Tanrının hissəcikləri

Tanrının hissəcikləri
3 dekabr 2013
# 11:55

Bütün dünyada birinci xəbər oldu, “Tanrının hissəcikləri tapıldı” deyə yer-yerindən oynadı. 1964-də nəzəri olaraq ortaya atılan və 50 ildir eksperimental təsdiqini gözləyən, populyar ədəbiyyatda “Tanrı hissəciyi”, fiziklərin isə “Higgs Bozonu” adlandığı hissəciklər üzərindəki “qaranlıq pərdə” nəhayət qalxmağa başladı. Özəl marağımdan dolayı mövzu ilə bağlı əlimə nə keçsə oxuyuram. Mütəmadi olaraq Azərbaycan mediasını da izlədiyim üçün gördüm ki, bizdə adındakı bütün sehr və gizəmə baxmayaraq nə “Tanrının hissəcikləri”ndən bəhs edən var, nə də “Higgs Bozonu”nun ismini zikr edən........

Elmin populyarlaşması bir ölkənin inkişafı, gələcəyi üçün son dərəcə önəmlidir. Elmi nailiyyətlərin sadə və anlaşılır dildə geniş kütlələrə çatdırmaq, gənclərin diqqətini çəkmək sadəcə elmin populyarlaşmasına deyil, həm də ümümən onun inkişafına aparan amillərdəndir. Jul Vern, Ayzek Azimov, Benua Mandelbrot, Yakov Perelman kimi düşünən beyinlər günümüz elminin uğurlarında müstəsna rol oynamışlar. Müəllimim və elmi rəhbərim akademik Azad Mirzəcanzadə ölkəmizdə elmə olan marağın artırılmasında, elmin populyarlaşdırılmasında olduqca böyük işlər görmüş, əmsalsız elmi-pedaqoji mirası ilə bərabər gənclərə elmi sevdirən “İxtisasa giriş” kimi qiymətsiz bir əsər də qoyub getmişdir. Ömrünün son illərində Bakıya gəldiyimdə zaman-zaman Azad müəllimi ziyarət edir, onunla söhbətləşirdik. Görkəmli alimimiz Türkiyə ilə maraqlanır, bəzi xüsuslarda onun Qərblə ayaqlaşa bilmədiyini deyirdi.

O zaman Azad müəllimlə razılaşmamaq mümkün deyildi. Lakin Türkiyə son illər ərzində çağ atlayaraq zəmanə ilə ayaqlaşa bilmək üçün ciddi uğurlar əldə edib – elmi sevdirmək və təbliğ etmək, onun ən son yeniliklərini, kəşflərini sadə dillə anladan yüzlərlə kitab dərc edilir, aylıq elmi-populyar jurnallar çap olunur, tv kanallarında elmi-kütləvi proqramların sayı durmadan çoxalır. Ölkənin rifah səviyyəsi artdıqca cəmiyyətdə təhsilli insanın, alimin, mühəndisin yeri və hörməti şou-biznes təmsilçisindən daha çox olmağa başlayır. İnsanlar “Biz kimik?”, “Bu kainatda nə işimiz var, nə üçün gəlmişik bu dünyaya?”, “Tanrı nədir, hardadır?” kimi suallar ətrafında baş sındırmağa başlayır. Sadəcə Türkiyədəmi belədir? Başqa ölkələrdə yaşayan tanış-bilişlər də təhsilə, elmə, texnolojiyə olan marağın durmadan artdığını deyirlər......

İndi bəzi oxucularımız deyəcək ki, bozon, kvant fizikası, Big Bang nədir, nəyimizə lazımdır bunları bilmək. Amma iş kainatın necə yaranmasına gəldikdə bir çoxlarımız Tanrının kainatı 6 gündə yaratdığını, 7-ci gündə dinlədiyini, bu yaratma prosesini də “Ol” əmri ilə (“Let there be light”) başlatdığını bilirik. Məhz elə bu “Ol” əmrinin verilməsi nəticəsində maddə kütlə qazanmış və bununla da kainat yaranmışdır.

Adını Şotlandiyalı nəzəriyyəçi-fizik olan Peter Higgs-dən alan Higgs bozonu (hissəciyi) da maddəyə kütləsini verən “Ol” əmridir, bir “heçə” kütlə verir. Higgs və bir qrup gənc alimin 1964-cü ildə yazdıqları məqalə bu gün artıq bir kult halına gəlib. Amma 70-ci illərin əvvəlində bu məqaləni ciddi elmi jurnallar çap etməkdən imtina etmişdilər. Elmi dərəcələri satmayan Qərb dövlətləri Higgsin nəzəri, riyazi formullarla ortaya çıxartdığı inqilabi fikirləri isbatlamaq üçün 10 milyard dollar (!!!) xərcləyərək İsveçrədə Avropa Nüvə Araşdırmaları Mərkəzi (CERN) qurdular. Uzun illərdir bu mərkəzdə aparılan eksperimentlər bəşəriyyət üçün yeni gələcəyin, yeni üfüqlərin ilk müjdəsini verdi.

Kainatın 14 milyard il əvvəl Böyük Partlayış (Big Bang) nəticəsində yarandığı ehtimal edilir. Bu partlayışı yenidən canlandırmaq üçün CERN 10 milyard dollara inşa etdiyi 27 km-lik “tuneldə” proton işıqlarını işıq sürətilə çarpışdırdı. Elm adamları bəşəriyyətin çöhrəsini dəyişdirəcək bu inqilabi kəşfin həyatımızı, kainatı necə dəyişdirəcəyini sözlə ifadə etməyə çətinlik çəkirlər. 1993-cü il fizika üzrə dan Nobel laureatı Leon Lederman həyəcandandır nədir, qalxıb Higgs Bozonuna “Tanrının parçacığı” dedi. Və odur-budur elmi-populyar yazılarda işin içinə “intriqa”, həyəcan qatmaq istəyənlər teistlərlə ateistləri qarşı-qarşıya gətirdilər.

Ateistləri çətin günlər gözləyir. Yaradanı, Tanrını inkar edənlərin bir çoxu hər nə qədər Big Bang, SUSY (Supersimmetriya), Kvantum Kütlə çəkimi, Standart Model kimi qavranması olduqca çətin nəzəriyyələri bilmədikləri üçün elmi tərəqqi qarşısında geri çəkilməyə məcbur qalacaqlar. Həyatın nə qəribə cilvəsidir ki, Peter Higgs özü həm solçu, həm də ateistdir və indi, ömrünün ahıl çağında ciddi mənəvi iztirablar keçirir. Necə də keçirməsin? Yıxılan sadəcə doqmalardımı ki.....

Maddənin kütlə qazanması, yəni “maddənin içinə kütlənin necə girməsi” sualının cavabı kainatın ən önəmli məsələlərindən biri idi dünənə qədər. Artıq içində olduğumuz bu Möhtəşəm Nizamı yaradan “İlahi gücün” varlığı doğrulanmaq üzrədir...

Bu məqaləni yazarkən Pink Floyd-un “Let there be more light” parçasını dinləyir və düşünürdüm - bəlkə indən belə “Tanrı öncə işığı yaratdı” deyil “Tanrı öncə Higgsi yaratdı” deyəcəyik.......

Bu məqalə “Ayna” qəzetinin 6 aprel 2013 tarixli sayında dərc olunub. 6 ay sonra - 2013–ün oktyabr ayında isə Bozonun varlığını nəzəri olaraq ilk isbatlayan ingilis alim Peter Higgs və belçikalı fizik Fransua Enqler Fizika üzrə Nobel mükafatına layiq görüldülər. Müəllif bu məqalə ilə Nobel komissiyasının qərarı arasında heç bir əlaqənin olmadığını təxmin edir...

# 3361 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #