Peşmanlıq

Peşmanlıq
22 aprel 2014
# 07:30

Natəvan Mikayılqızı

Ağ, gur saçlı, hündür boylu, 60-65 yaşlarında görkəmli bir kişi iki küçə arasında barının yanında daşa bərkidilmiş taxta oturacaqda oturub. Yağış ayaqlarını döyür. Barının kölgələnəcəyi başını yağışdan qoruyur. Əllərini üzünə dayayıb, dirsəklərini qarnına sıxıb, çömbəlib ayağına çırpılan yağış damcılarını izləyir. Ayağı curumbur su içindəydi. Ürəyindəki isti soyumurdu. Həbsxana pəncərəsindən belə yağan yağışları illərlə, mövsüm-mövsüm dalıb seyr edərdi.

Yağış torpağa hopurdu. Torpaq isə acgöz kimi doymurdu. Udduqca udurdu. Ətrafda kimsə gözə dəymirdi. Yağışın şiddəti hər kəsi evinə toplamışdı. Yoldan maşın belə keçmirdi. Qulağına yağışın səsi mahnı oxuyurdu. Şap-şap... İllərlə şüşəyə çırpılan yağış səsi kimi. Amma fərq var idi.

“İnsan yaşlandıqca torpaq insanı özünə çəkir” deyirlər. Doğrudan da beləymiş. Beynimizdə, qanımızda, kimyəvi bədənimizdə yaşa dolduqca torpağa yaxınlaşma var. Özümüz fərqində olmadan belə.

Nəm torpaq iyini doya-doya içinə çəkir. Dərin nəfəs alaraq uşaqlığında belə yağışlı havada velosiped sürməyini, sürərkən dəfələrlə palçığa yıxıldığını, evə gəldiyində sonralar ögey anası olduğunu öyrəndiyi qadının onu danlamadan, nəvazişlə üst-başını təmizlədiyini xatrlayır. Sonra ilk dəfə ögey-doğma hissini daddığını, doğma anası sandığı qadının kiçik qardaşlarına sevgisini, qayğısını qısqandığını, daha sonralar haqsız olduğunu, ilk oğurluğunu, ilk dələduzluğunu da xatırlayır. Daha sonra ilk dəfə doğma anasını gördüyünü, hec əziyyətini çəkməsə belə, bu illər ərzində qayğısına qaldığı ana dediyi qadına heç bir zaman duymadığı ürək titrəyişini, sevgi hissini hiss etdiyini, daha sonra illər irəlilədikcə ürəyində bu sevgini kinin, nifrətin əvəz etdiyini, daha sonra ilk həbsxana qapısını acdığını yağışın səsi altında beyninin hafizə çarxı durmadan irəli-geri fırladırdı. Uzaqdan yan qonşunun qabağına qatıb gətirdiyi üç-beş inəyin palçığa şap-şap basan addım səsinə diksindi və dikəldi. Torpaq doyur deyəsən...

Ayağının altı gölməçəyə dönub. Qonşu “pambıxlı”deyilən geyimdə sudan çıxmış cüllütə bənzəyirdi. Başında papağı da yox idi. Kişini sıxsan bir hovuz su çıxardı. Amma heç birində təəccüb hiss olunmurdu. Çünkı bu yerlərdə mövsüm yağışı başlamışdı. Hələ həftələrlə uzanacaqdı. Təbiətin ahəngi. Hündür, yaşıl meşəli dağlar əks halda suya necə doyar.

İnəklərlə qonşu gəlib yanından sakitcə keçirlər. Qonşu heç salam da vermir. Küsülü deyillər. Yenə beyni yaşadıqlarını disk kimi irəli-geri fırladır. Qızının doğulduğunda da, sonra qızının gəlin köçdüyündə də, oğlu evləndiyində də, nəvəsi doğulduğunda da, arvadının öldüyünü eşitdiyində də həbsxana yatağında sevinib-ağlayırdı. Zamanla azadlıqda olduğunu, daha sonra həbsxana qapılarını təkrar-təkrar açdığını da xatırlayır. Atası öldüyündə yanındaydı. Ona tərəf gözünü qaldırıb baxmadı belə. Kinli sifəti əbədi olaraq gözünü yumdu. İlk ana olaraq tanıdığı, sonra içində qısqanclıqdan doğan səbəblərlə özgələşdirdiyi qadını xatırlayır. Hələ də sağdır və hələ də onu çox sevir. Hər dəfə görüşdüklərində onun hər seyi unudub, xatırlamırmış kimi davrandığında daha da kiçilir. Gəncliyində az çəkdirməmişdi. İlk oğurluğunu atasına inad olsun deyə, onun adini ləkələsin deyə etmişdi.

Niyyəti atasına acı çəkdirmək idi və daha sonra buna alışdı, oğurluq etmədən dayana bilmirdi. Və daha sonra batdıqca batdı.

Hər kəs insan olaraq içində nələr gizlədir nələr... Gülümsəyən sifətlərin cizgiləri arxasında nələr saxlanır nələr... Və hər kəsin hörmət, sayqıyla toplaşıb dəfn etdikləri quru cəsədin, donmuş damar tellərində rəngi çönən qan damlalarında sevgilər, nifrətlər, acılar və təəssüflər gizlidir.

Ruhu uçub geridə qurumuş buraxdığı cəsəd acı-şirin ləkəsiz deyil.

# 2335 dəfə oxunub

Oxşar xəbərlər

# # #