2 Fevral - Gənclər Günü münasibətilə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Gülüstan" sarayında mükafatlandırma mərasimi keçirilib.
Kulis.az-ın verdiyi xəbərə görə, mərasimdə Musiqili Teatrının aktrisası Gültac Əlili teatr sahəsindəki uğurlu fəaliyyətinə görə "İlin gənc aktrisası" nominasiyasında mükafata layiq görülüb.
Yeri gəlmişkən, qeyd edək ki, G. Əlili ötən il də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı aktrisası" mükafatına sahib çıxıb. 2007-ci ildən Musiqili Teatrda artist-vokalist kimi çalışan aktrisa işlədiyi müddətdə "Şeytanın yubileyi" tamaşasında Xəyalə, "Qısqanc ürəklər"də Leyla, "Milyonçunun dilənçi oğlu" komediyasında Qonşu qız, "O olmasın, bu olsun" musiqili komediyasında Gülnaz, "Kimdir müqəssir"də Bahar rollarını, eləcə də, digər yaddaqalan obrazlar yaradıb.