news-inner
clock09:00 calendar-gray 13 May 2014 view-gray1974 dəfə oxunub
view-gray1974 dəfə oxunub

Bizdən kino çəkən olmaz! KİNO SEANS

Kulis.Az-ın “Kino Seans” layihəsindəVaqif Mustafayevin “Milli bomba” filmi müzakirə edilir.

“Milli bomba” filmi SSRİ dağılandan sonra kino sahəsinin üzləşdiyi problemlərdən bəhs edir. Hadisələr 1991-ci ildə baş verir. Yaşlı montajçı (Avtandil Maxaradze) qocaldığı üçün kinostudiyadakı işindən azad edilir. Ancaq o, işini yarımçıq qoymaq istəmir, pul əldə etmək üçün evini satır. Lakin evi satın alan bildirir ki, o, pulu yalnız rəhmətə gedəndən sonra ala biləcək...

Film 1991-ci ildə insanların adət etdiyi ənənəvi həyat tərzinin axarının pozulduğu və insanları yenin həyatla ayaqlaşa bilmədikləri bir dövrü əhatə edir. Eyni zamanda başlamaqda olan milli münaqişələrə tamam fərqli bucaqdan baxılır. Qrotesk, qara yumor, postmodern ironiya, film içində film kimi çağdaş fəndlər “Milli bomba”nı dövrünün digər filmlərindən ciddi şəkildə fərqləndirir.

“Milli bomba”da (ssenari müəllifləri: Elçin və V. Mustafayev) Azərbaycanın tanınmış aktyorları Yaşar Nuri (prodüser Əbdülqəni), Nuriyyə Əhmədova (montajçının arvadı), Əjdər Həmidov (rejissor Məmməd), Arzu Hüseynov (montajçının oğlu) və digərləri çəkilib.

“Milli bomba” filmini rejissor Tahir Əliev və prodüser Fehruz Şamıyev Qan Turalının moderatorluğunda müzakirə etdilər.

- Filmi necə xarakterizə edirsiniz?

Tahir Əliyev: - Vaqif Mustafayevin Ceyhun Mirzəyevlə birlikdə çəkdiyi “Bəyin oğurlanması” filmini çıxmaqla digər filmlərinin həm ssenarisi, həm rejissor işi, həm də baxış bucağı eynidir. Bu film, “Yaramaz”ın davamıdır. Vaqif Mustafayev bir rejissor kimi çəkdiyi filmdə real həyatın qəhrəmanlarını vermir. O, fikirləşdiyini filmə gətirib, gördüyünü yox. Necə fikirləşirsə, o cür verib hadisələri.

- Fehruz, sən necə düşünürsən?

Fehruz Şamıyev: - Onun sadəcə yanaşma tərzi fərqlidir. Hadisənin kökündə reallıq var. Real hadisələrdir, sadəcə yanaşma fərqlidir. Bu filmlər - “Nakəs”, “Yaramaz” filmlərində də oxşar yanaşmadır. Vaqif Mustafayev “Nakəs” filminə görə festivalların birində “Fərqli kino dilinə görə” mükafat alıb.

T.Ə.: - Tiflisdə “Qızıl qartal” alıb.

F.Ş.: - Vaqif Mustafayev fərqli yanaşması olan rejissordur.

T.Ə.: - Bu yanaşma Vaqif Mustafayevə məxsusdur. Fikirləşirəm ki, bundan sonra belə filmlər çəkilsə də Vaqifi yamsılayacaqlar.

- Vaqif Mustafayevin ilk filmində də (“Bəyin oğurlanması”) “film içində film” vardı. Filmin içində film çəkirlər. Bu, Türkiyədə çox yayılmış bir fənddir. Bizdə necə, bu tendensiyadan razısınızmı? Münasibətiniz necədir?

T.T.: - Məncə, “Bəyin oğurlanması” ilə “Milli bomba”nı müqayisə etmək olmaz. Bəyin oğurlanmasında toy sadəcə hadisədir. Bu filmdə isə ictimai-siyasi hadisələr var. Burda kinonun ictimai-siyasi ağırlığını qabardıb. Vaqif Mustafayev bu filmi bir çox rejissorlara ithaf edib. Bu problemi bizim nəsil az yaşasaq da, seyrçisi olsaq da, Vaqif Mustafayevin nəsli bu hadisələrin acısını çox çəkib. Amma Elçin Əfəndiyevin bu cür filmlərə ssenari yazmasına mən inanmıram. Çünki Elçin Əfəndiyevin estetikası tamam başqadır. Bu sırf Vaqif Mustafayev estetikasıdır.

- Vaqif Mustafayevdən ayrıca rejissor kimi danışmaq olarmı?

F.Ş.: - Məncə, bəli. Vaqif Mustafayev dünya arenasına çıxan rejissordur. 89-cu ildə “Yaramaz”ı çəkdi və həmin il İtaliyada “Viktoriya Desiko” mükafatını aldı. Film Moskvadan getmişdi. Amma Vaqif Mustafayevin bu mükafatdan 1999-cu ildə xəbər tutdu. Əslində bu çox ağrılı bir hadisədir.

T.T.: - Məncə burda Yenidənqurmanı da qabartmaq lazımdır. Yenidənqurma bu cür filmlərin meydana çıxmağına zəmin yaratdı. Vaqif Mustafayev təkcə “Yaramaz”la yox, “Anekdot”la da böyük iş gördü. “Şərikli çörək” filmini götürək. Bu film ictimai çəkisi olan film deyil. Amma “Yaramaz”, “Nakəs”, “Milli bomba” ictimai filmlərdir. “Milli bomba” həm də müəllif filmidir. Azərbaycanda müəllif filmləri demək olar ki, yoxdur. İlk müəllif filmi “Babamın, babasının, babası”dır. Ramiz Rövşənin ssenarisi əsasında Tofiq Tağızadə çəkib. Çox ciddi filmdir. Bu sahədə ən ciddi işləri Vaqif Mustafayev görüb.

F.Ş.: - Bu filmlər zamanı göstərən filmlərdir. “Yaramaz”da Yenidənqurma, SSRİ-nin dağılması... Burda imperiya detalları, kinonun olmaması detalları var. Vaqif Mustafayevin filmlərində milli heysiyyata toxunan detallar da var. Məsələn, bomba hazırlayan gənc deyir ki, biz milli bomba hazırlayırıq və ilk olaraq onu öz başımıza vuracağıq. Bunun heç bir təhlükəsi yoxdur. Yaxud neft məsələsi var.

- Azərbaycanda film çəkmək doğrudan da çətindir. Düzdür, filmdə bəhs edilən “keçid dövrü” keçib, amma bu gün də problemlər var...

T.T.: - Azərbaycan kinosunun iki problemi var: maliyyə və mövzu. Maliyyəni tapanda mövzunu keçirməyin özü də böyük problemə çevrilir. Siz təkcə maliyyə məsələsini düşünməyin. Sizcə lazımi maliyyəni tapandan sonra istədiyin mövzunu filmə gətirmək olar? Dövlət pul verirsə, demək maraqları var. Sponsor pul verirsə onun da maraqları var. Paralel çətinliklərdir. “Milli bomba”da bu problem tam çılpaqlığı ilə verilib. Başa düşən, düşəcək.

F.Ş.: - Film dövlət sifarişi ilə, kinostudiyada çəkilib. Çəkiləndən sonra Vaqif Mustafayev filmi uzun müddət özündə saxlayıb. Azərbaycanda bu filmi heç kəs görməmişdi. Təkbaşına filmi festivallarda göstərirdi və filmin sədası gəlirdi. 2005-ci ildə premyerası olsa da, film daha əvvəl çəkilib və festivallarda nümayiş etdirilib. Pulu dövlət vermişdi. Amma filmi ortalığa çıxarmaq üçün şərait yox idi.

T.T.: - “Fransız” filminə nəzər salaq. Oxşar problemdir. Bütün dünya xalqlarının kinosuna belə filmlər lazımdır. Məsələn, Kustiritsa Balkan həqiqətlərini çılpaq göstərir. Vaqif Mustafayevin filmləri bu baxımdan təqdirəlayiqdir. Şəxsən mən ondan bu formatda yeni filmlər gözləyirəm. Məncə, bundan da yaxşısını təqdim edəcəkdir.

- Fehruz, sən necə düşünürsən, Azərbaycanda film çəkmək istəyən adam nələrlə üzləşir. Bu baxımdan material varmı?

F.Ş.: - Böyük büdcəli filmdən söhbət gedirsə əsas maliyyə dövlətin əlindədir. Dövlət marağı ilə oturub-durmağa məcburuq. Müstəqil istehsalatda vəziyyət fərqlidir. Az büdcə ilə maraqlı film çəkmək olar. “Kamera filmi” deyilən anlayış var. Az büdcə ilə, tammetrajlı film çəkmək mümkündür. Pul ayıran arxayın olmalıdır ki, film qalmaqala səbəb olmayacaq. Keyfiyyətli film çəkmək olar az büdcə ilə.

T.T.: - Azərbaycanda kinoya pul tapmaq asan deyil. Ölkəmiz balacadır və varlılar azdır. Biz kino ölkəsi deyilik. Türkiyə isə kino ölkəsidir. Kinonun Azərbaycanda ictimai təsiri yoxdur.

F.Ş.: - Azərbaycan xalqı kino xalqı deyil. Biz musiqi sahəsində ciddi işlər görmüşük. Rəssamlarımız da var. Amma kinoda uğurlar yoxdur. Biz Türkiyə ilə yaxın xalqıq, kino məsələsində məziyyət eynidir. Amma onlarda kino sahəsində uğurlar var. Çünki, biz balaca ölkəyik. Onlarda isə kinematoqrafik özək var. Kino yayıldı, populyarlaşdı.

T.T.: - “Mahmud və Məryəm” filmi Türkiyədə nümayiş olunanda mən orda təhsil alırdım. Tələbə yoldaşlarım dedi ki, filmə baxış az olub. Maraqlandım ki, neçə baxış olub, dedilər 60 min! 60 min onlar üçün balaca rəqəmdir. Bunu 2 TL-dən hesablasaq, böyük məbləğdir. Tamaşaçı sayı buna təsir edir. Halbuki bizdə milli futbol komandamızın oyununa heç 2 min adam gəlmir.

- Tamaşaçı sayının təsiri odur ki, film özünü maliyyələşdirə bilmir və məcburi kənar mənbələr axtarılır. Bu, çox ciddi məsələdir.

F.Ş.: - Kənar mənbə deyəndə biz xarici fondları düşünürük. Amma dünyada hamı Azərbaycandan gələn adama pul mənbəyi kimi baxır. Neçə festival maddiyata görə bağlanıb. Biz neftin hesabına daha varlı ölkə hesab olunuruq. Biz qıraqdan pul tapmaqda çətinlik çəkirik.

- Siz özünüz də film haqqında film çəkmək istərdinizmi? Bu həm də sizə yaxın, bildiyiniz sahədir...

T.T.: - Film haqqında film çəkmək asandır. Bu, filmə təsir edəcək hadisə olmalıdır. Məsələn, montajçının işdən çıxarılması, Mamedin pul tapa bilməməyi hadisədir.

F.Ş.: - Vaqif Mustafayevin “Milli bomba”sına əsasən belə sual yaranır. Amma film üçün o dövrün hadisələri də ön planda olmalıdır. Şərait yaranmalıdır belə film üçün. Bu filmdən hiss etmək olar ki, xarakterlər azərbaycanlılardır. Film haqqında filmə gəldikdə isə, məncə, əsas mövzudur. “Milli bomba” mövzu olaraq indi aktual deyil. O mərhələni keçmişik. Elçinin “Mənim ərim dəlidir” pyesi var, “Azdrama”da oynanılıb. Bu filmin çəkilişi başlayanda Vaqif Mustafayev televiziyaya müsahibə verdi ki, film “Mənim ərim dəlidir” pyesinin motivləri əsasında çəkiləcək. Tahirin dediyi kimi, bu ssenaridə Elçinin dəsti-xətti yoxdur. Motiv ordan götürülüb.

T.T.: - Kimin ssenari müəllifi olmasından asılı olmayaraq maraqlı filmdir. Vaqif Mustafayev həmişə ikibaşlı film çəkir. Fikir verirsinizsə, hadisələr Azərbaycanda baş verə bilər. Xarakterlər qlobaldır. Məmmədin adını dəyişib Yefim eləsən, İsraildə də aktual ola bilər. Eyni şey xarakterlərinə görə Serbiyada da, Yuqoslaviyada da, Almaniyada da qəbul ediləcəkdir. Xarakterləri çox ustalıqla seçə bilir Vaqif Mustafayev. O, gürcü kinosunu sevir. Tipajlar gürcü kinosuna bənzəyir. Gürcülər ironik kinonu güclü çəkir. Bu detal da nəzərə alınmalıdır. Fəlsəfi film olsa da, ironiya güclüdür. Gürcülərin həyat tərzi filmə asan gəlir.

F.Ş.: - Gürcülər özlərinə gülə bilir. Bu barədə qınaqdan çəkinmirlər.

T.T.: - Böyük Vətən Müharibəsi haqqında Nodar Dumbadzenin “İliko və İllarion” hekayəsi tipində bir hekayə göstərin mənə. Yoxdur. Deməli, necə deyərlər, 1-0. Kino sahəsində də eyni şeyi demək olar.

F.Ş.: - Onlar kinematoqrafik detalı görüb, göstərə bilirlər. Bizim filmlərdə uşağın tualetə getmək səhnəsi varmı? Heç uşağı çılpaq göstərə bilmirik. Söhbət çılpaqlıqdan getmir. Bu baxımdan gürcü tərzi Vaqif Mustafayevdə var.

T.T.: - Bizdə kinoya inzibati, onlarda isə asudə yanaşırlar. Kino asudəçiliyi sevir.

- Sizcə bu cür filmlərə ehtiyac varmı? Niyə bu cür kinolar istehsal olunmur?

T.T.: - Bizdə kino bir yerdən maliyyələşir. Yəni pul verən istədiyini “zakaz” edir.

F.Ş.: - İndi film çəkmək olar, bəs sonra? Lap pulu kənardan tapdın, filmi nümayiş etdirmək də var axı.

T.T.: - Məsələn, “Yaramaz” filminin gəncliyimizin yetişməsində böyük rolu olub.

F.Ş.: - Vaqif Mustafayev çox film çəkməlidir. Çünki bu filmlər bizə çox ciddi təsir edir.

Qan Turalı
Cəlil Cavanşir

news-inner-user

15364 məqalə

Oxşar xəbərlər