Kulis.Az-ın “Tək kəlmə” layihəsinin qonağı yazıçı Seyran Səxavətdir. Bu layihədə qonaqlar tək kəlməlik suala qısa və assosiativ cavablar verir.
- SSRİ
- Qüdrətli və qorxulu dövlət.
- Uşaqlıq
- Ən təmiz, ən gözəl ərazi. Uşaqlığın pisi olmur. Baxmayaraq ki, yetimliklə böyümüşəm, amma ən gözəl vaxtlarımdı mənim.
- İran
- Qədim İran musiqisi, İran xanəndələri.
- AYB
- SSRİ vaxtından siz bu sualı verənədək fəaliyyət göstərən təşkilat.
- Qarabağ
- Qarabağ assosiasiya deyil, Qarabağ yaradı. Yara assosiasiya olunmur, ağrıyır. Ona məlhəm axtarırsan.
- Ailə
- Gözəl birlikdi, bəşəriyyətin davamı üçündü.
- Milli
- Nimdaş bir assosiasiya oyadır. Bu sözü o qədər işlədib köhnəldiblər ki...
- Allah
- İçimizdəki sevgi.
- Cənnət
- Realist yazıçıyam, görmədiyim şey haqda düşünmürəm. Deyirlər orada Tuba ağacı var, onun altında nə arzulasan, ona yetirsən. Onun altında nə arzuladığımı soruşsanız, deyərəm. İndi nə desəm nisyə söhbət olacaq.
- Qocalıq
- Çox yaxşı şeydir. Niyə pis olsun? Ona qədər sən uşaqlıq, gənclik yaşamısan. Kim onu ömrün kontekstindən çıxarırsa əbləh adamdı.
- Ziyalı
- Yəqin Azərbaycan ziyalısı nəzərdə tutulur. Mənim gözümün qabağına nöyüt lampası gəlir. O vaxt elektrik olmayanda nöyüt lampası yandırırdılar. Bəzən dükançı da nöyütə su qatırdı, ona görə çırağın piltəsi yananda pır-pır edirdi. Ziyalı deyəndə o cür pır-pır eləyib yanan nöyüt lampasını düşünürəm.
- Yusif Səmədoğlu
- Dünyanın ən rahat adamı. Onu heç nəylə təəccübləndirmək olmurdu. Hər gün hiss edirsən ki, o çatmır.
- Milli Məclis
- Assosiasiyaya gəlmir.