“İsa Hüseynov dünya ədəbiyyatı üçün möcüzədir” DEBAT

“İsa Hüseynov dünya ədəbiyyatı üçün möcüzədir” <span style="color:red;">DEBAT
12 aprel 2018
# 21:00

Kulis.Az saytında “İsa Hüseynov şəxsiyyəti və yaradıcılığı” mövzusunda müzakirə keçirilib. Mirmehdi Ağaoğlunun moderatorluğu ilə keçən müzakirədə yazıçı Azər Abdulla, tənqidçi Əsəd Cahangir və şair Zahir Əzəmət iştirak ediblər.

Kulis.Az müzakirəni təqdim edir.

- İsa Hüseynov “altmışıncılar” nəslinin ustadı hesab oluna bilərmi?

Zahir Əzəmət: İsa Hüseynov təkcə “altmışıncılar” nəslinin ustadı deyil. Hətta yüz, iki yüz il sonra da baxanda İsa Hüseynov zirvəsi görünəcək. Onu oxumadan, onu öyrənmədən Azərbaycanda nəsrlə məşğul olmaq ayıb olar. Bu baxımdan İsa müəllim tək “60-cılar”a yox, onlardan sonra gələn nəsillərə də ustad hesab oluna bilər. “60-cılar” nəsri Azərbaycan ədəbiyyatında intibah mərhələsi hesab olunur. Ancaq hesab edirəm ki, İsa Hüseynov olmadan, o mərhələ olmadan onlar da olmazdı.

Azər Abdulla: Nizamini, Füzulini yetirən bir mühit olub. İsa Hüseynov deyirdi ki, mən Ənvər Məmmədxanlıdan on beş il sonra gəlmişəm ədəbiyyata. Ola bilsin ki, razılaşmayacaqsınız, amma onun bəzi əsərlərindəki intonasiya Ənvər Məmmədxanlını xatırladır. Son vaxtlar “Kollu Koxa”nı oxudum. Əsərdəki cümlələr, ruh Ənvər Məmmədxanlını yada salır istər-istəməz. Bir dəfə yazıçı Anar dedi ki, Əkrəm də, Elçin də, özüm də o məktəbdən gəlmişik.

- Bu ilkin əsərlərində belədir, yoxsa sonrakı yaradıcılığında da hiss olunur?

A. A: “Kollu Koxa”nın 80-ci illərdə çıxan nəşrini oxumuşdum. Yenə ilk fikrimə qayıdıram. Mühit var idi ki, Nizami yetişmişdi. Bu baxımdan İsa Hüseynov da bəhrələnib. Həm yerli ədəbiyyatdan, həm də dünya ədəbiyyatından bəhrələnib. Axundovun da, “Kitabi-Dədə Qorqud”un da, Süleyman Rəhimovun da təsiri ola bilərdi. Eyni zamanda Mirzə Cəlil var idi.

- Əsəd bəy, sizcə Ənvər Məmmədxanlıdan təsirlənmə var idi?

Əsəd Cahangir: Azərbaycan sovet nəsrində Əbülhəsən, Mehdi Hüseyn, Əli Vəliyev, Mirzə İbrahimov, Süleyman Rəhimov, Məmməd Səid Ordubadi və başqaları vardı. Amma iki nasir var ki, 60-cı illərdən sonra yaranan yeni Azərbaycan nəsri ilə, ondan əvvəlki nəsr arasında körpü rolunu oynayıb. Həm mövzu, həm də dil baxımından bunu qeyd etmək lazımdır. Biri İlyas Əfəndiyevdir, biri də Ənvər Məmmədxanlıdır. Onlar tale baxımından da oxşardırlar. Hər ikisi Azərbaycan nəsrinə lirizm gətiriblər. Düzdür onlarda da kolxoz, sovxoz, pambıq mövzuları var. Amma onlar bu mövzuları insan hissləri ilə paralel işləyiblər. Məsələn “Dağlar arxasında üç dost”da Səlimə ilə Şahlar həm kolxozda Xruşşovun verdiyi proqramla qarğadalı əkmək barədə düşünürlər, həm də bir-birini sevirlər. Dildə axıcılıq, səlistlik, dramatik çalar və s. baxımdan İlyas Əfəndiyev və Ənvər Məmmədxanlı nəsrimizdə körpü rolunu oynadı. Onlardan sonra 50-ci illərin əvvəllərində ədəbiyyatımıza iki nasir gəldi. Biri İsa Muğanna (O özü İsa Hüseynov müraciətindən xoşlanmadığı üçün, mən də ona İsa Muğanna deyəcəm)...

- Hər halda İsa Hüseynov kimi tanınıb, baxmayaraq ki, yaradıcılığında da İsa Hüseynov və İsa Muğanna mərhələləri var...

Ə. C: Fikrimi tamamlayım o mövzuya qayıdacam. Qeyd etdiyim kimi, 50-ci illərdə ədəbiyyatımıza iki nasir gəlir. Biri İsa Muğanna, digəri isə Sabir Əhmədlidir. Onlar 50-ci illərdə yazdıqları əsərlərdə hələ sosrealizm mövqeyindən çıxış edirdilər. Amma onların dil baxımdan, yanaşma baxımından fərqləri vardı. Çünki o zaman gənc idilər. Nəhayət 60-cı ildən sonra nəsrimizə Anar, Elçin, Maqsud və Rüstəm İbrahimbəyovlar, Azər Abdulla, Yusif Səmədoğlu, Vaqif Nəsib, Mövlud Süleymanlı ədəbiyyatda tamamilə dəyişiklik etdilər. Amma 50-ci ildə ədəbiyyata gələn iki nasir ənənəvi sovet ştamplarından çıxmağı bacardılar. Biri İsa Muğanna, digəri Sabir Əhmədli idilər. Onlar “60-cılar”dan əvvəl ədəbiyyata gəldiyi üçün, ustad rolunu oynadılar.

- Bəs İsmayıl Şıxlı?

Ə. C: İsmayıl Şıxlı hələ 1957-ci ildə “Ayrılan yollar” romanını yazmışdı. Onun bu romanın hətta adının belə simvolik mənası vardı. Bu roman ədəbiyyatın iki qola ayrılmasının simvolik başlanğıcı olmuşdur. Bir ənənəvi sosrealistlər, digəri isə yenilikçi nəsil.

- “Altmışıncılar” İsmayıl Şıxlını özlərindən əvvəlki dövrə aid edirlər axı.

Ə. C: Az öncə Ənvər Məmmədxanlının adını çəkdik. Tarixi roman rakursundan İsmayıl Şıxlını da onlara aid etmək olar. İsmayıl Şıxlı daha çox tarixi roman janrında yazırdı. “Ayrılan yollar” da, “Dəli Kür” də, hətta son yazdığı “Ölən dünyam” da tarixi roman janrına aiddir. Müharibə mövzusunda yazılan gündəlikləri də var. Ancaq müharibə mövzusunda yazdıqları elə də əhəmiyyətli rol oynamır. 60-cı illərdə ədəbiyyata gələnlər İsa Muğanna , Sabir Əhmədli ilə məsləhətləşirdilər. İsa Muğanna “Azərbaycan” jurnalında, Sabir Əhmədli isə “Ədəbiyyat və incəsənət” qəzetində işləyirdi. “Altmışıncılar”a yol göstərir, rəy verir, çap edirdilər.

A. A: Mən kiçik bir müdaxilə etmək istərdim. 1998-ci ildə onun öz təşəbbüsü ilə, ikinci dəfə də Anarın sifarişi ilə İsa Muğanna haqqında iki buraxılış hazırlamışam. Mövlud Süleymanlının son buraxılışda İsa Hüseynov haqqında yazısı var. Yazır ki, mən ona yazı göstərdim, o isə dedi ki, bu yazının canı, onurğası yoxdur. O vaxt gənclərə yol göstərən, məsləhət verənlər vardı. Bir şey məni hər zaman incidir. Gənclər “altmışıncılar”a yad kimi baxırlar. Düzdür, o dövr ədəbiyyatında, sosrealizmdə pafos var. Amma o dövrün insanın ağrısını əks etdirən əsərlər də var. Sovet dövrü ədəbiyyatını birdəfəlik silmək olmaz. O dövrə ehtiyatlı yanaşmaq lazımdır.

Z. Ə: Məncə yüz il sonra Sovet nəsli tamam yeni rakursdan, tamam fərqli baxışla öyrəniləcək. Tənqidçi olaraq Əsəd daha yaxşı bilər, ancaq bu elə modern ədəbiyyatdır. Sosrealizm kolxoz, sovxoz mövzularını işləsə də, dünya modernizmindən fərqli, əlahiddə modernizmdir.

- Azər müəllim, İsa Hüseynovun sizə şəxsən təsir edibmi?

A. A: İsa Hüseynovun demək olar ki, bütün əsərlərini oxumuşam. Onun haqqında yazılanları da oxumuşam. Mən müsahibəmdə demişəm və bunu deməkdən çəkinmirəm. Mənə hamı təsir edib: İsa Hüseynov da, Ənvər Məmmədxanlı da, Süleyman Rəhimov da. Bu günün gəncləri var ki, onlardan da mənə bəzi şeylər təsir edə bilər. Elə bir cümlə, elə bir fikir ola bilər ki, təsirlənəsən. Mən bu gün gənc şairlərimizi oxuyuram. Bir də görürsən ki, bir misra adamı tərpədir. Bu baxımdan İsa Hüseynov da mənə təsir edib.

Mənə elə gəlir ki, İsa Hüseynovdan sonra gələn nəslin hamısı ondan bəhrələnib. Bu qəbahət deyil.

- Əsəd bəy, İsa Hüseynovun yaradıcılığının sonrakı dövrünü mistizm adlandırmaq olarmı?

Ə. C: İsa Hüseynovun yaradıcılığı üç dövrə bölünür. 50-ci ildən başlayaraq, 58-ci ilə qədər dövr. “Yanar ürək” əsərinə qədər yazdıqları onun ənənəvi sosrealizmə aid əsərləri hesab oluna bilər. 58-ci ildə “Yanar ürəyi” yazdı və bu onun yaradıcılığında keçiddir. Bu əsər böyük rezonans doğurur. Çünki bu əsərdə raykom katibi tənqid olunmuşdu. Katibi tənqid etmək, partiyanı tənqid etmək idi. Partiyanı tənqid etmək Sovet hökumətinin dibinə balta çalmaq demək idi. KQB İsa Hüseynovu çağırmışdı. Ondan soruşmuşdular ki, sən nə demək istəyirsən bununla. O da çox ağıllı cavab vermişdi ki, mən istəyirəm raykom kürsüsündə “istinni” kommunistlər otursunlar. Yəni mənim məqsədim Sovet hökumətinə qarşı çıxmaq yox, bu ideologiyanı pozan şarlatanlara qarşı çıxmaqdı.

Bundan sonra “Teleqram”, “Saz”, “Tütək səsi”, “Kollu Koxa”, “Şəppəli” onun yaradıcılığının növbəti mərhələsidir. Demək olar ki, hamı bu mərhələni birmənalı qəbul eləyir. Realist, psixoloji üslubda yazan yazıçını – İsa Hüseynovu qəbul edirlər. Bu əsərlərində o çox önəmli və vacib problemlər qaldırır.

Bu iki etapı keçəndən sonra ikinci və üçüncünün arasında “Məhşər” romanı var. Birdən-birə tarixi romana müraciət edir. İsa Hüseynov kimi adamlar təsadüfən heç nə eləmir. Mən buna taleyin işi deyərdim. Məncə taleyin hökmü onu geriyə - dərin qatlara apardı. O geriyə qayıdır, ayağını yerə möhkəm vurur və bununla da üçüncü mərhələ başlayır. Onun iki keçid əsəri var. Biri “Məhşər”, Digəri “Yanar ürək”dir. Sonra onun zirvəsi olan “İdeal” meydana çıxır. “İdeal”da tarix də, din də, elm də var.

- Belinskinin Qoqola məhşur məktubu var. O bu məktubda Qoqolun mistizmini tənqid edir. Sizsə Belinskidən fərqli olaraq yazıçını təqdir edirsiniz.

Ə. C: Belinski materialist təfəkkürlü adam idi. Mən Belinski olmağa məhkum deyiləm, məcbur deyiləm, heç olmaq da istəmirəm.

- İsa Hüseynovun o yeni mərhələsi, yaradıcılığının mistika tərəfi nə dərəcədə qəbul olunandır?

Ə. C: Mən onu mistika hesab etmirəm, elm hesab edirəm.

Z. Ə: Mən “İdeal”ı ilk dəfə doqquzuncu sinifdə oxumuşdum. Əsəri oxuyandan sonra onun təsiri ilə uzun müddət havalı gəzdim. Sonradan İsa Hüseynov “İdeal”ı ədəbiyyatdan çıxarıb elmə çevirməyə çalışdı. O fikirlər ədəbiyyatın içində qalsa daha uğurlu olardı. Ancaq onun təklif etdiyi konsepsiya araşdırmaların mövzusu ola və davam etdirilə bilər. Amma artıq ədəbiyyatdan çıxıb. Onun “İdeal”dan sonrakı əsərləri də zəngindir. Dil var, fikir var, ədəbiyyat faktı yoxdur. Ona görə də çox mübahisələr doğurur. Ancaq dini kitab kimi yazılsaydı başqa müzakirənin mövzusu olardı.

A. A: İsa Muğannanın istedadı ilə bərabər bəxti orda gətirib ki, O Nəsimiyə və Nizamiyə yanaşmalı olub. O romanları, ssenariləri yazanda sufizmə baş vurur. Sufizm isə okean kimi geniş və dərindir.

- Çox vaxt qapalı çevrələrdə, ədəbiyyat adamları öz aralarında deyirlər ki, İsa Hüseynovda psixoloji pozuntu yaranmışdı.

A. A: Allaha inam məsələsinə fikir verin. Hərə bir cür yanaşır və bunu heç kim dəqiq bilmir. Ən inanclı adam da bilmir ki, allaha necə inanır. İnsan hansı sahəni çox oxuyursa o sahəyə tutunur. İsa Hüseynov sufizmlə, hürufizmlə məşğul olduğuna görə beynində yeni düşüncə yaranmışdı. Elə-belə adam “İdeal”ı yaza bilməzdi. “İdeal”dan başa düşmədiyim şeylər də vardı. Çox qəribə bir mətn qoyub ortaya.

Ə. C: Mən “İdeal”ı iki dəfə oxumağa cəhd eləmişəm. Birinci dəfə universitetin birinci kursunda oxuyurdum. Yarımçıq qoydum. Bəyənmədim, yoruldum və başa düşmədim. Yenidən universitetin üçüncü kursunda nə üçünsə götürüb yenidən oxudum. Üç il ərzində məndə nə dəyişiklik baş vermişdi bilmirəm, ikinci dəfə əsəri su kimi içdim. Ondan sonra üç ay sərxoş kimi gəzdim. Elə bil daima içkili vəziyyətə idim. Elə bil insanlara başqa bir planetdən baxırdım. Mən “İdeal” əsərini başa düşməyənləri və qəbul etməyənləri çox yaxşı başa düşürəm. Çünki o mərhələni mən də yaşamışam. İsa Hüseynovun düşüncəsi ən azı ikiqatlıdır. İsa Hüseynovun “Yanar ürək”lə başlayıb, “Şəppəli” ilə yekunlaşan ikinci mərhələsini qəbul edənlər onun düşüncəsinin birinci qatında ilişib qalanlardır. Onlar “İdealı” ona görə qəbul etmirlər ki, birinci mərhələdə ilişib qalıblar. İsa Hüseynov isə ikinci qata adlayıb keçdi. Məsələn, Əkrəm Əylisli İsa Muğannanın düşüncəsinin birinci qatındadır. O qat ki, mən universitetin birinci kursunda o mərhələdəydim. Mən bu mərhələni üçüncü kursda keçdim. Görünür üçüncü kurs tələbəsi Əkrəm Əylislidən çox bilir.

A. A: İsa Hüseynov deyir ki, mən “Məhşər”i yazanda bir də baxıb gördüm ki, əlim işləyir, beynim işləmir. Onun bəlkə real mənbəyi də var.

Z. Ə: Bir var uydurma, bir də var yazdıqlarına müəyyən sistemi tətbiq etmək. Məncə İsa Hüseynov birdən-birə elə bir güclü enerji dalğasına düşdü ki, onu idarə etməyə gücü çatmadı.

Ə. C: Bu roman Azərbaycan ədəbiyyatında bəlkə də ilk postmodernist romandır. Bütün dinləri tənqid edən Muğanna, bizə yeni din, yeni düşüncə tərzi təqdim edir. “İdeal”da o qədər də böyük yenilik yoxdur. İsa Muğannanın düşüncəsində cənnət də var, cəhənnəm də. O mahiyyət etibarı ilə yad və ya təzə bir şey demir. O köhnə həqiqəti restavrasiya etmək istəyir. İsa Muğannaya görə dil – danışıq dili təhrif olunub. Dili özünün ilkin formasına qaytarmaq lazımdır ki, din düzgün anlaşılsın. Avropa öz materialist qafası ilə bəşəriyyəti uçuruma doğru aparır. Bütün yeniliklər atom bombasına, zəhərli qazlara, hidrogen bombasına aparıb çıxarır. Bu bəşəriyyətin sonuna aparır. Avropa insanı düşünür ki, ən ağıllı adamları Şərqə qayıtmalı, sanskrit dilindəki o elmləri mənimsəməli, yenidən Avropaya qayıdıb bəşəriyyəti xilas etməlidir.

- Əkrəm Əylisli belə bir fikir işlətmişdi ki, Mirzə Cəlili özünə ustad hesab edən yazıçı “Ölülər”dən sonra belə bir əsər yaza bilməz...

Ə. C: Niyə İsa Muğannanın eləyə bildiyini o biri yazıçılar edə bilmədi? Çünki İsa Muğanna Nəsimiyə, Nizamiyə qayıtdı. Sufizmi öyrəndi. Məsələn, Nizaminin “İsgəndərnamə” əsərində Muğannanın “İdeal” romanının bütün konturları var. İsgəndərin hüzurunda Aristotellə Platon yarışırlar. Aristotel tütək çalan kimi adam yıxılır ölür. Platon deyir onu dirilt. Aristotel deyir ki, mən onu dirildə bilmirəm. Platon da cavab verir ki, mən bilirdim sən mənim üzümə ağ olacaqsan. Ona görə də sənə öldürməyi öyrətmişdim, ancaq diriltməyi öyrətməmişdim. Sonra tütək çalır və adam dirilir. Bütün yazıçılar Aristotel səviyyəsinə, öldürmək səviyyəsinə qədər gedir. Platon səviyyəsi, diriltmək onlarda yoxdur. İsgəndərin içdiyi şərab dirilik suyunun ironik variasiyasıdır. Şeyx Nəsrullah İsaya ironik variasiyadır. Şeyx Nəsrullahın obrazı ilə İsanın üstündən xətt çəkilir. Bütün 2000 illik ölməzlik məsələsi boş şeyə çevrilir. 2000 ildir ki, insanı aldadıblar. Bu Mirzə Cəlilin nəticəsidir. Mən Mirzə Cəlilin yox, Muğannanın nəticəsi ilə razıyam. O deyir ki, insanın dirilmək şansı var. Əslində heç bir yeni söz yoxdur dünyada. Bütün mövzular köhnədir. İsa Muğannanın hər cəhdi unudulmuş köhnə həqiqəti bərpa etmək və bizə xatırlatmaqdır.

Z. Ə: Bütün böyük yazıçıların görəvi, vəzifəsi yeni konsepsiya ortaya qoymaqdır. İsa Muğanna bu baxımdan bizim ədəbiyyatda azsaylı yazıçılardan biridir. Yazıçılar məqsədə getməyin konsepsiyasını verir. Bu baxımdan Muğanna sonrakı mərhələdə ədəbiyyatdan ayrılır.

Ə. C: Elmiliklə bədiiliyin vəhdəti postmodernizmdir.

Z. Ə: Digərlərində balans gözlənilir. Muğannada isə yalnız bu söhbətlərdir. Bu baxımdan o ədəbiyyatdan uzaq düşür. Amma mənim üçün bu çox maraqlıdır. Mən də o əsəri 90-larda oxumuşam. Bu əsərin uzun müddət müzakirə olunması, təsadüfi deyil.

Ə. C: Muğanna son əsərlərində ölməzlik məsələsini qoyur. O öz ölümü ilə yenidən dirildiyini təsdiq edir.

Z. Ə: Mən hesab edirəm ki, Muğanna dönə-dönə müzakirə olunmalıdır. Alimlər bu işə cəlb olunmalıdır. Bu bizə yeni qapılar aça bilər.

- İsa Muğannanı başqa dillərə tərcümə eləsək hansı problemlər yarana bilər?

Z. Ə: “İdeal”a qədərki əsərlər tərcümə oluna bilər. Tərcümə mümkündür. Amma bu Azərbaycan xalqı üçün verilən bir konsepsiyadır. Məsələn, Kafka yəhudi xalqı üçün bir konsepsiyadır. Nitsşe alman xalqının ruhuna yaxındır. Nə qədər çətin olsa da, tərcümə etmək mümkündür.

Ə. C: Muğannanın “İdeal”ında belə bir cümlə var. “88-ci ildə Nuhun tufanı qopacaq.” 1986-cı ildə oxuyanda düşünürdüm ki, bunun başı xarabdır, nədir? Mən onu hərfi mənada qəbul etmişdim. İki ildən sonra - 88 – ci ildə hadisələr başlayanda başa düşdüm ki, o neçə il öncə bu hadisələrdən danışırmış. O əsərdə çox şeylər məcazi mənadadır.

A. A: İsa Hüseynov təkcə Azərbaycan ədəbiyyatında deyil, dünya ədəbiyyatında da möcüzədir.

- SON -

Hazırladı: Cəlil CAVANŞİR

# 10046 dəfə oxunub

Oxşar xəbərlər

Tanrının fil sümüyündən yaratdığı canlı - Kişi qadını mələyə necə çevirir?

Tanrının fil sümüyündən yaratdığı canlı - Kişi qadını mələyə necə çevirir?

12:00 19 dekabr 2024
Qafiyədən çəkdiyimiz zülm... - Şeir necə təhlil olunmalıdır?

Qafiyədən çəkdiyimiz zülm... - Şeir necə təhlil olunmalıdır?

15:35 18 dekabr 2024
"İki kor, bir dəli oğlu olan ana növbəti dəfə hamilədir..." - Dahi bəstəkara görə özünə qəsd edən uşaq kim idi?

"İki kor, bir dəli oğlu olan ana növbəti dəfə hamilədir..." - Dahi bəstəkara görə özünə qəsd edən uşaq kim idi?

17:00 16 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
#
#
# # #