün üz tutduğu sistem təhlükə anında bir-birini yeyən siçovullardan ibarətdir. Və siçovulların özünün də fəlsəfəsi var. Məmurlardan biri icra başçısına bu faşizm nəzəriyyəsini anladır. Bu nəzəriyyəyə görə “it günündə yaşayan” adamlara görə özünü təhlükəyə atmaq tamamilə mənasızdır, hətta nəticəsizdir.
Dimanın adamları təkbaşına xilas etmək cəhdləri də boşa çıxır. Daha bir acı isə onun bu çabalarına axmaqlıq kimi baxanların guya haqlı çıxmasıdır.
Bina çürük konstruksiyalı cəmiyyətin, sistemin obrazıdır. Daim uçmaq təhlükəsi ilə, daim məhv olacağın təhlükəsi ilə yaşamaq insanları nəyə çevirir? Onlar bu seytnot vəziyyətdə nəyə qadirdirlər?
“Axmaq”dan əvvəl çəkilmiş “Yaşamaq” (“Jit”) filmində də qəhrəman məhz bu vəziyyətə düşür və o öldürməyi seçir. Yaşamaq uğrunda öldürməyi. Bu təbii instinktdir, filmdə qəhrəmanlardan biri Andrey əminliklə bunu yoldaşı Mixailə izah edir, yaşamaq üçün öldürməlisən, didməlisən deyir. Sonda ovçu Mixail instinktlərə görə yox, məhz belə öyrədildiyinə görə yoldaşlıq etməli olduğu Andreyi öldürür. Yəni, filmdə dalana dirənən qəhrəman üçün çıxış görünməsə də tamaşaçı üçün balaca bir nəfəslik var: yol boyu bu iki insan bir-birinə nələrsə öyrədə bilir və bunun qarşılığını alır. Mixail Andreyə günahsız insana rəhm, yoldaşlıq, insanlıq fikrini ötürür. Və bunun qarşılığını alır-təqibçilər Mixaili girov götürəndə Andrey xilas yolu olan avtomobili yox, Mixailin həyatını qorumağı seçir. Mixail də Andreyə öyrətdiklərinin qarşılığını verir: son məqamda yaşamaq naminə yoldaşlıq, silahdaşlıq etdiyi Andreyi öldürür. Deməli, ən çıxılmaz vəziyyətdə də bir qapı var. Amma o qapını özün açıq qoymalısan ki, görüb çıxa biləsən.
“Mayor” filmində rütbəsindən istifadə edib məsuliyyətdən qaçmaq istəyən polis mayoru bunun nələrin bahasına başa gələcəyini təxmin etmir. Həyat çətindir, hamıya çətindir. Yüngüllük hissi yoxdur, reallıq dəmir kimi insanları əzir.
Bıkovun filmlərində musiqi çox azdır, bu, reallıq hissini qorumaq üçündür. Musiqi filmə tədricən gərginliyi və müşahidəçi dəqiqliyini artırmaq üçün seçilib (filmlərin musiqisi Bıkovundur). Bu tamaşaçıya, “burada”, “indi”, “bizim kimi” duyğusunu ötürür.
Bu “siçovul nəzəriyyəsinə” tabe olanlar başqa ölkədən, məsələn, “faşist Almaniyası”ndan gəlməyib, bizlərdən biridirlər. Onların da ailələri var, uşaqlarını sevirlər. Həm də heç kimə pislik arzulamırlar. Onlar özlərinə komfort istəyirlər, bu arzularında ilk baxışda vəhşi heç nə yoxdur. Amma bu rahatlığın ardında dəhşətli hallar yaşanır.
Heç kim istəmir belə hallar yaşansın. Yaşanan kimi də onu “aradan qaldırmaq” məmur proqramı işə düşür.
Bıkov normal görünənlərin arxasındakı ağılsızlığı, təhlükəni göstərir. Baxıb, ötürüb keçilən təhlükəni.
Sənət tamaşaçıya yaşam gücü verməlidir. Sənət insana mənəvi yaradılış olduğunu da hiss etdirməlidir. Amma, razılaşmalı və deyəsən barışmalıyıq ki, total təhlükə hissinin müşayiəti ilə bu hissiyyatı yaşamaq və ötürmək elə də asan məsələ deyil.
Bir dəfə teatrda məşqi kənardan izləyirdim. Rejissor aktyora rolunu izah edirdi:
“… Səhnədə müstəbid və ya əclaf görünmək lazım deyil. Belə obraz uydurmadır. Bax bizim Universitetde X. müəllimi tanıyırsan, elədirmi? Necə görünür? Çox normaldı. Hətta suyuşirindir. Ona konvert verirlər. Normal konvert. Normal pullar. Diplom almaq istəyən tələbə də normal oğlandır. Hörmət göstərən, mərifətli. Bəs anormal olan nədir? Anormal olan odur ki, biz tamaşa səhnəyə qoyanda normal oynaya bilən aktyor tapmırıq...”