news-inner
clock12:15 calendar-gray 13 Fevral 2014 view-gray1870 dəfə oxunub
view-gray1870 dəfə oxunub

Şairin bir gözəl günü

Kulis.Az Kənan Hacının tərcüməsində İtalo Kalvinonun “Şairin bir gözəl günü” hekayəsini təqdim edir.

Balaca adanın sahillərini hündür, sıldırım qayalar dövrələyirdi. Yuxarıda, yaxınlıqda dəniz olmasına baxmayaraq müqavimət göstərib boy atan sıx və alçaq kollar bitmişdi. Göydə qağayılar uçurdu. Sahilə yaxın balaca, boş və kimsəsiz bir adaydı. Onu adicə bir qayıqda, ya da indi sakitcə avar çəkən o kişiylə uzanıb özünü günə verən qadının üzdüyü rezin qayıqda yarımca saata dövrələmək olardı. Adaya yaxınlaşarkən kişi dayanıb diqqətlə qulaq asmağa başladı.

- Nəyə qulaq asırsan? - deyə qadın soruşdu.

- Sükuta,- kişi cavab verdi. Adalarda həmişə eşidilən bir sükut olur.

Doğrudan da, hər bir sükutda onu bürüyən zərif səslər toru var. Adanın sükutu da onu dövrələyən dənizin sakitliyindən seçilirdi, çünki onu bitkilərin xışıltısı, quşların civiltisi, qəflətən açılan qanadların pırıltısı bürüyürdü.

Aşağıda qayaların altında, həmin dalğasız günlərdəki dəniz gözqamaşdırıcı bir maviliklə parlayır, günəşin şüaları sulardan keçərək dənizi dərinliyinə qədər işıqlandırırdı. Qayalarda mağaraların ağzı qaralırdı. O iki nəfər də mağaralara baxmaq üçün tənbəl-tənbəl o tərəfə üzürdülər.

Bura ölkənin cənub sahilləri, turistlərin ayağı az dəymiş bir yer idi. O iki nəfər isə çimmək üçün, dincəlmək üçün buraları seçmiş gəlmə adamlar idi. Uznelli tanınmış şair, Delia N isə gözəl bir qadındı.

Delia cənubun əsl vurğunu idi, onu dəlicəsinə sevirdi. İndi qayıqda uzanmışkən ətrafda gördüklərindən heyrətlə danışır, hətta bu yerlərdə təzə adam olan və onun heyrətinə o qədər də şərik çıxmayan Uznelli ilə bu barədə sanki mübahisə də edirdi.

- Gözlə, - deyə Uznelli söyləyirdi, - bir az da gözlə.

- Nəyi gözləyim? Axı sənə bundan da gözəl daha nə lazımdır? - deyə Delia etiraz edirdi.

Hisslərə və başqaları tərəfindən deyilmiş sözlərə inam bəsləməyən (öz təbiətinə və təfəkkür tərzinə görə) məlum və şəksiz gözəllikdən daha çox gizlin və tanınmamış gözəlliyi axtaran Uznellinin əsəbləri daim gərgin olardı. Onunçün xoşbəxtlik daimi tərəddüddə, nəfəs çəkmədən yaşamaqda idi. Delianı sevdiyi vaxtdan bəri həyata təmkinli münasibətinin təhlükədə olduğunu görürdü, amma heç nədən - nə özündən, nə də qarşısında açılan bu xoşbəxtlikdən keçmək istəmirdi.

İndi o, daim nəyinsə intizarında idi, sanki təbiətin yetişdirdiyi bu kamilliyin hər pilləsi-suların oynaq maviliyi də, sahilin tutqun boz rəngə çalan yaşıllıqları da, dənizin ən durğun yerində su səthini yaran balıq üzgəcinin titrəyişi də, başqa, daha yüksək bir pillənin ərəfəsi idi. Bu pillədə üfüqün gözəgörünməz xətti, sanki mərcan qabının ağzı kimi açılır, bir anın içində yeni bir dünya görünür və ya yeni bir söz eşidilirdi.

Qayıq bir mağaraya girdi. Mağaranın geniş ağzı suları mavi-yaşıl rəngli gölə açılır, üstü hündür, qaya qübbə ilə örtülürdü. Bir qədər irəlidə mağara daralıb qaranlıq keçidə çevrilirdi. Uznelli işığın müxtəlif çalarlarına baxıb zövq almaqdan ötrü qayığı öz oxu ətrafında fırladırdı. Bayırdan, qübbənin qopub düşmüş açıq yerindən mağaranın qaranlığı ilə təzadda, daha rəngarəng işıqlar parlayırdı. Orda sular bərq vurur, tavanda işıq topaları əks olunur, irəlidən onlarla təzadda yumşaq kölgələr uzanırdı. İşıq zolağı və parıltılar mağaranın divarlarında titrəyib suların titrəyişini də əks etdirirdi. Delia dedi:

- Burda allahları dərk edirsən.

- Hm, -deyə Uznelli təsdiq etdi.

O əsəbiləşirdi. Hissləri sözə çevirməyə adət etmiş şair indi bircə söz belə ifadə edə bilmirdi.

Onlar bir qədər də irəli üzdülər. Qayıq saydan, xırda sualtı qayadan adladı. İndi onlar avarlar çəkildikcə görünüb yoxa çıxan tək-tük işıq zolaqları arasıyla üzürdülər. Ətrafsa qaranlıq idi. Avarlar elə hey mağaranın divarlarına toxunurdu. Üzü çıxışa tərəf əyləşmiş Delia səmanın daim öz görünüşünü dəyişən mavi gözünü görürdü.

- Xərçəng! Yekə xərçəng! Bax, orda! –deyə Delia yerindən qalxaraq çığırdı.

- ...çəng! daaa!- əks-səda gurladı.

- Əks-səda,- Delia sevincək, üzünü tavana doğru tutub ucadan dua sözləri, şeir misraları,- fikrinə nə gəldi oxumağa başladı.

- Sən də! Sən də çağır, ürəyində bir arzu tut, əks-sədanı çağır,-deyə o, Uznelliyə müraciət etdi.

- O... o... o... Eheyyy...- Uznelli ucadan əks-sədanı səslədi.

Qayıq elə hey divarlara toxunur, qaranlıq daha da artırdı.

- Qorxuram. Kim bilir, burada nə qədər heyvan var, - deyə Delia təşvişə düşdü.

- Bir qədər də gedək.

Uznelli hiss etdi ki, onu dərin sularda yaşayan, işıqdan qaçan balıq kimi nəsə elə hey qaranlığa doğru çəkir.

- Qorxuram, qayıdaq,- Delia təkid etdi.

Düzü, qorxulu şeylərdən zövq almaq Uznelliyə də yad bir hiss idi. O, qayığı geri döndərdi, mağaranın genişləndiyi yerə, dəniz suyunun tünd mavi rəngdə olduğu yerə qayıtdılar.

- Burada səkkiz ayaqlı ilbiz olmur? –Delia soruşdu.

- Olsaydı, görərdik. Su şəffafdır.

- Onda mən çimirəm.

Delia qayıqdan sürüşüb suya girdi, təkanla qayıqdan aralanıb bu yeraltı göldə üzməyə başladı. İndi onun bədəninin rəngi gah ağ (elə bil işıq şüaları bədəninin bütün rənglərini silib aparırdı), gah da onu bürüyən suların rəngi kimi maviyə çalırdı.

Uznelli daha avar çəkmirdi. O, yenə nəfəs çəkmədən yaşayırdı. Onunçün Delianı sevmək həmişə bu cür, bu mağara gölünün ayna suları üzərində, sükut dünyasında olmaq demək idi. Yeri gəlmişkən deyim ki, onun bütün şeirləri arasında bir dənə də sevgi şeiri yox idi.

- Yaxına üz,-deyə Delia onu səslədi.

Delia suda dayanaraq sinəsini örtən nazik, zərif parçanı açıb qayığa tulladı.

- Gözlə...

O, budlarını örtən o biri parça qırığını da soyunub Uznelliyə ötürdü.

İndi Delia tamam çılpaq idi. Sinəsindəki və budlarındakı gün dəyməmiş xətlər demək olar ki, görünmürdü, çünki indi onun bədənini meduzanınkı kimi mavi bir parıltı işıqlandırırdı. O, yanı üstə, tələsmədən üzürdü. Sudan təkcə onun başı, hərdənbir də kürəyinin dairəvi və irəli atılmış qolunun yüngül cizgiləri görünürdü. O biri qolu zərif hərəkətlərlə, ucları gərilmiş hündür döşlərinin üstünü gah açır, gah da örtürdü. Ayaqları tələsmədən suda oynayır, qum üstündəki yumşaq izə oxşayan göbəyinin göründüyü hamar qarnını və canlı dəniz varlığına bənzəyən qara ulduzu sezdirirdi. Günəşin şüaları suyun altında əks olunaraq onun bədənini bürüyür, çılpaqlığını gah örtür, gah da tamam büruzə verirdi.

İndi Delia sanki üzmür, rəqs edirdi. O, suyun içində, Uznelliyə gülümsəyərək kürəklərini və qollarını dairəvi hərəkətlərlə rəqs etdirərək əllərini ona tərəf uzadırdı. Dizlərini qatlayanda isə balaca balığa oxşayan qövsşəkilli, xırda ayağı sudan çıxıb görünürdü.

Qayıqda oturmuş Uznellinin bütün nəzərləri Deliaya dikilmişdi. O başa düşürdü ki, indi taleyinin ona bəxş etdiyi bu gözəlliyi görmək, günəşin ən parlaq guşələrini seyr etmək kimi hər adama qismət olmayıb. İndi orda, günəşin parlaq dərinliklərində sükut hökm sürürdü. Bu an burda baş verənləri heç nə ilə, xatirə ilə də ifadə etmək mümkün deyildi.

İndi Delia arxası üstə, günəşin şüaları altında mağaranın çıxışına tərəf üzürdü. O, əllərini yavaşca tərpədərək açıqlığa doğru irəliləyir, üzdüyü sular öz maviliyini dəyişir, daha da parlaq, daha da işıqlı olurdu.

- Ehtiyatlı ol! Geyin! O tərəfdən qayıqlar yaxınlaşır.

Delia artıq mağaranın ağzındakı qayaların arasıyla, açıq səmanın altında üzürdü. O, dərhal çevrildi, suya çöküb əlini uzatdı. Uznelli həmin parça qırıqlarını ona ötürdü. Delia suyun içində geyinib ayağa qalxdı.

Yaxınlaşan qayıqlar balıqçıların idi. Uznelli onlardan bəzisini üzdən tanıyırdı. Onlar bu qayalıqlarda, açıq havada gecələyən, bütün balıq mövsümünü bu yerlərdə keçirən bədbəxtlərdən idilər. Uznelli qayığı onlara tərəf sürdü. Avar çəkən cavan bir oğlandı, dişi ağrıdığından görkəmi çox tutqundu. Ağ dənizçi papağını gözünün üstünə qədər çəkmişdi. Elə qəzəblə avar çəkirdi ki, elə bil hər avar çəkildikcə onun ağrısı azalırdı. O, beş uşağın atası, ümidsiz həyat keçirən bir adamdı. Dal tərəfdə, sükanın arxasında yaşlı kişi əyləşmişdi. Meksikasayağı həsir papağının ətəkləri arıq sifətini və çüxura düşmüş yumru gözlərini parlaq halə kimi dövrələyirdi. Bir vaxt bu gözlərdəki cavanlıqdan gələn lovğalıq indi yalnız gülünc sərxoş baxışlarına çevrilmişdi. Hələ ağarmamış sıx bığları açıq qalmış ağzının üstündən sallanırdı. O, indicə tutduğu kefal balığını təmizləməklə məşğuldu.

- Ovunuz yaxşıdırmı?- Delia ucadan soruşdu.

- Pis deyil,- balıqçılar cavab verdi,- mövsümdən asılıdır.

Yerli adamlarla söhbət etməkdən Delianın xoşu gəlirdi. Uznellininsə yox. (“Onların qarşısında özümü elə hiss edirəm, sanki vicdanım təmiz deyil”- deyə o, çiyinlərini çəkərək, fikrə gedib söyləyərdi.)

İndi rezin qayıq balıqçıların qayığı ilə yan-yana üzürdü. Balıqçıların qayığı rəngini itirmişdi. Xırda çatdaqlardan cadar-cadar olmuş kənarları aydın görünürdü. Kəndir parçası ilə yerinə bərkidilmiş avarlar hər dəfə suya girib çıxdıqca qayığın kənarlarına dəyib cırıldayırdı. Ensiz skamyanın altından dördqarmaqlı lövbər görünürdü. O, kim bilir, nə vaxtdan tora yapışmış qırmızımtıl dəniz otlarının basdığı hörmə söyüd torunun içində ilişib qalmışdı. Kənarlarına yumru, probka qaravullar düzülmüş, taninlə rənglənmiş tor topalarının üstündə gah tutqun boz, gah da parlaq firuzəyi rəngli pullarının tikanlı zirehləri parlayan balıqlar vurnuxur, hər titrəyişdən açılan qəlsəmələrin altından qanlı üçbucaqlar qızarırdı.

Uznelli yenə də sükuta qərq olmuşdu. Lakin indi insan dünyasi ilə üz-üzə gəldiyi zaman onda oyanmış bu sıxıntı bir qədər əvvəl təbiət gözəlliyinin onda oyatmış olduğu sıxıntının tam əksi idi. Onda Uznelli bircə kəlmə belə axtarıb tapa bilmirdi. İndi isə sözlər dəstə-dəstə, yığın-yığın onun beyninə dolurdu. İndi o, sözlərlə qoca balıqçının arıq, qırxılmamış üzündəki hər xırda nöqtəni, hər xırda tükü, kefal balığının üstündəki hər gümüşü pulu belə təsvir edə bilərdi.

Sahilə çıxarılmış başqa bir qayıq üzü üstə çevrilib hündür, çatıq ayaqlı taxta qurğunun üstünə qoyulmuşdu. Onun altındakı kölgəlikdən, gecə dənizə çıxan yatmış balıqçıların yalın ayaqları görünürdü. Yaxınlıqda üzündə bircə ifadə belə oxunmayan, qara paltarlı qadın balaca qazançanı, tüstüsü burulub göyə qalxan bir topa yosunun yandığı tonqalın üstünə qoyurdu. Bu buxtanın sahilləri bozumtul və daşlı idi. Uzaqdan solmuş rənglər kimi görünən ləkələr sahildə oynaşan uşaqların sərilmiş döşlükləri idi. Uşaqlardan lap kiçiklərinə elə hey onlardan şikayət edən böyük bacıları baxırdı. Bir qədər yaşlıları və diribaşlıları isə kişilərin köhnə şalvarlarından biçilmiş qısa tumanda qayaların arasıyla, sahilboyu ora-bura qaçırdılar.

Daha irəlidə sonu seyrək qamışlıqda, becərilməyən torpaqlarda itib gedən hamar, ağappaq və kimsəsiz qum çimərlik uzanırdı. Bayramsayağı, amma papağına qədər qara geyinmiş bir cavan oğlan çiynində boğça bağlanmış ağac torpağın kövrək üst qatını ayaqqabısının dəmir dabanı ilə əzərək sahil boyu çimərliklə irəliləyirdi. Yəqin ki, o, dənizdən qıraqda yaşayan kəndli, ya da çobandı, sahilə də bazarlıqdan ötrü enmiş, yolunu sərin meh əsən sahildən salmışdı. Orda dəmir yolunun relsləri boyunca qum təpələri, dirəklər, arası açıq taxta hasarlar görünürdü, sonra relslər tonnelin girəcəyində birdən itir, bir qədər irəlidə tonnel qurtaran yerdə yenə görünərək əyri xətlər kimi uzanıb gedirdi.

Dəmir yolu boyunca düzülmüş ala-bəzək dirəklərdən yuxarı alçaq zeytun meşəsi uzanır, daha yuxarıda, dağın ətəklərində otlaqlar, kolluqlar, tənha daşlar görünürdü. İki dağ qolunun arasıyla yarğana bitişik balaca bir kənd yuxarıya doğru baş alıb qalxırdı. Ortasında qatır peyininin axıb getməsi üçün düzəldilmiş novlar olan, daş döşənmiş pilləkan kimi qalxan küçələrlə bir-birindən ayrılan, üst-üstə tikilmiş evləri vardı. Bu evlərdən hər birinin qarşısında bir neçə qoca qadın əyləşmişdi. Daş hasarın üstündə isə cavanlı-qocalı – hamısı ağ köynəkdə, sırayla kişilər oturmuşdu. Pilləkənli küçələrin arasında uşaqlar oynayırdı, bir qədər yaşlı oğlan uşaqları yanaqlarını pillələrə söykəyib oradaca uzanıb yatmışdılar. Çünki buranın havası üfunətli evlərinkindən təmiz idi. Hər yer bulud topası kimi uçuşan milçəklərlə, hər divar, ocaqların üstündən asılmış hər qəzet örtüyünün üstü milçəklərin saldığı qara nöqtələrlə dolu idi.

İndi Uznellinin beyninə yeni-yeni sözlər girirdi, bu sözlər bir-birinə sıxılır, bir-birinin üstünə çıxır, misraların arasındakı boşluqlara doluşaraq nəhayət, bir-birinə qovuşurdular. İndi onlar qarışıq bir söz topasına çevrilmişdi, orada bircə dənə də olsun ağ boşluq qalmamışdı,- təksə qara, qapqara söz topası,- zülmət kimi qaranlıq, fəryad kimi ümidsiz.

news-inner-user
Kənan Hacı

193 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əməliyyatdan çıxan aktyor danışdı: “Özümü yaxşı hiss edirəm”
12:10 23 Fevral 2020
İvanın uşaqlığı - Yeni hekayə
17:02 22 Fevral 2020
Ölümündən 1 il ötdü - Kamranın şeirləri
16:11 22 Fevral 2020
Əməkdar artist ölümlə üz-üzə - Təcili pul lazımdır
15:01 22 Fevral 2020
Bakıda “Şanson gecəsi”
13:58 22 Fevral 2020
Meyxananı bayağılıqdan xilas edən 5 parça - Video
13:04 22 Fevral 2020
Azərbaycanlı rəssamın əsərləri Moskvada təqdim edildi
12:03 22 Fevral 2020
Ukrayna və Azərbaycan ulduzları eyni səhnədə
11:04 22 Fevral 2020
Reanimasiyaya yerləşdirilən əməkdar artistdən xəbər var
10:08 22 Fevral 2020
Əsərlərini qanıyla paltarlarına yazan, dili kəsilən məşhur yazıçı
09:00 22 Fevral 2020
Göydən yenən şeirlər – Şərif Ağayar yazır...
21:01 21 Fevral 2020
Bakıda yeni Ədəbiyyatşünaslıq Mərkəzi açılıb
19:30 21 Fevral 2020
Manaf Ağayev polisə çağırıldı
18:53 21 Fevral 2020
“Beş manatlıq gəlin”in premyerası olacaq
18:21 21 Fevral 2020
Kimdir güclü qadın? – Sevinc Elsevər yazır...
17:41 21 Fevral 2020
“Müfəttiş” nümayiş olunacaq
17:00 21 Fevral 2020
Tramp "Oskar" alan filmi tənqid etdi
16:21 21 Fevral 2020
Los-Ancelesdə Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
15:39 21 Fevral 2020
Ölümünə səbəb olduğu qızın qardaşına ərə getdi – Xalq artistindən maraqlı faktlar
14:58 21 Fevral 2020
Yaşar Bünyaddan yeni hekayələr kitabı
14:17 21 Fevral 2020