Cənub TV-nin proqram direktoru: “Bircə ANS-ə uduzuruq, ancaq  həmişə yox”

Cənub TV-nin proqram direktoru: “Bircə ANS-ə uduzuruq, ancaq  həmişə yox”
11 avqust 2014
# 10:20

Lənkəranın “Cənub” televiziyası 7 ildir ki, fəaliyyət göstərir. Kameradan tutmuş krana qədər, müasir, peşəkar avadanlıqlarla təmin olunan telekanalın 20-yə yaxın verilişi var. “Cənub” TV haqda daha ətraflı kanalın proqram direktoru Mirbağır İsmayılov danışır:

- “Cənub” televiziyası başqa regional kanallardan nə ilə fərqlənir?

- Bizim auditoriya başqa regional televiziyaların auditoriyasından böyükdür. Təxminən 3 milyona yaxın. Məsələn, Yevlaxda Gəncənin, Şəkinin televiziyalarına baxa bilərsiz. Burda isə başqa regional kanal yoxdur. Ümumiyyətlə, cənub bölgəsində yalnız bizim kanaldır. Ölkədaxili reytinqlərdə bircə ANS kanalına uduzuruq. O da həmişə yox.

- Tamaşaçılar daha çox hansı proqramlara maraq göstərir?

- Daha çox yerli xəbərlərə... İnformasiya proqramında on süjet gedirsə, ən azı altısı yerli xəbərdir. Ümumiyyətlə, regional kanallarda şou, əyləncəli proqramlar azdır. Bizdə cəmi bir şou-biznes verilişi var. O da həftə ərzində bir dəfə yarım saat gedir. İntellektual və ya informativ verilişlərə daha çox üstünlük veririk.

- Digər regional kanallarla əməkdaşlıq edirsiz?

- Keçən ilin sentyabrından vahid setka konsepsiyası tətbiq edilir. Xeyli layihə var ki, onlar ümumi Regional TV-də yayımlanır. Məsələn El TV-in “Könüllə könüllü” verilişi. Regional TV peykə də çıxıb artıq. Başqa kanallarla proqram mübadiləsi edirik. Setka doldurmaq xatirinə proqramlar hazırlamırıq. Deyək ki, 5 proqram bizdən, 5 Kəpəz-dən, 5 El TV-dən yayımlanır. Bizim TV-nin hazırladığı “Biznez qlobal”, “Bərəkət” iqtisadiyyat verilişləri, yumoristik “Absurd şou” ümumi setkada gedir. Adını çəkdiyim son proqramda absurd yumorları səhnələşdirirdik. Həcmi 45 dəqiqə idi. “Absurd şou” reytinqlərdə həmişə liderlik edirdi. İndi Regional TV-nin Bakı studiyası stend-uplar edir. Ümumi setka ücün.

- “Cənub” televiziyasının bazasında filmlər çəkilirmi?

- Televiziyamızın bazasında bədii yox, sənədli filmlər çəkilir. Daha çox etnoqrafik filmlərə üstünlük veririk. Bədii filmlərə gəlincə bütün regional televiziyalarda eyni filmlər göstərilir. Sənədli və bədii filmlər göstərilirsə, məhsullarına görə pulu həm Azərbaycan Professional Kinorejissorlar Gildiyasına, həm “Azərbaycanfilm”ə ödəyirik. Əcnəbi filmlər Regional TV-də dublyaj olunur. Dublyaj prosesi sürətlə gedir. Və eyni filmi tez-tez vermirik.

- Xəbər işləyəndə yerli orqanlarla probleminiz olur?

- Xəbər hazırlayanda yerli orqanlarla problemimiz olmur. Açıqlama vermək hər bir orqanının xeyrinədir.

- Başqa regional kanallarla rəqabətiniz olur?

- Gəncənin “Kəpəz” kanalında Samir Hüseynovun “Kinomaniya” verilişi olur. Bu, rəqabət yaradır məsələn. Həm də zəngləşib fikir mübadiləsi edirik. Və ya bizim “Bərəkət” proqramından sonra ümumi setkada “Kəpəz”in “Aqronom” verilişi gedir. Bu iki proqram bir-birini tamamlayır. Məsələn, “Bərəkət”də aqrar xəbərlər təqdim olunur. “Aqronom”da isə bir mütəxəssis dəvət edib, hər hansı məsələni müzakirə edirlər.

- Uşaq proqramlarınız nə ilə seçilir?

- Bizim uşaq verilişlərimiz informativdir, boş klounluqdan ibarət deyil. İki-üç qonaq olur. Verilişə öncəki proqramda aparıcının verdiyi mövzuya uyğun rəsm çəkmiş uşaqlar qatılır və verilişdə həmin rəsmlər göstərilir. Başqa bir tapşırıq da verilir ki, uşaqlar veriliş boyu bunu edirlər. Digər bir qonaq isə bacarıqlı əllər guşəsində adi materiallardan maraqlı bəzək əşyaları, açıqcalar və sairə düzəltməyi göstərir. Veriliş boyu müxtəlif mövzularda iki süjet və bir cizgi filmi təqdim olunur. Əvvəlində və sonunda isə uşaqların ifasında rəqs və ya mahnı ifa edilir.

- Kadr problemlərinizi necə həll edirsiz?

- Kadr problemlərini həll etmək üçün bir-iki aylıq kurslar təşkil edirik. Məsələn, Lənkəran Dram Teatrının aktyorları nitq mədəniyyətindən dərs deyirlər. İstedadlılar, həvəsli olanlar qalır. Digər regional kanallarla təcrübə mübadiləsi edirik. Tovuzun “TTV” kanalı sırf xəbər kanalıdır. Hər yarım saatdan bir xəbər verilir. Ümumi setkada da ancaq onların xəbəri gedir. “TTV” xəbər sahəsində seminar eləmişdi. Biz də qatılmışdıq.

- Yeni mövsümdə hansı verilişlər olacaq?

- Yeni mövsüm üçün "Hə - Yox" adlı intellektual veriliş hazırlayırıq. Aparıcının suallarına iştrakçı ancaq “hə”, “yox” deyə bilər. 5 iştirakçı 10 suala cavab verir. İkinci mərhələyə 3 nəfər keçir. Üçüncü mərhələ naturada olacaq. Orda finalçıya 5 sual verilir. O da küçədə istədiyi adama yaxınlaşıb cavabı soruşa bilər. Həftədə bir dəfə canlı verilişimiz də gedəcək-“Ürək sözü” poeziya verilişi.

Veriliş boyunca aparıcı müxtəlif şairlərin yaradıcılığına müraciət edərək şeirlər səsləndirəcək. Eyni zamanda tamaşaçılar da zəng edərək istədiyi şeirləri səsləndirə bilərlər. Bundan başqa yeni mövsümdən “İzi itməyən cinayətlər” verilişi ümumi Regional TV-də gedəcək. Ehtiyatda olan polkovnik-leytenant Qafar Cəfərovun povestləri əsasında yarı sənədli, yarı bədii proqram olacaq. Artıq bir neçə buraxılışı hazırdır. Həftədə bir dəfə yayımlanacaq. Burda aktyorlarla işləyəcəyik. Onlar səhnələri canlandıracaq. Rejissoru və ssenari müəllifi bizim baş prodüser Tərlan Göycəlidir.

# 2509 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #