Mütaliəsiz yazıçı uğur qazanırsa deməli bəxti gətirib

Mütaliəsiz yazıçı uğur qazanırsa deməli bəxti gətirib
21 oktyabr 2013
# 10:05

Kulis.Az-da “Literaturşina polemikası” davam edir.

Bu dəfə Mətanət Vahidin məqaləsini dərc edirik.

Ədəbiyyat müstəvisində son zamanların ən məşhur mübahisə obyektlərindən biri: yazar sənətə ədəbiyyatdanmı gəlməlidir, ya həyatın içindənmi? Bəri başdan qeyd edim ki, bu müqayisəni ən az “paytaxt yazarı” və “əyalət yazarı” bölgüsü qədər absurd hesab edirəm. Zira uzun illər boyunca tərif olunduğu kimi, nə qədər banal səslənsə də, ədəbiyyat həyatın güzgüsüdür, cəmiyyətə və insanlara özünü tanımağa yardım edir. Yəni nə vaxtsa ədəbiyyat həyatdan ayrı olmadı ki. Əksinə, hər zaman ona güzgü tutdu. Bu üzdən ataların “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər” məsəli ədəbiyyat baxımından heç də tamamilə yerinə düşmür. Çünki ədəbiyyat gündəlik həyat təcrübəsinin qazandırdıqlarını, yaşantıları köçürməklə ağ səhifələri qaraltmaq deyil. Yazarın məqsəd və məramı yalnız oxucunun hər gün qarşılaşdığı real gerçəklərlə onu bir də kitab səhifələrində görüşdürmək yox, oxucunun görə bildiklərinin arxasındakılara, üst qatındakılara nüfuz edərək onu təəccübləndirmək, “belədir, belə olur” yox, “belə də ola bilər” deyə inandırmaq olmalıdır.

Ədəbiyyatda “kitabdangəlmə” məsələsi hələ ötən əsrin əvvəllərində də dəbdə olan söhbətlərdən idi. Marina Svetayeva müasiri Valeriy Bryusovun şeir yazmaq qabiliyyətini istedadı ilə deyil, savadı ilə bağlayır və ona həsr etdiyi şeirdə yazırdı: ”Unutmuşam ki, sizin poeziyanız kitablardan, tənqidiniz paxıllıqdandır.” “Əmək qəhrəmanı?” adlı essesində isə Svetayeva müqayisə apararaq qeyd edir ki, Puşkin ədəbi imkanlarının qədərini bilmirdi, Bryusov isə nəyə qadir olduğunu dəqiq bilirdi. Çünki birincinin imkanlarını istedadı müəyyənləşdirirdisə, ikinci öz istedadsızlığından xəbərdar idi.

Üstündən bir əsr zaman keçdikdən sonra belə, bu mövzu aktuallığını saxlayırsa, deməli, ədəbiyyat bu problemi hələ də çözə bilməyib.

Əgər yazıçı üçün həyatın ağır imtahanlarından çıxmasını mütləq şərt olaraq götürsək, belə çıxar ki, ömrü boyu çətinliklər yaşayan, əzab-əziyyətlər görən hər kəs uğurlu bədii mətn yaza bilər. Biz öyrəşmişik axı: həbsxana həyatından məhbus, qaçqın həyatından qaçqın, mühacirətdən mühacir yazsın. Və etiraf edək ki, bəzən bu müəlliflərin yazdıqları o qədər “həyatın içindən” gəlir, elə dərəcədə şəxsi təcrübəyə əsaslanır ki, az qalır memuarı xatırlatsın; müəllifin təxəyyülünə, fantaziyasına daha az yer qalır.

Başqa bir geniş yayılmış fikir də var ki, sonradan şair, yazıçı olmaq mümkün deyil; şair, yazıçı doğulmaq lazımdır. Sonradan “yaranan” yazarların həyatın içindən deyil, ədəbiyyatdan doğulduğunu iddia edirlər.

Müəllif mütaliəsiz olarsa, ədəbiyyatın elmi və nəzəri incəliklərinə bələd olmazsa, onun yaxşı yazıçı kimi qəbul edilməsini sadəcə bəxtigətirən adam olması ilə bağlamaq mümkündür. Təbii ki, istedad yazmaq üçün çox vacibdir; ki, bu da müəllifin təcrübə ilə qazandığı deyil, fövqəlqüvvənin bəxş etdiyi nemətdir. Bununla belə, yalnız istedad böyük ədəbiyyat yaratmaq üçün kifayət etməz.

İllər keçdikcə belə bir qənaətə gəlirəm ki, həyat, onun acı reallıqları bizə daha çox ikrah duymağı, nifrət etməyi, savaşmağı, “qana qan, gözə göz, dişə diş” prinsipləri ilə yaşamağı öyrədir: ətrafındakı sevmədiyin, anlaşmadığın insanlardan uzaq qalmaq, düşməndən əvəz çıxmaq, müharibə etmək, özünün bir boy üstünlüyünü göstərə bilmək üçün ətrafı tapdalamaq və s. Həyat qəddar davrandıqca insan ondan qisas almağa çalışır, heç nəyə gücü yetməyəndə baş götürüb getmək, problemlərdən uzaqlaşmaq yolunu tutur. Ədəbiyyatdan isə sevməyi öyrənirik. Real həyatda qarşılaşsaq, heç cür haqq qazandırmayacağımız, ikrahla baxacağımız, qınaq obyektinə çevirəcəyimiz insanları isə ədəbi qəhrəman kimi sevə bilirik. İnanmıram ki, hansısa mütaliəli, ədəbiyyatdan az-çox xəbərdar olan oxucu Dostoyevskinin Raskolnikovuna, Tolstoyun Annasına, Nabokovun Humbertinə, Zyuskindin Jan Batistinə, Mirzə Cəlilin Kefli İsgəndərinə, Anarın Təhminəsinə... ikrahla yanaşar. Ədəbiyyat insanlara “Mühakimə etmə ki, mühakimə olunmayasan” prinsipini aşılayır, qüsurlara rəğmən sevməyi, görünənin fövqünə qalxmağı, səhvlərin arxasındakı səbəbləri görməyi öyrədir.

Həyatın içindən gələrək ədəbi mütaliəsi zəif olan yazar çəkinmədən Əkrəm Əylislini, Seymur Baycanı, Günel Mövludu “vətən xaini” adlandıran aqressiv oxucusu ilə eyni sırada dayana bilər. Sənətin qayəsinə, onun məqsəd və vəzifələrinə, dünya ədəbiyyatına yaxşı bələd olan yazar isə həm də bilir ki, ədəbiyyat savaş meydanı deyil, barış məkanıdır. Britaniyalı tənqidçi, yazar Kristofer Koduell deyirdi ki, ədəbiyyatın, sənətin vəzifəsi dünyanı dəyişməkdir, buna isə insanların dünyagörüşünü dəyişməklə nail olmaq mümkündür. Bədii ədəbiyyatla, xüsusilə, dünya ədəbiyyatı ilə tanışlıq isə azadlığın, torpaqların müdafiəsi uğrunda mübarizənin düşmənlə eyni cərgədə duraraq da mümkün olduğu qənaətini formalaşdrmağa imkan verir.

Mifologiyanı, folkloru, klassik ədəbiyyatı bilmədən boş zəmin üzərində mətn yazan müəllifin böyük ədəbiyyat yarada biləcəyi şübhə doğurur. İstənilən bədii mətn isə hələ sənət nümunəsi sayıla bilməz.

Təbii ki, bədii mətni “silkələyəndə” oradan saysız-hesabsız sitatların, terminlərin tökülməsi yorucu olur, müəllif savadı və dünyagörüşünü nümayiş etdirmək istərkən əks effekt əldə etmiş olur. Məncə, bu müəlliflər özləri də etiraf edirlər ki, mütaliənin “əsarəti” onların yazarkən azad, sərbəst düşünməsinə mane olur. Çünki bəzən yazar məqsədli şəkildə olmasa da, şüuraltıda sevdiyi, pərəstiş etdiyi müəlliflərə bənzəmək arzusundan qurtula bilmir.

Müəllifin istedadlı olması ilə yanaşı, həm də intellektli olmasını naqislik kimi qəbul edənləri isə başa düşmək çətindir. İntellektual şair, yaxud nasir olmanın hansı cəhəti pisdir ki? Əksinə, bir oxucu olaraq, mənimçün savadı, mütaliəsi ilə oxucunu “əyləndirmək”lə, heyrətləndirməklə yanaşı, həm də düşündürən, axtarışlara sövq edən yazarın mətnləri daha maraqlıdır. Deyə bilərikmi ki, məsələn, Qismət şeirlərində formaya, ifadəliliyə, obrazlılığa daha çox diqqət yetirdiyi üçün onun şeirləri “ürəkdən deyil, beyindən gəlir”? Axı peşəkar müəllifin şeiri nə yalnız hisslərin, nə də təkcə ağlın məhsulu ola bilər.

Yazarlara “literaturşina” damğası vuranların arqumenti bundan ibarətdir ki, zaman keçdikcə müəllifin fərdi yazı keyfiyyətləri itir və tamamilə təsir altına düşərək oxuduqlarının “surətini çıxarır”. Halbuki istedadsız adam nə qədər mütaliəli olsa da, yaxşı yazmaq qabiliyyətini formalaşdıra bilməz. Elə olmasaydı, bütün sıx mütaliəsi ilə seçilən oxucular yazmağı da bacarardılar. Bu da bir həqiqətdir ki, bəzən çox yaxşı oxucu güclü mütalisəi sayəsində “yazmaq eşqinə” düşür. Alınırsa, nə xoş, alınmırsa, deməli, o elə oxucu kimi qalsa, daha yaxşıdır, zövqləri korlamağa dəyməz. Çünki hər mütaliəli oxucudan da yazar olmaz. İstedadlı insan isə hər sahədə istedadlıdır, elə başqalarının yazdıqlarından ilhamlanaraq yeni mətnlər yazmaqda da…

Polemikanın digər yazıları

Kamal Abdulla: “Mən öz İtaka adama hökmən qayıdacağam” MÜSAHİBƏ

Şərif Ağayar: Kamal Abdulla ilə kənd söhbəti

Kənan Hacı: Kamal Abdulla öz sirrini açmır...

Cəlil Cavanşir: “Kitabdangələn”lərin ədəbiyyata dəxli varmı?

Mo Yan nə deyir?

Cavid Zeynallı: Aqrar istedad, yarımçıq intellekt

Natiq Məmmədli: ““Literaturşina” bənövşənin yanındakı broyler toyuğudu”

Qan Turalı: “Yaxşı yazıçılar yaxşı oxuculardan çıxır”

Etimad Başkeçid: Üslubçuluq son sığınacaq yeri kimi

Azad Qaradərəli: Biz şeir bülbülləriyik

# 2578 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #