“Səhnədən o qıza eşq elan elədim”

“Səhnədən o qıza eşq elan elədim”
5 iyul 2014
# 08:00

Kulis.Az “Yeməli söhbət” layihəsinin qonağı şair Qismət və həyat yoldaşı İlahədir. Qonaqlarımızla Nizami Muzeyindən Azərbaycan kinoteatrı istiqamətində gedən yolda, Əziz Əliyev 33 ünvanında yerləşən “Künefe evi”ndə görüşdük. Şairin həyat yoldaşı künefə, biz isə meyvə şirəsi sifariş verdi və müsahibəyə başladıq.

- Qismət, yeməklə aran necədi?

- Yeməklə aram yaxşıdı, amma son vaxtlar bir az çörəyi azaltmışam və mövsümi yeməklərə üstünlük verirəm. Uşaq vaxtımdan öz evimizdə və babamın evində xeyli sayda məclis olduğuna görə, yeyib-içmək məndə genetik olaraq formalaşıb. Dostların ad günlərində və digər yeyib-içmək məclislərində iştirak etmək həmişə xoşdur. Sənə deyim ki, biz qəribəyik, hər dəfə dostlarla oturanda sifariş verəcəyimiz yeməyi xeyli müzakirə edib, axırda kabab istəyirik. (gülür) Xarici ölkələrə gedəndə adını eşitdiyim və üzünü görmədiyim yeməklər sifariş verirəm. Bir dəfə dostum Qaraqanla nahara getdik. Qaraqan Çin restoranına getməyimizi məsləhət gördü. Biz orda menyuda olan hər yeməkdən bir az sifariş verdik və mən o yeməkləri yeyəndən sonra qərara aldım ki, bir də bu mətbəxin yeməklərini yeməyəcəm. Çünki o mətbəx mənim ağız dadıma heç uyğun gəlmədi. Çin mətbəxinə baxmayaraq, Ukrayna, gürcü, rus, Meksika, türk mətbəxini bəyənirəm. Son vaxtlar şəhərin mərkəzində xarici yeməklər verilən restoranların sayı artır və zamanla yəqin ki, biz də kababdan başqa şey sifariş etməyi öyrənəcəyik.

- Sevdiyin yeməklər hansıdı?

- İçində toyuq olan bütün yeməkləri və kələm dolmasından başqa bütün dolmaları sevirəm. (gülür)

- Qismət, bu günə qədər xeyli məclislərdə olmusan. Tanınmışlardan kimlərlə oturmusan?

- Söhbət jurnalistikada və ədəbiyyat adamından gedirsə, təxminən 95 faizi ilə ən azı bir dəfə məclisdə oturmuşam. Jurnalist və yazıçılardan əlavə həm də işlədiyim universitetin tələbə və müəllim heyəti ilə də çox oturmuşam. Adamın bu qədər də tanışın olması absurddur. Mən hərdən evdə köhnə şəkillərə baxıram və bəzən elə olur ki, hansısa toyu, ordakı bəyin və gəlinin adını unutduğumu görürəm. Dəhşətdir.

- Tələbələrinlə yeyib-içirsən?

- Çox olub. Təbii ki, birinci kurs tələbəsi ilə yox. Birinci kurs tələbəsi ilə yeyib-içəndən sonra, çərçivə itə bilər. Amma dördüncü kurs tələbəsi və magistrlərlə dəfələrlə yeyib-içmişəm. Çox olub ki, tələbələrlə şəhəri gəzməyə çıxmışıq, teatra, muzeyə getmişik, sonra gedib bir süfrə ətrafında söhbətləşmişik. İndi artıq müəllim deyiləm.

- İmtahanda qiymət almaq üçün tələbələrindən sənə qonaqlıq təklif edəni olub?

- Olub, amma mən birmənalı şəkildə etiraz eləmişəm. Mən tələbəyə belə hal olanda deyirəm ki, sən qiymət al, mən özüm sənə qonaqlıq verərəm.

- Özün nə bişirirsən?

- Heç nə. Amma təvazökarlıqdan uzaq olsa da deyim ki, zövqüm yaxşıdır. Yeməyin içinə ədviyyat vurulanda onun adını bilməsəm də, bunu dərhal hiss edirəm. Bu zövqüm içkiyə də aiddir. Məsələn, mən “Efes” pivəsi sifariş vermişəmsə və onun yerinə “Beks” gəlibsə, dərhal bu pivənin “Beks” olduğunu bilirəm.

- Spirtli içkiylə aran yaxşıdır. Hansını xoşlayırsan?

- Son 7-8 ayda gəldiyim qənaət bundan ibarətdir ki, mövsümlər özləri içkini və yeməyi tənzimləyir. Amma bəzən mövsümün bizə təqdim elədiyi axarı pozmaq istəyirik. Tərkibi sərt olan və uzun söhbət tələb edən araq sərin havaların içkisidir. Bahar gələndə isə o içkini içmək mümkün olmur. Amma bu mümkünsüzlüyü təcrübəsi çox olan adamlar ləğv edir. (Gülür) Araq və rakını sevirəm. Bir müddət tekila içirdim. Ümumiyyətlə isə ən doğması vodkadır. Mən həmişə çalışıram ki, içkinin hansı növünü içirimsə onun yaxşısını içim. Qiyməti ucuz olan spitli içkini içmək mədəni intiharın bir növüdür. “Az, amma yaxşı içim” devizinə sadiqəm.

- Əhatəndə olan yazarlardan hansı ilə içmirsən?

- Ad çəkmək düzgün olmazdı. Elə adamlar var ki, onlarla nəinki içki məclislərində, heç çay məclislərində də oturmuram. Məclisə ona görə gedirik ki, orda rahat olaq, istirahət edək. Amma adlarını çəkmək istəmədiyim şəxslər var ki, onlar bütün istirahəti məhv edir. Emosiya kütləsi. Mən adamların niyə belə etdiyinin səbəbini tapmışam. Fizikada bir Arximed qanunu var və həmin qanunun kəşfi də maraqlıdır. Arximed içi dolu olan vannaya oturur və vannadan öz çəkisi qədər su çölə tökülür, məclisdə özünü apara bilməyən insanlar da buna bənzəyir. Bu insanlar öz içində mədələrinə nə qədər spirt tökülürsə, adekvat olaraq o qədər də emosiya kütləsini, mənfi enerjini çölə axıdırlar.

- Şair, amma yaxşı yeyib-içən yazarların adların çəkmək olar...

- Seyfəddin, Tural, Mirmehdi, Cəlil, Şəhriyar, Elvin... siyahını uzatmaq olar. Məsələn, abimiz Səlim içkini tərgitsə də, onunla da oturmaq çox böyük zövqdür. Bəzən eşidirəm ki, illərlə yeyib-içdiyim adamların hansısa biri məclisdə dava salıb. Təəccüblənirəm ki, mən həmin adamlarla illərlə oturmuşam, belə şey olmayıb. Görünür Arximed qanununu da məclisə uyğun özünü göstərir. (gülür)

- Kiminlə oturub yeyib-içməkdən ötrü darıxmısan?

- Zərdüştdən ötrü çox darıxmışam, onu tez-tez xatırlayıram. Hətta bəzən tamam lazımsız yerlərdə. Yol gedəndə, gecənin bir vaxtı Zərdüşt yadıma düşür. Yeganə darıxdığım adam Zərdüştdür. Onunla mənim dalğam, bütün söhbətlərim yüzdə yüz üst-üstə düşürdü. İnanmıram ki, kiminləsə söhbətim bu qədər üst-üstə düşə. Zərdüşt özəl idi...

- Qismət, sən və mən subay olanda məclisdən sonra səni evə mən aparırdım. Bu o demək deyil ki, sən içkili olurdun və evə gedə bilmirdin. Sadəcə mən içməməyimin bədəlini belə ödəyirdim. Evinizə az qalmış “Şam Bağı” kafesinin yanından keçəndə sən həmişə orda Zərdüştdən danışırdın. Zərdüştsüz o kafeyə gedirsən?

- Çoxdandı getmirəm. Birincisi artıq Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yaşamıram. Həm də ora Zərdüştsüz getmək də çətindir. Amma o kafeyə dostlarla gedib Zərdüştü xatırlamaq mümkündür. Orda çox gözəl məclislər, söhbətlər olub.

- “Şam Bağı”ndan başqa sənə nəyisə xatırladan kafe var?

- Çox. Bura həm qlamur və həm də adi, zirzəmi kafelər aiddir. Dostumuz Jalə İsmayılın bir kafesi var idi. O kafe mənə çox doğmadı. İlahə xanımla da orda tanış olmuşam. Sonra Şirzadın kafesi deyilən yer var idi. Orda dostlarla bir-birimizə şeir oxumuşuq, çox ad günü qeyd etmişik və həmin kafedə çox xatirələr yatır. İstanbulda Cemal Sürəya küçəsində, Balık pasajında dostlarla gözəl günlər olub.

- Qismət, darıxanda İstanbula gedirsən. Zərdüştü itirəndə də ora getdin. Səni İstanbula bağlayan nədir?

- Gürcüstanda, Rusiyada, Türkiyədə olmuşam. Uşaq vaxtı Sovet dövrünün məşhur istirahət zonalarında - Kislovodski, Yesentukidə olmuşam. Amma ürəyimin yatdığı yer İstanbuldur. İstanbul açıq desək, istirahət mərkəzi deyil. İstanbulu Bakıyla müqayisə etsək, ora çirkli şəhər də demək də mümkündür. Amma bununla bərabər oranı sevirəm. Mən rayonlarda istirahət eləməyi sevmirəm. Rayonlarda olan istirahət yerlərində bir həftədən artıq qala bilmirəm. Şəhər üçün çox darıxıram. Urbanistik estetika mənim üçün çox doğmadır. Yaşıllıq filan urbanistika ilə həmahəng olanda mənə daha çox əziz olur. İstanbulu bəlkə də bu cəhətinə görə sevirəm.

- İlahə xanım sənin hansısa şerinə irad tutub?

- İlahə xanım mənim heç bir yazıma irad tutmur. Bu iş mənim peşəkar məşğul olduğum sahədir. İlahə jurnalistdir, reklam sahəsində işləyir. Biz bir-birimizin sahələrinə qarışmırıq. Məsləhətləşmək səviyyəsində nəsə ola bilər.

- Xanıma evdə kömək edirsən?

- İlahə xanım: Qismətin kömək etməməsi mənim üçün daha rahatdır. Bu bacarmır demək anlamına gəlmir, sadəcə özümdə diskomfort hesab edirəm.

Qismət: Bazarlığı özüm edirəm. Deyim ki, israfçı adamam. Evə bir şey lazımdırsa, mən ondan həddən artıq alıram. İsrafçı adam olduğuma görə bu işlərdə İlahə xanım məni tənzimləyir.

- İlahə xanım, şair bazarlığı yarıdır?

- Yarıdır. Amma evin xəsisi mən olduğuma görə, Qismətə yardım edirəm. Evə xeyli şey lazım olanda isə bazarlığa bir yerdə gedirik. Qismət zövqlü olduğuna görə mağazada bir şeyin qarşısında saatlarla dayanıb, alacağı şeyin ən zövqlüsünü seçir.

- Şair, ovla aran necədi?

- Vaxtilə ovla aram çox yaxşı olub. Xeyli vaxtdır getmirəm. IX sinifdən III kursa qədər dayımla mütəmadi ova gedirdim. Balıq, kəklik, dovşan ovuna... Balıq ovu adamı çox rahatlaşdıran, beyni sıfır nöqtəsinə gətirən çox gözəl məşğuliyyətdir. Silahla ovun da başqa estetikası var. Ov insana qəribə bir inam yükləyir. Xeyli vaxtdır ova getmirəm. Fikirləşirəm ki, ovun iştirakçısı olmaqdansa, onun yeyilməsi məclisində iştirak etmək daha yaxşıdır. (gülür)

- Səni peşman edən ov olub?

- IX sinfində oxuyurdum. İsti yay günlərindən birində bağda tir tüfəngiylə nəsə vururdum. Daha doğrusu müxtəlif əşyalara, məsələn qutulara filan atırdım. Bir dəfə bilmədən qaranquşa güllə atdım. Çünki o yaşımda bilmirdim ki, o quş qaranquşdu. Şükür ki, ölmədi. Amma qanadından yaralandı. Onu bir neçə müddətə sağaltdım. Amma həmin yay tətili mənim üçün çox ağır oldu. Şamaxıda bir ovçu mənə maraqlı əhvalat danışdı. Həmin quşun adı yadımdan çıxıb. Amma deyəsən flaminqo idi. Demək bu ovçular bir dişi flaminqo vurub. Sonra həmin quşun erkəyi o hadisəni görüb və özünü qayalığa çırparaq intihar edib. Açığını desəm məni elə o hadisə ovdan uzaqlaşdırdı. Bu çox dramatik hadisədir.

- Qismət, sənin babaların prokuror olub. Bildiyim qədərilə sən prokurorların iştirakı ilə xeyli məclisdə olmusan. Prokurorlarla olan məclislər maraqlı idi, ya yazıçılarla?

- Mənim hər iki babam 30 ilə qədər müxtəlif rayonların prokuroru olub. O məclisləri mən dumanlı xatırlayıram. Mənim yadımda və video kasetlərdə qalan məclislərdən görünür ki, o məclislərin estetikası fərqli olub. Həmin məclislərin fərqi ondadır ki, onlar çox sanballı idi. Bu onların nüfuzu ilə bağlı deyil. Ordakı söhbətlər və zarafatlar daha səmimi idi, nəinki indi. Bilmirəm ki, bəlkə biz keçmiş haqqında başqa cür düşünürük deyə belə qənaətə gəlirik. Babalarım rəhmətə gedəndən sonra insanlar ən müxtəlif yerlərdə onların humanistliyi, xeyirxah işləri haqqında yaxşı sözlər deməyi özlərinə borc bilirlər. Fikirləşirəm ki, babalarımın öldüyü vaxtdan xeyli müddət, etdikləri xeyirxahlıqlarından yarım əsr ötsə belə, onları tanıyan adamlar bunu unutmursa, demək o insanlar kifayət qədər böyük işlər görüb. Düzü bütün bunlar mənə nəsə möcüzəli, bu dünyaya aid olmayan şeylər kimi görünür.

- Tələbəlik illərindən yadında qalan ən maraqlı hadisə hansı olub?

- İkinci kursda oxuyanda universitetin Tələbə Gənclər təşkilatının sədri idim. Maraqlı bir truppamız var idi. Özümüzün yazdığımız kiçik səhnəcikləri oynayırdıq. Bizim yaratdığımız teatrda kitab təqdimatları, KVN və digər tədbirlər keçirirdik. 8 mart Beynəlxalq Qadınlar günüdə 450 nəfərlik zalda tədbir keçirdik və o tədbirə bir nəfər də olsun kişi buraxmadıq, özümüz də qadın paltarında səhnəciklər göstərdik. O tədbir universitet daxilində xeyli rezonans doğurdu. Təhsil aldığım Odlar Yurdu Universitetinin jurnalistika fakültəsinin ilk tələbələri biz idik. Birinci kursun birinci ayında universitet daxilində 500 tirajı olan bir qəzet açdıq. Biz oxuyan vaxtda dərsə davamiyyətin limiti var idi və həmin limiti keçəndən sonra qanunla müəyyən olunmuş qaydada pul verirdin. Mən birinci nömrədə “qayıb” adlı o sistemi tənqid eləyən bir yazı yazdım və bu da narazılıqla qarşılandı. Maraqlısı bu idi ki, məndən çox da qayıbı olan yox idi. Bu yazıya görə rektor bizim qrupun tələbələrini yığıb yazını kimin yazdığını soruşdu və mən yazının müəllifi olduğumu dedim. Rektor dedi ki, bu məsələ daxildə həll olsa yaxşıdır. Rektora dedim ki, müəllimlərimiz bizə deyib jurnalist sözünü birbaşa deməlidir. Bununla da məsələ həll oldu. Həmin qəzeti universiteti bitənə qədər çap elədik. Sonra tələbəlik vaxtı bir qızı sevirdim, səhnədən o qıza eşq elan etmişəm.

- Sən əvvəl Azərbaycan Yazıçılar Birliyinin üzvü idin. Yəqin o heyətlə səfərlərdə olmusan. Anar müəllim başda olmaqla onların məclisləri necə keçirdi?

- Anar müəllimin xeyli yaşı olmağına baxmayaraq, məclisdə diri yumor hissi olan, çox rahat adamdır. Onunla iki-üç məclisdə olmuşam. Anar müəllim yeyib-içməkdə məclisin ahəngindən geri qalmayan adamdır. Rəşad Məcid də məclis estetikasını, məclisin axarını bilən adamdır.

- Qismət tələbələrinin səviyyəsi səni qane edir?

- Çox az. Mən jurnalistika fakültəsində dərs deyirdim. Tələbələrimdən bəziləri qəzet və televiziyalarda işləyir. Orada jurnalist olmaq istəyən çox azdır. Tələbələrimi bəzən danlayıram ki, niyə aktiv deyilsiz, niyə zəif oxuyursuz. Bəziləri mənə təklikdə deyir ki, ay müəllim, mən jurnalist olmaq istəmirəm. Bəlkə elə normalı budur. Yəni bir auditoriyada 40 tələbə varsa və onların 40-nın da jurnalist və ya yaxşı yazıçı olmağının özü də normal deyil.

- “Facebook”la aran necədir?

- Facebook maraqlı yerdir. Bir dəfə tanımadığım adam mənə yazdı ki, bəy, sən yaxşı bilərsən, şəhərdə harda “arendaya” çay verilir? Dedim ay qardaş mənim səhifəmə bax da mən “arendatıra” oxşayıram? (gülür)

- Sənin toyun da standart toy oldu. Ümumiyyətlə toylarla aran necədi?

- Bizim toylar çox səsli-küylüdür. Səsin-küyün içində insanlar normal söhbət edə bilmir. Bu təbii ki, normal format deyil. Mən özüm də evlilik ərəfəsində radikal nəsə etməyi düşünmədim. Fikrimcə, toyu dar çərçivədə etmək lazımdır. Bir də fərqli toy edənlər var. Dəniz qırağında-filan. Nə bilim, bəlkə də hamısı normaldır, istəkdir də. Bir də toyun diskinə baxmaq prosesi var. Bu günə qədər öz toyum daxil olmaqla, heç bir toyun diskinə baxmamışam. Toy diskinə baxan adamlar qəribə təbəqədir. (gülür)

- Zəlimxan Yaqubla olan məclislər necə keçir?

- Zəlimxan müəllim odlu-alovlu çıxış edən, maraqlı adamdır. O, adama müsbət enerji verir. Zəlimxan müəllimlə olan məclisin estetikası özünəməxsusdur. Bizim cəmiyyətdə Zəlimxan müəllim kimi adama enerji verən adam çox azdır. Aqil Abbas da enerjili adamdır. Aqil müəllimin də məclisləri maraqlı olur. O, məclislərdə biz anadan olmayan vaxtlarda hər hansı bir şairdən söz salır, tarix kimi çox maraqlıdır.

- İlahə xanım, şair çox mütaliə edir. Bu sizi yormur?

- Xeyr. Mənim üçün rahatdır. Qismət mənə heç vaxt mane olmur.

- Qismət bəzən məclislərdən evə gec gedir. Bəs bu sizi çox əsəbiləşdirir?

- Düzün deyim bəzən mız-mızlanıram. Hər qadının xasiyyətində belə şeylər var. Amma özümü hamı kimi hesab etmirəm. Onun kim olduğunu çox yaxşı başa düşürəm.

# 9285 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #