Qızın gəlinə çevrilməsində iştirak edənlər

Qızın gəlinə çevrilməsində iştirak edənlər
21 may 2014
# 12:27

Kulis.az fəlsəfə elmləri doktoru Həsən Quliyevin “Arxetipik azəri: mentalitetin simaları” kitabından bir hissəni təqdim edir.

QADIN

Paternalist həyat tərzinə baxmayaraq ənənəvi azərbaycanlı ailəsində spesifik mental missiyanı həyata keçirirlər. İnamla söyləmək olar ki, azərbaycanlıların ailə kosmosu daha çox arxaik matriarxatın qalıqlarına söykənir. Qadının ailənin təşkilində və ənənənin qorunub saxlanılmasında rolunun xüsusiyyətini dərk etmək üçün qızın dünyaya gəlməsindən tutmuş onun ev xanımına, anaya çevrilməsinə qədər «qadın kultu»nun təşəkkülünün mühüm mərhələlərini izləmək lazımdır. Ənənəvi ailədə qız «gəlin» qismində dünyaya gəlir və onun bütün həyatı bu vəzifəni mərhə­lə-mərhələ həyata keçirməklə bağlıdır. Onun demək olar ki, uşaqlığı, şəxsi həyat modeli, azad məhəbbət seçimi yoxdur. O, yeni yararlı ailənin «təməlini qoymaq» üçün dünyaya gəlir.

Ənənəvi mədəniyyətlərin xüsusiyyətlərini tədqiq edən alim­lər belə bir nəticəyə gəlmişlər ki, bu cür cəmiyyətlərdə ailə uşaq­lığın «qısaldılması»nın xüsusi üsullarını həyata keçirir: uşaqlar çox tez bir zamanda yaşa dolurlar. Mahiyyət etibarilə onlar yaşlı doğulurlar və birbaşa kişilərə və qadınlara xas olan həyat tərzini mənimsə­mə­yə başlayırlar. Onlar lap kiçik yaşlarından hər şeydə yaşlıları təqlid etməyə çalışırlar və onların şüurunda uşaqlıq sü­rətlə və iz burax­madan keçib gedir – yaddaş uşaq azadlığının qey­ri-iradiliyini qeydə almağa imkan tapmır. Uşaqlıq onların məhkum olduqları ailə ənə­nə­si daxilində kişi və yaxud qadın «qis­mət»inin təcəssümünün dərk olunması rejimində uşaq idrakının oyanışı və formalaşması kimi keçir. Doğuluşdan oğul və qız yaşlılar tərə­findən «kişi qırığı» və «gəlin» kimi qəbul olunurlar. Aydındır ki, artıq 7–8 yaşların­dan qızlar tamhüquqlu qadın həya­tına qədəm qoyurlar. Bir sıra hallarda onlar beşikdə ikən nişanla­nırlar, əvəllər isə 9-10 yaşlarında ərə gedirdilər. Belə bir ənənə daxilində qızlar uşaqlığa – qeyri-iradi dəcəlliyə, sərbəst oyunlara və s. heç bir şansı olmadan dünyaya gəlirlər.

VİRTUAL UŞAQLIQ. Ənənəvi ailənin vəzifəsi nəslin da­vam etdirilməsi ilə bağlıdır və qız bu prosesin mühüm tərkib hissə­si­­dir. Lakin oğlan uşağının ailədə üstünlüyünü vurğulayan pater­na­lizm qızları «ikinci dərəcəli» həyata məhkum edir. Əgər qız uşağı oğlan dünyaya gəlməzdən əvvəl doğulursa, ailədə onun taleyi xü­su­silə ağır olur. Bu o deməkdir ki, taleyin (qismətin) xətti ilə qızın dün­yaya vaxtından əvvəl gəlməsi – ailənin ilk uşağı olma­sı arzuo­lun­mazdır. Əgər ailədə hələ oğlan uşağı yoxdursa, qızın doğulması mü­vəqqəti taktiki anlaşılmazlıq kimi qəbul olunur və bu vali­deyn­ləri son dərəcə məyus edir. Belə ki, qızın həyatı (onun uşaqlığı) bir çox cəhətdən ailədə oğlan uşağının – qardaşın olub-olma­masından ası­lıdır. Əgər ailədə oğlan peyda olmursa, onun vəziyyəti lap ağır­la­şır (belə hallarda ata yeni, əlavə niğahlara əl ata bilər). Evdə oğu­lun olmaması valideynlər üçün böyük dərddir. Bu­na görə qız ənə­nə­vi varislik estafetini «ikiqat» pozmaqla və ailədə narahatlıq ya­rat­maqla günah işlətdiyinə görə vicdan əzabı çəkir.

Oğlanlarla müqayisədə qızların bəxtinə ailə iyerarxiyasının aşağı (qeyri-elitar) pilləsində qərar tutmaq düşüb və onlar hələ uşaq yaşlarından böyük sosial həyatdan təcrid olunmağa öyrəşir­lər: ailənin qapalı kosmosu onların arzu və niyyətlərinin «böyük dünyası»na çevrilir. Hələ uşaq yaşlarından onlar «qadın taleyi»nin hikmətlərini – bütün yaşlıların, xüsusilə kişilərin (hətta azyaşlı qardaşlarının) demək olar ki, bütün məişət şıltaqlıqlarının qullu­ğun­­da durmaq hikmətlərini mənimsəyirlər. Ənənəyə görə, onun öz qisməti var: o başqa bir icmada ailə yaratmaq üçün dünyaya gəl­miş­dir və buna görə də lap uşaqlıqdan ona belə bir fikir aşıla­yırlar ki, «lazım olmadığına görə» çox tezliklə ailəsini tərk etməli olacaq. Uşaqlıqdan onu «yabançı missiyası» atmosferi əhatə edir: onun şüurunda mümkün qədər tez gəlin olmaq və «gərəksizlik sindro­mu»ndan xilas olmaq istəyi yaranır. O, doğma evində özünü lap əvvəldən «yad» hiss edir: ana südüylə dərk edir ki, «özünkü­lər» ondan səmərəli şəkildə xilas olmağa – onu perspektivli gəlin qis­min­də yetişdirib ona sərfəli ər tapmağa tələsirlər. Lakin «per­spek­­tivli gəlin» (praqmatik mal) tərbiyə etmək üçün bütün ailə məqsəd­yönlü tədbirlər həyata keçirir.

Anadan olan kimi qız uşağı hamının mənəvi nəzarətinə mə­ruz qalır. Hətta evin daxilində də onun həyat sahəsi məh­dudlaş­dırılır: qonaqların yanına getmək və kişilərin dincəldiyi otağa gir­mək məsləhət görülmür. Onun hər bir hərəkəti (dəcəlliyi, na­dincliyi, hər şeyə hədsiz maraq göstərməsi və s.) yaşlıların diqqət mərkəzində olur və əgər qadının mənəvi həyat tərzi ilə ziddiyyət təşkil edirsə, onun nalayiq hərəkəti dərhal təshih olunur. Lakin çox az hallarda belə tədbirlərə əl atılır, çünki qız uşağı utancaqlıq hissi ilə (vicdan əzabı sindromu) özü öz hərəkətlərinə nəzarət edir: el içində biabır olmaq təhlükəsi onu ənənəvi qohum-əqrə­banın hazırladığı «əxlaq qəfəsi»ndən kənara çıxmağa qoymur. Qızı daim nalayiq (qadına yaraşmayan) hərəkətinə görə utan­dıraraq ona son dərəcə qapalı əxlaq məcrasından kənara çıxmağa imkan vermirlər. Onun şüuru demək olar ki, hər bir qeyri-iradi uşaq sərbəstliyindən ötrü total utancaqlıq mənəvi kompleksi ilə forma­la­şır.

Bu cür tərbiyənin nəticəsində valideynlərlə qız uşağı arasında məxfi razılıq əldə olunur: mümkün qədər tez ərə getmək hamı üçün yaşamağın ən yaxşı formasıdır. Əgər bu və ya digər səbəbə görə qız səmərəli gəlin olmağa və ərə getməyə nail ol­mursa, o, mənfi enerjinin mənbəyinə dönür. Arxetipin «göstərişi» ilə uşaqlıq çağının tez bir zamanda «ərli həyat»a çevrilməsinin təsiri altında qız uşağının şüurunda uşaqlığın kolliziyaları demək olar ki, iz buraxmır: o daim gəlin olmağa hazırlaşır və yaddaşında yalnız bu prosesin epizodları qalır. Arxetipik baxımdan ailə də, qız da bu prosesin sürətlənməsinə proqramlanmışlar və ailənin mental key­fiy­yəti qızdan mümkün qədər tez və uğurla «xilas olmaq»la müəy­yənləşir. Əgər bu proses uzanırsa və yaxud qız «həmişəlik» heç kimə gərək olmursa, ailə nüfuzunu itirir.

Qız çox tez başa düşür ki, uşaqlığı nə qədər çox uzansa və nə qədər gec gəlinə çevrilsə, bir o qədər özü üçün də, ailəsi üçün də pis olacaq. Ənənəvi ailənin mühiti gəlinin arxetipik təcrübəsinin tezliklə mənimsənilməsini stimullaşdırır. Uşaqlıqdan yan keçərək qızın şüuru tez bir zamanda ərə getməyə köklənir və onun arzuları gələcək ailə həyatı ilə bağlı olur. Onda lap uşaqlıqdan ərə getmək və uşaq doğmaq istəyi yetişir. Onun üçün gəlin statusu arzu olunan azadlıq (həyat tərzi) əldə etmək deməkdir. Ailə ənənəsinin özü buna zəmanət verir.

GƏLİN. Dünyaya gələn andan ailə kosmosunun əhəmiy­yə­­­tini və onun ailədə rolunu dərk etməli olan qız uşağı sayıq mənəvi nəzarət altına düşür. Bütün yaşlılar fəal şəkildə qızın gəlinə (qadına) çevrilməsi prosesində iştirak edirlər. Bununla yanaşı bu tərbiyə həyatın hər hansı seksual (məhəbbət) təcrübəsini nəzərdə tutmur. Qıza daim sadə əxlaqi dəyərlər aşılayırlar: sən uşaq deyilsən, heç oğlan da deyilsən, sən gəlinsən, buna görə də özünü qadın kimi aparmalısan. Tərbiyə uyğun «nigah» söz üsulları ilə möhkəmləndirilir (qız uşağı daha tez gəlin, xanım kimi təqdim olunur). Hətta indi də qızı anadan olan gündən «avans qismində» gələcək gəlin kimi kimə isə verirlər: valideynlər öncədən səmə­rəli şəkildə qızdan «canlarını qurtarırlar», gələcək nişanlı oğlanın ailəsi isə qıza göz qoyur və fəal şəkildə artıq «öz» gəlini kimi onun davranı­şına nəzarətə qoşulur.

Gəlinin yaddaşında uşaqlıqdan demək olar ki, heç bir şey qalmır: onun şüuru yalnız gəlinə çevrilməyin fazalarını qeydə alır. Ailənin mənəvi mühiti gəlinə yalnız vaxtında ərə gedib özünün yararlı ailəsini yaradanda müsbıt şərait yaradır. Buna görə də gəlinin (qızın) azadlığını əldə etməsi iki qarşılıqlı şəkildə bir-birilə bağlı ssenari əsasında – valideyn evinin daxilndə və öz evinin sahibə­sinin arzu olunan statusu ilə baş verir. Valideyn evində o özünün «ikinci növlüyünü» tez ərə getməklə dəf edir, «öz ailə­si»ndə isə başqa ailə ənənəsində evinin sahibəsi olmaq hüququnu müdafiə edir. Gəlin üçün valideynlərin yanında ilişib qalmaq və «öz» ailəsini qura bilməmək eyni dərəcədə təhlükəlidir: hər iki halda o, ömürlük «ikinci növ» qalmaq riski ilə üzləşir.

Gəlin qadın missiyasının praqmatik məqsədəmüvafiqliyini - ərə getməyi, uşaq doğmağı, ailənin sahibəsi rolunda təsdiq olun­mağı çox tez dərk edir. Qız ikən onun öz həyatı yox idi, lakin gəlin kimi ailə məkanında kifayət qədər yüksək azadlıq, nüfuz qazanmaq, mühüm məsələlərin həllində əsas iştirakçılardan biri olmaq şansı əldə edir. Bəlkə məhz buna görə gəlində öz valideyn­lərinə məhəbbət hissi daha güclü şəkildə özünü büruzə verir. O, ərə getmək haqqında daha çox düşünərək valideyn­lərin­dən çox tez ayrılır: onun öz ata-anasına məhəbbəti gerçəkləşməmiş qalır. Lakin ana olandan sonra o, sözün əsl mənasında öz valideynlərini sevməyə başlayır, çünki öz şəxsi təcrübəsindən qadın taleyinin ağırlığını dərk edir. Bu vaxta qədər qızlarından tez bir müddətdə «yaxa qurtarmaq» haqqında fikirləşən valideynlərin özləri də yalnız ərə gedəndən sonra ona sözün tam mənasında məhəb­bətlərini büruzə verirlər.

ANA. Gəlin yalnız doğma evini tərk edib oğlangilə kö­çəndən sonra ailə iyerarxiyasında mötəbər yer tutmaq imkanı əldə edir: artıq o, evin xanımı və anadır –evin sahibəsidir. Ailəsnin təşəkkülü ilə (uşaqların doğulması ilə) ənənənin imkan verdiyi azadliğın əldə olunması üçün şərait yaranır. O atıq ikinci növ adam yox, ailədə aparıcı simadır. Bəlkə məhz buna görə də qızlar müm­kün qədər tez ərə getməyə can atırlar. Bu baxımdan onun özünün ərini və ailəsini seçə bilməməyi böyük əhəmiyyət kəsb etmir. Onun taleyini özünün və gələcək ərinin valideynləri həll edirlər, lakin ailəsini onun özü qurur. Buna görə də qızlar gəlin olmaq, valideynlərindən kənarda yaşamaq imkanına qarşı demək olar ki, heç vaxt müqavimət göstərmirlər: nikah müəyyən istəklərin həyata keçirilməsinə imkan verir.

Ənənəvi azərbaycanlı ailəsində qadın (ana) olmaq eyni dərə­cədə həm ağır və yüngül, həm də şərəfli və alçaldıcıdır. Çox şey qadın həyatının dəyər aspektlərinə hansı görmə bucağından yanaşmaqdan asılıdır. Qadınlar ailə sevinclərinin dolğunluğundan, gündəlik qayğıların sıxıntısından vəcdə gəlib zar-zar ağlayırlar. Onlar ağır və ədalətsiz qismətlərinə görə öz talelərinə lənət yağdı­rı­rlar və eyni zamanda ailə missiyasının gerçəkləşməsinin ləzzətini dadmağa, çoxlu uşaq doğmağa, nəvələri tərbiyə etməyə imkan verdiyi üçün Tanrıya minnətdarlıqlarını bildirirlər.

Qadınlar qayğılardan yorulur və ailə həyatının çətinlik­lərin­dən təngə gəlirlər. Lakin onlar qayğıların olmamağından yaxud iş­sizlik­dən – özlərinin ailədə lazımsızlıqlarından daha çox əzab çəkir­lər. Bəzən onlar açıq şəkildə taleyə qarşı üsyan qaldırırlar, lakin başqa həyat tərzinin azad seçimi mövcud olanda belə ailə hə­ya­tının xoşbəxtliyinə üsünlük verirlər. Ailədə onlar kifayət qədər tez-tez çətinliklərlə üzləşirlər, bəzən hətta həyat dözülməz olur, am­­ma ailədən kənar həyat onlar üçün daha dözülməzdir. Azər­bay­can­­lılar (həm kişilər, həm də qadınlar) üçün ailədən kənar (uşaq­sız) varlığın imkanı haqqında fikrin özü qeyri-mümkündür: ənənə bu cür adamları özünkülərin əmin-amanlığına yönəlməmiş boş hə­yat qarğışı ilə damğalayır.

Qadın öz uşaqlarına (xüsusilə qızına) yaxud anasına ailə həyatının sıxıntılarından uzun-uzadı danışa bilər. Ailə missiyasının kölgə tərəfini nəzərdən qaçırmaq yəqin ki, ədalətsizlik olardı. Qadına ona görə çətindir ki, o, «ailə çəriçəsi qismində» ailədaxili həyat üçün demək olar ki, bütün məsuliyyəti təkbaşına daşıyır. Ailə qayğılarının da böyük hissəsi onun çiyinlərinə düşür. Onun bütün həyatı ailə məkanı ilə məhdudlaşmışdır və o, böyük dün­ya­ya yalnız evinin pəncərəsindən baxa bilir. Kişilərin ailədənkənar həyatının bir çox ləzzətli cəhətləri, onların sevgi macəraları qadına tanış deyil: ailənin nüfuzunun qayğısına qalaraq o bütün bunlara ciddi yasaq qoyur. Qadın ailəyə elə pərçimlənmişdir ki, başqa həyat imkanından məhrumdur. Ənənə boşanma hallarını təşviq etmir, lakin bununla belə kişi yeni ailə qura bilər və ikinci (üçüncü) dəfə evlənmək ixtiyarına malikdir. Lakin qadın boşan­maq və yeni­dən ərə getmək hüququndan məhrumdur, çünki oğlan uşaqlarının yalnız bir atası ola bilər (istisnalar çox nadir hallarda olur). Ər nə qədər dözülməz və dəhşətli olsa da, qadın onunla birgə əbədi həyata məhkumdur. Hətta əri öləndən sonra da qadın yeni ailə qurmaq üçün seçim azadlığına malik deyil. Paternalist ənənə ona yeni ailə qurmağı qadağan edir: oğlanları (ata nəslinin davamçıları) ona ikinci dəfə ərə getməyə icazə verməzlər. Qadın öz problemləri və iztirabları, heç kimə gərək olmayan hissləri dul qadın həyatının dumanlı perspektivləri ilə baş-başa qalır. Bəzi hallarda ənənə cavan dul qadına rəhmətə getmiş ərinin yaxın qohumlarından biri­nə ərə getməyə icazə verir. Beləliklə arvad əri­ni itirməsə yaxşıdır. Buna görə də o, ərinin nüfuzuna xələl gətir­məməyə, uşaqlarında atalarına hörmət hissi aşılamağa çalışır: əgər hətta əri layiq olmasa belə, onun kultunu hər tövrlə qoruyur. Özünün ailə kosmosunun daxi­lində azadlığını qoruyub saxlamaq üçün ərinə hörmət ilk növ­bə­də onun özünə lazımdır: o, valideyn­lərinin evində «dustaq olma­sı­nı və gərəksizliyini» xatırlayır, buna görə də belə bir keçmişə qa­yıt­­mağa can atmır.

Ənənəvi ailədə kişinin nüfuzu onun həyat tərzinin evdən kənarda keçməsinə əsaslanan (o, evdə oturub qalmamalıdır): bu­nun­la da o, ailə həyatına fəal şəkildə cəlb olunmur. Ailə qadının hökmranlıq etdiyi aləmdir: burada o, arzusunda olduğu azadlığı əl­də edir və iyerarxiyanın zirvəsinə qalxır. Ər evdə olmayanda evi o ida­rə edir, qocalar və uşaqlar üçün nüfuz sahibinə çevrilir. Ailə hə­yatı daxilində qadın bu ənənənin üstünlüklərini başa düşür və bu­na görə də taledən şikayətlənmək günah olardı. Əgər o əbədi ola­raq valideynlərigildə qalsaydı, daha pis olardı, çünki bütün hə­ya­­tı boyu ikinci dərəcəli adam qalardı. Yalnız ana olmaqla qadın nü­fuz sahibi olmaq və həyatın gedişinə təsir etmək imkanı əldə edir.

Qadının həyatında heç də hər şey qəm-kədərdən ibarət de­yil. Çox güman ki, o özünün qadın taleyindən (qismətindən) kifa­yət qədər razıdır. Axı qadın anadan olandan bu həyata ha­zırlaşırdı və azadlıq və xoşbəxtlik əldə etməyin başqa yolunu ağlına belə gətirmirdi. O virtual şəkildə sevdiyi ərinin xanımı və real uşaqların anası olmaq üçün dünyaya gəlmişdir. Uzaq uşaqlıqda onun bir çox arzuları belə bir perspektivlə ailə məkanının hökm­ranı olmaq, tək­cə əri evdə olmayanda yox, bəzi məsələlərdə ər evdə olanda da ailə­daxili həyatın sahibəsi olmaqla bağlı idi. Nəsrəd­dinin aforizmini yada salaq: qadın ailəni və evi yola vermək, uşaq­lara baxmaq və onla­ra tərbiyə vermək, tayfalararası konfliktləri aradan qaldırmaq, qohum-əqrəba ilə əlaqə yaratmaq və s. bu kimi xırda məsələləri həll edir. Evin təməlini qurmaq daha çox arvadın (ananın) boynuna düşür və ərin, ailənin nəslin nüfuzu bir çox cəhətdən onun xarakte­rin­dən və niyyətlərindən asılıdır.

Qadınsız ailə həyatının harmoniyası və bununla da ənənənin ritminin qorunub saxlanılması qeyri-mümkündür. Ailə kosmosun­dan kənarda isə qadının həyatı təsəvvür edilə bilməz. Onun bütün həyatı ailə məkanında başlayır, davam edir və başa çatır: onun qisməti belədir. Bu qadının rolu haqqında yalançı təsəvvür yaradır: guya onun qisməti «qızıl qəfəsdə bülbülün həyatıdır», yalnız ər «bir parça çörək» əldə etmək üçün ailənin əmin-amanlığı üçün yorulmadan çalışır, arvad isə yalnız onu qarşılayır və yola salır. Qadının qapalı, «başqaları üçün qeyri-şəffaf» məhdud fəaliyyəti və missiyası sosial baxımdan daha az nəzərə çarpır. Halbuki o, səhərdən gecə yarısına kimi təkcə ailənin içində yox, evdən kə­narda da çalışır: bütün həyətyanı təsərrüfat (bağ, bostan, mal-qara və s.) onun çiyinlərindədir. Hətta sovet kəndlərində (formal baxımdan bərabərlik şəraitində) real fiziki işi əsasən qadınlar gö­rür­dülər: onlar pambıq, üzüm, tütün, çay becərir və yığır, kişilər isə rəhbərlik edirdilər (müşavirələrdə iştirak edir, ezamiyyətlərə gedirdilər).

Bir qayda olaraq tipik qadın obrazı ilə ailə (yurd, kənd) ara­sın­da assosiasiya yaranır və bu mənada qadın qismətinin vektoru «oturaq» həyat mədəniyyətinin mənimsənilməsinə yönəlmişdir: daim gəzib-dolaşmaqda olan kişilərdən fərqli olaraq qadınların həyatı və işi ailədə və doğma kənddə keçir. Hamı üçün (ilk növbədə kişilər üçün) qadın qisməti ailənin, ənənənin, yurdun sabitliyini simvolizə edir. Tale tərəfindən ailəyə pərçimlənmiş qa­dın isə enerjisini ara vermədən ailə kosmosunun daxilinin (o cüm­lə­dən yurdun) yaxşılaşdırılmasına sərf etməyə məcbur idi: qadın yaradıcılığının belə bir yönümü sayəsində oturaq həyatın imkanla­rı­nın artmasında və şəhər mədəniyyəti nümunələrinin yaranma­sın­da böyük rol oynamış bir sıra «ev peşələri»nin yaranması mümkün ol­muş­dur.

QADIN SƏADƏTİ. Ailəyə və ənənəyə kölə kimi bağlı olan azərbaycanlı qadınlar ailənin əmin-amanlığı üçün daşıdıqları məsu­liy­yət yükündən çox tez-tez yorulub əldən düşürlər. Lakin onlar ailə həyatının yükündən şikayətlənib talelərini lənətləsələr belə, «ailə hərəmxanası»nın xoşbəxt kölələri qismində itaətlə öz missi­ya­larını yerinə yetirməkdə davam edirlər. İlk baxışdan adama elə gəlir ki, məhz hədsiz yorğunluq və ümidsiz məyusluq dövr­lərində onlar şəxsi azadlıq aləminə yol tapmağa cəhd etməyə cürət edə bilərlər. Lakin belə şeylər onların ailə həyatının «mənəvi boşluq­ları»nı doldurduqları həyata keçməsi qeyri-mümkün olan adi xəyallardan başqa bir şey deyildir.

Bakının mərkəzində poetik təxəyyülün romantik simvolu olan azadlığa çıxmış azərbaycanlı qadın obeliskini xatırlayaq. Ta­le­dın şikayət məqamlarında azərbaycanlı qadınlar bu cür poetik xə­yal­lara və romantik illüziyalara dala bilərlər. Lakin real həyat daim on­ları «cəhənnəm»ə – ailəyə itaətkar xidmətə qaytarır. Sər­bəst hə­yat yolunda səadətin dadmağın, qeyri-mümkünlüyünü dərk etdik­ləri üçün onlar belə bir həyata məhkumdurlar. Azərbaycanlı qa­dın üçün ailədən imtina azadlıq əldə etmək imkanı ilə assosia­si­ya­­ya girmir. Əksinə, belə bir addım divanəlik virusuna yoluxmaq təh­lü­kə­si ilə yaxud cəmiyyətdən kənarlaşdırılmaqla nəticələnə bi­lər ki, bu da xoşbəxt həyatı dadmaq şansının itirilməsi ehtimalını güc­lən­di­rir. Ailəsiz və ailədən kənarda qadın «bədbəxt» bir məx­lu­qa çev­rilər və ən yaxşı halda adamın ona yazığı gələ bilər (lakin bir qayda ola­raq belə qadınlar cəmiyyətdə ikrah hissi oyadırlar).

Ailə bütün azərbaycanlılar üçün kult əhəmiyyətinə malikdir, lakin kişi və qadın hərəsi «öz» köləlik paradiqmasına uyğun olaraq ona xidmət edir: ənənə onların hərəsi üçün xüsusi ailə missiyası nəzərdə tutmuşdur. Onlar müxtəlif şəkildə kölə vəzifəsini icra edir, cavabdehlik yükündən əzab çəkir, yorulur və s. Ailə missiya­sının kolliziyalarına arxetipik qadın paradiqmasının reaksiyası taledən kollektiv şəkildə şikayətdir. Bu və ya digər səbəblə bağlı icma məclislərinə yığışmış qadınlar mərasimin hansı isə bir mərhələsində qeyri-ixtiyarı olaraq yorulduqları üçün «zar-zar ağlamağ»a başlayır, ailə köləliyinin onlara bəxş etdiyinə görə taleyə «lənətlər yağdırırlar». Onların hər biri ayrı-ayrılıqda və hamı­sı bir yerdə sanki səmimiyyətlə və emosional baxımdan inan­dırıcı şəkildə taledən şikayətlənirlər. Onlar üçün belə bir məclis yorğun­luqdan dincəlməyə imkan verən mazoxizmin xüsusi bir nö­vün­dən başqa bir şey deyildir. Hamının demək olar ki, bir ağızdan ailəni, ənənəni, taleyi və s. lənətlədikləri bu kollektiv orgiyadan qadınlar xüsusi həzz alırlar: mental baxımdan bu onlar üçün məmnunluq formasıdır – mazoxizm insan qəlbinin ailə həya­tı­nın əyri-əksiyindən təmizlənməsinin vacib üsulu rolunu oynayır. Belə «təmizlənmə»dən sonra hərə öz ailə missiyasını əsl səadət mənbəyi kimi qəbul edir və bunu aydın şəkildə dərk edərək belə bir həyatı ona göndərdiyi üçün Tanrıya (qismətə) öz minnət­darlığını bildirir. Tipik azərbaycanlı qadın xoşbəxt həyatı yalnız ailə daxilində onun tələblərinə kölə kimi bütün varlığı ilə xidmət etməkdə görür: ailə həyatının «qapağı» (çadra) altında o özünü bir çox fəlakətlərdən sığortalanmış, müdafiə olunmuş kimi hiss edir. Şübhəsiz ki, qadın həqiqətən ailə qayğılarından son dərə­cə yorulur, lakin bəzən məhz yorğunluğun bolluğundan o tam xoşbəxtlik hiss edir. O, ailəyə nə qədər sadiqdirsə, bir o qədər onun əmin-amanlığına çalışır, bir o qədər yorulur və xoşbəxt tale­yə qovuşmaq şansı əldə edir.

Hər bir azərbaycanlı qadın öz ailəsini qurmaq və bütün həya­tını onun səliqə-sahmana salınmasına həsr etmək imkanından məhrum olduğu təqdirdə onu gözləyən total bədbəxtliyin arxetipik obrazını öz beynində canlandırır. Ənənənin köləsi qismində lazım olmamağı təhlükəsi “Domokl qılıncı” kimi qadın taleyi üzərində asılmışdır. Buna görə də hər bir qız özünü əbədi köləliyə məhkum etməsi haqqında fikirləşmədən mümkün qədər tez xoşbəxt gəlin olmaq istəyir. Dünyaya gələn kimi qız uşağına valideynləri tərə­fin­dən ərə getmək zəruriliyi hissi aşılanır: ailə köləliyi bir sıra narahatlıqlardan azad olmağın yeganə imkanı kimi təqdim olunur. Ailə köləliyinin toruna düşməmək onun üçün taleyin ən dəhşətli cəzası – bədbəxtliyin mənbəyidir.

Bəzən yorğunluq və ailə problemlərinin yükü qadınlarda talelərinin alçaldıcılığı hissi oyadır. Belə məqamlarda o, ağılsız qəra­ralara əl ata bilər. Lakin bir qayda olaraq böhran durumu çox nadir hallarda ağılsız hərəkətlə – divanəliklə nəticələnir. Onun yorğun­luqdan şikayətləri bir növ taleyə özümlü göz-qaş atmaqdır: əslində bununla o öz missiyasının önəmliliyini qabardır və hiylə­gər­cəsinə ona ailə köləliyini bəxş etdiyi üçün Tanrıya təşəkkürünü bildirir. Çünki sözün əsl mənasında yalnız o azərbaycanlı qadınlar xoşbəxtdirlər ki, ailə missiyasının yükünü daşıyırlar və əlbəttə ki, bərk yorulurlar. Lakin belə bir yorğunluq xoşbəxtlikdən təngə gəlməyin labüd məhsuludur. Azərbaycanlı ailə köləliyinin xoş­bəxt­liyində öz bədbəxtlik paradiq­ması vardır: hər bir azərbaycanlı qadın aydın şəkildə başa düşür ki, əsl və dəhşətli bədbəxtlik vax­tın­da ərə gedib ailə qura bilməyən, tez bir zamanda uşaq dünyaya gətirməyən, nənə olmayan qadınların bəxtinə düşür. Bədbəxtlik qorxusu qadınları ailə köləliyinin toruna doğru qovur (tələsdirir). Məhz buna görə də onlar uşaqlıqdan və şəxsi (azad) həyatdan məhrumdurlar: onlar gəlin qismində doğulur, tez bir zaman­da ana olurlar, ondan da tez nənəyə çevrilirlər... və yalnız bundan sonra onlara ailənin əmin-amanlığını təmin etmək üçün uzun ömür sürmək və xoşbəxt həyatın ətrini sinələrinə çəkmək xoşbəxtliyi nəsib olur. Uşaqlığın qısalığı sonralar qadının ana və nənə qismində həyatdan yüksək səviyyədə həzz alması ilə kompen­sa­si­ya olunur.

# 3350 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #