Sahibkarın sənətkarı dolamağı

Sahibkarın sənətkarı dolamağı
7 yanvar 2014
# 09:00

Kulis.az Kənan Hacının “Sahibkar və sənətkar” hekayəsini təqdim edir.

Bir sahibkar üçün iş görmüşdüm. Buna görə ondan iki min manat almalı idim. Pulun dalınca onun ofisinə getdim. Yumşaq kreslosuna yayxanıb siqar çəkirdi. Zalım oğlunun buxağı qatbaqat idi. Yanaqlarından yağ damırdı. Məni görcək üz-gözünü turşutdu, hiss etdim ki, gəlişim heç ürəyincə olmadı. Dilini sürüyə-sürüyə:

- Sən on gündən sonra bir mənə dəy, - dedi.

Mən də suyum süzülə-süzülə onun kabinetindən çıxdım. Günləri birtəhər yola verib on günün tamamında yenidən “xozeyin”in ofisinə yollandım. Bu dəfə sahibkar özü ofisdə yox idi, onun köməkçisi olan dazbaş, əyri dişli qoca dedi:

- Narahat olma, sən pulunu alacaqsan. Ancaq şef bu gün yoxdu, sabah fırlan, gəl.

- Bəlkə sabah gəldim, yenə olmadı, onda necə olsun? – dedim.

- Onda özüm həll edəcəm. Sən narahat olma. Puluvu alacaqsan.

Ofisdən çıxdım, mağazaya girib nanəli saqqız aldım. Saqqız çox quru idi, onu ağızda uzun müddət yumşaltmaq lazım gəlirdi. Gözlədiyim avtobus gəlib çıxdı və mən avtobusa minib oturarkən sahibkarın ofisinin yerləşdiyi binaya tərəf tüpürdüm.

Sabahı günü ofisə gəldim. Sahibkar yenə yerində yox idi, köməkçisi isə mənə dedi:

- Şef deyəsən bu gün olmayacaq... Bir də ki, sənin hesabın düzgün tərtib edilməyib.

Mən qəzəbdən özümü itirmişdim. Hər şey çoxdan hesablanmış və təkrar-təkrar ölçülüb-biçilmişdi, bu adamın özü hər şeyi on dəfə yoxlamışdı, indi bu hoqqa hardan çıxdı? Bilmədim nə deyim. O, mənimlə elə yumşaq, yaltaq səslə danışırdı ki, matım-qutum qurumuşdu.

- Hər şey düppədüz hesablanıb, - dedim.

Şalvarımın cibindən köhnə bir kağız vərəqi çıxartdım və onunla birlikdə hər şeyi on birinci dəfə hesablamağa başladıq. İşin qiymətini də əvvəlcədən razılaşmışdıq. Sahibkarın ofisində hər iş mənim əlimin məhsulu idi. Haqq-hesab bitəndən sonra köməkçi dedi ki, hə, hər şey düz hesablanıb, bağışla. Sabah gəl.

Mən səsimi bir qədər yüksəldərək dedim:

- Sabah mənim pulumu çatdırın ha!

Köməkçi daz başına sığal çəkib gülümsədi:

- Darıxma. Sabah gəl, puluvu apar.

Ofisdən çıxanda nə saqqız aldım, nə də avtobusa mindim. Evə pay-piyada yollandım. Sabahı günü yenidən ofisə gəldim.

Bu dəfə nə sahibkar, nə də onun köməkçisi ofisdə yox idi. İncə belli katibə əl güzgüsünə baxıb dodaqlarını boyayırdı. Sahibkarın nə vaxt gələcəyini soruşdum. Laqeydcəsinə çiynini çəkdi:

- Müdir adamdı, gedəndə demir ki, nə vaxt gələcəyəm.

- Bəs köməkçisi?

Bu dəfə katibə gözlərini güzgüdən ayırıb üstümə bozardı:

- Görürsən ki, yoxdu daa. Mən nə bilim hardadır?

Bu dəfə heç nə demədən qapını açıb dəhlizə çıxdım. Dəhlizdə “xozeyin”in yaxın dostlarından biriylə rastlaşdım, ondan soruşdum ki, siz bilərsiniz, müdir haçan gələcək?

- İndilərdə gələr, - dedi.

Həyətə çıxıb gəzişməyə başladım. Təxminən üç saata qədər ofisdə onu gözlədim. Nə özü gəlib çıxırdı, nə də köməkçisi. Əsəbimdən dilim dodağımı gəmirirdi. Çıxıb getmək istəyirdim ki, ağ “Lexus”un həyətə girdiyini gördüm. Sahibkar maşından düşə-düşə üzümə gülümsəyib hal-əhval tutdu:

- Sənətkar, nətərdi vəziyyət?

- Necə olacaq? Pulsuzluqdu... – dedim.

Əliylə kürəyimə vurdu:

- A kişi, pul düzələn şeydi. Darıxma.

- Qarşıdan da yeni il gəlir, evə bazarlıq eləməliyəm...

- Düzələcək! Sabah yox, birisi gün səhər saat 11-də burda ol. İndi kassir yoxdu, onun da uşağı xəstədi, məndən iki günlük icazə alıb. Hə, danışdıq?

Elə bil başıma qaynar su tökdülər.

- Müdir, mənim evə çörək almağa pulum yoxdu...

Bir anlıq duruxdu, ayaq saxladı, nə fikirləşdisə, əlini cibinə salıb şax bir əlilik çıxarıb ovcuma basdı:

- Bununla birtəhər elə. Amma birigün gəl...

Sahibkar bunu deyərək çevrilib otağına tərəf getdi. Çölə çıxıb avtobus dayanacağına doğru addımlamağa başladım. Dayanacağa çatanda yadıma düşdü ki, birisi gün dekabrın 31-idir. Bayram axşamı ofisdə kim olacaq? Bu adam deyəsən, məni dolayır. Təzədən ofisə qayıtdım ki, ona birigün bayram axşamı olduğunu xatırladım. Həyətə adlayanda maşının yeri boş idi. Sahibkar artıq getmişdi.

Qəbul otağına keçdim. Katibə hələ də bəzək-düzəyilə məşğul idi.

- Bağışlayın, narahat edirəm. Birisi gün ofisdə kimsə olacaq? Yəni kassirdən-zaddan...

Katibə üzümə baxmadan:

- Bir həftə heç kim olmayacaq! – dedi.

# 3090 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #