Rejissorlarımız qonorarı necə alır? SORĞU

Rejissorlarımız qonorarı necə alır?  SORĞU
9 iyun 2014
# 14:00

Teatrda rejissorların zəhməti necə və hansı şərtlərlə qiymətləndirilir? Bu şərtlər tamaşaların keyfiyyətinə təsir edirmi? Bunlar bizi maraqlandıran suallardır. Aşağıdakı sualı isə bizimlə müsahibəsində Akademik Milli Dram Teatrının aktyoru Abbas Qəhrəmanov səsləndirdi:

“Rejissorlarda guya vəziyyət necədir ki? Üç aya da hazırlasa, on aya da hazırlasa bir tamaşaya 2 min manat qonorar verirlər. O da görür vəziyyət pisdi, 2 aya hazırlayır, gedir. İki aya hazırlanan tamaşanın keyfiyyəti nə olacaq?”.

Sözügedən qaranlıq məqamları işıqlandırmaq üçün Kulis.az teatr rejissorlarına bu sualla müraciət etdi:

Tamaşa hazırlamaq üçün verilən qonorar sizi qane edirmi? Məşqin müddətinin tamaşanın keyfiyyətinə, rejissorun maddi durumuna nə qədər təsiri var?

Mikayıl Mikayılov: «Özüm işləmişəm və görmüşəm. Dünya teatr prosesində bir aya tamaşa qurmaq normal haldır. 2-3 ay tamaşa qurmaq üçün maksimum zaman sayılır. Yəni, Avropanın ən məşhur teatrlarında vaxt məhdudiyyəti vacibdi... Orda heç bir teatr razı olmaz ki, sən 2-3 aydan artıq tamaşa qurasan... Azərbaycanda isə vəziyyət tam başqadır. Məşqlər uzanır... Hər gün məşq eləmək imkanı olmur... Rusiyada mən 3 həftəyə tamaşa hazırladım. Məşqlər səhər-axşam olurdu. Dekorasiya və kostyumları vaxtında təhvil verdilər... Bizim teatrlarda bu cür sürətli rejimdə işləmək mümkün deyil. O tamaşanı ki bir aya bitirmək olar, Azərbaycanda 7-8 aya qədər uzanır. Məşqlər hər gün olmur, böyük pauzalar olur. Bu isə, lap bir il məşq elə, tamaşaya mənfi təsir edir. Çünki, yaradıcılıq prosesi qırılmamalıdır. Həm də maddi baxımdan korluq yaranır. Vaxt uzanır, amma pulun həcmi dəyişmir. Düzdür, əvvəlcədən razılaşsaq da qaneedici məbləğ deyil. Məbləğ teatrın vəziyyətini də nəzərə alaraq, təxminən 1500 - 4000 manat arasında dəyişir...»

Namiq Ağayev: “Teatrın daxili imkanları hesabına tamaşalar hazırlananda rejissorlarla müqavilələr hazırlanır və onlara qonorar ödənilir. Adətən belədə tamaşalara 3 ay limit qoyulur. Mən Akademik Teatrda iki tamaşa hazırlamışam. Üçüncünü də yarımçıq saxladıq. Rejissora, yaradıcılığa aid olmayan intriqalar oldu və biz də məşqi yarımçıq dayandırdıq. Əslində tamaşa tez hazırlansa yaxşıdır. 3 ay maksimum müddətdir. Qonorara gəlincə, vəziyyət ürəkaçan deyil. Bir ara xəbər yayıldı ki, bir tamaşaya 5 min, 10 min manat qonorar veriləcək. Amma məlum oldu ki, 2 min, 3 min ətrafındadır bu məbləğ. Dövlət sifarişi də eləcə. Amma xarici rejissorlara daha böyük məbləğlər verirlər - əslində elə onlara verilən 8-10 min də böyük məbləğ deyil. Sadəcə bizə baxanda yaxşıdır. Şəxsən mənimçün tamaşaya görə ödənilən məbləğ qaneedici deyil. Mən müqaviləyə razılıq verəndə də deyirəm ki, verdiyiniz məbləğə görə gəlmirəm, teatrı sevdiyim üçün gəlirəm. Evdə qalıb paslanmamaq üçün gəlirəm...”

Gümrah Ömər: “Biz gec-tez bu münasibətlərə alışmalıyıq. Zəhmət haqqı işin keyfiyyətinin aşağı və ya yuxarı olmasına dəlalət etmir. Söhbət insanın özündən, peşəkarlığından, vicdanından gedir. Sadəcə bizdə maliyyə münasibətləri kifayət qədər normallaşmayıb. İnsanlar çox zəhmət çəkib kifayət qədər əməkhaqqı almırlar. Bu məsələlər zamanla qaydasına düşməlidir. Qonorar əlbəttə, biabırçı məbləğdir. Qətiyyən qane etmir.

Bəhram Osmanov: “Bütün hallarda müqavilə ilə gəlib tamaşa hazırladıqda da, dövlət sifarişi ilə tamaşa hazırlananda da vaxt limiti təyin olunur. Dünyada təxminən bu müddət 45-65 gündür. Qonorar məbləği isə teatrın imkanlarına görə müəyyən olunur. Bu məbləğdən narazı olanlar razılaşıb sonra şikayətlənənlərdir. Bu əmək müqaviləsi könüllü bağlanır və yalnız rejissorlarla deyil, bəstəkarla da, baletmeysterlə də, rəssamla da bağlanır. Çoxu bu məsələləri, tənzimləmələri bilmir. Mən də iki sözlə izah edə bilmərəm. Telefon söhbəti deyil, uzun söhbətdir”.

Nicat Kazımov: “Mən öz teatrımızda - Gənc Tamaşaçılar Teatrında tamaşa hazırlayanda maaş alıram aylıq, ona görə də qonorar almıram. Yox əgər başqa teatrdan dəvət edirlərsə də, iki-üç aylıq gedib tamaşa hazırlayıram və yenə də elə burdakı maaşım qədər pul hesablanır. Amma xaricdən gələn rejissorlara qonorar normal verilir. O ki qaldı, tamaşanın hazırlanma müddətinə, üç ay yetərlidir. Həm də istər 3 ay olsun, istər 6 ay, keyfiyyət qoyulan enerjidən asılıdır. Məncə, keyfiyyət üçün zamanın elə də önəmli yoxdur.

Rövşən Almuradlı: “Bu qonorar sistemi barədə dəqiq heç nə deyə bilmərəm. Bu maliyyə məsələləri şəffaf deyil deyə mən heç nə bilmirəm. Məşq üçün vaxt limitini rejissor özü müəyyən edir və bu vaxt tamaşadan tamaşaya dəyişir. Fəlsəfi psixoloji qatları olan əsərləri hazırlamaq daha uzun vaxta başa gəlir. Amma orta hesabla bir tamaşanın hazırlanma müddəti 50-100 məşq günü arasındadır. Bu məşq günü intensivlikdən asılı olaraq, teatrın planlarına görə üç aya, beş aya, on aya da ola bilər. Rejissorlar əsasən məşq günü tələb edirlər.

Tamaşa oynanılanda rejissora hər oynanılan tamaşadan cəmi iki faiz verilir. Amma tamaşanı təşkil edənlər otuz faizi götürür. Bu da absurd məqamlardandır.”

# 2398 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #