Anaya oğul qurbanı

Anaya oğul qurbanı
28 dekabr 2013
# 14:33

Rəşadət Seyidov

Həkimin Əliyə dediyi sözlər onu dəhşətli dərəcədə sarsıtdı. Anası xəstə idi, ağır xəstə idi və 2 ay müddətində müalicə almasa, öləcəkdi. Müalicə üçün 2000 manata lazım idi. Əli evə qayıtdı, bir neçə paltarını əl çantasına yığdı və sübh tezdən şəhərə yola düşmək üçün hazırlaşdı.

Anası ilə xəstəxanada sağollaşdı. Dostu yaxşı bir işdə işləyir dedi. Onu da həmin yerdə işləməyə çağırmışdı. Anasını inandırdı ki, yaxşı pul qazanıb qayıdacaq. Yalan deyirdi. Əli nə iş olsa görəcəkdi və anasının müalicəsi üçün lazım olan pulu əldə edəcəkdi. Otağına keçdi, qapını arxadan kilidlədi və tez də yuxuya getdi.

Gecənin yarısı atasının səsinə oyandı. Atası bərk içmişdi. Evi alt-üst etmişdi. Əli buna məhəl qoymayıb başını balışın altına soxdu və yatmağa davam etdi. Səhər Əli bir neçə iş yeri ilə maraqlandı. İlk öncə restoran və kafelərə getdi. Düşünürdü ki, həm orda işləyər pul qazanar, həm bir qarın yeməyi olar, həm də ki, gecələri orda qalar. Çox az pul xərcləyər və daha çox pul yığar. Yayın 37 dərəcə istisində Əli küçə-küçə gəzir və iş yeri axtarırdı. Kafe və restoranlarda iş olmadı. Qərar verdi ki, gedib yeni tikilən binaların birində fəhlə işləsin, vaxt gedir, çıxış yolu tapmaq lazımdır.

Nəhayət, şəhərin qıraq yerində yeni tikilən binaların birində Əli fəhləliyə başladı. Əlinin qalacaq bir yeri yox idi. Yay fəsli olduğundan o qərara gəldi ki, elə bina otağının birində yatar. Soyuq yox, yağış yox. Əli səhər 7-də işə başlayır, axşam saat 8-də işini bitirirdi. Hər cür iş görürdü. Sement, qum, taxta daşıyır, ustaların tapşırığını yerinə yetirirdi. Bu zəhmətin qarşılığında o, gününə 12 manat pul alırdı. 2 manatını gündəlik ərzağa, geri qalanını da anasının əməliyyatı üçün yığırdı. İki həftə işlədikdən sonra o qərara gəldi ki, gecəni də başqa bir işdə işləsin. Gündəlik 12 manat pul çox az idi. Belə getsə pulu yığa bilməyəcək. O restoranlarının birində gecə növbəsində qabyuyan kimi işə düzəldi. İndi o axşam saat 8-ə kimi fəhlə, gecə saat 10-dan səhər 6-dək qabyuyan işləyirdi. Restoranda ona 15 manat pul verirdilər. Bu nisbətən yaxşı idi. Əli durmadan işləyir, anasını üçün pul yığırdı.

Şəhərə gəldikdən 1 ay yarım sonra o müalicə üçün lazım olan pulu yığmışdı. Ancaq o əvvəlki kimi deyildi. Tamamilə arıqlamış, beli bükülmüş və gözlərinin altı qaralmışdı. O hiss edirdi ki, daha taqəti qalmayıb. Kəndə qayıtmalı, yığdığı pulu anasının əməliyyatı üçün xərcləməli idi. İkinci ayın bitməyinə 5 gün qalmış Əli kəndə qayıtmağı qərara aldı.

İşini bitirdikdən sonra həmişəki kimi kardon kağızların üzərində yuxuya getdi. Səhər oyandığında üstü-başı tamamilə qan içində idi, burnu qanamışdı. Başı bərk ağrıyır, mədəsi bulanırdı. Vəziyyəti yaxşı deyildi. Binadan enərkən son dəfə 18-ci mərtəbədən şəhərə baxdı. Şəhər yeni doğan günəşlə qaynayıb qarışırdı. Əli tez-tez yuxarı mərtəbədən şəhərə baxardı. Dərin ahlar çəkərdi. Şəhərə baxarkən o düşünürdü: “Çoxları deyir ki, bu şəhər çox gözəldir. Amma belə deyil axı. Mənim anam xəstədir. Mən özüm çox acam, belim bükülüb, ağrıdan gecələri yata bilmirəm. Gözlərimdə elə bir kədər var ki, sanki 40 il əzab çəkmiş bir insanam. Mənim gözümdə bu şəhər sonsuz əzablar məskənidir .Mən günəşi də sevərdim uşaqlıqda, amma indi nifrət edirəm ona. Ağır sement kisələrini belimdə yuxarı mərtəbələrə qaldıranda o qaynar istisi ilə mənim başıma elə vurub ki, məni xəstə edib...”

İki aylıq ayrılıqdan sonra Əli kəndə - anasının yanına qayıtdı. Anası üzülüb əldən düşmüşdü. Əli anasına baxanda düşündü ki, yəqin çox az ömrü qalıb...Bu fikir onun ruhuna əzab verirdi... Anası da Əliyə baxıb eyni hissləri keçirirdi. Əli əvvəlki Əli deyildi, xəstə hal almışdı. O, anasının əlini əlinə aldı. Anası Əlinin əllərini görüb hönkürtü ilə ağlamağa başladı. Əlinin əlləri əzilmiş, dırnaqlarının bəzisi qırılmışdı. Əllərinin üstündə kəsik yerləri vardı. O tez əllərini gizlətdi, bərk-bərk anasını qucaqlamağa başladı və dedi: “ Ana! Səni elə bu gün əməliyyat etdirəcəm və sən sağalacaqsan. Lazım olan qədər pul yığmışam. Sən sağalacaqsan”.

Anası çox sevinirdi, sevincindən ağlayırdı. O sağalacaq və oğlu ilə xoşbəxt yaşayacaq. Oğlunun ali təhsil almasına kömək edəcək. Oğlunu boya başa çatdırıb onun üçün toy edəcək. O, oğlu üçün hər şey edəcək. Bu düşüncələr anaya qüvvət verdi və oğlundan onu xəstəxanaya aparmasını istədi. Əlinin də halı yaxşı deyildi, onun qızdırması var idi. Ayaqda dayanmağa taqəti yox idi. Tez-tez qan açılırdı burnundan. Nəhayət o, özündə qüvvə hiss edib anasını xəstəxanaya apardı. Bir neçə saatdan əməliyyat başladı. Bu müddətdə Əli xəstəxananın dəhlizində oturmuşdu və sakit-sakit ağlayırdı. Anasını düşünürdü, özünü düşünürdü. Onun nəfəsi ağır gedib gəlirdi. Başı hərlənir, mədəsi bulanırdı. Qızdırma onu daha da taqətdən salırdı.

Əməliyyat 5 saat davam etdi və uğurla başa çatdı. Həkim şad xəbəri Əliyə deyəndə o dizləri üstə çökdü və bağıraraq deyirdi: “Allah! Başqasını yaşatmaq üçün bir başqasını niyə öldürürsən?! Anamı yaşadacaqsan bəlkə, amma mən ölürəm, mən öləcəyəm. Hiss edirəm bunu. Bəs anam buna necə dözəcək, Allah?! O da öləcək...O da öləcək, Allah! .”

Əli bir neçə saatdan sonra anasının yanına getdi. Onu qucaqlayıb öpdü. Onun üzündəki sevinci gördü və bir anlıq xoşbəxt olmağa cəhd etdi, amma bacarmırdı. Onun xoşbəxt olmaq üçün taqəti qalmamışdı. Anasının gülüşü, üzündəki həyat eşqi, inam Əlinin həyatı bahasına başa gəlmişdi. Ana xoşbəxt idi.

Əli evə qayıtdı. Atası səhər tezdən içib yatmışdı. Heç nədən xəbəri yox idi. O yeriyən şərab şüşəsi idi. O şərab ki, ancaq bədbəxtlik verir ətrafına, ölüm, nifrət, lənət verir ətrafına. O atasının halına görüb əzab çəkdi. Nifrətlə söydü onu və qapını çırpıb digər otağa keçdi. Heç nə yeməmişdi günortadan bəri. Heç iştahası da yox idi. Halı çox pis idi. Və bir başa yatağına uzandı və həmin an da yuxuya getdi...

Bu, Əlinin son yuxusu idi. Səhər tezdən atası Əli yatdığı otağın qapısı bərk-bərk döydü. Şərab pulu almaq üçün onu oyatmaq istəyirdi. Qapı arxadan bağlanmışdı. Qapı arxasından söyüşlər yağdıran dəyyusun səsinə səs verən yox idi və o təpiklə qapını sındırmağı bacardı. Əlinin yatağını görüb təəccübləndi. Yataq bütün qan içində idi. Yenə də burnundan qan açılmışdı və onun ölüm səbəbi idi bu qan. Lakin atası buna əhəmiyyət vermədi və acgözlüklə onun ciblərini eşələyib 5 manat pul tapdı. Və tez də qaçıb getdi və gedərkən “Ə it oğlu, dur rədd ol oyan, kişi az yatar, kişi tezdən qalxar ” dedi. Amma Əli ölmüşdü, bəlkə də o şəhid olmuşdu...

Əligilin qonşuluğunda ortayaşlı bir qadın yaşayırdı. Çox yaxşı insan idi. Anası xəstə yatdığı müddətdə hər gün onun yanına gəlirdi, qayğısına qalırdı. Əməliyyatdan bir gün sonra Əlinin anasının yanına getdi. Qadın otağa girən kimi Əlinin anası ondan Əlini görüb-görmədiyini soruşdu. Qadın Əlini görməmişdi və verdiyi cavab ananı bərk narahat etdi. Qonşu qadın ziyarətdən qayıdanda xəbər almaq üçün Əligilin evinə getdi. Qapını açıb Əlini çağırdı. Səs gəlmədiyində narahat oldu və evə qalxdı. Ev dağınıq idi və evdə dəhşətli qoxu var idi. Otaqların birinin qapısı aralı idi, cəftəsi qırılıb sallanmışdı. Qadın yavaş-yavaş qapıya yaxınlaşdı və içəri baxıb həyəcanla qışqırmağa başladı. Əlini qan içində, ölü halında görmək dəhşət idi.

Onun cəmi 17 yaşı var idi, onun arzuları var idi....Qadın ağlaya-ağlaya həyətə düşdü, qonşuları çağırdı. Qonşular Əlini maşına qoyub anasının yatdığı xəstəxanaya apardılar. Amma gec idi, çox gec idi. Əlinin ölüm xəbərini anası eşidəndə o, əzabla, zülm, ah-nalə edərək ağlamağa başladı...

Ayağa qalxmaq istədi bacarmadı, sonda həkimlərin köməyi ilə oğlunun meyitini görməyə getdi. Ananı çox qəribə bir hal basmışdı. O gah gülərək, gah da ağlayaraq deyirdi: “Əli, get, get, mən də gəlirəm. Səni görürəm mən, sən xoşbəxtsən orda. Nə yaxşı ki, getdin. Burda biz yaşaya bilmədik. Bura cəhənnəmdir. Bax, mən də gəlirəm. Sənin üzün gülür, Əli. Nə deyirsən? Sən orda ölməyəcəksən? Sən orda əbədi qalacaqsan? Ah, oğlum, sən xoşbəxtsən. Mən də gəlirəm oğlum. Biz bir yerdə xoşbəxt olacağıq, biz əbədi xoşbəxt olacağıq.”

Qonşular, həkimlər, xəstəxanadakı hər kəs bu dəhşətli səhnəni izləyirdi. Ana dəli olmuşdu. O gah gülür, gah ağlayırdı. Tez-tez də “Mələk oğlum” deyirdi. Ana səhərədək gülərək-ağlayaraq sayaqladı. Səhərə yaxın artıq can verirdi ana. Bu yükü qaldıra bilmirdi. Günorta saat 12-də xəstəxanadan iki meyit çıxırdı. Ana və oğul...

# 2289 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #