Türkiyədə azadlıq hərəkatına rəhbərlik edən azərbaycanlılar

Türkiyədə azadlıq hərəkatına rəhbərlik edən azərbaycanlılar
18 noyabr 2013
# 08:45

XIX əsrin II yarısı Rusiya türkləri üçün özünəməxsusluğu ilə seçilən dövrdür. Qafqazın Osmanlı və Avropaya yaxın olması bu regionda yeniləşmə, modernləşmə ideyalarının yayılmasına səbəb olmuşdu. Fransa burjua inqilabı (1789-1794), Volterin, digər müəlliflərin əsərləri çox millətli dövlətlərə öz təsirini göstərməkdəydi. Xüsusən də Avropada təhsil almış ziyalılar prosesləri öz ölkələrinə daşımağa cəhd edirdilər. Qafqazda XIX əsrin II yarısında təkan götürən proseslər XX əsrin əvvəllərində güclənir. Əgər bu dövrdə Qafqazda millətçilik hərəkatı dağınıq idisə, Osmanlıda bunun əksi olaraq təşkilatlanmış şəkildə fəaliyyət göstərilirdi. Anadoluda türk millətçiliyinin idarə olunmasında Qafqaz türklərinin böyük rolu olmuşdur.

Həm Qafqazda, həm də Osmanlıda bu baxımdan fəaliyyətdə olan şəxslərdən biri Əhməd bəy Ağaoğlu, digəri Əli bəy Hüseynzadə olmuşdur. Əli bəy Hüseynzadə “İttihad və Tərəqqi”nin qurucularındandır. Bu iki şəxs uzun müddət birgə çalışmışdır. Bu baxımdan onların məktublaşması diqqəti cəlb edir.

Qeyd edim ki, məktubların sayı 15 ədəddir. Bunlardan 2-si fransızca, qalan 13-ü isə türkcədir. Məktublardan 3-ü 1922-ci il, 5-i 1923-ci il ,5-i 1931-ci ildə yazılmışdır. Fransızca məktubların isə dəqiq tarixi yoxdur. Məktubların hamısını vermək imkanımız olmadığından lazım bildiklərimi diqqətinizə çatdıracağıq.

Birinci məktub. Əhməd bəydən Əli bəyə:

Əziz yoldaşım, Əli bəy, məktubunuzu aldım. İstanbuldan ayrıldıqdan sonra ətrafınızda bir boşluq olduğunu və bu boşluğu doldura bilməməyinizdən şikayət edirsiz. Əziz yoldaşım, son 4 il bütün Türk dünyası üçün dərəbəylik dövrü olmadımı? Biz burada daim mübarizə içində sərxoş olarkən, sənin sakit ruhunun özünə ümid yeri tapdığına əminəm. Türkün əbədi aşiqi olan Əli bəy Hüseynzadə heç vaxt türkdən ümidini kəsməz... Ümid edirəm ki, biz bu mübarizədə məğlub olmayacağıq.

Uşaqlarım haqqında etdiyiniz lütflərə görə sənə və Hatiyə xanıma minnətdaram. Oraya özüm gəlmək istəyirdim, lakin alınmadı. Xanımınıza salamlarımı çatdırın.

(Ağaoğlunun bəhs etdiyi dövr Türkiyədə milli azadlıq hərəkatının son dövrləridir. 1918-ci il ingilislərin təzyiqindən sonra aralarında Əhməd bəyin də olduğu bir qrup ziyalı və millət vəkili Maltaya sürgün edilmişdi. Sürgündən qayıtdıqdan sonra Anadoluya keçərək Atatürkün yanında milli mübarizəyə başlayır. Ankara hökumətinin qərarı ilə “Milliyə” qəzetinin baş yazarı olur. Bu zaman təsadüfən sürgündən qurtulan Əli bəy isə universitetdə müəllimlik edirdi. )

İkinci məktub. Əhməd bəydən:

İndiyə qədər sizə məktub yazmamağımın günah olduğunu bilirəm. Amma üzərimə aldığım vəzifənin ağırlığı mənə dostlarımı düşünməyə vaxt və hüzur vermir. Əlhəmdülillah mübarizəmizin uğurla getməsi bizə nəfəs almağa imkan verdi. Allaha minlərcə şükürlər. Türklük tarix səhnəsinə daha möhtəşəm sima ilə çıxır. Sən türklüyü yeni üfüqlərə aparacaq, bunu aşılayacaq amillərdən birisən. Bu həqiqəti dostların heç vaxt unutmadı və əmin ol ki, həm fəlakətli, həm də məmnun zamanlarda xatirən heç vaxt qəlblərdən silinməmişdi. Son 4-5 ildə sıxıntılar içində olduğunuzu hamımız bilirik, lakın hamı eyni durumda olduğundan kömək edə bilmirdik. Amma ümid edirəm ki, bundan sonra hər şey yaxşı olacaq.

Sürəyya və Tazə xanımı övlad olmaq üzrə sənə həvalə edirəm. Təhsillərini natamam buraxmamaq üçün İstanbula göndərmək məcburiyyətində qaldım və səndən başqa güvənəcəyim yer tapmadığımdan sən və Hatiyə xanımı zəhmətə salmalı oldum. Onları qəbul etməniz məni əvəzi ödənilməyəcək qədər minnətdar etdi.

Bu məktubla sənə 350 lira göndərdim. Bu məbləğdən 115 lirasını Əbdürrəhmanın oxuduğu məktəbin idarəsinə təslim etmənizi xahiş edirəm. Geridə qalan 235 liradan 120-ni qızların iki aylıq masrafı üçün qəbul edin. Qalan 115 lira da uşaqların özlərinə bəzi əşyalar alması və xərclikləri üçündür.

Artıq uşaqlar sənindir. Bilirsən ki, mən insanda əxlaqa, mətanətə üstünlük verirəm. Mən türk qızlarının sərbəst olmalarını, həyata qarışmalarını, ictimai işlərdə fəal olmalarını diləyirəm. Qızlarımın da bu istiqamətdə hazırlanmalarını istəyirəm. Amma sərbəstlik və hürriyyətin intizamsız şəklə gəlməsini istəmirəm. Qardaşım, artıq onların atası sənsən, hər şeyi sən yaxşı bilərsən. Öz uşaqlarınızla necə davranırsınızsa onlara da elə davranın. Artıq onları sizə, sizi də Allaha tapşırıram. Xanımlara salamlarımı çatdır. Uşaqların üzlərindən, gözlərindən öpürəm.

(Bu məktubda Ağaoğlu daha ümidlidir və işlərin qaydasına düşdüyünü deyir. Çünki bu məktubun yazılmasından 6 gün əvvəl Türkiyə ilə İngiltərə arasında Mudanya sülh müqaviləsi imzalanmışdı.)

Üçüncü məktub.

Əziz qardaş, məktubum cavabsız olan üçüncüsüdür. Başqa adam olsaydı inciyər, bir daha yazmazdı. Amma səni tanıdığım üçün insafa gətirəcəyimə əminəm.

Mustafa Kamal Paşa Həzrətlərindən İstanbul Türk Ocağı üçün 3 min aldığımızı əlbəttə ki, qəzetlərdən oxudum. O, qüvvətli bir türkçüdür. Həmdullah tezliklə ocağın açılış mərasimində iştirak etmək üçün İstanbula gedəcək. Mən də getmək arzusunda idim. Amma hələlik hökumət mənim buradan ayrılmağıma razı olmur. İnşallah sülhə nail olandan sonra hamımız birləşib əvvəlki işlərimizə qayıdarıq. Səni buraya gətirtmək istəyirik, razısanmı?

(Bu məktub türk ocaqlarının tarixi baxımdan önəmlidir. İngilislər İstanbulu işğal etdikdən sonra Türk Ocaqlarını bağlatmış və üzvlərini Maltaya sürgün etmişdilər. Qələbədən sonra buna son qoyulur və Türk Ocaqları yenidən fəaliyyətini bərpa edir.)

Dördüncü məktub.

Əzizim, Əli yoldaş!

Sən qocalmırsan. Bunun səbəbini bizə də öyrədə bilərsən? Ağ saçların əhəmiyyəti yoxdur. Vay halımıza ki, ürək qocalmağa başlasın. Xoşbəxtsən ki, yaxşı bir dərman tapmısan. Narahat olmamaq və gənclik qaydalarını tez mənimsəməmək!

Amma düşünürəm ki, bir az aktyorluq edirsən. Əli bəy düşünmədən, narahat olmadan mühitə laqeyd qala bilərmi? Yeni fikirləri mənimsəməyə gəlincə, əzizim, bu qəlb qocaldısa heç nəyin faydası yoxdur. Yataqdan əzgin, öskürərək qalxanda o fikirlər də unudulur. İstanbulun halından və bəzi tanışların düşdüyü vəziyyətdən danışırsan. Bu ağır hadisədir. Amma əzizim, viran olmuş Anadolunu görsən şəfqətinin bir hissəsini də bura verərsən. Məruz qaldığın durumun mən burda daha şiddətlisi qarşısındayam. Üstəlik də acizəm.

Beşinci məktub.

Bəzi yerlərdən İstanbul məbusluğuna namizədliyimi irəli sürməyim tövsiyə olunur. Paşa həzrətlər də məsləhət görür. Amma mən hələ qərar verməmişəm. İstanbuldan millət vəkili seçilməyəcəyimə əmin olduğum üçün tərəddüd edirəm və sizin fikrinizi bilmək istərdim. Nə düşünürsünüz? Şansım nə qədərdir? Namizədliyimi irəli sürsəm kömək edəcəyinizi vəd edirsinizmi? Verdiyim suallara səmimi və açıq cavablarınızı gözləyirəm.

(Həmin ildə Ağaoğlu Qarsdan millət vəkili seçilir)

# 3172 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #