Tıq-tıq xanıma dost tapıldı

Tıq-tıq xanıma dost tapıldı
27 oktyabr 2014
# 11:40

“Azərbaycan Dövlət Kukla Teatrında “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasının premyerası keçiriləcək”.

Tıq-tıqı başa düşdük, bəs Taq-taq kimdir? Yaddaşımı ha qurdalasam, şifahi xalq ədəbiyyatı müqəddəslərini köməyə çağırsam da Taq-taqı gördüm deyən olmadı.

Birdən ağlıma 40-cı qapı gəldi. Qapının döyülməyini xatırlayın. Taq-taq Tıq-tıqın dostu olmalıdır axı...

Və gəlirik tamaşaya... Məlum olur ki, Taq-taq Tıq-tıqla dost olmaq istəyir. Amma Tıq-tıq razı olmur, buna baxmayaraq darıxır və özünə dost axtarmağa gedir. Bundan sonra “Tıq-tıq xanımın nağılı”nın bir az fərqli formada təqdimatını görürük. Sonda isə Tıq-tıqı boğulduğu göldən, qurbağaların əlindən Taq-taq xilas edir. Sonda Tıq-tıq başa düşür ki, ona ən sadiq adam Tak-takdır.

Rejissor Qurban Məsimov uşaqlara alternativ, fərqli nağıl təqdim edir. “Tıq-tıq xanımın nağılı” cizgi filminə bir neçə dəfə baxmış uşaqlar tam fərqli bir şey görürlər. Çaşanı da olur, çaşmayanı da... Uşaq tam anlamasa da, tamaşa şüuraltına təsirsiz ötüşmür. Uşaq hiss edir ki, fərqli bir şey etmək olar və burda pis şey yoxdur.

İndi vəziyyət çətindir, fərqliliyi pis bir şey kimi sırımağa cəhd edənlərin, fərqlənənləri quyuya salmaq istəyənlərin sayı-hesabı yoxdu. Bu tamaşa isə məhz fərqliliyi təbliğ etmək baxımından vacib və əhəmiyyətli sayıla bilər.

Vacib və əhəmiyyətli olan başqa vacib məqam ondan ibarətdir ki, rejissor paralel işləməyə üstünlük verib. Yəni tamaşa uşaqlarla yanaşı, həm də böyüklər üçündür, valideynlərə ünvanlanmış xeyli mesajlar var. Valideynlər övladları ilə tamaşaya baxmağa məcburdurlar. Bunu nəzərə alan rejissor onların darıxmağını istəmir, belə bir konsepsiya ortaya qoyur, həm övladlar, həm də valideynlər üçün tamaşa hazırlayır. Yenə bizə alternativ baxış təqdim edir, fərqli olmağa çağırır.

“Tıq-tıq xanımın nağılı”nın sonluğu çox kədərlidir. Onun dost axtarışları uğursuzluqla nəticələnir və suyu süzülə-süzülə geri qayıdır. Bundan sonra tək yaşamağa, ömrünü belə sona vurmağa məhkumdur. Amma Qurban Məsimov onu bu taledən qaçırmağa çalışıb. Uşaqlara mesaj vermək istəyib ki, həyat o qədər də kədərli deyil. Məncə bu cəhdi də alqışlamaq lazımdır. Təkcə elə bu cəhdə görə tamaşanı ayaqüstə alqışlamağa dəyərdi.

Tamaşanın başqa bir mesajı da maraqlıdır. Öz mühitindən uzaqlaşan, Tak-taka yox deyən Tıq-tıq onun üçün yeni olan yerlərə səfər edir, çoban, tülkü, siçanla tanış olur, siçanla dostlaşır, amma yeni mühitdə xoşbəxt ola bilmir. Mesaj insanın yalnız öz mühitində xoşbəxt olar biləcəyidir. Və mən bu məqamda Murad Köhnəqalanı xatırladım. Avropanın ən gözəl ölkələrindən birində darıxan, xoşbəxt ola bilməyən, geri qayıdan ustadı...

Mənə görə Kukla Teatrı işıq gələn tərəfdi. Və əgər məqsəd karvanı irəli aparmaqdısa itin hürməyinə fikir verməmək də olar. Tamaşanın sonunda deyildiyi kimi, vot tak...

# 2271 dəfə oxunub

Müəllifin son yazıları

# # #