Rampa
Yaradıcı, peşəkar, narahat...
Sen el kadar bir kadınsındır
Geceleri sabahlara kadar beyaz ve kirpikli
Bazi ağaçlara kapı komşu
Bazı çiçeklərin andırdığı
İş bu kadarla bitse iyi...
C. Süreyya
Pantomima teatrının aktrisası Nargilə uzun saçlarını dağıdıb səhnəyə çıxdımı, bu artıq şeirdir. Qalanı şeirin məzmunudu. Nargilə bədəni ilə, saçları ilə səhnənin qaranlığında bir şeir cızır. Siz şeiri görüb təsirlənirsiz. Bəlkə də səhnəyə bu qədər yaraşan bir qadın görmədiniz. “Məsələ yaraşmaqda deyil” deyənlər olacaq. Onda deməliyik: Nargilə peşəkardır, yaradıcıdır və narahatdır. Onun qəhrəmanları narahat qadınlardır. Çünki bu qadınlar laqeyd deyillər. Sevir, əzab çəkir, etiraf edir, bağışlayır, dost gəzir, fəda edir, özünü içində basdırır, xoşbəxt olur, gözləyirlər...
Nargilə Qəribova ilə işlədiyi Dövlət Pantomima Teatrının qrim otağında görüşdük. “Görüşək, söhbət edək, alınarsa oxuculara da təqdim edərik” dedik.
Bir müsahibə onun kimi bir aktrisanı nə qədər tanıdacaq? Ən yaxşısı tamaşalardır. Nargilə öz «söz»ünü tamaşalarda deyir: «Kesa və Marito»da , «Maska»da, «Eşq»də, «Adsız»da, «Pantomima buketi»ndə, «Zibillik pərvanələri»ndə, «No Komment»də, «Dulusçu»da «Katarsis»də....
Qocalmaqdan qorxmuram
-Nargilə, martın 3-ü ad günün idi. Eşitdiyimə görə fərqli ad günü oldu.
-«Katarsis» tamaşasının sonunda uşaqlar tamaşanın finalında mənə sürpriz etdilər. Tamaşa bitdi, işıqlar söndü, tamaşaçılara təzimə çıxacaqdım ki, işıqlar yananda səhnədə uşaqları, Bəxtiyar müəllimi gördüm. Əllərində şamlar, tort dayanmışdılar və səhnədəki slayd ekranda mənim şəkillərimdən ibarət video çarx gedirdi. Tamaşaçılar əvvəl heç nə anlamırdılar. Məşhur ad günü mahnısından sonra alqışlar qopdu. Bir də uşaqlar öz bədənləri ilə adımı yazmışdılar... Sevindim, kövrəldim...
- Nano, ad günü əladır, amma irəlilədikcə qocalmaqdan qorxmursan ki?
- Yox. Elə bir şey yoxdur. 29 yaşımda başladım bu barədə fikirləşməyə. “Zaman gələcək mən dəyişəcəm, imkanlarım dəyişəcək” dedim. İndi tamaşaları niyə edirəm, çünki, bir müddət sonra, onları edə bilməyəcəyəm. İstər-istəməz bu baş verəcək. Yaş fiziki şeydir və bədənlə, plastika ilə məhdudlaşmalar yaradacaq. Əlbəttə, az hərəkətli tamaşalar qalacaq məsələn “Kesa və Marito” kimi. Amma müəyyən tamaşalardan imtina etməli olacağam. Özümü bunlara hazırlayıram. Tamaşa qurmağı öyrənirəm. Tamaşalar qururam. Mənə ona görə çətindir ki, mən rejissorluğu yox, aktyorluq fakültəsini bitirmişəm. Rejissorluğu Bəxtiyar müəllimdən öyrənirəm. Qaldı qorxuya, qocalmaqdan qorxmuram. Tənhalıqdan qorxuram.
- Nargilə, həm rejissoru olduğun, həm də oynadığın tamaşaların çoxunda sevgi münasibətləri, qadın-kişi münasibətləri var.. «Adsız», «Katarsis», «Maska», «Eşq» və s. Bu qadinlarin əzəli problemi nədir?
- Yaşla dəyişir bu problemlər, fərqli olur. Məsələn 20 yaşında olan problem, 30 yaşlı qadın üçün problem deyil, sadə, banal bir şeydir. Mən 20 yaşımda «Adsız» tamaşasını hazırlaya bilməzdim. Bu otuz yaşında yarandı. İndi isə “Katarsis” problemi var. Ən vacib şeylər, zamanla banal ola bilər.
Əsas olan formanı tapmaqdı
- Hansısa halı bədənlə mimika ilə, ifadə etməlisən. Bu asan deyil əlbəttə. Bir halın ifadəsini tapmaq üçün nə qədər əziyyətlər çəkdiyinizi görmüşəm. Nəyi ifadə etmək ən çətin idi?
-Yəqin ki, bu təbiətdən gəlir, halları ifadə etmək mənə çətin deyil. Yəqin ki, bu məndə anadangəlmə vergidi.
Xarakteri tapmaq çətindi. Qəhrəmanları fərqləndirmək çətindi. Onu axtarıb tapmaq çətindi. Əslində hamı eyni hissləri keçirir. Kədərlənir, sevinir, ağlayır, əzab çəkir, qəzəblənirik. Amma bu hər kəsdə fərqli olur. Kesa da kədərlidi, “Adsız”dakı qadın da, Katarsisin qəhrəmanı da. Amma Kesa yapon qadınıdı. Onun ənənələri var. O kədərini başqa cür göstərir. “Adsız”dakı qadın da kədərlidi amma o şıltaq, dəlisov qadının kədərlənməyidi. Axı dəlisov qadının hirslənməyi başqadı, sakit təbiətli yapon qadının qəzəbi başqadı. Əsas olan formanı tapmaqdı.
- Bir türk şairi müsahibələrindən birində bədəndən danışırdı- bədəndə insanın özünə aid olan çox şey gizləndiyini söyləyirdi. «Ruhun yaddaşı yoxdu, amma bədənin yaddaşı, sirri var» deyirdi. Mən o zaman sizi – pantomima aktyorlarını xatırlamışdım. O hərəkətləri tapmaqla bədənin yaddaşını oyatmaq... Bunun asan bir yolunu tapmısanmı?
-Bu çox çətindir. Həddən artıq çətindi. Yalnız həssas adamlar bunu oyada bilər. Sən elə bir halda olarsan, elə bir hiss keçirəsən ki, bədənin min illərlə gizlədiyi, heç vaxt etmədiyin o hərəkəti, jesti edəsən. «Maska» tamaşasında qəhrəmanın vurulduğu, sarsıldığı bir məqam var. Onu ifadə etmək çətin idi. Alınmırdı. Əsəb keçirirdik. Birdən o halı təsəvvür etdim və əllərim əsməyə başladı. Tamaşada məşhur olan o əllərin titrəməsi o zaman yarandı. Ayağa qalxdım, əllərim titrədi və bütün partituranı ifa etdim. O elementlərin heç birini əvvəldən düşünməmişdim. Bu bədənin o hisslərə olan illərlə gizlədiyi reaksiyasıdır. Təhtəlşüurdan gələn hərəkətdir. Bu hərəkətləri şüurlu, düşüncəli etmək mümkün deyil. Bu intuitiv olaraq alınır.
Mən şəxsiyyət olaraq göstərdiyimin arxasında dayanıram
-Nargilə, ümumiyyətlə ifadə etmək texniki prosesdir, elə deyil?
-İlk dəfə yox. İlk dəfə sən o halı hiss edib, hərəkəti tapırsan. Sonralar texnikadır, amma mükəmməl texnika olmalıdır.
- Bəzən iki sevən insan uzun müddət bir yerdə yaşayanda bir-birinə vərdiş edirlər. Teatr sənin üçün işə, vərdişə çevrilməyib ki?
- Mən teatra böyük sevgi ilə gəlmişəm. Teatr mənim üçün işə və vərdişə çevrilməyib, Bu o vaxt baş verərdi ki, mən burda yeni heç nə tapmazdım. Mən burda hər gün nə isə yeni bir şey tapıram. İş olsa mən bura saatla gəlib, işimi görüb, saatla da gedərəm. Mən teatrda döşəməni də təmizləyirəm, dekoru da düzəldirəm, geyim də tikirəm. Bu teatra sevgidəndi. Bu sevgi məndə var.
-Teatrdan kənar mühitdə peşənə görə sənə münasibət fərqlidi?
-Fərqlidi. Mənə çox hörmətlə və maraqla yanaşırlar.
- Aktrisa kimi səhnədə oynayanda, göstərəndə komplekslərin varmı? Məsələn «Maska»da fahişə obrazı yaradırsan... müəyyən hərəkətlər var..
- Çox olub. Elə dediyiniz tamaşada, fahişənin hərəkətləri ilə bağlı komplekslər keçirirdim. Amma bu keçdi. Mən bildim ki, bu səhnədir və mən orada bir obrazı təqdim edirəm. Və bu keçib getdi. Çünki mən şəxsiyyət olaraq göstərdiyimin arxasında dayanıram və aktrisa kimi öz peşəkarlığımı nümayiş etdirirəm.
-Ümumiyyətlə, bir obrazı oynayanda, tamaşa bitəndən sonra səndə oynadığın obrazdan nəsə ağırlıq kimi bir şey ya sevinc ya qəzəb kimi hiss qalırmı? Məsələn mən «Kesa və Marito» tamaşasına hələ Gənc Tamaşaçılar Teatrında baxdığımda tamaşa sonrası sənə yaxınlaşmağa çəkinmişdim. O qadın mənə o qədər güclü təsir etmişdi.
-Hə, belə olur. «Kesa və Marito”nun məşqlərinə biz bu üzdən aylarla fasilə vermişik. Bəxtiyar müəllim mənim dəyişdiyimi görürdü. Və məşqləri saxlayırdı. Mən Kesa kimi dinməz, susqun olmağa başlamışdım. Bu ruhla əlaqədar məsələdir. Biz kağızda yazılanlardan bir obraz düzəldib onu öz bədənimizə köçürürük. O obraz özü də müəyyən çəkisi olan bir ruhdur və öz ruhumuzu sıxışdıra, bizə hopa bilər.
Bəxtiyar müəllim məndə Kesanı görmüşdü və qorxmuşdu. O qarşısındakının Nargilə yoxsa Kesa olduğunu bilə bilmirdi. Biz üç il bu tamaşanı məşq etmişik. Mən Kesa ilə, onun fikirləri ilə yaşayırdım, onun ağrılarını təsəvvür edirdim. Bəxtiyar müəllim buna görə məşqlərə üç-dörd ay fasilələr verirdi. Bunu mən özüm yox, Bəxtiyar müəllim deyirdi.
Bilirsən, belə olur. Yazıçılara, bəstəkarlara, şairlərə də yazdıqları əsərlər təsir göstərir. Hətta intihar edən sənətkarlar var.
O qadın dedi ki, qoy, qızın adı Nargilə olsun
- Özünü fərqləndirirsən? Yəni mən başqaları kimi deyilməm...
- Ən azından deyəcəklər ki, Azərbaycanda bir Pantomima teatrı var idi. Orada Nargilə Qəribova adlı aktrisa var idi.
-Nargilə, Sənin adını məşhur «Sən həmişə mənimləsən» tamaşasından götürüblər?
- (gülür) Yox, mən doğulanda atam toyda imiş. Bir aşpaz qadın atamın yanında “Nargilə” mahnısını zümzümə edirmiş. Ona xəbər veriləndə ki qızın olub, o qadın deyib ki, elə bu qızın adı Nargilə olsun.
- Aktyorluğu seçməyin necə olub?
- Qəribə olub. Mən bütün valideynlərə uşaqlarına diqqətli olmağı məsləhət görürəm. Uşağın nəyə həvəsi olduğunu öyrənmək lazımdır. Mən kiçik yaşlarımdan plastinkanı qoyub rəqs edirmişəm. Mən o otaqdan çıxmadan saatlarla rəqs edirdim. Televiziyada göstərilənləri təqlid edirdim. Atamla kinoteatra gedəndə özümüzlə maqnitafon aparırdıq, ordakı musiqiləri kassetə yazıb evə gətirirdim ki, rəqs edim. Mən rəqqasə olmaq istəyirdim. Amma orta ixtisas diplomum olmadığı üçün İncəsənət İnstitutunda məni aktyorluq fakultəsinə götürdülər. Mən əvvəldən forma ilə, rəqslə, hərəkətlə maraqlanırdım. Sanki hər şey məni bu teatra hazırlayıb.
- Nargilə, son oxuduğunuz, təsirləndiyiniz, ruhlandığınız və ya sarsıldığınız film, kitab, tamaşa....
- Stiven Spilberqin «Döyüş atı» filmi... Yaxşı film idi. İnsanla təbiətin bir birinə sevgisi.. qəribə bir film idi.
Kitaba gəlincə, mən aforizmləri xoşlayıram. “Müdriklər kitabını”, Cəlaləddin Rumini oxuyuram. Bir də Şarliz Teronun oynadığı «Yol» filmi. Bu filmdən təsirləndim. Dünyanın dağıldığı zamanda, insanların vəhşiləşməsi, qəddarlığı. Bu adamı düşündürür. «Katarsis»də (Pantomim teatrının yeni tamaşası, rejissor Nargilə Qəribovadır-A.) məni narahat edən bir məsələ vardı: insanların anlamaq və başa düşülmək arzusu. Ümumiyyətlə bu, mümkündürmü?