Səhər öpdüyün axşam ölürsə

Səhər öpdüyün axşam ölürsə
12 may 2014
# 17:51

Natəvan Mikayılova

Pilləkənləri addım-addım enir. Səndələyir. İki əlilə barıdan tutur. Son pillədə dizini çöküb oturur. Yanından enib – qalxan addımlara baxır. Alnını soyuq tər basır. Son enən addım duruxur.

- Siz?

Qadın başını qaldırır. Az öncə qəbulunda olduğu həkim.

- Qalxın, siz bu durumda olsanız bacınıza daha çətin olar. Güclü olun.

Deyir və başını yelləyərək uzaqlaşır. Qadın bu cümlələri çox uzaqdan gələn bir səs olaraq eşidir və həkimin uzaqlaşan kölgəsi gözdən itənəcən arxasınca baxır. Sonra çətinliklə xəstəxananın bağçasına çıxır. Bir küncündə əlində əsa gözündə eynək beli bükük bir qoca oturan oturacağın diger boş tərəfində oturur. Qocanın əlləri titrədikcə əsanın ucu torpağa dəyib diyirlənirdi.

Xeyli bu sükutu pozmadı. Qoca “Qızım kimin xəstədir?” soruşunca diksindi. Cavab vermədi. Qoca “Allah səfa versin” deyib titrəyən əlilə əsasına söykənib ayağa qalxdı və uzaqlaşdı. Qadının qulaqlarında Allah sözü təkrarlandı. İndiyə kimi eşitdiyi bu kəlmə bir az fərqli gəlmişdi qulağına.

Hər gün “Allah şəfa versin”, “Allah saxlasın”, “Allah köməyi olsun” ifadələrini işlədən insanlarla rastlaşır və bu insanlardan Allahın varlığına inanıb-inanmadıqlarını soruşduğunda susurlar. Fərqli fikirlərlə cavab verənlərdə var. Mütaliəsinə güvənib elmə sığınıb rədd edənlərdə var. Amma həmişə bu durumda üz qızartmağı xoşladığından anında “inanmadığın şeyə necə üz tutursan” sual ılə cavabsız susdurduqlarını xatırlayır.

Sonra bütün tanıdığı ölüləri xatırlayır. Bir-bir. Neçəsinin son nəfəsində yanında olmuşdu. Bəziləri günlərlə gözü yumulu nəfəs alıb verirdi. Ətrafına toplaşıb son nəfəsini gözləməkdən yorulduqları da oldu.

Son nəfəsi vermək və sonra fərqli biri olmaq. “Ölü” olmaq.

Sabah oyandığında qucaqlayıb öpdüyün axşam öldü eşidirsən. Hövlang varırsan, ağlayırsan, yaxınına oturursan, qucaqlayırsan. Amma sabah qucaqladığın kimi yox. Daha ürkək, daha çəkingən. Tez əlini çəkmək istəyirsən. Həmin əl, həmin üz, həmin insan. İllərlə doğman yaxının olmuş, güvənib, ərk edib sığındığın.

Yerindən qalxır, hara gedəcəyini bilmədən taksiyə oturdu. Sürücü “Hara?” sualına özü də əmin olmadan “qəbiristanlığa“ dedi. Sürücü təkrar “Hansı qəbiristanlığa?” soruşdu. Bir az duruxdu, sonra “Hansı yaxınsa oraya” dedi.

Pulu verib endi. Sonra bir-bir tanımadığı qəbirlərin arasında gəzindı. Adlarını maraqla oxuyurdu. Hansı ildə doğulub, hansı ildə öldüklərinə diqqət edirdi. Biri lap yaxın zamanda ölmüşdü. Üzərində yalnız güllər var idi. Hasara söykənib xeyli dayandı.

Əllərinə baxdı. Bütün bədənini torpağın altında hiss etdi. Vahimələndi, sıxıldı, tərlədi. Torpaqdan qorxmuş kimiydi. Çəkməsinə bulaşan torpağı çırpıb tökmək, mümkünsə havaya uçmaq istəyirdi. Günəş batırdı, o da qəbiristanlıqdan uzaqlaşırdı. Son dəfə də çönüb arxasında qalan qəbirlərə bir daha baxdı.

# 2291 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #