writer1

Ramil Əhməd

Məqalə sayı

9
clock15:16 calendar-gray 20 May 2014 view-gray1364 dəfə oxunub
view-gray1364 dəfə oxunub

Əbədi ər

“ – Amma siz çox dəyişmisiniz! Çox! Tamam başqa adam olmusunuz!

– Təəccüblü bir şey yoxdur, doqquz ildir...

– Yox, yox, məsələ ildə deyil, siz zahirən o qədər də dəyişməmisiniz, başqa cəhətdən dəyişmisiniz!

– Buna da səbəb yəqin doqquz ildir”.

Zaman bizi öz keçmişimizdən ayırır. Dünənimiz srağagün, bir həftə əvvəl, üç ay əvvəl, beş il əvvəl olur... Bəzi şeylər unudulub gedir, bəzilərini də unutduğunu sanırsan. Amma bir gün qapın döyülür, açıb görürsən ki, keçmişindi gəlib. Və hər şey bütün dəqiqliyi ilə yadına düşür.

Keçmiş xatirələr “Əbədi ər” romanının qəhrəmanı Velçaninovun şirin yuxusuna haram qatır. Bəzən elə olur ki, uzun illər öncə baş vermiş hadisələr dünən olubmuş kimi gəlib gözünün önündə durur. Yadına nələr düşmür ki?! Hadisələrin çoxu elə unudulmuşdu ki, Velçaninova indi onları xatırlaya bilməsi mözücə kimi gəlir. Bəs niyə bəzi xatirələr ona cinayət kimi görünür? Niyə xatirələrə mümkün qədər az inanmaq istəyir? Niyə gecələr ağlına gələn fikirlər səhərkilərdən bu qədər fərqlənir? Sual, sual, sual...

Yadına düşənlər hələ heç nəydi. Xatırlayacağı ən dəhşətli hadisə qabaqdaydı. Velçaninov küçədə bir cənabla rastlaşır. Onu bir vaxt hardasa gördüyünü xatırlayır, ancaq heç cür yadına sala bilmir. Bir neçə addımdan sonra ona elə gəlir ki, o, bayaqkı cənabı tamamilə unudub. Lakin bütün günü o adam səbəbsiz, xüsusi bir qəzəb şəklində yadında qaldı, hələ bu azmış kimi gecə yuxusuna da təşrif buyurdu. O, Velçaninova birtəhər baxırdı. Ən dəhşətlisi budur ki, o, bu adamın kim olduğunu heç cür xatırlaya bilmirdi. Bircə onu dəqiq bilirdi ki, bu cənab onun keçmiş bir sirrini bilir. Qapının zəng səsinə oyandı. Qapını açdı, gələn HEÇ KİM idi. Bu yuxuydu, yoxsa qarabasma? Qapının zənginə uzanan “naməlum” əl kimin idi? Sual, sual, sual...

Hər şey Velçaninovun yadına o vaxt düşdü ki, həmin şlyapası krepli cənab gecə saat üçdə oğru kimi evə girmək istəyəndə onlar burun-buruna gəldilər. Yalnız indi Velçaninov keçmişdən gələn qonağını tanıdı – Pavel Pavloviç Trusotski!

Onların “dostluqları” doqquz il əvvəl T. şəhərində başlamışdı. Bu iki “dostu” bir-birinə bağlayan Pavel Pavloviçin bu yaxınlarda vərəmdən ölən mərhum arvadı Natalya Vasilyevna idi. Hər şey onunla başlamışdı ki, Velçaninov arayış almaq üçün Pavel Pavloviçin yanına getmişdi. Həmin vaxt Velçaninov hətta qışqırmışdı da, amma Natalya Vasilyevnanı görəndən sonra nitqi qurumuşdu və düz bir illiyə onların evinin ən səmimi dostu (!) olmuşdu. O gündən Pavel Pavloviç aktyora çevrilmişdi. O, bir il ərzində özündən xəbərsiz ər rolunu oynamağa başlamışdı.

Bəs indi Pavel Pavloviç niyə gəlmişdi? Qisas almaq üçünmü? Bəlkə də, sadəcə, keçmişi xatırlamaqdan ötrü: “Bəzən elə dəqiqələr olur ki, məhz keçmiş tanışlardan, necə deyərlər, o hadisələrin şahidi və iştirakçılarından birini bağrına basmaq istəyirsən, təkcə ona görə ki, ağlayasan, başqa bir şeydən ötrü yox, yalnız ağlamaq üçün!”

Həqiqət nə qədər acı olsa da, həqiqətdir. Sən onu istəsən də, istəməsən də, qəbul etməyə məcbursan. İllərlə hörmət etdiyin, sevdiyin, ən yaxın dostun bildiyin, bütün söhbətlərini əzbərdən yadında saxladığın birinin həqiqi simasını görəndə inanmırsan, yalan olduğunu düşünürsən. Pavel Pavloviç həyatı boyu bu cür “dostlardan” korluq çəkməmişdi. Hər gün arvadının nağıllarına qulaq asa-asa yaşamışdı. Amma indi Pavel Pavloviç böyümüşdü, daha nağıllara inanan vaxtları keçmişdi. Görünür, bunun da səbəbi aradan doqquz illik bir vaxtın keçməsi idi. Kim bilir, bəlkə də onu arvadının xəyanətindən daha çox, Velçaninovun xəyanəti incidirdi...

Bəzi şeylər haqqında ayıq başla danışmaq çətindi. Elə buna görə də Dostoyevski bu iki “dost”u görüşdürəndə Pavel həmişə sərxoş olurdu. O, yalnız sərxoşkən cəsarətli olurdu, yalnız sərxoş olanda dili qəlbinin dərinliyindəkiləri danışırdı...

Romanda Lizanın ölümünü iki cür yozmaq olar. Birincisi, Liza Velçaninovun keçmişinə məxsus idi. Yazıçı Lizanı öldürməklə ötürdüyü ilk mesaj belədir: keçmiş mütləq öz qisasını alır. Çünki Liza Velçaninovun ağ-qara həyatının rəngi idi. Çünki qızının xətrinə Velçaninov indi özü-özünü bağışlaya, başqa bir adam ola bilərdi və Liza onun iztirablarını azaldan yeganə varlıq idi. Amma keçmiş onun xəyanətini bağışlamadı. Velçaninov keçmişindən qaçdı. Əvvəllər özünü bağışlaya bilməsə də, bir müddətdən sonra hər şeyi tamam yaddan çıxardı. Keçmiş isə onun cəzasını doqquz il sonra verdi. İkincisi isə Lizanı öldürən ər (Pavel Pavloviç) və oynaş (Velçaninov) arasındakı nifrət hissi idi. Liza, əslində, Pavel Pavloviçin günahı ucbatından dünyasını dəyişir. Şübhəsiz ki, Pavelin Peterburqa onunla gəlməsi heç də təsadüfi deyildi. Ümumiyyətlə, Pavelin Peterburqa gəlməsinin bir səbəbi vardı – Velçaninovla haqq-hesabı çürütmək. Və Pavel keçmiş “dostundan” qisas almaq üçün hər şeydən istifadə edərdi. İndi onun üçün hər şey çox asanlıqla intiqam üçün vasitəyə çevrilə bilərdi. “Əbədi ər” romanının əsas ideyası da məhz bundan doğur: qəzəbin, nifrətin ən ülvi hissləri, ən müqəddəs duyğuları məhv etməsi, hər şeyin intiqam naminə vasitəyə çevrilməsi. Kiçik bir qız uşağından qisas üçün istifadə etməsi bu iki “dost” arasındakı uçurumun nə qədər dərin olmasından xəbər verir.

İki “dost” arasındakı digər maraqlı məqam Pavelin Velçaninovu evlənəcəyi qızla (on beş yaşlı bir uşaqla) tanış etməsidir. Bütün olanlardan sonra Pavel niyə belə bir hərəkət etmişdi? Niyə Pavel evlənəcəyi bir qızı yad kişinin yanında görmək istəyirdi? Və niyə həmin “yad kişi kimi” Velçaninovu seçmişdi? Sual, sual, sual...

Bütün bu sualların cavabı var. Cavabı olmasa belə, bu suallar Pavel və Velçaninov arasındakı intriqanın – Dostoyevskinin hördüyü çıxılmaz münasibətlər torunun nə qədər mürəkkəb olduğunu göstərir...

Dostoyevski elə yazıçıdır ki, onu oxuyub qurtarmaq mümkün deyil, yəni əsərlərinin hər oxunuşunda həmişə yeni nəsə öyrənirsən. Bu baxımdan “Əbədi ər” romanı da istisna deyil. Düşünürəm ki, bu əsərə nə vaxtsa yenidən qayıdanda tamam başqa bir yazı alınacaq. Hər halda, gələcək haqqında nəsə demək çətindi. İndi isə mən yalnız bunu deyə bilərəm: bu romanı oxuyun və görün ki, qəzəb, nifrət sevgini (insanı) necə öldürür.

525.az

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020