20 yanvar - 10 yaşlı uşağın gözü ilə

20 yanvar - 10 yaşlı uşağın gözü ilə
20 yanvar 2013
# 16:20

Yuxudan erkən, həm də kədərli musiqinin sədaları altında oyanmışdım. Bacım oyaq idi. Atam, anam evdə yox idi. Onların işə getdiyini güman etdim. Kədərli musiqi sədaları isə kəsilmirdi. Elə bildim, qonşulardan kimsə televizorun səsini həddindən çox artırıb. Əsəbi şəkildə, televizorun səsini bu dərəcədə qaldıran qonşunun var-yoxuna böyük hörmətlərlə ağ-qara, hay-hayı gedib vay-vayı qalmış, şillə-təpiklə işləyən televizoru yandırdım. Göstərmirdi, xışıldayırdı. Dedim, yəqin, yenə zayı çıxıb bu xarabanın. Televizorun başına bir yumruq ilişdirdim. Xeyri olmadı, çölə çıxdım.

Bacım həyətdəydi, gözünü uzaq bir nöqtəyə dikib kədərli musiqinin sədaları altında ağlayırdı. Nə baş verdiyini soruşdum, bacım qırğın olduğunu, rusların azərbaycanlıları qırdığını söylədi. Çox pis oldum, valideynlərimizi xəbər aldım. Bacım dedi ki, atam vəziyyətdən xəbər tutmaq üçün sübhdən şəhərə yollanıb. Anam isə “Salyan kazarması”nın yaxınlığında yaşayan bacı-qardaşlarından xəbər tutmaq üçün onlara gedib. Anam xüsusilə balaca qardaşından narahat imiş, əhd edib ki, qardaşını sağ görsə, qurd kimi ulayacaq.

Televizor göstərsəydi, bir xəbər tutardıq dedim. Bacım söylədi ki, AzTV-nin enerji blokunu partladıblar. Buna görə də televizor heç bir yerdə göstərmir. Mən enerji blokunun partladılmasını, təxminən AzTV-nin partladılması kimi başa düşüb, həmişə oturduğum daşın üzərində əyləşdim. Musiqi səsi televizordan gəlmirmiş sən demə. Haradan gəlirdi? Bunu indi də bilmirəm.

Çox pis olmuşdum, bəlkə hadisələrin mahiyyətini anlamırdım, amma rusların bizləri qırmağı ləzzət eləməmişdi mənə. Uşaq ağlı ilə qisas haqqında düşünürdüm. Bacım ağlamaqda idi...

Birdən yanıq iyi hiss elədik, mətbəxdən gəlirdi. Mətbəxə qaçdıq, anam evdən çıxanda qazın üstünə süddaş qoyubmuş, bacıma da tapşırıbmış ki, nəzarət eləsin. Qəmli musiqinin sədaları altında göz yaşları tökən bacım anamın tapşırığını unutmuşdu. Yemək yanmışdı, qab qapqara qaralmışdı. Mənim qanım da qabın vəziyyətinə düşmüşdü, qapqara qaralmışdı. Rusların bizi qırmağı bir yandan, qabın yanmağı da o biri yandan qanımı it qanına döndərmişdi. Kasıbçılıqla böyüyən uşaqlar yeməyin yanmağının nə anlama gəldiyini gözəl bilərlər.

Anam evə gələndə axşam 6 idi. Əhdinə əməl elədi.

Atam evə gec saatlarında gəldi, özündə deyildi. Atama bir xeyli sual verdim, verdiyi cavabların heç biri yadımda deyil, ancaq dediyi bir cümlə dəqiq yadımdadır: “SSRİ-ni qoruya bilməyəcəklər, bu hadisədən sonra SSRİ mütləq dağılacaq”.

Sınıq-salxaq radiomuz vardı, atam radionu qurdu. Radiodan Elmira Qafarovanın səsi gəlirdi. Elmira Qafarova Sovet qoşunlarının ölkəni tərk edəcəyini söylədi deyəsən. Və atam Sovet Qoşunlarının ünvanına çox pis bir söyüş söydü. Sonra üzr istədi. Bu, atamdan eşitdiyim ilk və son söyüş oldu.

Səhəri gün yenə də gec saatlarda evə gələn atam dedi ki, 20 yanvar şəhidlərini dəfn etməyə 1 milyon adam gəlibmiş və heç bir dövlət bu qüvvənin qarşısında dura bilməz.

Ölkədə matəm elan olunduğundan dərsə getmirdik.

Dərsə gedəndə pioner qalstuku taxmadıq. Məktəbin həyətində isə maraqlı mənzərənin şahidi olduq. Yuxarı sinif şagirdlərinin hamısı pioner qalstuklarını məktəbin həyətinə atmışdılar. Üst-üstə yığılan qalstuklardan “dağ” əmələ gəlmişdi. “Dağ”ın üstündə isə bir dənə partiya bileti vardı. Sonradan eşitdik ki, bu partiya bileti ədəbiyyat müəllimimiz Həsən Nasirin imiş. Deyilənə görə, qəsəbədə partiya biletindən imtina edən ilk şəxs Həsən Nasir olub.

Sonra qalstuklara od vurdular. Qalstukların hamısı yanmışdı. Onların arasında yalnız qalan partiya bileti isə tam yanmadı.

O vaxtlar çox ümidli idik, müstəqillik əldə etdikdən dərhal sonra bütün problemlərin həll olunacağına inanırdıq.

Böyüyənə qədər elə bilirdim ki, siyasətçilərimizin söylədiyi kimi 20 yanvar qırğınını SSRİ-nı qorumaq məqsədilə törədiblər. Böyüyəndən sonra isə bu qənaətə gəldim ki, 20 yanvar qırğını əslində SSRİ-nin çöküşünü sürətləndirmək məqsədilə həyata keçirilib.

Allah şəhidlərə rəhmət eləsin!

# 2134 dəfə oxunub

Müəllifin son yazıları

# # #