Ukrayna hökuməti qalmaqallı rus filmi “Matilda”nın ölkədə nümayişini qadağan edib. Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, qadağaya səbəb filmin yaranmasında iştirak edən musiqiçinin “qara siyahıda” olması göstərilib.
“Bax biz “Matilda”nın prokatına rəsmi icazə vermədik. O filmdə “qara siyahı”da olan bir musiqiçi var. Bizim tamaşaçılar soruşa bilər: Necə ola bilər bu? Adam olsa-olsa musiqiçidir və bir musiqiçiyə görə filmin nümayişini niyə qadağan edirsiniz?
Mənsə cavabında deyirəm: Siz bazardan tərkibində nitrat olan qarpız alarsınız? Bu “Qara siyahı”da olan adamlar həmin nitratlardır, deməli, məhsul zəhərlidir”- deyə Ukraynanın Dövlət Kinosu yanında ekspertlər şurasının üzvü Dmitriy Kapranov qadağanı izah edib.
Musiqiçinin adı açıqlanmır.
Xatırladaq ki, Aleksey Uçitelin "Matilda” filmi balerina Matilda Kseşinskinin Rusiyanın sonuncu imperatoru II Nikolayla münasibətlərindən bəhs edir. Rusiya Dövlət Dumasının deputatlarından biri və Rusiya Provaslav kilsəsinin nümayəndələri filmi Rusiya və din əleyhinə olmaqda, tarixi təhrif etməkdə ittiham edib.