“Murad Köhnəqala imtahanda sünnət olunmağından danışdı” SORĞU

“Murad Köhnəqala imtahanda sünnət olunmağından danışdı” SORĞU
7 dekabr 2013
# 09:00

1933-cü ildə Maksim Qorkinin təşəbbüsü ilə əsası qoyulan Moskva Ədəbiyyat İnstitutunun 80 illik yubileyi qeyd olunur. İnstitutda Çingiz Aytmatov, Yevgeni Yevtuşenko, Bella Axmadulina, Rəsul Həmzətov kimi qələm adamları təhsil alıb.

Azərbaycandan Asif Ata (Əfəndiyev), İsa Hüseynov, Əkrəm Əylisli, Nəriman Həsənzadə, Fikrət Qoca, Salam Qədirzadə, Səfər Alışarlı, Natiq Rəsulzadə, Saday Budaqlı, Maarif Soltan, Zahid Sarıtorpaq, Murad Köhnəqala, Şaiq Vəli, Etimad Başkeçid, Orxan Fikrətoğlu kimi yazıçı və şairlər də Qorki adına Ədəbiyyat İnstitutunun məzunlarıdır.

Kulis.Az Fikrət Qoca, Natiq Rəsulzadə, Saday Budaqlı və Etimad Başkeçidin Qorki adına Ədəbiyyat İnstitutu ilə bağlı xatirələrini təqdim edir.

Fikrət Qoca: “Qorki adına İnstitut o illər çox güclü institut olsa da, sonra get-gedə cırlaşdı. O zaman başqa ölkələrdən tələbələr gəlirdi, yaradıcılığa qiymət verilirdi. Yeganə nəfəs almalı bir yer idi bura. Çox böyük müəllimlər saat hesabı dərs deyirdilər. Müəllimlər bir növ orda azad nəfəs alırdı. Sərbəst danışırdılar, açıq – açığına müzakirələr edirdik. Ölkələr, siyasət, hər şey haqda çox ciddi müzakirələr olurdu. İndi aradan o qorxular götürülüb. Hamı danışır və indi heç kəs ciddi müzakirə aparmır. Çox təəssüf ki, sonralar getdikcə oranın səviyyəsinin endiyini gördüm. Gözəl institut idi. Sovet dövründə, SSRİ ərazisində, Moskvanın içində Gertsenin (Aleksandr Gertsen – red) balaca həyətində yerləşirdi institut. Qapıdan içəri girəndə ürəklə danışırdın. Belə bir yer idi. Oradakı müzakirələrdən biz çox şeylər öyrəndik. Düşüncə, fikir tərzimiz genişləndi. Geniş baxdıq dünyaya. Biz orda böyük yazıçılar, şairlərlə görüşmüşdük. O zaman Nazim Hikmət olmuşdu orda, Çingiz Aytmatov gəlmişdi. Hər kursda qırx, qırx beş nəfər tələbə oxuyurdu. Min nəfərə yaxın müəllim, alim, professor çalışırdı. Müəllimlərin sayı tələbələrdən çox idi. Qəribə bir institut idi. İndi o orijinallıq yoxdu”.

Natiq Rəsulzadə: “Çox gözəl institut idi. Sovet təhsilini biz indi tənqid də edirik, tərifləyirik də, amma o təhsilin müsbət tərəfləri var idi. O zaman, elə indi də, orda əyani şöbədə təxminən iki yüz nəfər, yəni beş kursun hərəsində qırx nəfər, qiyabidə də təxminən iki yüz nəfər oxuyurdu. Siz təsəvvür edin, o zaman iki yüz əlli milyonluq Sovet İttifaqında yeganə ədəbiyyat institutu idi və orda dörd yüz nəfər insan təhsil alırdı. Orda peşəkar yazıçı buraxırdılar. Oranı bitirənlərin diplomunda dramaturq, nasir, şair, tərcüməçi olduğu yazılırdı. Unikal bir institut idi. Dünyada cəmi iki elə institut var. Biri Moskvadadır, biri də Almaniyada, Leypsiqdədir. Azərbaycandan o institutu çox insanlar bitirib. Cabir Novruz, Nəbi Xəzri oranı bitirib. Dağıstanlı Rəsul Həmzətov, Bella Axmadulina, Yevgeni Yevtuşenko da bu institutun məzunlarıdır. Burda 1970-ci ildə oxumağa başladım və 1975-ci ildə institutu bitirdim. Mən tərcümə bölməsində oxuyurdum. Bizim çox istedadlı ustadımız, müəllimimiz var idi-Anatoli Staristin. O, Füzulini rus dilinə ən yaxşı tərcümə edənlərdən biri idi. Səhv etmirəmsə, altı, ya yeddi dil bilirdi. Ərəb dili, fars dili, türk dili, Azərbaycan dilində çox yaxşı danışırdı. Ora doğurdan da unikal institut idi və bizə də unikal müəllimlər dərs deyirdi. Yetmişinci illərdə Sovet dövrünün ən qızğın vaxtı idi. Xaricə gedəni, adi Bolqarıstana, Çexoslovikayaya gedəni barmaqla göstərirdilər ki, bu filan yerə gedib. Sovet İttifaqında xaricə getmək çox çətin idi. Amma orda işləyən müəllimlər bütün dünyanı gəzmişdilər. Onlar dünya şöhrətli yazıçılar, dünya şöhrətli şairlər idi. Bizə mühazirə oxuyanda xahiş edirdik ki, mühazirəni qoyun bir qırağa, Hollandiyaya, Amerikaya necə getmisiniz bu haqda danışın. Maraqlı əhvalatlar danışırdılar. Orda təhsil yüksək səviyyədə idi. İnstitutu bitirənləri barmaqla göstərirdilər ki, filankəs Moskvada Ədəbiyyat İnstitutunu bitirib. Mən Moskvaya tez-tez gedirəm. Beş-altı ay əvvəl getmişdim. Polad Bülbüloğlunun qonaq evində qalırdım. Həmin ev də institutla üzbəüzdə, Tverskiy bulvarda yerləşir. Gündüz vaxtı bir saatlıq boş vaxtım oldu. Dedim gedim baxım instituta. Açığı deyim, çox pis oldum. Qorki adına İnstitut bizim üçün doğma ev idi. Mühafizəçi dayanmışdı qapıda: “Hara gedirsiniz, hanı sizin vəsiqəniz kimi” suallar verdilər. Dedim ki, qırx il əvvəl burda oxumuşam, gəlmişəm ki, buranı ziyarət edim. Buraxdılar, baxdım. Mən oxuyan illər çox sərbəst idi. Mənim indiyəcən ora ilə bağlı gözəl xatirələrim var. Əlbəttə heç bir adamı institut yazıçı edə bilməz. Bu insanın içərisindən, genindən, qanından, ruhundan gəlməlidi. Orda elə gözəl yazıçılıq laboratoriyası var idi ki... Qorki adına İnstitut SSRİ-də dövlət içində dövlət idi. Orda sərbəst düşünən insanlar həddindən artıq çoxdu”.

Saday Budaqlı: “Mən 1979-cu ildə girmişəm ora. Mühit yaradıcı mühit idi. Çox gözəl kitabxanası vardı. Çox yaxşı müəllimlər, dərslikləri yazan adamlar bizə dərs deyirdi. Dərslər gec başlayırdı. İkinci, beşinci, altıncı günlər dərs olmurdu. Yaradıcı seminarlar keçirilirdi. Orda o vaxtın tanınmış yazıçıları seminar aparırdı. Yazıları oxuyurdular, müzakirə olunurdu. Sonra bəyənilən yazılar imkan daxilində çap olunurdu. İnstitutda xaricdən oxuyanlar var idi. Sovetlərdən iki yüz, iki yüz əlli adam oxuyurdu. Hamı bir – birini tanıyırdı, hamının bir – birinə hörməti var idi. O vaxt bizə Şuqayev dərs deyirdi, bəlkə də o qədər də məşhur deyildi. Seminarı o aparıb. Xarici ədəbiyyatı Artamanov tədris edirdi. Xarici ədəbiyyatdan dərslik yazmışdı. Seminarlara qıraqdan gəlib qulaq asırdılar. Məsələn, bir semestr Tolstoydan, Dostoyevskidən ayrıca kurs keçirilirdi. Onda görürdün ki, qıraqdan gələnlər var. O müəllimlərin çoxu televiziyada veriliş aparırdı. Orda tələbə - müəllim münasibəti çox yaxşı idi. Mən Politexniki yarımçıq atıb getmişdim. Bizdə təmiz başqa idi tələbə - müəllim münasibəti. Qorki adına İnstitutda müəllim-tələbə münasibətləri təmiz başqa cür idi. Məsələn, bir yerdə otururdun, yeyirdin – içirdin. Dediyim kimi, çox yaxşı kitabxanası vardı. Sonra Moskva mühitini hiss eləmək üçün teatrlara xüsusi bilet verirdilər. O vaxt teatrlara düşmək çox çətin idi. Bizə pulsuz biletlər verilirdi, ancaq yaxşı yerlərə yox, tutaq ki, arxa yerlərə, lojaya zada. Belə şeylər düşünülmüşdü. Bu cəhətdən çox yaxşı institut idi. İndi bilmirəm, bizimkilər ora gedə bilir, gedə bilmir. Ora tərcümə qrupları da gedirdi. İndi də elə şeylər olsa, çox yaxşı olardı. Deyilənə görə, indi pulludur ora. Pullu da olsa, məncə o qədər çox xərci olmaz. Biz yataqxanada iki nəfər bir otaqda qalırdıq. Yazmaq üçün çox yaxşı imkan var idi. Hər şey təşkil olunmuşdu. Dərslər saat 10-da başlayırdı, tez qurtarırdı. Dediyim kimi, ikinci gün yaradıcı seminar olurdu. Beşinci, altıncı bazar günü dərs olmurdu. Və çox şeyi keçirdilər adama. Məsələn, dili bir az zəif bilənlərə hörmət olunurdu”.

Etimad Başkeçid: “Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutu xatirimdə ən işıqlı tərəfləri ilə qalıb. Bura dünyanın hər tərəfindən qələm əhli toplaşmışdı. Onların bir çoxu ilə dostluğum hələ də qalır. Tələbə olduğum vaxtlarda orada rəhmətlik Şaiq Vəli, Murad Köhnəqala, Orxan Fikrətoğlu, Allahverdi Təhləli və bir neçə başqa azərbaycanlılar da oxuyurdu. Burda tamamilə azad ab-hava vardı. Müəllim auditoriyaya girəndə ayağa qalxmaq, bizim pozmağa ürək eləmədiyimiz digər ciddi etiket qaydalarını gözləmək və sair kimi şeylər yox idi. İstədiyin vaxt dərsdən yarımçıq çıxa bilərdin və bunun üçün hamının diqqətini çəkib, müəllimdən icazə almağa ehtiyac yoxdu.

Qısası, burada oxumaq istəyənlər üçün də, vaxtı yola vermək istəyənlər üçün də ideal şərait yaradılmışdı. Bizim rektor sonralar Rusiyanın mədəniyyət naziri olmuş məşhur ədəbiyyatşünas Yevgeni Sidorov idi. O, həmişə deyərdi ki, sizə Rusiyanın qaymaqları dərs deyir, qalanı sizlikdir, siz mənim üçün oxumursunuz, ona görə də, sizi döyə-döyə oxutmaq fikrində deyiləm. Bir o çatmır ki, sonralar öz əsərlərinizdə məndən despot obrazı yaradasınız.

Sonrakı illərdə liberal Sidorovu “rus patriotu” Segey Esin əvəzlədi. Bizimkilərdən o qədər də xoşlanmayan adam idi. Bir məqamı xatırladım. Murad Köhnəqala diplom almaq ərəfəsində dövlət komissiyasına öz tərcümeyi-halını danışırdı. Murad anadan olduğu, məktəbə getdiyi illəri dedi və onu da qeyd etməyi də unutmadı ki, “filan ildə, filan ayda sünnət olunmuşam” (gülür). Bu, dövlət komissiyasını dəhşətə gətirdi və həmin il Murada diplom vermədilər. Amma Sidorov olsaydı, hər şeyi gülə-gülə yola verərdi…

Oraya qəbul olunmaq üçün mütləq hansısa sənətkarlardan yazı-pozun haqqında rəy almalıydın. Mənim şeirlərim haqqında rəyi Süleyman Rüstəm vermişdi. Vermişdi deyəndə, atamın xalası oğlu, gözəl şair və tərcüməçi Vilayət Rüstəmzadə özündən bir tərifnamə yazıb, Süleyman Rüstəmə imzalatmışdı. Süleyman Rüstəm isə Sosialist Əməyi qəhrəmanı idi, bütün SSRİ-də sözü keçirdi. Odur ki, mən imtahan öncəsi yaradıcılıq müsabiqəsindən sözsüz-sovsuz keçdim. Amma həmin il məni imtahana buraxmadılar, çünki rus dilini heç bilmirdim. Acığa düşüb, rus dilini öyrənməyə, qısa müddətdən sonra rusca məqalələr yazıb qəzetlərdə çap etdirməyə başladım və növbəti dəfə imtahan verərkən komissiyanın artıq heç bir bəhanəsi qalmadı.

“Min yol mənə söylər…” romanında oradakı hadisələr barədə bəzi şeylər yazmışam. Bu institutu bitirdiyim üçün özümü çox şanslı sayıram və bütün “Litinstitut” məzunlarını bu yubiley münasibətilə təbrik edirəm”.

# 3569 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #