Maksim Qorkinin ustadı, Nəcəf bəy Vəzirovun dostu olan məşhur rus yazıçısı

Maksim Qorkinin ustadı, Nəcəf bəy Vəzirovun dostu olan məşhur rus yazıçısı
26 noyabr 2013
# 11:36

Kənan Hacı

Bu günlərdə tam təsadüf nəticəsində Maksim Qorkinin Vladimir Korolenko haqqında məqaləsini oxudum və indiyədək Korolenkodan nəsə oxuyub-oxumadığımı xatırlamağa çalışdım.

Yaddaşımın uzaq küncündən yetim bir uşaq boylandı – altı yaşında anasından yetim qalmış, “pozğun cəmiyyət”ə qoşulmuş kədərli Vasya, - “Yurdsuz uşaqlar” povestinin qəhrəmanı. Povestin ilk cümləsi indi də yadımdadır:

“Anam öləndə mənim altı yaşım var idi”.

Bu uşaq özü kimi kimsəsiz uşaqlara qoşulub onların kədərini öz kədəri kimi yaşayırdı, analarından bircə qiymətli yadigar qalmışdı, o da bacısının oyuncağı olan kukla idi. Vasya evə gəlib bacısına yalvarır ki, bu kuklanı bir neçə günlük ona versin. Vasya istəyirdi ki, balaca, kimsəsiz Marusya heç olmasa, bir neçə günlük xoşbəxt olsun, bu kukla ilə ovunsun, yetimliyini, kimsəsizliyini unutsun. Atası buna görə onu cəzalandırmaq istəyir, amma sonra oğlunu bağışlayır. Onlar birlikdə Marusyanın məzarını ziyarət edirlər... Çox kədərli əsərdi.

Vladimir Qalaktionoviç Korolenko XIX əsrin 60-80-ci illərində rus ictimai-siyasi fikir tarixində mütərəqqi yer tutan yazıçılardan idi. Korolenko solğun bənizli yoxsul kəndlilərin məşəqqətli həyatını, zorakılıq və ədalətsizliyin acı nəticələrini, inqilabi mübarizəni öz əsərlərində sentimental ruhda, özünəməxsus ustalıqla qələmə alıb. Adını çəkdiyim “Yurdsuz uşaqlar” povesti çar Rusiyasının ucqarlarını və bu ucqarlarda əzilən insanların həyatını tünd boyalarla təsvir edir. Əsər oxucuda olduqca ağır təəssürat oyadır. Mən hər dəfə yetim, kimsəsiz uşaqlarla rastlaşanda Korolenkonun talesiz qəhrəmanları gözüm önündə canlanır.

Çara boyun əyməyən tələbə

V. Q. Korolenko 27 iyul 1853-cü ildə Jitomir şəhərində doğulub. 1873-cü ildə Moskvadakı Petrovski-Razumovski Əkinçilik və Meşəçilik Akademiyasına daxil olub. Akademiyada təhsil aldığı dövrdə müdiriyyətin tələbələri sıxışdırmasına və təhqir etməsinə etiraz əlaməti olaraq tələbələrin kollektiv məktubunu imzaladığına görə həbs edilərək Kronştadta sürgün olunur. Akademiyanın üçüncü kursundan çıxarılır, ona təhsilini başa vurmağa imkan verilmir. Bu məqamda bir faktı da xatırlayaq ki, Korolenko Akademiyada təhsil aldığı müddətdə Nəcəf bəy Vəzirovla tanış olub və bu tanışlıq sonralar dostluğa çevrilib. 1913-cü ildə N.B. Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi qeyd olunarkən Korolenko ona təbrik teleqramı göndərib.

1879-cu ildə Korolenko Maksim Qorkinin “düz xətlər və qeyri-müəyyən adamlar şəhəri” adlandırdığı Peterburqdan Vyatka quberniyasındakı Qlazov qəza şəhərinə, sonra isə Beryozovski-Poçinki adlı uzaq bir kəndə sürgün edilir. 1881-ci ildə çar III Aleksandra “sadiq təbəə” olmaq üçün and içməkdən imtina etdiyinə görə, Yakutiyanın Amqa qəsəbəsinə sürgün olunur. 1885-ci ildən Nijni-Novqorodda yaşayıb.

Korolenko sürgün illərində ilk hekayələrini yazmağa başlayıb və onun hekayələri çar mütləqiyyətini amansız tənqid atəşinə tutduğu üçün bu hekayələrin çapına uzun müddət izn verilməyib. Həbsdə olduğu zaman yazdığı ilk hekayələrdən biri də “Qəribə qız” adlanırdı ki, bu hekayədə sürgündə olan inqilabçı qızın obrazı təsvir edilmişdi. Korolenko bu hekayəni həbsxanadan kənara göndərə bilsə də çapına nail ola bilməmişdi. Senzor bu hekayənin çapına qadağa qoymuşdu. Hekayə yalnız iyirmi beş ildən sonra, 1905-ci il inqilabı günlərində çap olundu. Bu hekayənin ilk nəşrini Korolenko siyasi fəaliyyət üstündə sürgün edilmiş on doqquz yaşlı Evelina Lyudviqovna Ulyanovskayaya ithaf etmişdi. Yeri gəlmişkən, həmin hekayəni Əkrəm Əylisli bizim dilə çevirib.

V. Korolenko 1893-cü ildə Amerikanın Çikaqo şəhərində keçirilən Ümumdünya sərgisinin iştirakçısı olur. Bu səyahətin nəticəsi olaraq iki ukraynalı kəndlinin Amerikaya səyahətindən və bu kəndlilərin ordakı macəralarından bəhs edən “Dilsiz” hekayəsini yazır və ayrıca qeyd edir ki, “bu hekayə Rusiyadan gəlmiş sadə adama Amerikanın ilk baxışda necə göründüyünü təsvir edir”.

Korolenko 1900-cü ildə Rusiya Elmlər Akademiyasının fəxri üzvü seçilir, lakin 1902-ci ildə Maksim Qorkinin qanunsuz şəkildə Akademiyaya seçilməməyinə etiraz əlaməti olaraq A.P. Çexovla birlikdə bu addan imtina edir. Həmin illərdə yazıçı “Russkoe boqatstvo” jurnalını yaradır və özü həmin jurnalın redaktoru olur. Jurnala rəhbərlik etdiyi dövrdə gənc rus yazıçılarına sözün əsl mənasında mənəvi dəstək olur, onları təzyiq və təqiblərdən müdafiə edir. Bolşeviklərlə yaxınlıq etməyən yazıçı Sovet inqilabından sonra Ukraynaya köçür və memuarlarını yazmağa başlayır.

V. Q. Korolenko 25 dekabr 1921-ci ildə Poltavada vəfat edib.

Maksim Qorkinin müəllimi

M. Qorkinin Korolenko haqqında “V. Q. Korolenko” adlı geniş yazısını oxuyandan sonra düşündüm ki, Azərbaycan oxucusu bu mübariz rus yazıçısını nə dərəcədə tanıyır? Qısa araşdırmalarımdan sonra məlum oldu ki, onun bizim dilə cəmi yeddi-səkkiz hekayəsi tərcümə edilib. Yazıçının 1922-ci ildə çap olunmuş “Müasirlərimin tarixçəsi” adlı memuarları XIX əsrin 60-80-ci illərdə rus ictimai fikir tarixinin bədii sənədidir. Təəssüf ki, bu qiymətli əsər hələ də Azərbaycan dilinə çevrilməyib.

Proletar yazıçısı Qorkinin həyatında Korolenko müstəsna rol oynayıb. Qorki ilk hekayələrini yazmağa başlayarkən məhz Korolenkodan məsləhətlər alırdı, Korolenko onun hekayələrinin dərcinə yardım göstərir, gənc yazıçıya nöqsanlarını deyir, məsləhətlər verirdi. Pulsuz vaxtlarında Korelonko Qorkiyə dəfələrlə borca pul verirmiş. Qorki yazır:

“O, mənə üç manat pul borc verəndə göstərdiyi hərəkətdən incimişdim; V. Q. arxasını mənə tərəf çevirib pulu dinməz-söyləməz mənə uzatmışdı. Bu, mənə toxunmuşdu. Borc pul istəmək olduqca çətindir, mən həqiqətən son dərəcə ehtiyacım olduğu hallarda borc almağa məcbur olurdum. Mən bunu ona dedim.

V. Q. qaşqabağını töküb fikrə getdi.

- Yadımda deyil. Siz ki, deyirsiz belə bir şey olub, demək olub. Ancaq siz mənim bu etinasızlığımı bağışlamalısınız. Yəqin mənim ovqatım təlx imiş, son zamanlar belə hallar məndə tez-tez olur”.

Korolenko uzun müddət Qorkiyə məktublar yazıb, Qorki yazır ki, “məni həbs edərkən evimdə axtarış apardılar və Korolenkonun məktublarını da götürdülər və o məktublar beləcə, itib-batdı”.

1897-ci ilin baharında Maksim Qorkini Nijni-Novqorodda həbs edirlər və Tiflisə aparırlar. Metex qalasında jandarm idarəsinin rəisi Konnisski onu dindirərkən deyir:

- Korolenko sizə nə yaxşı məktublar yazır, axı o, indi Rusiyanın ən yaxşı yazıçısıdır!

Qorki cavabında deyir:

- Mən Korolenkonun həmyerlisiyəm və bununla fəxr edirəm!

Bu iki yazıçı arasında zaman-zaman fikir ziddiyyətləri yaranıb. Bir dəfə Korolenkonun Peterburqdakı evində aralarında belə bir söhbət olur:

- Deməli, siz marksist olmusunuz?- deyə Korolenko Qorkidən soruşur.

“Mən deyəndə ki, buna yaxınlaşıram, Vladimir Qalaktionoviç kədərlə gülümsəyib dedi:

- Bu, mənim üçün aydın deyil. İdealizmsiz sosializmi mən başa düşmürəm! Maddi faydaların ümumiliyi şüuru üzərində etika qurmağın mümkün olduğunu güman etmirəm, etikasız isə keçinə bilmərik”.

Bununla belə, Qorki Korolenko haqqında yazısının hər cümləsini ustadına böyük sevgi və ehtiramla qələmə alıb. Müntəzəm olaraq görüşüb söhbətlər etdiyi yazıçının ədəbiyyata bağlılığını Qorki bu cür ifadə edir:

“...ədəbiyyatdan sanki sakit, möhkəm bir məhəbbətlə həmişəlik olaraq sevdiyi bir qadın haqqında danışdığı kimi fikir söyləyən bu adama baxdıqca zövq alırdım”.

Qorki yazırdı ki, Korolenkonun mədəni və ədəbi fəaliyyəti rusların fəaliyyətsiz qalmış şüurunu oyatmışdır. Korolenko sənətkarlıq istedadının zərərinə olaraq öz qüvvə və bacarığını həmişə, yorulmadan rus həyatının xəyalı ilə bəslənən yüzbaşlı əjdahaya qarşı mübarizəyə həsr etmişdir.

Sovet təbliğat maşını Maksim Qorkini önə çıxartsa da vaxtilə onun himayədarı olmuş, yazıçı kimi formalaşmasında böyük əmək sərf etmiş, onun Akademiyaya seçilməməyinə etiraz edərək öz üzvlüyündən də imtina etmiş Korolenko rus nəsrində parlaq, unudulmaz koloritli obrazlar yaradıb.

# 3057 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #