Toydan niyə imtina etdik?

Toydan niyə imtina etdik?
15 oktyabr 2014
# 12:58

- Qardaş, vallah, belə olmaz e... Gözümüzün nuruyla qazandığımız pulun yarısı toya gedir, yarısı kreditə!

- Özüm ölüm, düz deyirsən! Abrımız gedib.

- Bir variant tapmaq lazımdı.

- Mən artıq evdəkiləri inandırmışam, toya getməyəcəyəm.

- Evdəkiləri inandırmısansa, başqalarını da inandıra bilərsən. Bəlkə, hamımız çalışıb insanları inandıraq?

Bəli, bu dialoqdan sonra toyları boykot etmək istəyimizi ictimailəşdirmiş, Facebookda #toylaryoxde adlı haştaq yaratmışıq. Özümüzə və sizə inanırıq! İnanırıq ki, toy adlı terrora məruz qalanlar nəhayət cəsarət tapıb xilasa cəhd edəcəklər...

Baxmayaraq ki, qələm adamlarının, dəyərli dostlarımızın təxminən iki il öncə başlatdığı, bizim də qoşulduğumuz kampaniya, yumşaq desək, uğurlu olmadı. İnamımızı doğruldanlara, bizə dəstək verən dəyərli ziyalılarımıza təşəkkür etməklə yanaşı, təəssüf hissi ilə vurğulamaq istəyirik ki, dəyərli saydığımız, böyük hörmət bəslədiyimiz bəzi insanlar hələ də toy terroruna yox deməməkdə israrlıdır! Onlar müqaviməti müxtəlif şəkildə - inboxa yazmaqla, status paylaşmaqla, statusumuza şərh yazmaqla göstərirlər. Və bu məqam bizim nə istədiyimizi geniş şəkildə açıqlamağı şərtləndirir.

Hə, dəyərli bacı və qardaşlarımız!

Biz nə istəyirik? Siz axı Azərbaycanda pul qazanmağın necə əziyyətli iş olduğunu bilirsiniz.

Biz istəyirik ki, dəvətnaməni alanda kədərlənməyəsiniz, dəvətnaməyə qara kağız kimi baxmayasınız. Biz istəyirik ki, it zülmü ilə qazandığımız, qazandığınız pulun yarısı toylara getməsin.

O pullarla uşaqlarımızı ən azı 20 dəfə Kukla Teatrına aparaq. O pullarla teatra və kinoya gedək. O pullarla kitab alaq... Vallah, billah, məhz toylara görə uşağını Kukla Teatrına apara bilməyən adamlar az deyil. Kitab ala bilməyən, özü teatra və kinoya gedə bilməyən adamlar da! Yaxşı, tutaq ki, kitab almaq, teatra getmək istəmirsiz, amma dəqiq bilirəm ki, dərdiniz-səriniz başınızdan aşır, heç olmasa o pulu problemlərinizin həllinə sərf edin: dərmanpuluna, həkimpuluna, çörəkpuluna, məktəbpuluna, yolpuluna... Yazmaqla bitərmi?

Biz istəyirik ki, toy bizim əsəbilərimizi korlamasın. Onsuz da hamı əsəbidir. İnsanlar bir-birinin ətini yeməyə hazırdır. Onsuz da zəif olan əsəblərimizi bir az da toyda korlamayaq. Özümüz bir az da, “girdirmə” içkilər və köhnə-qarışıq yeməklərlə zəhərləməyək! Kövrək əsəblərimizi insanı dəli edəcək həddə olan səsin ixtiyarına verməyək.

Biz istəyirik ki, həyatda heç vaxt bir-birini görməyən, “salam-əleyk” etməyən adamlar bir-birinə dəvətnamə verməsin. Bir-birinə ərki keçməyən adamlar bir-biri üzərindən, bir-birinin sosial əmniyyəti üzərindən alver etməsinlər. Beləliklə, biz insanları səmimi olmağa, üzdə gülüb, ürəkdə söyüş etməməyə çağırırıq.

Toyları boykot kampaniyasını başlayandan sonra məşhur tərcüməçi Nadir Qocabəyli belə bir şərh yazmışdı: “Bizim bir qohumu keçən ay 7 toya çağırıblar, altısına gedib, birinə isə pulu olmadığına görə gedə bilməyib. Həmin yeddinci toyun sahibi qadasın aldığım da eləmir tənbəllik və qohuma zəng vurub deyir: “Siz nə xeyrə-şərə yaramayan adamsız, toyunuza gəlmişəm, toyuma gəlin də”. Qohum da əvvəlcə üzr istəyib ki, vallah, pulu olmayıb, maaşını alan kimi gətirib nəməri yazdıracaqdı, sonra da borc tapıb, aparıb onun nəmərini geri qaytarıb...”

Bir əhvalat da mən yazım. Bir qadın tək oğul övladına toy edir, təbii ki, toyuna gəlməyənlər də olur. Qadın sabahısı gün adamlarını gəlməyənlərin qapısına göndərir ki, borcumu qaytarın.

Hə, qardaşlar, bacılar, biz istəyirik ki, insanlar bu qədər cılızlaşmasın. Sizin yadınıza gəlməz, amma vallah, billah, adamlar o vaxtlar bu qədər cılız deyildi.

Biz istəyirik ki, toy yasa çevrilməsin. Əsəbi və zəhərlənmiş insanlar mahnı üstündə bir-birini bıçaqlamasın.

Bir istəyirik ki, toy karvanında faciəli qəzalar baş verməsin.

Bəli, biz bilirik, toy həm də sosial yardımlaşmadır. Sosial yardımlaşmanı dəstəkləyirik əslində, amma bu qədər biabırçı, iyrənc səviyyədə olmasını istəmirik.

Biz istəyirik ki, uşaqların şeyinin kəsilməsinə görə insanlar zibilə, ziyana düşməsinlər. Qardaş, övladının şeyinə görə məni məclisə çağırmağın, əslində mənə böyük hörmətsizlik deyilmi? Heç onu demirəm ki, bu işin adını müsəlman olmaq qoyub, məclisdə spirtli içki verirsən.

Sonda... Qarşıdan Məhərrəmlik gəlir, hamınızı təbrik edirəm!

# 6558 dəfə oxunub

Müəllifin son yazıları

# # #