Xalq Yazıçısı dəfn olundu FOTOLENT

Xalq Yazıçısı dəfn olundu FOTOLENT
10 iyul 2013
# 15:40

İyulun 10-da Mahnı Teatrında xalq yazıçısı Gülhüseyn Hüseynoğlu ilə vida mərasimi keçirilib. Kulis.az-ın verdiyi xəbərə görə, vida mərasimində yazıçının ailəsi, qohumları, Yazıçılar Birliyinin rəhbərliyi, üzvləri, habelə Gülhüseyn müəllimin tələbəsi olmuş insanlar iştirak edib.

Mərasimdə Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev, AYB-nın sədri Xalq Yazıçısı Anar, Kamal Abdulla, Abel Məhərrəmov, Rafael Hüseynov, Xalq şairi Nəriman Həsənzadə və yazıçının oğlu Toğrul Abdullayev çıxış ediblər.

Xalq Yazıçısı Anar onun yaradıcılığından, ictimai fəaliyyətindən, Yazıçılar Birliyindəki işindən danışaraq onun ədəbiyyat və ictimai həyatdakı dəyərli mövqeyindən söhbət açıb: ““O, gənclik illərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış və bunun cəzasını çəkmişdi. Gülhüseyn müəllim sürgündən qayıdandan sonra ədəbi və elmi fəaliyyətə başladı. Gülhüseyn Hüseynoğlu müəllim adını pak, təmiz saxlamışdı. Mən ona çox böyük rəğbət bəsləyirdim. Bir arzum var idi ki, Sibirdə başına gələnləri yazsın. Amma ömür vəfa eləmədi. Allah ona qəni-qəni rəhmət eləsin!”

Xalq Şairi Nəriman Həsənzadə deyib ki, Gülhüseyn Hüseynoğlunun ölüm xəbərini Nigar Rəfibəylinin yüz ilik yubileyində eşidib: “Onun xatirəsini ordaca bir dəqiqəlik sükutla yad etdik. Gülhüseyn müəllim gözəl, təvazökar insan idi. Gülhüseyn müəllim azadlıq uğrunda mübarizə aparan insanlardan olub. O, sovet hakimiyyəti zamanı 25 il həbs cəzası almışdı, bu müddətin 8 ilini həbsdə keçirdi. Qalan müddəti əfv olundu. O, azadlıq təşnəsi idi. Heç kəsə bənzəmirdi. Ömrünün sonuna qədər Bakı Dövlət Universitetində dərs dedi. Onun əlamətdar işlərindən biri də böyük şairimiz Mikayıl Müşfiqin yaradıcılığını tədqiq etməsi idi. Müşfiq onun qibləgahı idi. Gülhüseyn müəllim pak adam, nadir şəxsiyyətlərdən biri, bugünkü müstəqilliyimiz üçün mübarizə aparan insan, gözəl yazıçımız idi. Onun orijinal mənsur şerləri vardı. Onun yaradıcılığı da, şəxsiyyəti də bənzərsiz, maraqlı idi”.

Xalq Yazıçısı Çingiz Abdullayev mərhum yazıçının çox yaxın dostu olduğunu söylədi: “Baxmayaraq ki, onun 90 yaşı var idi, amma gənclik hissiyyatlarını itirməmişdi. Biz onunla İraqa? Füzulinin yubileyinə gedəndə Xarici İşlər Nazirliyi ona xidməti pasport yazdırdı. O deyirdi ki, Çingiz, mən heç vaxt, heç yerə xidmət etməyəcəm, bu pasportu götürməyəcəm. Mən ona izah etdim ki, bu lazımdı, bunsuz Kərbəlaya gedə bilmərik. Yəni Gülhüseyn müəllim belə prinsipial adam idi. Onun həyatı ağır və faciəli keçib, amma o öz mövqeyini, ləyaqətini qoruyub. 8 il koloniyalarda yaşayıb, sonda onları buraxanda o “tam bəraət almamış çıxmayacağam” deyib. Belə prinsipial adam idi. O, elə bir müəllim idi ki, universitetdə onun haqqında əfsanələr danışırdılar”.

Xalq yazıçısı II Fəxri Xiyabanda dəfn edilib.

# 2697 dəfə oxunub

Müəllifin son yazıları

# # #