Gənclərin III Ümumrespublika Teatr Festivalı keçirilir

Gənclərin III Ümumrespublika Teatr Festivalı keçirilir
1 aprel 2015
# 16:49

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclərin III Ümumrespublika Teatr Festivalının sonuncu mərhələsi başlayıb.

Ümumilikdə 12 yaradıcı komandanın iştirak edəcəyi festivalda 8 peşəkar və həvəskar teatr kollektivi, eləcə də Şamaxı, Ucar, İmişli, Naxçıvanı təmsil edən 4 truppa 3 gün ərzində 12 tamaşa ilə Dövlət Gənc Tamaşaçılar Teatrında çıxış edəcəklər.

Hazırlanan tamaşaların mövzusu sırf narkomaniya düşkünlüyünə, narkotikin qanunsuz satışına etiraz ruhuna köklənib. Elə buna görə də festivalın devizi məhz “NARKOSTOP” seçilib.

Festivalın münsiflər heyətinə Xalq Artisti Ramiz Novruzov, əməkdar artistlər Sənubər İsgəndərli, Hüsniyyə Mürvətova, Nicat Kazımov, Əməkdar İncəsənət Xadimi Əbdül Mahmudov rəhbərlik edirlər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin yaxından dəstəyi ilə, millət vəkili Jalə Əliyevanın ideyası əsasında keçirilən festivala 2 il ərzində 250-yə yaxın istedadlı gənc qoşulub.

2014-cü ilin oktyabrın 1-dən start götürən festival çərçivəsində iştirakçılar möhtəşəm ART – kampında iştirak edərək, ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərindən ustad dərsləri almaq imkanı əldə etmişlər.

Məlumat üçün bildirək ki, qaliblər festivalın son günü – aprelin 2-də müəyyənləşəcəklər.

# 3145 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #