Geydən kişilərə mesaj

Geydən kişilərə mesaj
22 noyabr 2013
# 13:41

Sıradan biri-LAYİHƏ

IV yazı

Sıradan – məşhur olmayan insanlarla tanışlığımız davam edir. O mənim virtual dostumdur. Savadlı, səviyyəli, intellektual, zövqlü, hətta xeyli də yaraşıqlı. Qısası: istənilən qızın yanında görmək istədiyi bir oğlan.

Bir gün mesaj yazıb görüşmək istədiyini deyəndə, çaşıb qaldım: “Sənə “gey” olduğumu demişdim? Görüşək, sənə müsahibə vermək istəyirəm. KİŞİLƏRƏ MESAJIM VAR”.

Özü, yaşadıqları haqda elə danışır, özü kimilərlə “kişi” adı altında ətrafa meydan oxuyan qəhrəmanları elə uğurlu müqayisə edir ki, formata uyğun olaraq təəssürat yazısından vaz keçməli oluram. Səmimi fikirlərinə, cümlələrinə toxunmaq istəmirəm. Onu mənim yox, öz dili ilə tanıyın: “Mənim kimi adamlar var ki, çalışırlar görkəmləri ilə diqqət çəksinlər. ƏTRAFIMDA HEÇ VAXT ELƏ ADAM İSTƏMƏRƏM. İstəməyənləri də başa düşürəm”.

Məlum olur ki, ehtiyacın nə olduğunu bilmədən, ziyalı ailədə böyüyüb. Ondan tək tələb olunan dərslərini axsatmamaq olub. O da başını aşağı salıb, kitabları oxuyub. Kimya, fizika, həndəsə, cəbr... Başını qaldıranda xəbər tutub ki, sinifdəki bütün oğlanlar heç olmasa səhifələri çevirəndə qızlara baxırmış: “Deyəsən çox önəmli bir mərhələni ötürmüşdüm. Həyatıma nifrət edirdim. Nələr hiss etdiklərimi özümdən gizlədirdim. Keçəcək, düzələcək deyirdim. AXI BU OLA BİLMƏZ!”

“Keçdi?” sualıma, təəssüflə “keçmədi” cavabını verir. Üzündə özü ilə mübarizəni uduzmuş, peşman, məğlub bir ifadə var. Universitetə qəbul olunur, Bakıya gəlir. Sevinir ki, bəlkə mühit dəyişikliyi istəklərində də nəyisə dəyişdi. Özünə özünü dinləməyi qadağan edir. Hissləri ilə mübarizə aparır. Qızlarla görüşür: “Amma qızlarla problemim olurdu. Əslində çox yaxşı yola gedirdik, amma o yerə qədər ki... Axı qızlar münasibətin bir mərhələsindən sonra sənə “potensial ər” kimi baxmağa başlayırlar. Bax onda işlər çətinləşirdi. Sıxılırdım, özümü necə aparacağımı bilmirdim. İnan ki, heç birinə ümid də vermirdim, indi də belədir. Artıq 24 yaşım olacaq, arada evdə “filankəsin qızı” deyib evlənməyə işarə edirlər. Dəhşətə gəlirəm. Axı evdə heç kim heç nə bilmir... Özümdən böyük qardaşım nişanlıdır. Dəfələrlə şahidi olmuşam ki, kiminləsə dalaşıb söyəndə ona... Mən deməyim də o sözü, özünüz bildiniz. Bütün kişilər belə söyür. Yəni mən başa düşürəm ki, bu şey onun üçün həyatdakı ən pis haldır. Söyüş kimi istifadə edir. İndi mən ona NECƏ DEYİM Kİ, MƏN O SÖYDÜYÜNDƏNƏM...”

Sevgi, həyəcan, ehtiras dolu tələbəlik illəri “Düzələcək, belə davam edə bilməz” ümidi ilə yanından axıb gedir: “Özümü var gücümlə inandırırdım ki, bir səhər yuxudan oyanıb ÖZÜMÜ KİŞİ KİMİ HİSS EDƏCƏM”.

Bu sirrini heç kimlə paylaşmır, özünə qapanıb yaşamağa, oxumağa, ümid etməyə davam edir. Üçüncü kursun sonuna qədər. İmtahan vaxtları bir nəfərlə tanış olur və söhbət əsnasında həyatda tək olmadığını anlayır. Hətta onların toplaşdığı klub da var imiş: “Söhbət mənim kimi görünənlərdən gedir. Bu ad altında əxlaqsızlıq edənlərdən yox. Amma onların da içində elələri var idi ki, ONLARLA MÜNASİBƏT MƏNİM ÜÇÜN DOĞRU ÇEVRƏ SAYILMAZDI”.

“Gey”lərin toplaşdığı klubla maraqlanıram. Sən demə Bakıda bir neçə belə klub var, hətta klubun daimi üzvlərindən elə adamların adlarını çəkir ki, nitqim quruyur. Təəccübümü görür: “Orda elə adamları görmüşəm ki, artıq sabah ORDA ATAMLA RASTLAŞSAM, TƏƏCCÜBLƏNMƏRƏM”.

Şəhərdə kimsəsiz, çarəsiz, yaşlı, xəstə qadın görəndə gənc qızlara pul xərcləyən kişiləri söydüyünü deyir. Ən böyük arzusu çoxlu pul qazanıb bütün yaşlı qadınları küçələrdən toplamaqdır: “QOY İSTİ YUVALARI OLSUN, qarda, yağışda çörək dalınca getməsinlər”.

Karyerası hər şeydən öndədir, heç kimdən asılı olmaq istəmir. Çoxlu sertifikatları, diplomları var. Necəliyi haqda işdə bilmirlər. Ümumiyyətlə, bu cəhətindən istifadə edib heç nəyə nail olmaq istəmir. Bunu əxlaqsızlıq hesab edir: “MƏN KİŞİ DEYİLƏM, AMMA ƏXLAQSIZ, VİCDANSIZ DA DEYİLƏM”.

Pulunu halal qazanır, hətta bir qismini də ailəyə göndərir ki, heç kimə, heç nəyə ehtiyacları olmasın. Qonşusuna belə əl tutur. Dostluqda sadiq, işdə vicdanlıdır: “Kimsənin qızına yalandan ümid verib, aldatmıram, namusunu ləkələmirəm. Mən sadəcə geyəm, yoxsa hamı kimi, hətta bəzən bir çoxundan keyfiyyətli insanam. Axı gecə evimə girib qapımı bağlayandan sonra YANIMDAKININ QADIN, YA KİŞİ OLMASININ KİMSƏYƏ DƏXLİ YOXDUR”.

Boşanmış bir kişi ilə münasibətləri var imiş. Bir gün xəbər tutur ki, adam onu aldadıb, sən demə boşanmayıbmış. Hətta övladı da var, ayrılırlar: “Xanımı o qədər qısqanc idi ki, biləndə ki, mənimlədir, arxayın olurdu ki, dostu ilədi, yanlarında qız yoxdur. Bax bunu vicdanım götürmədi. Ayrıldıq. Yalan olmaz, xəyanət olmaz. Aldatmaq olmaz. Sənə deyim ki, mənim kimi olanların çoxu evlidir. Qızlar ehtiyatlı olsunlar, qorxsunlar. Çox vaxt yerli – yersiz ərlərini bütün qızlara qısqanırlar. Bəzən ağıllarına da gəlmir ki, ƏRLƏRİNİ QIZLARA YOX, OĞLANLARA QISQANMAQ LAZIMDIR”.

O hələ də vəziyyəti ilə barışmayıb. Məğlub görünsə də, içindəki münaqişə “dondurulmuş münaqişədir”: Hələ də həyatda ən çox istədiyim şey, tələbəlikdə arzuladığım kimi – bir səhər yuxudan oyanıb yeni hisslərimi kəşf etməkdir. Kaş ki, mən normal istəkləri olan bir kişi olardım, onda heç vaxt QADINIMA YALAN DANIŞMAZ, XƏYANƏT ELƏMƏZDİM. Bunun qadın üçün necə ağrılı olduğunu yaşamışam... Ona görə də başqasına yaşatmazdım”.

P.S. Ayrılanda dönə-dönə tapşırdı: “Lütfən, belə də yaz! Kişilər, əyləncənizə xərclədiyiniz pullardan VALİDEYNİNİZƏ XƏRCLƏYİN. Onları kiminsə qarşısında əyilməyə, sınmağa, yerinizə üzr istəməyə qoymayın. Sevincinizi, sevginizi öz XANIMINIZLA PAYLAŞIN. Gələcəyinizi öz ÖVLADINIZLA QURUN. Sizə etibar edilən İŞİ VİCDANLA GÖRÜN. Kimsədən sədəqə ummayın. Bu kişiliyə yaraşmır. KİŞİ adını gətirib “gey”dən də AŞAĞI SALMAYIN!”

Əvvəlki yazılar:

I Yazı: Kaş qızım fahişə olaydı

II Yazı: Fahişələrdən başqa bir də ANA ilə rastlaşdım

III Yazı: Qızları doğulan kimi öldürməli

# 9375 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #