AzTV Mədəniyyətlə Azdrama arasında müharibə başladı

AzTV Mədəniyyətlə Azdrama arasında müharibə başladı
14 oktyabr 2013
# 13:56

Son illərdə teatr yaradıcılıq barədə polemikalarla deyil, tənqid və qalmaqallarla gündəmə gəlir. Maraqlıdır ki, bu narazılıq xəbərləri islahatların, prosesin getdiyi teatrlardan eşidilir. Durğunluq pozulur. Bu, heç də pis əlamət deyil. Bir şərtlə ki, müzakirə arqumentləri sağlam olsun…

“Teatrı direktor, yoxsa baş rejissor idarə etməlidir?” Bu sual teatrşünas alim, professor AZTV "Mədəniyyət" kanalının direktor müavini İlham Rəhimli tərəfindən yazılan və bir neçə gün öncə mətbuatda yayılan məqalədə yer aldı. Məqalənin hədəfində Akademik Mili Dram Teatrının direktoru, teatrşünas, professor İsrafil İsrafilovun direktorluq fəaliyyəti dayanırdı. İsrafil İsrafilovun cavab məqaləsi özünü gözlətmədi.

Kulis.Az hər iki məqaləni sizə təqdim edir.

Məramsız addımlar- TEATRI DİREKTOR İDARƏ ETMƏLİDİR, YOXSA BAŞ REJİSSOR?”

İlham RƏHİMLİ

YAXUD “TEATRI DİREKTOR İDARƏ ETMƏLİDİR, YOXSA BAŞ REJİSSOR?” SUALINA CAVAB AXTARIŞI

Teatrın yaradıcılıq simasını direktor müəyyənləşdirir, yoxsa baş rejissor?

Əslində kinayəli və bəlkə də gülməli sualdır.

Neyləməli... bu gün həmin sualın cavabına işıq tutmağa böyük ehtiyac duyuram.

Bu bir həqiqətdir ki, bütün dünyada teatrlar baş rejissorların adı ilə tanınıb. Məsələn, XIX əsrin sonları və XX əsrdə Almaniyada Bertolt Brext, Maks Reynxardt, Otto Bram, Fransada Andre Antuan, Jan Rusion, Polşada Eji Qrotevski, İngiltərədə Piter Bruk, Coan Litilvud, Barri Cekson, ABŞ-da Li Strasberq, İtaliyada Lukino Viskenti (həm də kino rejissorudur), Türkiyədə Möhsün Ərtoğrul, Çexiyada Emil Burian, Macarıstanda Tamoş Mayor, Rumıniyada Yon Sava, İsveçdə Auqust Falk, İnqmar Berqman (həm də kino rejissorudur), Rusiyada Konstantin Stanislavski, Yevgeni Vaxtanqov, Vsevolod Meyerxold, Valentin Pluçek, Aleksandr Tairov, Georgi Tovstonoqov, Andrey Qonçarov, Gürcüstanda Konstantin (Keto) Marcanaşvili, Robert Strua teatrları... məşhur olub.

1930 – 1980-ci illərdə Azərbaycanda da ayrı-ayrı teatrlar məhz ilk növbədə baş rejissorların adları ilə tanınıb. (Sözsüz ki, qüdrətli aktyorların adları istisna deyil). Məsələn, müxtəlif vaxtlarda Milli Dram Teatrı “Ədil İsgəndərov teatrı”, “Tofiq Kazımov teatrı”, Musiqili Teatr “Şəmsi Bədəlbəyli teatrı”, Opera teatrı “İsmayıl Hidayətzadə teatrı”, “Soltan Dadaşov teatrı”, Gənc Tamaşaçılar Teatrı “Məhərrəm Haşımov teatrı”, “Zəfər Nemətov teatrı”, “Azər Paşa Nemət teatrı”, Gəncə teatrı “Mehdi Məmmədov teatrı”, “Hüseyn Sultanov teatrı”, Naxçıvan teatrı “İbrahim Həmzəyev teatrı”, “Vəli Babayev teatrı”, “Baxşı Qələndərli teatrı”, Şəki teatrı “Hüseynağa Atakişiyev teatrı”, son 15 – 20 ildə “Yuğ” Dövlət Teatrı “Vaqif İbrahimoğlu teatrı”, Dövlət Pantomim Teatrı “Bəxtiyar Xanızadə teatrı” kimi tanınıb. Həmin dövrlərdə Azərbaycan teatr məkanında sənət ocaqlarının direktorlarının adlarını bugünkü teatrsevərlərin çox az bir qismindən başqa heç kim bilmir.

Çox-çox təəssüflər olsun ki, bu gün Azərbaycan teatrları əsasən baş rejissor deyil, “direktor teatrları” kimi çalışır. Hətta əksər teatrlarda baş rejissor olsa da, sözün kəsəri direktorlardadır. Halbuki yaradıcılıq məsələlərinə birbaşa cavabdeh və məsul baş rejissor olmalıdır.

Opera və Balet Teatrında repertuarı, ştata yeni vokalçı, balet artisti və ya ifaçı götürməyi baş rejissor yox, direktor həll edir. Bəlkə də elə buna görə Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti dünyanın ən qabaqcıl sənət ocaqlarında oynanıldığı halda, 30 ildən çoxdur Azərbaycan səhnəsində göstərilmir. Və yaxud, Koroğlunun bəzi ifaçılarının qəhrəmanlıq əzəmətini səhnədə görmək üçün tamaşaçıya durbin lazım gəlir.

Bir neçə ildir ki, Akademik Milli Dram Teatrında baş rejissor ştatı ləğv olunub. Bütün hegemonluq teatrın direktorunun səlahiyyətinə “keçirilib”. Belə bir “yenidənqurmaya” hansı tərəfdən yanaşsaq, heç bir məqamda özünü doğruldan dayağı görünmür.

Təbii ki, dünyada prodüser teatrları mövcuddur və onlar xüsusi statusla və fərqli prinsiplərlə işləyirlər. Ancaq heç bir ənənəvi klassik, yaxud yeni yaranan eksperimental teatr baş rejissorsuz, yaxud bədii rəhbərsiz işləmir. Uzağa getməyək, Moskvada MXAT, Satira, Vaxtanqov, Mayakovski, Malı Bronnı, Taqanka, Peterburqda Böyük Dram, Tiflisdə Rustavelli, Marcanaşvili, Litvada Panevejis... teatrlarının yaradıcılıq sərkərdələri həmişə baş rejissorlar olublar və indi də bu ənənə davam edir.

Müstəqil Azərbaycan Respublikasında isə XXI əsrdə ölkənin ana teatrında eksperiment edilir. Həm paytaxtda, həm də əyalətlərdə əksər teatrlar baş rejissor yox, direktor teatrlarıdır. Gənc Tamaşaçılar Teatrında Bəhram Osmanovun baş rejissor təyin olunması müəyyən ümidlərə çıraq tutur. Eləcə də Mingəçevir, Gəncə, Lənkəran teatrlarına gənc istedadların baş rejissor təyini sevindirici haldır. Təbii ki, yaradıcılıqda “hegemonluğu” direktorlar öz üzərlərinə götürməsələr bu təyinatların nəticəsi daha uğurlu ola bilər.

Akademik teatr baş rejissorsuz fəaliyyət göstərir. Nəticəsi nə olub?

Yaxud, baş rejissorları olan kollektivlərdə yaradıcılıq iqlimini əsasən kim müəyyənləşdirir?

Baxaq.

Təzə hazırlanan tamaşalarda rolları əsasən direktor bölür. Hətta quruluşçu rejissorun müəyyənləşdirdiyi ansambl siyahısında da direktor istədiyi kimi dəyişiklik “redaktəsi” edir.

Fəxri adlara təqdimatı direktor “yazır”. Bu məsələdəki yanlışlıqlar, haqsızlıqlar və fərdi “münasibətlər”, şəxsi “maraqlar” kollektivdə uzunmüddətli intriqalar, çəkişmələr yaradır.

Akademik Teatrda tamaşa hazırlamaq üçün xaricdən rejissorları direktor dəvət edir. Dəvət edir və tamaşaya qoyulacaq əsərin adını, tamaşada oynayacaq aktyorların siyahısını direktor müəyyənləşdirib çağırılan rejissora təqdim edir. Halbuki dəvət olunan rejissor əvvəlcə repertuardakı bütün tamaşalara baxıb kollektivin potensial gücünü özü üçün müəyyənləşdirməlidir. Həmçinin hazırlayacağı tamaşa üçün aktyor ansamblını düzgün seçməlidir. Və ən əsası, teatrın yaradıcılıq estetikasının mahiyyətini, poetika səciyyələrini, milli-mənəvi ruhunun incəliklərini mənimsəməlidir. Əksər teatrların inzibati rəhbərləri, eləcə də Akademik Teatrın direktoru İsrafil İsrafilov üçün isə sanki bunların heç bir “əhəmiyyəti” yoxdur. Bəlkə də belə deyil. Ancaq acı nəticə bu qənaətə gəlməyə əsas verir.

Akademik Teatrda repertuar siyasətini direktor “qurur”.

Akademik Teatrda aktyorlar günlərlə, bəzən həftələrlə direktorun qəbuluna düşə bilmirlər.

Oxucuda belə bir sual doğa bilər: Bəlkə İsrafil İsrafilov savadsız, teatrdan uzaq adamdır?

Birmənalı şəkildə deyirəm: xeyr! Onu tələbəlik illərindən yaxşı tanıdığım üçün cəsarətlə deyirəm ki, kifayət qədər teatr savadı, yüksək sənət zövqü, geniş mütaliəsi var. Çağdaş dünya teatr prosesindən də ətraflı xəbərdardır. Hətta teatr sənətinə, ayrı-ayrı qüdrətli teatr xadimlərinə aid maraqlı kitabları da nəşr olunub. Ancaq gəlin etiraf edək ki, bütün bunlar teatr kimi mürəkkəb yaradıcılıq ocağının bədii-estetik iqlimini müəyyənləşdirmək üçün əsas olsa da, kifayət deyil.

İsrafil İsrafilov kollektiv rəhbəri kimi də aciz deyil. Qətiyyən! Teatra gəlməmişdən əvvəl iki böyük muzeydə direktor işləyib. Özü də bacarıqla, inamla, qətiyyətlə. Lakin... teatr tamam başqa bir aləmdir... Xüsusən baş rejissor vəzifəsində işləmək çox çətindir. Rejissorluq təcrübəsi olmadan direktor kürsüsündə əyləşib teatra bədii rəhbərlik etmək iddiası isə mütləq uğursuzluq uçurumuna qapı açır.

Teatrda tək hakimiyyətlik ehtirası, səmərəli fikir söyləyənlərə xoşagəlməz yarlıqlar yapışdırmağa cəhd göstərməsi, vaxtının böyük hissəsini inzibati işlərə sərf etməsi (bu, direktorun vəzifə səlahiyyəti və borcudur) İsrafil İsrafilovu istər-istəməz faydalı yaradıcılıq axtarışlarından uzaqlaşdırır. Fikrimcə, o, prinsipial, qətiyyətli direktor kimi təcrübəli, Akademik Teatrın üslub-estetika prinsiplərinə doğma olan baş rejissorla çiyin-çiyinə işləsəydilər biz tamaşaçılarda kollektivin parlaq gələcəyinə böyük ümidlər oyanardı.

Məsələyə geniş prizmadan yanaşsaq görərik ki, onun direktorluğu dövründə teatr bir neçə müxtəlif xarakterli beynəlxalq tədbirlərdə iştirak edib. Sözsüz ki, bu, alqışlanmalıdır. Həmin istiqamətdə işlər daha geniş vüsət almalıdır. Ancaq burada bir incə məqam var. Beynəlxalq tədbirlərdə göstərilən daha uğurlu tamaşalar direktorun deyil, ondan əvvəlki rejissorların, truppanın qabaqcıl aktyorlarının yaradıcılıq nailiyyətidir.

Sabah böyük səhvlər buraxmamaq üçün bu gün dünənin acı dərslərindən ibrət götürmək lazımdır. Göynərtili olsa da, onlardan bəzilərini xatırlayaq. Özü də heç çox uzağa getmədən.

Milli Dram Teatrının İsrafil İsrafilovdan əvvəlki direktorları Əliabbas Qədirov (o, həm də bədii rəhbər idi) və Maqbet Bünyadov da direktorluq “hikkəsinin” qurbanı oldular. Onların heç biri sənət ocağının heç olmasa üç illik yaradıcılıq kursunu müəyyənləşdirə bilmədilər. Əslində, acınacaqlı görünsə də, onlar bu yaradıcılıq prosesinin mahiyyətini dərindən dərk etməkdə özlərinin aciz və səriştəsiz olduqlarını büruzə verdilər.

Maqbet Bünyadov uzun müddət Dövlət Sirkində direktor işləmişdi və ümumən səriştəli rəhbər kimi tanınmışdı. Görünür heyvanlarla işləmək prinsipləri “canlı insanlara rəhbərlik şərtləri ilə fərqlidir” həqiqətini dərk etmək lazım imiş... Üstəlik də Maqbet Bünyadov qətiyyətsiz baş rejissorun səlahiyyətlərini də öz üzərinə götürməklə, yaradıcılıq iqlimindəki süstlüyü dərinləşdirmiş və ləngliyi artırmışdı.

Yaxud, Əliabbas Qədirov həm teatrda, həm də kinoda kifayət qədər bacarıqlı və təcrübəli aktyor idi. Ancaq o, direktor kürsüsündə çaş-baş qalması, dünənki sənət yoldaşlarına yuxarıdan aşağı baxması, “filankəs yerimə keçmək istəyir” xofuna uyması ilə həm teatra, həm də özünün illər uzunu təsdiqlədiyi gözəl aktyorluq imicinə güclü sarsıdıcı zərbə vurdu. Təbii ki, həm də teatrın yaradıcılıq iqliminə ürəkağrıdan durğunluq, süstlük gətirdi.

Müəyyən müddətdə Musiqili Komediya Teatrında (indi Musiqili Teatr adlanır) bədii rəhbər vəzifəsini “daşıyan” Səyavuş Aslan və Hacıbaba Bağırov da (o, həm də direktor idi) aktyor kimi belə zərbələrə məruz qaldılar. Çünki bu iki qüdrətli səhnə xadimi özlərinin inzibatçılıq və rejissorluq imkanları, ən əsası, kollektivi idarə etmək fərasətləri ilə bədii rəhbər kürsüsünə qətiyyən uyğun gəlmirdilər. Hər ikisinin hansısa pyesi nəzəri-estetik baxımdan təhlil etmək, hansısa operettanın musiqi partiturasını qiymətləndirmək bacarığı üçün lazımi savadları və bədii rəhbər ( və ya baş rejissor) kimi peşəkarlıq səriştələri yox idi. Buna görə də Musiqili Komediya Teatrının aktyorları uzun illər bu ağrının acısını dadmağa məhkum oldular. Müəyyən fərdi sənətkar uğurlarını nəzərə almasaq, teatr uzun illər yaradıcılıq böhranı keçirdi. Hətta günü bu gün də kollektiv müəyyən aktyorların ərköyünlük xislətinin yaratdığı acı nəticələrdən xilas ola bilmir.

Azərbaycanda sırf dramaturgiya ilə məşğul olan müəllif son dərəcə azdır. Həmçinin pyes yazan nasir və şairlər də çox deyil. Bu müəlliflərin bir qismi İsrafil İsrafilovun (eləcə də bir sıra başqa kollektiv rəhbərlərinin) onları teatra yaxın buraxmamasından gileylidirlər. Bu gileylərdə həm haqsızdırlar, həm də haqlı.

Haqsızdırlar ona görə ki, nəinki Akademik Teatr, eləcə də heç bir səhnə ocağı güclü çağdaş pyesdən imtina etməz. Əksinə, belə əsərdən və onu yazan müəllifdən ikiəlli yapışar. Deməli bir qism müəlliflərin giley-güzarları boş dedi-qodudur. Bəzi pyes müəllifləri Akademik Teatrın onların yazdıqlarına biganə qaldıqlarını dönə-dönə söyləyir, “nə üçün bizim pyesləri oynamırlar?” sualında israrlı olurlar.

Əziz pyes yazanlar! Elə ingilis teatrı var ki, 30 ildir Uilyam Şekspirin “Hamlet”ini, və ya “Kral Lir”ini oynamır. Məgər həmin teatr bununla Şekspirin pis dramaturq olduğunu iddia edir? Xeyr! Teatr ilk növbədə onu maraqlandıran problemlər üçün müasir və ya klassik pyesləri arayıb-axtarıb seçir. Bu istiqamətdəki yaradıcılıq yanlışlıqları və uğursuzluqları isə tamam başqa bir mövzudur.

Bununla belə, narazılıqların geniş mənada haqlı tərəfləri də var. Gəlin unutmayaq ki, Akademik Teatrda Səməd Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, Mehdi Hüseynin “Alov”, Mirzə İbrahimovun “Həyat”, “Kəndçi qızı”, Sabit Rəhmanın “Toy”, “Xoşbəxtlər”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, Şıxəli Qurbanovun “Sənsiz”, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra”, “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Nəriman Həsənzadənin “Atabəylər”, Nəbi Xəzrinin “Mənsiz dünya”, Anarın “Şəhərin yay günləri”, Gənc Tamaşaçılar Teatrında Yusif Əzimzadənin “Anacan”, Adil Babayevin “Yarımçıq şəkil”, İsgəndər Coşqunun “Komsomol poeması”, Gəncə Teatrında Altay Məmmədovun “Həmyerlilər”, Əfqanın “Qız atası”, Naxçıvan Teatrında Kəmalə Ağayevanın “Məhsəti”... pyeslərinin tamaşaları məhz dramaturqlarla rejissorların, geniş mənada müəlliflərlə teatrın qarşılıqlı ehtiramı və inamı sayəsində uğurlu sənət hadisələrinə çevrilib.

Təəssüf olsun ki, bu gün Akademik Teatrda həmin ənənənin davamında da nizamsızlıq var, hətta müəyyən mənada etinasızlıq duyulur. Pyes yazan müəlliflərdən, əsaslı və ya əsassız, gen qaçmağın təməli Əliabbas Qədirovun teatra direktorluğu və bədii rəhbərliyi dövründə qoyulub. Bu qüsur rayon teatrlarında daha qabarıq nəzərə çarpır. Arzu edərdim ki, teatrlarda dramaturq – rejissor – aktyorlar üçlüyünün peşəkarcasına işləmək vərdişləri parlaq və qətiyyətli yaradıcılıq qayəsinə çevrilsin.

Teatrın vaxtaşırı truppanı cavanlaşdırmaq, yaxud təcrübəli aktyorlarla yeniləşdirmək cəhdi əksər hallarda səmərə verir və bu prosesin mütəhərrikliyi vacibdir. Lakin bu işin də kövrək, zərif tərəfləri var ki, onlara məhəl qoymayanda kollektiv bir addım irəli, üç addım geri getmək zorunda qalır. Son üç ildə başqa kollektivlərdə müəyyən uğurlar qazanmış müxtəlif yaş nəslinə mənsub aktyorlar Akademik Teatrın truppasına qəbul ediliblər. Cəsarətli təşəbbüsdür. Təəssüf ki, burada bir vacib şərtə tam məhəl qoyulmur. Axı başqa teatrlarda hətta böyük uğur qazanan aktyorların belə əksəriyyəti Akademik Teatrın yaradıcılıq ruhunun estetik incəliklərini tuta bilmirlər. Buna görə də onlar tamaşalarda hərəkət plastikaları, səhnə danışığı prinsipləri, mizanların icrası, yöndaşlarla səmimiyyət qurmaq baxımından ansamblda yad görünürlər.

Fikrimcə, rejissor dəvətində də çox ehtiyatlı olmaq lazımdır. Teatrın özünün əsas yaradıcılıq məramının aşınmaya uğraması ayrı-ayrı rejissorların fərdi üslublarının “diktə” qabarıqlığı son nəticədə sənət ocağını simasızlığa gətirib çıxarır. Bəlkə də elə buna görə Akademik Teatrın bir tamaşasında iyirmi-otuz il əvvəl dəbdən düşmüş post modernist qərb teatrının estetikası, digər bir tamaşada Gənc Tamaşaçılar Teatrının burada yad görünən forma prinsipləri, daha başqa bir tamaşada Vaqif İbrahimoğlunun konseptual sənət düşüncəsinin indiki halda cilalanmamış ifadə elementləri qabarıq görsənir. Belə bir sərt üslub uyarsızlığı kollektivin hətta səriştəli, zəngin təcrübəli aktyorları üçün də ciddi yaradıcılıq əngəlləri törədir.

Akademik Teatrda sənət ocağının yaradıcılıq qayəsinə uyğun gəlməyən müxtəlif yaş nəslinə mənsub aktyorlar da var. Onlarla vidalaşmaq mütləq lazımdır. Ancaq burada da yalnız direktorun “seçimi” və “qənaəti” əsas götürülməməlidir. Həmin aktyorlar sınaqdan keçirilərək onların bu kollektivə yaramadıqları əyani şəkildə sübuta yetirilməlidir... Bax, bunun üçün də mütləq obyektiv və qətiyyətli, prinsipial və cəsarətli baş rejissor lazımdır. Ayrı-ayrı rejissorların müxtəlif aktyorlara fərdi “münasibətləri” ilə truppanı sağlamlaşdırmaq, sağlamlaşdırıb gücləndirmək, gücləndirib müəyyən estetik konsepsiyaya yönəltmək mümkünsüzdür.

Ötən əsrin sonlarında Azərbaycanda özəl teatrların təşəkkülü maraq doğurdu. Hətta bu istiqamətdə müəyyən uğurlar da nəzərə çarpdı. Təəssüf ki, tədricən bu proses dayanmaq həddinə çatdı. Mənə elə gəlir ki, teatr sənəti ilə bağlı səlahiyyətli təşkilatların bu məsələni araşdırmalarına, hansısa səmərəli tədbirlər görmələrinə ehtiyac var.

lll

...Teatrın yaradıcılıq simasını direktor müəyyənləşdirir, yoxsa baş rejissor?

Əslində kinayəli və bəlkə də gülməli sualdır.

Amma və di gəl ki, bu gün həmin sualın dəqiq cavabını tapmağa böyük ehtiyac var...

“Siz teatrı sevirsiniz?”

İsrafil İsrafilov

Akademik Milli Dram Teatrının direktoru, Sənətşünaslıq elmləri doktoru,

professor

O gün məni “Səyyar xəyal” (S.Vurğun) tələbəlik illərimə aparmışdı. Siyasət adamı olmadığım üçün hərdən sentimental ovqatda yaşamağı özümə rəva bilirəm. Çox məqamları xatırladım; maddi sıxıntılarla bərabər, müəllimlərim, təhsil illərim, uğurlu, uğursuz imtahan günləri, əlimə düşən kitabları acgözlüklə, yuxuma haram qatmaqla oxuduğum, tələbəlik dostlarımızın dadlı sərgüzəştləri yadıma düşdü. Bir də V.Belinskinin o zaman oxuduğum və uzun zaman unuda bilmədiyim, düşüncəmdə iz qoymuş “Siz teatrı sevirsiniz?” adlı məqaləsini xatırladım... O zaman da, indi də, bunun sadəcə sual, yaxud teatra xəyanət edən şəxsə ünvanlanan ittiham olduğu barədə düşünməli oluram.

Axı, teatrı sevmədən, hətta onun Məcnunu olmadan necə yaşamaq, yaratmaq olar?! Bizim müəllimlərimizin ən böyük xidməti qəlbimizdə, düşüncəmizdə həmin sevgi toxumlarını cücərtmək olub. Və bizlər teatra, “gəldik ki, olaq qəmin hərifi” (M.Füzuli).

Teatr sənəti bütün əsrlərdə, bütün ölkələrdə qınaq və təqib obyekti də olub, heyrət və heyranlıq obyekti də. Bu gün də belədir. Amma fərq burasındadır ki, bu gün, istər MDB-də, istərsə də Avropa ölkələrində teatr ciddi və xüsusi əhəmiyyət kəsb edən sahə olduğu üçün nadan və qaragüruhçu ünsürlər, bilgisi az olan qeyri-professionallar ora daxil ola bilmirlər.

Son vaxtlar Azərbaycan teatr sənətinə dövlət qayğısının artması sayəsində bu sahədə ciddi addımlar atılır, ayrı-ayrı teatrların sənət uğurları əsl mədəniyyət faktına çevrilir. Bu, uzun illik ətalət halından sonra, milli teatr sənətimizin dirçəlmə prosesi yaşadığının sübutu kimi teatrsevərlərin əksəriyyətində fərəhli hisslər oyatsa da, nədənsə, bəzilərini qıcıqlandırır, qərəzli hikkələrin doğurduğu qərəz dolu ittihamlar mətbuat səhifələrinə çıxarılır. Qaşınmayan yeri qaşımaq, stəkanda fırtına yaratmaq cəhdləri ilə daha çox nadanlıqlarını ortaya qoyan belələri, reytinq həşirində olduqları üçün gülünc vəziyyətə düşmələrinin belə fərqində deyillər. Vicdanlarının lüğətində “ayıbdır” sözü olmayan belələrindən biri teatra cırmaq atır, digəri çirkab, bir başqası isə ona nəyi etməli və necə etməli olduğunu öyrətməyə cəhd edir.

Akademik Milli Dram Teatrı bu baxımdan daha böyük hücumlara məruz qalır. Və bu, dünyanın çağdaş prosesindən xəbərsiz, intellektual araşdırma niyyəti olmayan kəslər tərəfindən edilir. Həmin hücumlar, ittihamlar, təhdidlər nə üçündür və kimə lazımdır? Bunu təşkil edənlərin, icraçıların istəkləri və hədəfləri nədir? Mahiyyətcə yaramaz olan bu əməllərin milli teatr mədəniyyətimizə təəssübkeşlikdən qaynaqlandığını ehtimal etmək belə mümkün deyil. Çünki həmin müəlliflərin hansı mənəviyyat sahibi olduğu çoxlarına məlumdur.

Şəxsən mən bu yazılara əhəmiyyət vermir, onların müəlliflərinə hər hansı şəkildə cavab verməyi lazım bilmirəm. Ən azı, ona görə ki, qalmaqal yaratmaq, ara qarışdırmaq, imzasını tanıtmaq üçün canfəşanlıq edən belələrinin nə özlərini, nə yazılarını ciddi hesab etmirəm. Amma “525-ci qəzet”in 5 oktyabr 2013-cü il tarixində tanınmış teatrşünas, sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimlinin “Məramsız addımlar” adlı yazısı mənə qəribə gəldi və məyus etdi.

Yazının elə əvvəlindən teatrşünaslığımızda yer almayan “Soltan Dadaşov teatrı”, “Vəli Babayev teatrı”, “Azər Paşa Nemət teatrı”, “Mehdi Məmmədov teatrı”, “Hüseyn Sultanov teatrı” kimi ifadələr işlətməsi mənə qəribə gəldi. Ona görə qəribə gəldi ki, qırx il çörək kəsdiyim, dostluq etdiyim İ.Rəhimli, mənə bağışladığı kitablarındakı avtoqraflarında dostum, qardaşım sözləri yazan, bir sıra kitablarına məni redaktor seçən İ.Rəhimli, Akademik Milli Dram Teatrına rəhbərlik etdiyim ötən üç il ərzində bir dəfə də olsun mənə heç bir irad bildirməyən, əksinə, fəaliyyətimi təqdir edən İ.Rəhimli hiddətini mətbuat vasitəsilə çatdırır və məni dostu kimi yox, tələbəlik illərindən tanıdığı, onlarla yaxın-uzaq tanışlarından biri kimi təqdim edir. Halbuki, ötən qırx il ərzində biri-birimizin xeyrində, şərində fəal iştirak etmişik, ailə üzvlərimiz də bir-birilərini yaxşı tanıyırlar.

Azərbaycan folkloruna yaxşı bələd olan professor İ.Rəhimli aşığın “dost arası sözsüz olmaz” deyimini xatırlamalı, münasibətləri ekran və mətbuat vasitəsi ilə müəyyənləşdirməməli idi. Rəhbərliyində çalışdığı “Mədəniyyət” kanalında apardığı teatrla bağlı silsilə verilişlərdə müsahibinin hansı mövzuda danışmağından asılı olmayaraq, söhbəti ona rahatlıq verməyən baş rejissor məsələsinin üzərinə gətirməklə, İ.Rəhimli, subyektiv qənaətləri ilə bərabər, mənim ünvanıma hədyanlar söyləməyi də unutmurdu. Nə etmək olar, görünür, onun belə münasibəti üçün ciddi əsası var. Olsun. Amma ondan fərqli olaraq, mən qarşıma süfrə açan, ən azı bir stəkan çay qoyan anasının (Allah rəhmət eləsin) bacılarının və qardaşlarının (Allah qorusun) boynumda haqları olduğunu heç vaxt unuda bilmərəm. Mənə qəribə gələni dedim, məyus edən səbəbi də deməliyəm.

Azərbaycan teatr tarixinə aid neçə-neçə samballı kitabların müəllifi olan professor İ.Rəhimlinin elmi-nəzəri dünyagörüş baxımından ötən illər ərzində bu qədər gerilədiyini görməyim mənə ağır gəldi.

Təəssüf ki, bu yazı, mətbuatda ilk addımlarını atan, ağına-bozuna baxmayan təcrübəsiz bir gəncin, iradlarının məsuliyyətini dərk etməyən bir diletantın müştəbehliyi təsiri bağışlayır. Onu oxuduqca düşünürsən ki, bu müəllifin çağdaş teatr prosesindən, o cümlədən, bu gün qonşu Gürcüstan, qardaş Türkiyə, Polşa, İtaliya, İngiltərə, Rusiya, bir küll halında götürsək, dünya teatr həyatında baş verənlərdən xəbəri yoxdur. Yəni yazı müəllifi az qala unudub ki, Azərbaycan müstəqil dövlətdir və onun çağdaş mədəniyyət oriyentirləri bir vaxtlar Sovet İttifaqında “işləyən” meyarlara uyğun deyil. Unudub ki, indiyədək bildikləri, istinad etdiyi yanaşma tərzi o qədər köhnəlib ki, onların perspektivsizliyi açıq-aşkardır.

Bəlli həqiqət olsa da, bir daha xatırlatmalı oluram ki, hər hansı yazı müəllifi mövzusunu və predmetini mükəmməl bilməlidir. Yəni bu gün sovet dövrünün ənənələrini yaşatmaq mənasızdır. Belə ki, rastla cahargahı, bayatı-şirazla humayunu fərqləndirə bilməyənin muğamat barədə danışması, ərəb dilini bilməyənin hədisşunaslığa aid məsələlərdən söhbət açması vaxtları çoxdan ötüb. Odur ki, çağdaş teatr prosesindən xəbərsiz olub, yeni ictimai-mədəni reallıqlar müstəvisində teatr işinin idarəetmə mexanizmi barədə məsləhət verməyin adı nədir?

M.Qorkinin qəhrəmanlarından birinin sözləri ilə desək “Keçmişin karetasında uzağa gedə bilməzsən”. Başqa sözlə, çağdaş elmi-nəzəri səviyyə baxımdan dostum (o məni dost hesab eləməsə də), professor İ.Rəhimlinin belə geriləməyi məni məyus etdi. Onun çağdaş teatr düşüncəsi ilə uyuşmayan mülahizələri sanki məlumatsız auditoriyaya hesablanıb.

Əvvəla, o məsələni ki, professor İ.Rəhimli qabardıb, az qala, problem kimi qaldırmağa cəhd edib, dünya teatr həyatının gündəliyində belə bir problem yaxın otuz ildir ki, yoxdur və dünyanın sağlam düşüncəli heç bir teatrşünasının bu mövzunu çeynəmək ağlına belə gəlmir. Sonrası, yazının əvvəlində professor İ.Rəhimlinin örnək hesab edib sadaladığı tanınmış rejissorların əksəriyyətinin öz teatrı olmadığı üçün, onların adı ilə tanınan teatr da olmayıb. Yəni L.Viskonti, B.Brext, İ.Berqman və başqaları barədə yazanda bir qədər səliqəli olmaq lazımdır. P.Bruka gəlincə (mən qabaqcıl Avropa teatrlarının digər rəhbərləri kimi onunla da şəxsən tanışam), onun başçılıq etdiyi “Teatr mərkəzi” İngiltərədə yox, Parisdədir. Bunları bilmək üçün (qəribədir ki, o, dünya teatrındakı son 10-15 illik proseslərdən xəbərsiz təsəvvürü yaradır) professor İ.Rəhimli, ya çağdaş dünya teatrının yaradıcılıq həyatını öyrənməli idi, ya da məndən (lap elə telefonda) soruşmalı idi, çünki O, Aşqabad, Dərbənd, Tənqid-təbliğ, İşçi, Kolxoz, Sovxoz teatrlarını yaxşı bildiyi kimi, mən də antik dövr, Avropa və ABŞ teatr tarixinə bələdəm. Azərbaycanın milli teatr tarixinə aid məsələlərlə, o dövrün ayrı–ayrı sənət hadisələri və illəri ilə bağlı faktları mən professor İ.Rəhimlinin kitablarından, bəzən də özündən öyrənib, minnətdarlıqla öz tədqiqatlarımda istifadə etmişəm.

Yazısının bir yerində professor İ.Rəhimli yazır ki; “Moskvada MXAT, Satira, Vaxtanqov, Mayakovski, Malı Bronnı, Taqanka, Peterburqda Böyük Dram, Tiflisdə Rustaveli, Marcanaşvili, Litvada Panevejis... teatrlarının yaradıcılıq sərkərdələri həmişə baş rejissorlar olublar və indi də bu ənənə davam edir”. Belə görünür ki, onun, qeyd etdiyi teatrların bu günü, o cümlədən, oradakı yaradıcılıq ab-havası barədə məlumatı yoxdur. Çünki müəllifin istinad etdiyi örnəklər ötən əsrin 70-80-ci illərinin məlumatlarıdır. Halbuki mən (qeyri-təvazökar görünsəm də) onun, haqqında ordan-burdan götürdüyü “faktlar”dan fərqli olaraq, yuxarıda qeyd etdiyim kimi, istər MDB məkanındakı teatrların, istərsə də Avropanın tanınmış teatrlarının rəhbərləri ilə təmasdayam, bəziləri ilə şəxsi yaradıcılıq və dostluq əlaqələrim var. Deməliyəm ki, nə bir zamanlar G.Tovstonoqovun, nə Y.Miltinisin, nə Y.Qrotovskinin, nə A.Efrosun, nə Y.Lyubimovun, nə də K.Simonovun teatr əfsanəsindən bir şey qalmayıb.

Məni məyus edən səbəblərə qayıdıb, onu da deyim ki, sənətşünaslıq elmləri doktoru, professor İ.Rəhimli yazısında bütün məqalə boyu elmi-nəzəri meyara, alim yanaşmasına, intellekt işartısına rast gəlməməyim təbii ki, məni məyus etdi. Yəni bu, həmin professor İ.Rəhimlidir ki, yazılarındakı obyektiv mövqe, elmi-faktoloji biçim, predmetə səriştəli baxış onu başqalarından fərqləndirərdi. Axı, bir zamanlar Azərbaycan teatr tarixinə aid, ayrı-ayrı sənət adamlarının həyat və yaradıcılığına həsr edilmiş çoxsaylı kitabların, monoqrafiyaların, elmi-nəzəri məqalələrin müəllifi kimi professor İ.Rəhimli milli teatrşünaslığımızda özünəməxsus yeri olan alim idi. Xüsusi olaraq qeyd edim ki, gərgin zəhməti, uzun illik elmi araşdırmaları sayəsində ərsəyə gətirdiyi cild-cild kitablar professor İ.Rəhimlinin simasında teatrşünaslıq elmimizin şəksiz uğurlarıdır. Belə ki, teatrşünaslardan ibarət böyük bir qrupun görə biləcəyi işləri, professor İ.Rəhimli təkbaşına görməyi bacarmışdı. Bəs, indi nə olub ona? Tükənib? İnanmıram. Fikrimcə, o, ömrünü kiçik işlərə “xərcləyir”. Dayazda üzüb, məharətli görünmək təkəbbüründən əziyyət çəkir. Amma mən onu belə tanımırdım. O bu yazısında elə zəif görünür ki, mülahizələri miqyaslı estetik düşüncələrə yox, teatrətrafı qeybətlərə əsaslanır. O səbəbdən həmin mülahizələr bacarıqlı jurnalist bükməsində təqdim edilsə də, içərisi yalanla, böhtanla və qərəzlə doludur.

Professor İ.Rəhimli teatrın praktik həyatında bilavasitə şahidi olmadığı, konkret faktlara söykənməyən məsələlər barəsində, şəxsən mənim barəmdə qara yaxmağı özünə sığışdırır. Dəvət olunan rejissorların rol bölgüsündən başlamış, repertuar tərtibinə qədər, fəxri adlara təqdimatlardan tutmuş, teatra rəhbərlik işindəki fəaliyyətimə qədər böhtan və yalan dolu ittihamlar söyləyən professor İ.Rəhimli teatrşünas olduğunu unutmayıb ki? Unutmayıb ki, on ildən artıq bu kollektivdə çalışıb və necə çalışdığının şahidləri onu yaxşı tanıyırlar.

“Akademik Teatrda repertuar siyasətini (ötən əsrin 50-cı illərindən qalan bu ifadəni, təkcə o işlədə bilərdi – İ.İ.) direktor qurur”. Maraqlıdır, görəsən, onun teatrda ədəbi hissə müdiri işlədiyi illərdə repertuarı kim qururdu? Görəsən, professor İ.Rəhimli görkəmli rejissor Tofiq Kazımovum Akademik Dram Teatrında baş rejissoru olduğu dövrdə repertuarın necə qurulduğunu bilir? Görünür, bilmir. Mən prosesdə iştirak edən adam kimi deyə bilərəm ki, hər rejissorun, yəni Mehdi Məmmədovun, Ələsgər Şərifovun, Əşrəf Quliyevin və Tofiq Kazımovun özü seçdikləri “pyesi” teatrın o zamankı direktoru – Bədii Şuranın sədri Əli İsmayılova təqdim edir və həmin əsərlər Şuranın təsdiqindən sonra repertuara daxil edilirdi. Yəni Tofiq Kazımovun baş rejissor olduğuna baxmayaraq, “Canlı meyit”, “Məkr və məhəbbət”, “Dəli yığıncağı”, “Şeytanın şagirdi”, “Qılınc və qələm” kimi digər tamaşalar da məhz Bədii Şuranın qərarı ilə repertuara daxil edilmişdilər. Mənim Akademik Milli Dram Teatrının Bədii Şurasının sədri olaraq, onun üzvləri ilə bərabər repertuar tərtibi işimizdə qüsurumuzu nədə görür İ.Rəhimli?! Əgər həqiqətən işimizdə qüsurları görürdüsə, çoxsaylı görüşlərimizdə, saatlarla çəkən söhbətlərimizdə bunu niyə söyləmirdi mənə? O İ.Rəhimli ki, 2011-2012-ci illərdə mənim teatrdakı fəaliyyətimi təqdir edirdi. Məgər on bir il teatrda ədəbi hissə müdiri vəzifəsini tutan İ.Rəhimli bilmir ki, dövlət sifarişi ilə hazırlanan tamaşaların Bədii Şura tərəfindən təqdim edilən siyahısının təsdiqi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir?

Maraqlıdır ki, bir abzasda İ.Rəhimli lap birbaşa teatr direktorunun işinə qarışır, guya aktyorların halına yanır, guya onların günlərlə, həftələrlə direktorun qəbuluna düşə bilmədiklərinə acıyır. Sonrakı abzasların birində isə, aktyorları kollektivdən uzaqlaşdırmağın “müdrik” üsulları barədə tövsiyələr verir.

Akademik teatrın beynəlxalq teatr festivallarında qazandığı uğurlardan bəhs etdiyi məqamda İ.Rəhimli qəzəbini gizlətmir. “Bu tamaşalar direktorun deyil, ondan əvvəlki rejissorların, truppanın qabaqcıl aktyorlarının yaradıcılıq nailiyyətidir” yazır.

Məni tanıyanlar yaxşı bilir ki, çalışdığım dövr ərzində heç vaxt etdiklərimi dilə gətirib qürrələnməmiş, bir qayda olaraq, hər dəfə verdiyim müsahibələrdə teatrın kollektivinin uğurlarını qeyd etmişəm. Bu həqiqətdir, çünki Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, kollektivin səyləri olmasaydı, heç bir uğur qazana bilməzdik. Amma burasını deyim ki, bizim ölkədən kənardakı üç tamaşadan, təkcə “Xəcalət”in məndən əvvəl hazırlandığını bildiyi halda, Professor İ.Rəhimli nahaq danışır. Axı, ay hörmətli professor, məsələ nəyin nə vaxt və kim tərəfindən edilməsində deyil, milli teatrımızın ümumi uğurundandır. O biri məsələyə, yəni mənim kimisə günlərlə, həftələrlə qəbul etməməyimə gəlincə, bu, İ.Rəhimlinin alimlik iddiasına yaraşdırmadığım iftiradır. Sonrası, İ.Rəhimli öz işləri ilə, “Mədəniyyət” kanalının verilişlərinin keyfiyyəti və səviyyəsi ilə məşğul olsa, daha doğru iş görər. Mən onun “Mədəniyyət” kanalındakı fəaliyyətini təftiş etmirəm.

Məni məyus edən abzasları oxuduqca, professor İ.Rəhimlinin yalnız özünə aydın olan, praktik teatrın yaradıcılıq həyatına dəxli olmayan söz yığını onların müəllifinin savad səviyyəsini aydın göstərir. Truppaya yeni qəbul edilən aktyorlar barədə İ.Rəhimli yazır ki; “onlar tamaşalarda hərəkət plastikaları, (?) səhnə danışığı prinsipləri, (?) mizanların icrası, (?) yöndaşlarla səmimiyyət (?) qurmaq baxımından ansamblda yad görünürlər”.

Mülahizələrinin mütləq həqiqət, alternativsiz arqumentlərlə zəngin olması qənaətindən, ya nədənsə, professor İ.Rəhimli məişət xarakteri daşıyan populist ifadələrlə, son illər teatr truppasına qəbul edilən aktyorların (Elşən Rüstəmov, Ayşad Məmmədov, Hikmət Rəhimov, İlahə Həsənova nəzərdə tutulur) guya “teatrın yaradıcılıq yolunun estetik incəliklərini (doğrusu bu ifadənin mənasını bilmirəm – İ.İ.) tuta bilmədiklərini qeyd edir” və onun konkret olaraq kimdən bəhs etdiyi oxucuya bəlli olmur.

Məqalənin əvvəlində olduğu kimi sonunda da professor İ.Rəhimli həmin suala qayıdır. Teatrın yaradıcılıq simasını direktor müəyyənləşdirir, yoxsa baş rejissor? Bu, yuxarıda qeyd etdiyim kimi, vaxtı ötmüş sadəlövh sualdır. Teatrın təşkilatlanma və struktur məsələlərinə toxunan professor İ.Rəhimli bu sahədə öncül mütəxəssislərdən olan sənətşünas alim Ədalət Vəliyevdən məsləhətlər alsaydı, bu qədər səriştəsiz görsənməzdi. Şəxsən mən müxtəlif məsələlərlə bağlı tez-tez ona müraciət edirəm. Yeri gəlmişkən, onu da qeyd edim ki, “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında nəzərdə tutulan kompleks tədbirlərin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən prosesinə məhz Ə.Vəliyev başçılıq edir. O da təsdiq edər ki, ölkəmizin teatr sistemində uğurla həyata keçirilən islahatların tərkib hissəsi olan əməkdaşlarla kontrakt əsasında münasibətlərin qurulması, quruluşçu rejissorların təhkimçilikdən qurtulub, qonorar əsasında çalışması, onlara sərbəst yaradıcılıq imkanlarının yaradılması, ölkəmizdə teatr işini ətalətdən inkişafa yönəldən olduqca əhəmiyyətli addımlardır.

Qədim hind müdriklərinin belə bir kəlamı yadıma düşdü; “Düz sualın bir cavabı var, əyri sualın çox. Sualı verəndən asılıdır... ”. Yazıda C.Cabbarlının qəhrəmanı Ocaqqulunun sualı yadıma düşdü: – Hər binanın bir ustası, hər məxluqun bir xaliqi var, ya yox? – sualına bənzəyən ritorik suala professor İ.Rəhimlinin gözlədiyi cavaba gəlincə, deməliyəm ki, repertuar teatrın yaradıcılıq simasıdır və dünya teatr təcrübəsinə istinad edib deyə bilərəm ki, onu professional müəyyənləşdirir. O professional ki, müasir dünyadakı mədəni prosesləri, o cümlədən, səhnə sənətinin qanunauyğun inkişaf tendensiyalarını, multikulturizm prinsiplərini dərk edir. O professional ki, milli teatr ənənələrinin inkişafını təmin etməyi bacarır, nə edəcəyini aydın bilir və onun tətbiqini təmin edir.

Dünya teatr prosesindən bəhrələnmənin nəticəsi olaraq, teatrın praktik həyatında innovasiyaların tətbiqi, təbii olaraq, bədii yaradıcılığa əhəmiyyətli təsir göstərir, qarşıda yeni inkişaf perspektivləri açır. Bu sadə həqiqət nəzərə alınmalıdır ki, artıq milli teatrımızda dünya teatr prosesinin qəbul edilmiş meyarları ilə uzlaşan yaradıcılıq mühitinin yaradılmasına ehtiyac var. Və həmin yaradıcılıq mühiti professor İ.Rəhimlinin istinad etdiyi ötən əsrin 60-cı illərindəki teatra rəhbərlik metodları ilə deyil, prinsipcə yeni ideya-estetik tələblərlə nizamlanan yaradıcılıq strategiyası ilə realizə edilir. Odur ki, biz “Teatr və teatr fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulan prodüsserlik və teatr menecmenti üzrə mütəxəssislər cəlb edilməsinə, bununla da səhnə sənətinin funksional həyatını canlandırmağa yönələn tədbirlər həyata keçiririk.

Teatrsevərlərə məlumdur ki, kollektivimiz teatrın yeni təmir edilmiş binasında 2011-ci il mart ayının 10-da fəaliyyətə başlayıb, yəni ötən 2 il 6 ay ərzində 22 tamaşa hazırlanıb. Teatrımız 5 Beynəlxalq teatr festivalında iştirak etmiş, 3 qastrol səfərində olmuş, 18 yubiley tədbirini keçirmişdir. Ötən iki il ərzində teatra təcrübəli rejissorlar, Azər Paşa Nemətov, Vaqif İbrahimoğlu, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Mehriban Ələkbərzadəylə bərabər Tural Mustafayev, Mikayıl Mikayılov, Nicat Kazımov, Loğman Kərimov, Firudin Məhərrəmov, Gümrah Ömər, Namiq Ağayev kimi cavan rejissorlar quruluş üçün dəvət edilmişdir. Teatrımızın baş rəssamı Nazim Bəykişiyevlə yanaşı, gənc teatr rəssamları Mustafa Mustafayev, Ülviyyə Zərbəliyeva və başqaları teatra cəlb edilmişdir.

Truppanın yaradıcılıq keyfiyyətlərinin təkmilləşməsi məqsədi ilə vokal və plastika, trenaj zalında mütəxəssislərin rəhbərliyi ilə fiziki hazırlıq məşğələləri təşkil edilmişdir. Bundan başqa, aktyor sənəti, səhnə danışığı, səhnə texnikası üzrə treninqlər, ingilis dili məşğələləri, teatr və teatr tənqidi əlaqələrinin formalaşması məqsədi ilə teatrda gənc teatrşünasların laboratoriyasının fəaliyyəti təşkil edilmiş, truppanın sağlamlığını təmin etmək məqsədi ilə xüsusi müalicə kompleksində truppanın müayinə və müalicə məsələləri həll edilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq teatr konfranslarının, ayrı-ayrı ölkələrdə iştirak etdiyimiz Beynəlxalq teatr festivallarının müstəsna əhəmiyyəti oldu. Məhz bu bəhrələnmələr milli teatrımızın XXI əsrdəki estetik fəaliyyət strategiyası haqqında perspektivli layihələr həyata keçirmək niyyətimizi labüdləşdirdi.

İnkişaf edən dünya ölkələrinin teatrlarının əsas götürdükləri fəaliyyət modellərindən olan Şərqi Avropa modelini daha münasib hesab edib, hazırda “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının tələblərinə uyğun olaraq, milli teatrımızın yaradıcılıq istiqamətlərinin perspektivinin prinsipləri üzərində işləyirik.

Qurani-şərifdə Allahu Təbərük Təala buyurur ki, “Biz cəza olaraq onların qulaqlarını və gözlərini qapatdıq”. Bizim addımlarımızın hansı mərama doğru getdiyini görənlər çoxdur. Məni tələbəlik illərindən tanıyan professor İ.Rəhimliyə gəlincə, onun bizim məramımızı görmədiyinə təəssüflənir, hansı tərəfə baxdığını, nə axtardığını bilmirəm. Bu əməlindən nə qazandığını da bilmirəm. Amma 60 yaşını ötmüş bir insanın, bir alimin nəyi itirdiyini, kimi itirdiyini yaxşı bilirəm. Onu da bilirəm ki, 11 il çalışdığı teatra diş qıcırtmaq yaxşı iş deyil. Teatrı sevmək lazımdır. Onu, orada çalışanları nəyə görəsə yox, sadəcə, təmənnasız sevmək lazımdır.

“Mən teatrı çox sevirəm. Bu ötəri hiss deyil. İçimdən gələn bir məhəbbətdir”. Bu sözlər Ulu Öndərimiz, unudulmaz Heydər Əliyevə məxsusdur. Bax, teatrı belə sevərlər, İ.Rəhimli.

# 4034 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #