ELTV-nin rəhbəri: “Cəbhə xəttindən ən yeni xəbəri tamaşaçı birinci bizdən alır”

ELTV-nin rəhbəri: “Cəbhə xəttindən ən yeni xəbəri tamaşaçı birinci bizdən alır”
28 fevral 2014
# 08:30

Keçən həftə Yevlaxa səfərim zamanı qaldığım məkanda televizor həmişə izlədiyim kanalları göstərmədiyindən məcburən yerli ELTV-yə baxmalı oldum. Gözləntilərimin əksinə xəyal qırıqlığına uğramadım. “Könüllə könüllü” hərbi proqramı lakonikliyinə, rubrikalarına və ritorikadan uzaqlığına görə, “RegiONlayn” proqramında isə məktəblərdən çəkilən şərhsiz süjetlər diqqətimi çəkdi.

Baş direktoru İqbal Məmmədəliyev ELTV-ni sıfırdan formalaşdırıb. Bu günlərdə telekanal artıq 5 yaşını qeyd edəcək.

İ. Məmmədəliyev AZTV də, “Lider” telekanallarında çalışıb. İki yüzdən çox müxtəlif televiziya verilişinin, 60-dan çox sənədli filmin müəllifidir. Beynəlxalq kinofestivallarda mükafata layiq görülüb. İ.Məmmədəliyev eyni zamanda bir neçə bədii filmin (“Tbiliso”, “Sərçələrin payı”) prodüseridir.

- Sizin telekanalın konsepsiyası digər region tv-lərindən nə ilə seçilir?

- Televiziyanın şüarı “Elimizin kanalı”dır və bir növ bölgənin ictimai televiziyası kimi fəaliyyətə başlamışıq. Əhatə dairəmizdə olan bütün rayon, şəhər və kəndləri təmsil etmişik, problemlərini gündəmə gətirmişik və xeyli nəticələr əldə etmişik. ELTV öz proqram siyasətini apararaq yayım setkasını bölgənin spesifik xüsusiyyətlərinə görə tərtib edir. Məsələn, “prime time” dediyimiz vaxt Bakı və digər şəhərlərdən fərqli olaraq Aran bölgəsinin təbiətinə və fəsillərə görə dəyişir. Yay aylarında Bakıda günorta saatları azbaxımlı sayılırsa, Aranda günün istisi əhalini evə çəkilməyə məcbur etdiyindən bu ən yaxşı yayım vaxtı kimi öz əksini tapır.

2013-cü ilin payızından ölkənin müxtəlif cəhətlərində fəaliyyət göstərən regional televiziya kanalları ilə əməkdaşlığa başlayıb daha fərqli – şəbəkə konsepsiyası üzərində çalışmağa başladıq. İnternet, kabel televiziyaları ilə bizi izləyənlərin sayı artdığına görə onların marağını, diqqətini cəlb edəcək regional televiziyalar şəbəkəsi yaradıb vahid yayım konsepsiyası ilə xalqa mədəni xidmət göstəririk.

- Başqa region televiziyaları ilə əməkdaşlıq edirsiz?

- Qərb bölgəsindən TTV, KəpəzTV, Şimal-Qərb bölgəsində Kanal S, Şimal bölgəsində RTV, Cənub bölgəsindən CTV, Bakıdan isə Azad Azərbaycan Televiziyası ilə əməkdaşlıq edirik. İnformasiya mübadiləsi aparırıq. Azərbaycan və eləcə də Cənubi Qafqaz üçün prioritet hadisələri işıqlandırmaqdan ötrü bu əməkdaşlıq faydalıdır. Bunlardan əlavə Bakıda Regional Televiziyaların İstehsalat Birliyinin təsisçilərdən biriyik, onun imkanlarından da geniş yararlanırıq.

- Yerlərdə ELTV-in reytinqi necədir?

- Təvazökarlıqdan kənar çıxmasın, bölgələrdə yerli televiziyalar paytaxtdan yayımlanan telekanallar ilə rəqabətə girəcək bir səviyyədə çalışır və reytinq göstəriciləri də qənaətbəxşdir. ELTV Mərkəzi Aran bölgəsi və Qarabağ müharibəsində işğal olunmuş ərazilərə qismən yayımlanır. Cəbhə xətti ilə bağlı ən yeni xəbəri tamaşaçı birinci bizdən ala bilər. Ümumiyyətlə yerlərdə regional kanallar (məsafə qısa olduğundan) hadisəni çəkib ötürərək mərkəzi kanallardan daha operativ çatdıra bilirlər. Dəfələrlə şahidi olmuşam ki, bölgənin həyatındakı yenilikləri regional telekanallar daha tez yayımlayır.

- Bildiyimə görə, ELTV -nin bazasında bir neçə bədii film də çəkilib.

- Sənətim rejissorluq olduğuna görə ELTV-də ənənəvi olaraq sənədli və bədii filmlərin istehsalına maraqlı olmuşam. İndiyə kimi 100-dən çox müxtəlif mövzulu sənədli filmlər, 2 qısametrajlı bədii film çəkə bilmişik. Gələcəkdə bu işi daha mükəmməl şəkildə davam etdirəcəyik.

- Efirdə hansı verilişlər yer alır?

- Efirə yayımlanan verilişlər təkcə bölgə tamaşaçıları üçün deyil, həm də xaricdə yaşayan soydaşlarımızın maraq dairəsi nəzərə alınmaqla hazırlanır. Ənənəvi olaraq ELTV-nin də səhər proqramı, gənclər üçün tok-şoular, intellektual verilişlər, uşaq verilişləri və s. var. Verilişlərin əksəriyyətində “ümumidən-xüsusiyə” prinsipi qorunur. Müzakirə olunan mövzular, mövcud problemlər regionu özündə əks etdirir.

- Milli telekanalların əsas problemlərindən biri peşəkarlıq məsələsidir. Bu problemi necə həll edirsiz?

- Nəzərə alsaq ki, ELTV Aran bölgəsini əhatə edən ilk televiziyadır, o zaman kadr hazırlığı məsələsi ön plana çıxır. Televiziya yayıma başlayana qədər artıq bir neçə regional televiziya fəaliyyətdə idi. Kadrların ilkin təcrübə qazanması üçün biz əməkdaşları mütəmadi həmin kanallara ezam edirdik. Bakıda keçirilən təlimlərə göndərirdik, özümüz təlimlər təşkil edirdik. Gələcəkdə xarici ölkələrdən mütəxəssislər dəvət edib regional treninqlər təşkil etmək niyyətindəyik.

- Paytaxtdan Yevlaxa gəlib bura uyğunlaşmaq çətin olmadı ki?

- Mən əvvəllər rejissor kimi fəaliyyət göstərdiyim zaman Azərbaycanı qarış-qarış gəzmişdim. Müxtəlif mövzulu filmlər çəkmişdim. Hər rayonun, şəhərin özünəməxsusluğunu müşahidə etmişdim. Bu sarıdan Yevlaxa adaptasiya olmaq çətin olmadı. Ölkənin hər qarışı mənə əzizdir. Bəlkə də Vətən burdan başlayır...

- İqbal, ixrisasca rejissorsan, bir müddət müxtəlif telekanallarda da çalışmısan. Ümumən, bizim telerejissuramız haqda fikirlərin maraqlıdı.

- Peyk və kabel televiziyaları ilə yayımlanan proqramları izləyən tamaşaçını təəccübləndirmək asan deyil. Bu məsuliyyət birinci növbədə rejissorun – moderatorun üzərinə düşür. Bu günün rejissoru zamanın tələblərinə uyğun olaraq texniki biliklərə də malik olmalıdır ki, öz fikrini həyata keçirəndə onların tətbiqini yerli-yerində həyata keçirsin. Bu gün rəqəmsal full HD formatı və onun texniki üstünlüklərini bilməyən rejissor rəqəmsal yayım formatında məhsul hazırlaya bilməz. Hədəf kütləsini nəzərə alıb cidd-cəhdlə çalışmaq lazımdır ki, tamaşaçı sənin məhsulunu peykdə yayımlananlardan aşağı saymasın.

- Sən əvvəllər film çəkmisən. İndi bir növ məmur kimi fəaliyyət göstərirsən. Planda film çəkmək varmı?

- Deməzdim məmuram. Mən yenə də rejissoram və kollektivlə ünsiyyətimi bu kontekstdə qurmuşam. Bildiklərimi öyrədirəm, bilmədiklərimi də öyrənirəm ki, gələcəkdə yadırğamayım. Bu il qısametrajlı film çəkmək arzum var. Maraqlısı odur ki, vaxt var idi çəkiliş avadanlığı, montaj stansiyası axtarardıq ki, film çəkək, indi ixtiyarımda hər cür avadanlıq və çəkiliş aparmaq üçün imkanlar olsa da buna vaxt ayıra bilmirəm. Aspiranturada götürdüyüm elmi işi bu quruculuğa məmnuniyyətlə qurban verdim. Görünür yenə də nəyisə qurban verməliyəm ki, film çəkim...

# 2779 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #