Kulis.az aktyor Cavanşir Hadıyevlə müsahibəni təqdim edir.
- Cavanşir bəy, əvvəlcə mənim üçün maraqlı olan bir faktı dəqiqləşdirim, siz deyəsən, hərbi rejissor işləmisiniz..
- 1992-94-cü illərdə Müdafiə Nazirliyinin hərbi sənədli filmlər studiyasında hərbi rejissoru vəzifəsində işləmişəm. Demək olar ki, bütün müharibə zonalarında olmuşam. Füzulinin süqutunun axırıncı günündə mühasirədən 14 nəfərlə çıxdıq.
- Hərbi rejissor üçün əsas qaydalar nə idi?
- Müdafiə Nazirliyi tərəfindən ezam olunurduq, sürücü, səsyazan, operator və mən. Gedib çəkiliş olan yerdə batalyon komandiri tərəfindən qeydiyyatdan keçməli idik. Komandirin dediyi kimi hərəkət etməliydik. Çəkirdik, süjetləri də yalnız AzTV-yə verirdik. AMN loqotipi ilə bu süjetləri verirdilər.
- Sözsüz ki, xroniki sənədli kadrlar çəkirdiniz… Amma yenə də, çəkdiklərinizdən, hətta çəkmədiklərinizdən ən təsirli bədii hadisə, mənzərə nə idi?
- Avqustun 2-3-ü idi. Ermənilər Horadiz yolunu bağlayırdılar, hamı qaçmağa çalışırdı. Qalmağımızın yeri yox idi-könüllülərlə 14 nəfər qalmışdıq. Biz də artıq çıxırdıq. Minlərlə köç edənlər… Amma mənə bir hadisə çox təsir etmişdi. Məhsul ayıdır, Füzuli də üzümçülük rayonu idi axı. Ucu-bucağı görünməyən üzümlüklər idi. Necə də məhsul yetişib-adam baxır inana bilmir. Sürücüyə maşını saxlatdırdım 4-5 adam idik-əlimizə keçən qədər üzüm yığdıq… Bir də, Füzuli şəhərindən 4 km aralıda Mahmudlu kəndində idik. Bilmirdik şəhər bizdədi, yoxsa yox. Bizə bir müşayiətçi verdilər. Hər yerdən atırdılar, sürətlə keçməli idik. Biz bir maşınla böyük sürətlə girirdik şəhərə. Gördük ki, iki gənc əsgər şəhərdən çıxır. Hiss etdim ki onlar qaçırlar. Qınamıram mən heç kimi, amma onlar silahlı qaçırdılar. Maşını saxlatdırdım, düşdüm, onları qaytarıb maşına mindirdim. Füzuliyə girdik, postların birinə təhvil verdim, demədim, qaçırdılar, dedim, bunlar azıblar, bax belə bir hadisə…
Bir də Nizami Abbasovun çəkdiyi kadrları görmüşəm, Laçın gedən günü Nizami Abbasov erməni kolonnasını qarşılayıb. O, soyuqqanlı şəkildə dayanıb və şəhərə girən erməni hərbçilərini çəkib. Onlar elə bilib ki, bu, onların öz operatorudur. Hətta tanklarla onun kamerası qarşısında reverans ediblər. Hətta çəkə-çəkə büdrəyib yıxılıb da. Onların şübhələndiyini hiss edəndə qamışlığa girib qaça bilib.
- Nələri çəkmək olmazdı?
- Ruh düşkünlüyü yaradacaq kadrları. Məsələn əsgərimizin həlak olduğu kadrlar ola bilər, amma onlar Müdafiə Nazirliyinin arxivi üçündür.
- Hərbi rejissor kimi müharibədə olmusunuz, üstəlik müharibə haqqında filmə də çəkilmisiniz. “Dolu” filmi müharibəni nə qədər ifadə edir?
- 90 faiz.
- Bəs nəyin sayəsində?
- Aqil Abbasın. O, bütün hadisələrin canlı şahidi olub. Filmdə, romanda əks olunan personajlar, hadisələri canlı görüb. Məsələn, filmdə Məmməd Səfanın oynadığı komandir Fred Asifin obrazıdır. Drakon milli qəhrəman İbad Hüseynovu simvolizə edir. Pələng obrazı Elməddin adlı döyüşçüdür- o zaman onun 16 yaşı olub. Elə dustaqların buraxılması səhnəsi. O hadisə Şuşada baş verib. O dustaqların 11 nəfəri şəhid oldu.
- Deyirlər, müharibə başqadır, bu sənin üçün kino deyil…
- “Dolu” filmi müharibə kimidir. Ən azı mənim müharibədə gördüklərimə çox oxşayır. Düzdür mən döyüşçü olmamışam. Amma yenə də gördüklərim qədər…
Sizin ekranda gördüyünüz filmin 30 faizidir. Filmdən az qala 10 dəqiqəlik hissələr çıxarılıb. Polyaniçko ilə bağlı epizod çıxarılıb məsələn. O hissə məqsədəuyğun sayılmadı. Yadınızdadırsa orada yalnız Drakonla Pələngin, ya da komandirlə bu ikisinin arasındakı münasibətlər hiss olunur. Amma o dəstədəki münasibətlər hamısı çəkilmişdi. Amma təbii ki, hamısını o formata sığdırmaq olmur. Elxan da dinamikanı sevən bir rejissordur. Onun filmlərində uzun planlar yoxdur. Tamaşaçı həmişə gərgin qalır.
“Dolu”da mömin kəşfiyyatçı obrazını oynadım. Mənim obrazım nə romanda, nə də ssenaridə var. Ssenari üzrə təklif olunan epizod mənə heç nə vermirdi. Onda mən Elxana təklif elədim ki, mücahid döyüşçü obrazı yaradaq. “Vətəni sevmək imandandı” deyən mücahiddir. Bu obrazla Azərbaycan xalqının islam dininə bağlılığını vurğulamaq istədim. Döyüşçülər arasında Quranın missiyası…
- Bu ideya ağlınıza haradan gəldi?
- 4-5 ildir namaz qılıram. Bunu elan etmək istəmirəm. Amma soruşursunuz deyə deyirəm. Hamını da fanatizmdən uzaq olmağa çağırıram. Bu obrazı mən tez-tez Elxanın yadına saldım, axırda razılaşdı. Namaz qılma epizodunun filmə salınmasında da çox təkid etdim. “Allahu-əkbər” deyib tankın altına atılmağa da çox israr etdim. Filmdə hətta deyilmirdi, amma səsləndirmədə bu sözün deyilməsinə çox çalışdım.
- Qəribədir ki, indi bu nidanı daha çox terrorla bağlayırlar…
- Məni bu qorxutmur. Hisslərimdə təmizəm. Bir də, bilirsiniz, Allaha sevgi insandan olan sevgidən keçir. Birbaşa insanı sevmədən Allahı sevmək mümkün deyil…
- Heç dinin qarşınızda qoyduğu şərtlər peşənizin şərtləri ilə toqquşurmu?
- İşin dinə nə aidiyyəti var ki?
- Çəkildiyiniz “Qisas” serialında tərəf müqabiliniz müsahibəsində demişdi ki, siz dindar olduğunuz üçün onunla sevgi səhnəsinə çəkilməkdən imtina etmisiz…
- Bunu mən dinlə bağlamıram. Ümumiyyətlə din sözündən xoşum gəlmir, onu başa düşmürəm. Amma sizin dediyiniz fakta gəlincə, mən bir az cəmiyyətdən, mentalitetdən çəkinirəm.
“Qisas” serialı bir çox səbəbdən, ilk növbədə də dramaturgiyasına görə, tutarlı, baxımlı oldu. Mənim 16 yaşında qızım var. Onun dostları, sinif yoldaşları var… Yəni mən belə şeydən çəkinirəm. Özümə görə edərəm, komplekssiz adamam. Amma bunları düşünəndə çəkinirəm. Həm də bilirsiniz, serial elə sənət deyil ki, özünü fəda edəsən. Bədii kino başqa... Mən kinoya çox ciddi yanaşıram və özümü kino aktyoru hesab edirəm. Hərçənd deyirlər ki, kino teatr eynidir yox-bunlar başqa-başqa sənətlərdir.
- Bildiyim qədər, siz teatrda işləmisiniz.
- Çox az bir müddət. Mən teatrı çox sevirəm, hətta məndən ötrü kimsə mono tamaşa yazsa, dərin bir rejissor o tamaşanı mənimlə işləmək istəsə, buna çox sevinərəm. Amma hazırkı Azərbaycan teatrlarının durumu məni qətiyyən qane etmir. 90-ların əvvəllərində teatrda işlədim, sonra çəkildim. Teatrla dolanmaq olmadı. Mən də uzaqlaşdım və ticarətlə məşğul oldum. 2000-ci illərdən sonra aktyor fəaliyyətimdə uğur qazandım. Düzdü, hələ istədiyim rolları oynamamışam. Amma oynadıqlarımı da xaltura etməmişəm.
- Nəyi oynamaq istəyirsiniz ki?
- Mən kinoda Şah İsmayıl Xətaiyəm. 100 faiz bilirəm. Onu içimdə hiss edirəm, amma hər şey məndən asılı deyil.
- Kino və serial çəkilişlərində ən çox rastlaşdığınız problem...
- Maliyyə. Heç vaxt istədiyini vermirlər. Mənim seriallarım, filmim çox deyil. Üst-üstə 12-13 layihəm olub. Amma hara gedirsən, deyirlər, maliyyə azdır. Yeganə normal məbləğ aldığım Eldar Quliyevin “Dərvişin qeydləri” filmi olub. Düzdür, orada baş rol deyildi, amma yenə də...
- İstədiyiniz məbləğ nə qədərdir ki?
- Heç olmasa bir çəkiliş gününə beş yüz manat versinlər. Serialda 150-200 manat verirlər.
Qaldı serialın bədii problemlərinə… İlk problem elə ssenaridir. “Qisas” serialının ssenarisi keçmiş polis zabiti, müstəntiq Tahir Kazımovun romanı əsasında yazılıb. Bu əhvalat gerçək hadisədir, 80-ci illərdə Bakıda baş verib. Tahir Kazımov da bunu yazıb. “Qisas”ın uğur qazanmasının səbəbi budur. Serialın nöqsanları var idi, amma yenə də tutarlı idi. Çünki, özümə diqqət hiss etdim, telefonlarım susmurdu. Oynadığım Feyruz obrazı 25-45 yaşlı qadınların xoşuna gəlirdi. Ziddiyyətli obraz idi. Çalışırdım onu mənfi çalarlarda təqdim edəm, amma müsbət məqamlar da var idi. Yəni onun bağışlanası və bağışlanması mümkün olmayan cəhətləri var.
- Cavanşir bəy, kinoalmanaxda qısametrajlı filmə çəkilmisiniz. Deyəsən bu il təqdim olunacaq. Bir az bu barədə məlumat verin.
- Bir neçə il əvvəl Mədəniyyət və Turizm Nazirliyi bir neçə gənci dünyanın güclü kino məktəblərinə oxumağa göndərmişdi. Təhsillərini bitirdikdən sonra onlara qısametrajlı filmlər həvalə olundu- “Motivlər” almanaxı. O almanaxdan bir filmə, çox istedadlı bir rejissorun –Anar Abbasovun “Qonşular” filminə Gülzar Qurbanova ilə çəkilmişəm. Kişi və qadın münasibətlərindən bəhs edir.
- Gürcüstan və Azərbaycan mədəniyyətləri ilə bağlı bir qurumunuz olmalıdır deyəsən.
- Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının təsisçisiyəm. 2012-ci ildən başlayaraq Azərbaycan mədəniyyətini Gürcüstanda təbliğ etmək üçün gürcü dostlarımla birgə -Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasını yaratdıq. Maliyyə dəstəyini “SOCAR Georciya” göstərirdi. Azərbaycan rəssamlarının əsərlərini Gürcüstanda nümayiş etdirmişəm.
- Assosiasiyanın fəaliyyət yalnız bizim mədəniyyət nümunələrimizi Gürcüstanda təbliğ etməkdir, yoxsa gürcü mədəniyyəti ilə də bizləri tanış etmək də var?
- O da var, amma hələlik ona gəlib çatmamışıq.
- Paralel etmirsiz?
- Yox. Amma onlardan da rəssamların fərdi işlərini nümayiş etdirmişik.
- Məsələn, gürcülərə nəyi tanıtmaq göstərmək istəyirsiniz?
- Gürcüstan Dövlət Muzeyində 10 gün Sakit Məmmədovdan başlayaq rəssamlarımızın işlərini nümayiş etdirdik. “Dolu” filmini göstərdik. Gürcü dilinə subtitrlərlə çevirib təqdim etdik.
- Təbliğ olunacaq nümunələri kim seçir-siz özünüz?
- Bəli. Yazıçı Anarın ixtisarla tərtib etdiyi “Kitabi-Dədə Qorqud” mətnlərini gürcü dilinə çevirib nəşr etdirmişik. Hətta gürcü rəssamlar bu epos əsasında illüstrasiyalar çəkib və onun sərgisini təşkil etmişik.
Gürcüstanda “SOCAR”-ın dəstəyi ilə Axundovun 200 illiyi münasibətilə Axundovun Tiflisdəki ev muzeyi bərpa olunub. O tədbirdə biz “Sübhün səfiri” filminin nümayişini təşkil etmişik.
- Özünüz o filmi bəyənirsiniz deməli?
- Yox.
- Bəyənmədiyiniz filmi niyə təbliğ edirsiniz o zaman?
- Çünki Axundov haqqında başqa film yoxdur. O tədbirdə nə film göstərək?
- Yeni kino layihələriniz varmı?
- Yavər Rzayevin “Xeyrin və şərin rəqsi” filmində çəkiləcəm. Çingiz Abdullayevin “Quba kapriççiosu” əsəri əsasında…
- Uğurlar...