Bu teatra bilet alıb özün oynayırsan

Bu teatra bilet alıb özün oynayırsan
3 oktyabr 2013
# 07:45

“Site-specifik” termini 1980-ci illərin əvvəllərindən yaransa da, 2000-ci illərdən sonra daha tez-tez işlənib. Rejissorlar tamaşa qoymaq üçün alternativ məkanlar, qeyri-teatral yerlər axtarırdılar. Teatrın qara qutuya bənzəyən səhnəsindən fərqli olaraq bu məkanların öz əhval-ruhiyyəsi, öz yaddaşı var. Onların yaddaşında müxtəlif əhvalatlar-tarixçələr var, rejissorlar tamaşa ilə bu əhvalatları canlandırmağa çalışırlar.

Bu istiqamətli teatrın “Site-specifik” adlanması təəccüblü deyil, burada məkan hər şeyi təyin edir – tamaşa rəsmən o məkanın “mikro iqlimindən”, memarlıq üslubundan, mahiyyətindən “törəyir”. Şəhər mühitində yiyəsiz meydançalar var. Tamaşa məkanı kimi boş otellər, muzey və fabriklər, hətta ümumi hamamlar da seçilir.

Site-spesifik-in əsas məqsədlərindən biri də teatr haqqında ənənəvi, adət olunan təsəvvürü dağıtmaqdır. Tamaşaçı yalnız baş verənləri izləmir. O qaçılmaz şəkildə hadisənin episentrinə düşür və tamaşanın bir hissəsi olur. Məkan öz davranış şərtlərini diktə edir və iştirakçı danışıqsız buna riayət etməlidir. Adətən hər kəs öz gördüyünü bir cür interpretasiya edir, öz tarixçəsini uydurur. Tamaşaçı hətta süjet xəttinə, ardıcıl nəqletməyə də ümid edə bilmir.

Tamaşa istəyirsən bilet al, özün oyna!

Qısası, tamaşaçının rahat kresloda mürgüləyib tamaşaya baxmaq arzusu suya düşür. Belə “Site-specifik” tamaşalara bilet alan tamaşaçı hara olsa düşə bilər: dəmiryol stansiyasına, suyu qurumuş hovuza, yiyəsiz sexə və s.

Hətta London teatrlarında birinin “You be bum bum train” tamaşasında girişə davranış qaydaları yazılıb: “Kritik vəziyyətlərdə əllərinizi sinənizə qoyub “qaçış” deyə səslənin, sizi təhlükəsiz yerə aparacaqlar”. Bu tamaşa çoxdan boşaldılmış bir ofisin zirzəmisində oynanılıb. Qaranlıq dəhlizlər labirintinə düşən tamaşaçı geriyə yolu özbaşına tapa bilmir. Yolboyu isə o müxtəlif rolları özü oynamalı olur.

Tamaşaçılara o qədər ekstremal şeylər yaşada bilirlər ki, onlar finalı-başı kaskalı evakuatorların onları gəlib aparmasını cani-dildən arzulayırlar.

Alman xoreoqrafı Saşa Valts isə rəqs və baletlərinə Kəlküttə məbədi xarabalıqlardan tutmuş, muzey salonlarınadək ən müxtəlif məkanlarda quruluş verib. Məsələn muzeydə aktyor-rəqqaslar (aktrisa rəqqasələr), muzey bələdçisi də canlanan və öz tarixçəsini danışan eksponatlar, heykəllər də ola bilər. Antik barelyeflər canlanıb pillələri düşür. Həqiqətən heyrətamiz bir ziyarət baş verir.

Parlament tamaşası

Rejissor Kristof Martaler isə Avropada Birinci Dünya müharibəsinin başlanmasının yüz illiyi ərəfəsində Avstriyanın tarixi parlament zalında tamaşa hazırlayıb. 1914-cü ilin iyulunda dünyada Avropa humanizmi və maarifçiliyi prinsiplərini qıran “hərb maşını” məhz bu zaldan göndərilmişdi. Tamaşa “Son günlər. Tətillər” adlanır. Yuxarıdakı parlament kürsülərində oturmuş tamaşaçılar əvvəlcə təqaüdçü qadının interyerdəki Zevs heykəlciyinə immiqrantlara qarşı zorakılıqdan şikayət etməsini görürlər. Afro-amerikalı deputatla öz haqlı tələblərini bildirir. Və bu çıxışlar sənədlidir-ötən əsrin əvvəllərinin parlament çıxışlarından götürülüb. Bu çıxışların ritorikası dəyişməyib.

O zaman Avropanı yəhudi bürüyübmüş, belə çıxır indi də parlamentdəki boş yerləri ərəblər tutacaq. Avropalılar immiqrasiya problemlərini müzakirə edərkən digər inkişaf etmiş sivil ölkə nümayəndələri-çinlilər onları muzey eksponatı kimi “Ayfon”larına çəkirlər. Tamaşa “Tanqeyzer” marşı ilə bitir...

# 2676 dəfə oxunub

Müəllifin son yazıları

# # #