"Dedi, oğlum sənin mahnına qulaq asdı, getdi döyüşə, qayıtmadı" – MÜSAHİBƏ

"Dedi, oğlum sənin mahnına qulaq asdı, getdi döyüşə, qayıtmadı" – <span style="color:red;">MÜSAHİBƏ
4 sentyabr 2014
# 14:10

Kulis.Az məşhur marş və hərbi-vətənpərvərlik mahnılarının müəllifi Şahin Musaoğlu ilə müsahibəni təqdim edir.

- Bu yaxınlarda cəbhədə atəşkəs pozulanda siz xaricdə idiniz. Bu ərəfədə sosial şəbəkələrdə çox paylaşılan, televiziyalarda verilən iki mahnı vardı; “Cənab leytenant”, “İgid əsgər”. Bu mahnıların müəllifi kimi onların tarixçəsindən danışardınız. Bu mahnılar hansı şəraitdə yazılıb?

- Hər iki mahnının həm sözləri, həmidə musiqisi mənə aiddir. Təkçə sözlərin və ya bəstənin mənə aid olduğunu düşünənlər üçün aydınlıq olsun ki, nəinki bu iki mahnının Ş.Əlizamanlının ifa etdiyi mahnıların böyük əksəriyətinin həm sözlərinin həmi də musiqisinin müəlifiyəm. Konkret bu iki mahnıdan söz düşmüşkən onu deyə bilərəm ki, bu mahnıların yaranması mənim Müdafiə Nazirliyi ilə əməkdaşlıq etdiyim dövrə təsadüf edir.

Müharibə şəraiti...cəbhəyə ezamiyyətlər...gərgin döyüşlərin getdiyi şəhid xəbərlərinin gəldiyi vaxtlar...qələbə sevinci, məğlubiyyət acısı daddığımız zaman...Evdə rahat divanda, televiziya qarşısında, çay içə - içə düşüncələrə dalıb nə belə sözləri, nə də belə mahnıları yazmağı mümkün deyil.

“İgid əsgər “ mahnısı ilkimdi.

... Ordu təzə-təzə formalaşırdı, könüllərdən ibarət batalyonlar yaradılırdı. İlk olaraq yaranan batalyon “birinci batalyon” oldu. O uşaqlar Azərbaycan ordusunun canlı tarixləridir...O vaxt onlar Şəhidlər Xiyabanında and içərək bir başa cəbhəyə yollanırdılar. Mən də orada idim. Əksəriyyət xüsusi təlim keçmiş əsgər və zabitlərdən ibarət idi. Qürur verici anlar yaşayırdım. Heç kəs ölüm haqda fikirləşmirdi. Hamı qələbədən, zəfərdən danışırdı... “ İgid əsgər möhkəm dayan” şeirini o dönəm yazdım. Oxudum razı qalmadım, yenidən yazdım. Yenə razı qalmadım. Elə bil nəsə çatmırdı tamamlamağa. Xeyli çək-çevirdən sonra gitarama sarıldım. Melodiya özü barmaqlarımın arasından süzülməyə başladı . Və alındı. Bu mənim ilk bəstəm idi. Və mən musiqiyə gəlirdim. Böyük, nəhəng və zəngin musiqi dünyasına...

Başa düşdüm ki mən şeirlərimdə anlada bilmədiyim hislərimi, düşüncələrmi musiqi ilə ifadə edə bilərəm. Belə də oldu. Əksər mahnılarımın sözlərinin mənə aid olmasının səbəbi də budur.

Bəstəni xalq artisti Faiq Ağayevə verdim. Lakin onun Sankt- Peterburq şəhərinə qastrol səfəri yazılma prosesini yubandırdı. Ona görə də mahnını Ş.Əlizamanlı oxumalı oldu.

- Müdafiə Nazirliyi ilə əməkdaşlığınız necə baş tutmuşdu?

- 1991-94-cü illər ərzində mən Müdafiə Nazirliyinin bir neçə idarəsi ilə əməkdaşlıq etmişəm. İlk əməkdaşlıq etdiyim idarə tibb idarəsi idi. Ağır döyüşlər gedirdi. Ön xətdən çoxlu yaralılar gəlirdi. Onların hansı xəstəxanada və ya hospitalda yerləşdirilməsi ilə bağlı məlumat və informasiya almaq mexanizmi yox idi. Yaralıların valideynləri, yaxınları Müdafiə Nazirliyinin, baş qərargahın, tibb idarəsinin, respublikanın şəhər, rayon xəstəxanalarının qapısı qarşısında saatlarla vaxt itirir, ən xırda məlumatı belə ala bilmirdilər. Məhz o zaman bu məqsədlə operativ qərargah yaradıldı. Mən həmin qərargaha rəhbərlik etdim. Biz o dönəm ilk hərbi tibbi arxivi yaratdıq...

Sonralar yaradıcılıq əlaqələri məni Müdafiə Nazirliyinin “ Hərbi sənədli filmlər kino – tele studiyası”- na gətirib çıxardıb. Mən orada bu studiyanın qurucuları olan Seyidağa Mövsümlü, Şəmistan Əlizamanlı, Nəriman Əbdülrəhmanlı, Nizami Abbas, Rahib Qərib, Nadir Diridağlı və sairləri ilə birlikdə çalışdım. Bununla yanaşı həm də Müdafiə Nazirliyi HET (Hərbi Elmi Tədqiqatlar) idarəsi ilə əməkdaşlıq edirdim. “ Hərbi bilik” jurnalı, “ Azərbaycan ordusu” qəzetlərində yazılarla, reportajlarla çıxış edirdim.

- “Cənab leytenant” mahnısı necə yazıldı?

- Bu mahnı sayca yeddinci mahnımdı. Bu mahnı da öz duyğu və hisslərimdən doğan daxili sifarişim əsasında yazılıb.

- Bizdə hərbi vətənpərvərlik mahnılarının olmamasından gileylənirlər. Siz necə düşünürsünüz?

- Bu, içdən gəlməlidir . Bu janrda işləmək məsuliyyət və professionallıq tələb edir. Bu tip mahnılarda bir tərəfdən zəfər, qələbə, savaş, qisas ruhu, digər tərəfdən isə qan-qadaya, ölümə meydan oxumaq, sülhü tərənnüm etmək xətti var. Ona görə vətənpərvərlik mahnıları deyiləndə təkcə marşlar yadda düşməməlidir. Vətəni tərənnüm edən, onun dağı, daşı, təbiətini vəsf edən hər hansı melodiya da vətənpərvərliyə aiddir. Bu sahədə xeyli populyar mahnı və marşlarımız var. Təkcə mənim yaradıcılığımda 30-a yaxın mahnı var ki, bunların hamısı sırf hərbi vətənpərvərlik mahnılarıdır.

- “Cənab leytenant”la bağlı iki sualım var. Biri hərbi xidmətdə yaranıb. “Bir cüt ulduzlu, aylı poqonlar” misralarını oxuyanda əsgərlər deyirdi ki, bu leytenant yox, polkovnik leytenantdır.

- Orduda bir müddət belə oldu, leytenant poqonunda iki kiçik ulduz və ay vardı. Mahnı o tarixi təsadüf edir. Sonralar uniforma dəyişilsə də, mən sözlərdə redaktə etmədim. Çünki bu da bizim ordumuzun tarixi idi.

- “Səngər başındakı çatdığım ocağın” misrası var. Səngərdə ocaq çatmaq olmaz axı...

- İlk dəfə cəbhəyə gedəndə qış idi. Hər tərəf qarın içindəydi . Blindaja girdik. Ortada bir odun peçi var idi. Bilindaj soyuq, peç isə yanmırdı . Daha doğrusu yandırmaq olmazdı. O zaman anladım vəziyyət necədir.(gülür) Həmişə müharibə verilişlərində tonqal ətrafında əsgərlər toplaşır. Yəqin bunun assosasiyadır.

- Hərbi vətənpərvərlik verilişləri sizi qane edirmi? Hazırlanma səviyyəsi, mövzu seçimi qaneedicidirmi?

- Bu sahə üzrə ekspert olmadığım üçün sadəcə öz fikirlərimi bölüşəcəm. Rahib Qəribin hazırladığı veriliş məni qane edir. Yəqin ki, bu da onun bu sahədəki təcrübəsindən və professionallığından irəli gəlir.

- Kitabınız çap olunubmu?

- Bir kitabım çap olunub. “ İgid əsgər möhkəm dayan” şeirlər kitabıdır.

- Şeir yazmağa nə vaxt başlamısınız?

- Uşaqlıqdan. 2-3 sinifdə oxuyarkən Azərbaycan radiosunda “Çapar” adlı uşaq verlişi vardı. İlk şerimi orda oxumuşam.

- Azərbaycan Yazıçılar Birliyinə necə üzv oldunuz?

- Mənim “İgid əsgər möhkəm dayan” kitabım çap olundu, “İgid əsgər” şeiri dördüncü sinif dərsliyinə salındı. On bir mahnım radionun qızıl fondunda və on yeddi əsərim silahlı qüvvələrin tədris proqramına salındı. Bütün bunlardan sonra üzvlüyə qəbul aktuallaşdı.

- Təbabət və incəsənət... Bu əməkdaşlıqda siz hansına daha çox önəm verirsiniz?

- Mən 27 ildir ki, həkim işləyirəm. Bu 27 ilin bir ili belə yox, heç bir günü boş, mənasız keçməyib. 27 ilin 27-si də dop-dolu. Maddi durumumdan, vəziyyətimdən asılı olmayaraq işimi sevmişəm. Həkimlik işimi sevə-sevə icra etmişəm. İncəsənət isə bu işdə mənə yardımçı olub...

Təbabətlə incəsənətim ittifaq tarixi çox qədimlərə gedib çıxır. Əvvəla Yunan əsatirlərin də təbabətin və incəsənətin Allahı eynidir- Apalon. Bu onu deməyə əsas verir ki, əməkdaşlığın tarixi qədimdir. Təbabətin obyekti insandır. İncəsənətin də obyekti insandır. Təbabət həyat uğrunda elmdir, incəsənət də həyat haqqında elmdir. Təbabət xilaskarlıq, fədakarlıq sənətidir. İncəsənət də xeyirxahlıq, insan taleyinə münasibət timsalında mərhəmətlik, qayğıkeşlik, gözəllik sənətidir. Yəni məqsədi, arzusu, obyekti, amalı eyniyyət təşkil edir. Hər ikisinin xarakteri də eynidir – sosial.

İnsanın həyatını incəsənətsiz təsəvvür etmək mümkün deyil. O ki, qaldı mənə mən bir insan kimi incəsənətin vurğunuyam. Musiqi, şeir mənim mənəvi qidamdır. O mənim professional həkim kimi formalaşmağımda əvəzsiz rol oynayıb. Mən bəlkə də şeir yazmasaydım, musiqi bəstələməsəydim yəqin ki nə həkim kimi əsl həkim, nə də insan kimi insan olmazdım.

- Müharibə vaxtında hərbidə olmusunuz. O illərlə bağlı yaddaqalan hadisələr varmı?

- Çox hadisələr olub. Məsələn mənim yadımdadır ki, Müdafiə Nazirliyinə bir qadın gəlmişdi. Kənar adamları buraxmırdılar nazirliyə. Onu Şəmistan Əlizamanlı qəbul elədi , dərdini danışdı. Sonra bizə dedi ki, “verin mənim oğlumu”. Dedi ki, axşam sənin “ İgid əsgər” mahnına qulaq asdı, sonra getdi döyüşə və bir daha geri qayıtmadı. O zaman başa düşdüm ki, çox ağır bir yükün altındayam. İndi oğlum əsgər yaşındadır və bu məsuliyyəti layiqincə daşımalıyam.

- Şəmistan Əlizamanlı deyir ki, “Cənab Leytenant” mahnısından sonra xeyli gənc zabit olmağı, hərbiçi olmağı seçib...

- Bu məni çox sevindirir. Əgər doğurdan belədirsə demək yazıb, yartmağıma dəyərmiş. Yaradıcı adama bundan böyük alqış, bundan böyük mükafat nə ola bilər ki?

- Yeni kitab haqqında düşünürsünüz?

- Mahnılardan ibarət söz və musiqi yazılı - partitur kitabım üzərində işləyirəm. “ Çərçivə” adlı şeir , esse və hekayələrdən ibarət fəlsəfi lirik mövzuda işlədiyim kitabı tamamlamaq üzrəyəm.

# 8787 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #