Türkiyədə qalib olan filmimizin rejissoru: “Yolpuluna görə təqdimata gedə bilmədim”

Türkiyədə qalib olan filmimizin rejissoru: <span style="color:red;">“Yolpuluna görə təqdimata gedə bilmədim”
11 mart 2019
# 14:46

Bu günlərdə gənc rejissor Orxan Ağazadənin “Oturacaqlar” filmi Türkiyədə keçirilən “VII Changing Perspectives” Qısa Film Festivalının əsas mükafatı “Potluck”a layiq görülüb.

Azərbaycan və İngiltərənin birgə istehsalı olan "Oturacaqlar" filmi keçmişin, köhnəlmiş ənənələrin yükünü daşımağa məcbur qalan insanlardan bəhs edir.

Kulis.az rejissor Orxan Ağazadə ilə qalib film haqda söhbəti təqdim edir.

- Orxan bəy, bu, “Oturacaqlar” filminin ilk uğurudurmu?

- Film daha əvvəl festivallara qatılmışdı. Ötən ilin noyabrında Fransanın Poitiers Film Festivalında daha sonra D`Angers festivalında iştirak etmişdi. Bundan başqa, film bu günlərdə keçirilən Finlandiya film festivalının əsas müsabiqə proqramında da göstərildi. Amma ilk ödül Türkiyədə keçirilən “VII Changing Perspectives” Qısa Film Festivalından gəldi. Özüm festivala özüm gedə bilmədim, çünki, festival gediş-gəliş xərclərini qarşılamırdı.

- “Oturacaqlar”ın mövzusu nədir, film nədən bəhs edir?

- Bir zamanlar bir-birinə aşiq olmuş iki gənc sonradan başqa insanlarla evləndirilir. Lakin bu sevgi ölmür, onların hər ikisində yaşayır. Başqa həyat qurmuş aşiqlər indi yalnız həftədə bir dəfə görüşə bilirlər, amma görüşəndə də hisslərini büruzə verə bilməzlər. Onların yeganə ünsiyyət növü işıqla kontakta girməkdir; tövlə işığını yandırıb söndürməklə özlərini, hisslərini ifadə edirlər.

- Bəs filmin ideyası necə yarandı?

- Bu suala cavab vermək çətindir, çünki ilkin ideya tamam başqa idi. Bu, ilkin ideya uşaqlıq xatirəsi ilə bağlı idi. Həmçinin filmin əsas qəhrəmanı da uşaqlar olmalı idi. Bu əhvalat da ucqar kənddə baş verirdi. Mən bu ilkin düşündüyüm əhvalatı çəkmək həvəsi ilə bir ucqar kənd tapdım. O kəndi gördükdən sonra başa düşdüm ki, uşaqlarla çox çətin olacaq. Büdcə limitli idi, az zaman ərzində çəkməli idim, bu vaxtadək uşaqları hazırlamaq asan olmayacaqdı. Həmçinin kənd məni başqa bir ideyaya həvəsləndirdi. Düşündüm ki, bu kənd daha başqa bir şey “istəyir”. Və “başqa bir şey çəkmək” axtarışında bu ideyaya gəlib çıxdım.

- Film haqda məlumatda qısametrajlı filmin istehsalçı ölkələri kimi Azərbaycan və İngiltərə yazılıb...

- Film İngiltərədə, London Film məktəbində diplom işimdir. Amma Azərbaycan da co-prodüser kimi gedir. Çünki Azərbaycan tərəfi də köməklik göstərib, hətta mən özüm filmin istehsalına vəsait qoymuşam.

- Bir neçə qısametrajlı filmin müəllifisiniz. Tammetrajlı film çəkmək fikriniz varmı?

- Tammetrajlı filmlə bağlı ideyalar çox olur. Hal-hazırda doku-dram janrında bir film layihəsi üzərində çalışıram. Əhvalatlar yenə də həmin kənddə baş verir. Bilirsiniz, kinoda yeni bir cərəyan – “hibrid-documentary” var. Bu, heç də sənədli deyil, sadəcə ideya var, real adamlar var, bir müəllif olaraq müəyyən ssenari hazırlayıb çəkirsən.

Layihə ilkin etapdadır, axtarışlar edirik, hətta bəzi epizodlar çəkilib də. Elçin Musaoğlunun təşəbbüsü ilə yaradılmış Gənc Sinematoqrafçılar qrupu var. Bu layihə bu qrupun çərçivəsində işlənir. Maliyyə, co-prodüser axtarırıq, layihə üzərində işləyirik.

- Orxan bəy, festivalda uğur qazanmanız yerli və ya beynəlxalq kino mühitində gələcək fəaliyyətiniz üçün hansı perspektivlər vəd edir?

- İlk növbədə çəkdiyin əziyyətin bəhrəsini görürsən. Təzə-təzə addım atan rejissor üçün bu mühüm bir şeydir. Sonradan böyük layihə ilə hansısa platformada iştirak edəndə CV-yə, Portpholio-ya baxırlar və bu fakt müsbət amil kimi dəyərləndirilir. Müəyyən əlaqələr yaranır.

Yerliyə gəlincə... Aydın məsələdir ki, bu film, məsələn, kinoteatrda nümayiş olunsa buna o qədər də maraq olmaz. Bəlkə, tamaşaçı buna hazır deyil. Yəni, bu qısa film burda da perspektivlər açır, desəm, yalan olar. Amma ən azından bu filmlə tanınırsan...

# 3534 dəfə oxunub

Müəllifin son yazıları

# # #