Xalq Artisti, kinoaktrisa Nuriyə Əhmədovanın oğlu iki gün əvvəl ağciyər və ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Kulis.az-a verdiyi xəbərə görə, Sabunçu xəstəxanasında müalicə alan oğlunun vəziyyəti nisbətən yaxşılaşsa da, aktrisa stressdən çıxa bilməyib: “Həkim çağırdıq, dərhal xəstəxanaya aparıb reanimasiya şöbəsinə yerləşdirdilər. Həkimlər, sağ olsun, dava-dərman etdilər, vəziyyəti nisbətən yaxşılaşdı... Elə hesab edin ki, oğlum əlimdən getmişdi onu qaytarıb bizə verdilər yenə...
Hamısı şəraitsizlikdən, baxımsızlıqdan... Evsizlik üzündən hərəmiz bir yerə səpələnmişik. Bilirsiniz ki, mənim də vəziyyətim pis idi, müalicə aldım, ona görə də, uşaqlardan ayrı idim, gah dostlarımın, gah qohumlarımın evində yaşayırdım. Bu yaşımda hələ da kirayələrdə, onun-bunun evində qalıram. Evlə bağlı aidiyyatı orqanlara müraciət etmişik, hələ də nəticə yoxdur. Oğlumu itirsəydim, mən də yaşamayacaqdım, mərhum qızımın mənim himayəmdə yaşayan oğlu da qalacaqdı ortada. 46 ildir işləyirəm, gənc övladını itirmiş anayam, nə qədər sarsıntı keçirmişəm. Vəziyyətimi də hamı bilir”.
Xatırladaq ki, Nuriyə Əhmədovanın gənc qızı bir neçə il əvvəl faciəli şəkildə həlak olub. Aktrisa bu səbəbdən dərin psixoloji sarsıntı və depressiya keçirib. Bir neçə ay əvvəl isə xalq artisti avtobusdan düşərkən yıxılıb, ciddi xəsarətlər almaqla gündəmə gəlmişdi”.