İlqar Fəhmi: “Mən katib təyin olunmamışam”

İlqar Fəhmi: “Mən katib təyin olunmamışam”
29 avqust 2014
# 13:07

Azərbaycan Yazıçılar Birliyinin saytı - ayb.az “Ulduz” jurnalının baş redaktor müavini İlqar Fəhminin Yazıçılar Birliyinin katibi təyin edilməsi haqqında məlumat yayıb.

Digər saytlar bu məlumatı ayb.az-a istinadən tirajlayıb. Xatırladaq ki, rəhmətə getdiyi günə qədər bu vəzifədə mərhum Arif Əmrahoğlu işləyirdi.

Saytın məlumatına görə, İlqar Fəhmi bu vəzifəyə sentyabrın 1-dən təyin edilib.

Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinin “Rəhbər orqanlar və onların səlahiyyətləri” bölümündə yazılır: “Azərbaycan yazıçılarının qurultayı açıq səsvermə ilə və səs çoxluğu ilə Azərbaycan Yazıçılar Birliyinin sədrini, sədrin təqdimatı ilə birinci katib və katiblərini (beş il olmaqla iki müddətdən artıq seçilə bilməz)... seçir”.

Nizamnamənin bu bəndinə əsasən söyləmək olar ki, İlqar Fəhminin katib təyin olunması ciddi qanun pozuntusudur. Xatırladaq ki, əvvəllər də bu qurumda nizamnamənin tələblərinə əməl edilməməyi hallarına rast gəlinib. Gənclər Şurasının üzvləri, AYB-nin mətbu orqanlarının rəhbərləri də qurultayda seçilməli idi, amma nizamnamənin tələblərinə əhəmiyyət verən olmadı.

Kulis.az İlqar Fəhminin katib təyin olunması ilə bağlı kiçik bir araşdırma aparıb və maraqlı faktlar üzə çıxıb.

Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz AYB-nin katibi, xalq şairi Fikrət Qoca deyib ki, hər şey nizamnamə çərçivəsində baş verib: “İki gündən bir hansısa hadisə baş verir. Biz buna görə iki gündən bir qurultay keçirə bilmərik ki! Özünüz də gördünüz ki, bizim qurultay necə böyük bir tədbir oldu. Bundan başqa dünyasını dəyişmiş şəxsin yerinə kimin təyin olunması məsələsi nizamnamə ilə tənzimlənir. Bu məsələlər nizamnamədə öz əksini tapıb”.

İlqar Fəhminin katib təyin olunmasını ciddi qanun pozuntusu hesab edən AYB İdarə Heyətinin sabiq üzvü, yazıçı-tərçüməçi Nəriman Əbdülrəhmanlı isə bu qənaətdədir ki, Azərbaycan Yazıçılar Birliyində Nizamnaməni yada salan yoxdu: “Əvvəla, beş ildən bir keçirilməli olan qurultayın arasının on iləcən uzadılması ən böyük qanun pozuntusu idi və bunu heç bir "dəlil-sübut"la izah eləmək olmaz. Əgər katiblər beş il olmaqla iki dəfədən artıq seçilə bilməzlərsə, "əbədi katiblər"ə nə deyək? Əgər katibi sədrin təqdimatıyla qurultay seçirsə, İlqar Fəhminin təyinatı nə deməkdi? Bir də əgər hər şeyi sədr həll eləyirsə, Nizamnamə nəyə lazımdı. Məncə, bütün bunlar kifayət qədər dolaşıq məsələlərdi”.

Bu məqamla bağlı fikirlərini bölüşən hüquqşünas Xalid Bağırov bildirir ki, ictimai təşkilatlarda nizamnamə pozuntusu heç bir hüquqi məsuliyyət yaratmır. Sadəcə təşkilat daxilində kimlərsə buna etiraz edə və yaxud qarşısını ala bilər.

AYB-nin yeni katibi İlqar Fəhmi isə qeyd edir ki, o katib təyin olunmayıb: “Mən katib təyin olunmamışam, sadəcə bu vəzifəni icra edəcəm. Sərəncamda da belə yazılıb. Sadəcə mətbuat kiçik yanlışlığa yol verib. Seçilmə isə təbii ki, qurultayda olacaq”.

İlqar Fəhminin fikirlərinə əsaslansaq, əslində AYB katibliyi heç bir nizamnamə pozuntusuna yol verməyib. Boş qalan katib yerinə bu vəzifəni icra edən şəxsin təyin olunması qanunidir. Çünki AYB-də katib postu rəhbərliyə daxildir və qurumun idarə olunmasında mühüm rol oynayır. Anlaşılan odur ki, yanlışlığı birliyin rəsmi saytı edib.

# 2890 dəfə oxunub

Müəllifin son yazıları

# # #