“Vaqif Səmədoğlu şairliyi gözdən saldı” SÖZLÜ ADAM LAYİHƏSİ

“Vaqif Səmədoğlu şairliyi gözdən saldı” SÖZLÜ ADAM LAYİHƏSİ
28 sentyabr 2013
# 08:00

“Sözlü adam”ın “Cəlilabad silsiləsi”nin budəfəki qonağı Gülbala Teymurdur. Yox, əslində biz onun qonağıyıq. “Sözün işığı” jurnalının təsisçisi və baş redaktoru Ədalət Salman bizi Gülbala Teymurla tanış etməzdən qabaq elə beləcə də dedi: “İnternetdən qonaqlarımız var”.

Gülbala Teymur Cəlilabadın sayılıb-seçilən şairlərindəndir. Ancaq müsahibə verməkdən çəkinirdi sanki. Əvvəlcə dedi, müsahibə verərəm, ancaq çəkiliş olmasın. Deyirik, müəllim, onsuz da çəkiliş yoxdur, amma nə məsələdir? Cavab verir ki, dişlərimi çəkdirmişəm, çəkiliş olsa yaxşı düşməyəcəyəm.

Sonra dedi, bəlkə bir çay içək, 15-20 dəqiqə söhbət edək, ünsiyyətimiz yaransın, mən sizə öyrəşim, sonra müsahibəyə başlayarıq. Əslində yaxşı təklif idi, sadəcə vaxt azdı deyə müəllimin bu təklifini müsbət dəyərləndirə bilmədik. Qısa çək-çevirdən sonra söhbətimiz alındı.

Ədəbiyyata nə vaxt qədəm qoymağından danışan Gülbala Teymur deyir ki, hələ balacalığından hər şeydən təsirlənən adam olub: “Ancaq ilk dəfə məqalə ilə başlamışam. 8-ci sinifdə oxuyurdum. Kəndimizdə yanğın olmuşdu, bu barədə rayonumuzun “Taxılçı” qəzetinə bir məlumat yazıb göndərmişdim. Bu məlumatı birinci səhifədə, “Abuzərin qoçaqlığı” sərlövhəsi ilə vermişdilər. Bundan sonra əmin oldum ki, yaza bilərəm. Mərkəzi mətbuatda ilk dəfə 1983-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmuşam. Sonralar həm rayon qəzetində, həm də mərkəzi qəzetlərdə müntəzəm çap olunmağa başladım”.

Şairin şeirinə qiymət verənlərdən biri Xalq Şairi Cabir Novruzdur:

“Azərbaycan gəncləri” qəzetində şeir bölməsinə baxardı. Ondan keçmək çox çətin idi. Şeirlər günlərlə, aylarla, bəzən illərlə onun stolunun üstündə qalardı, ancaq çap etməzdi. Bir dəfə ona şeir apardım, oxudu və dedi: “Hə, bu şeirdir”.

Bəxtiyar Vahabzadə isə onun şeirini bəyənməyib: “Məni kimi təzə yazmağa başlayan Yusif adlı bir nəfər vardı, dedi, gedək Bəxtiyar Vahabzadənin yanına. Getdik, Bəxtiyar müəllim Yusifin şeirlərinə baxdı, üstünü yazdı. Mənim şeirlərimi oxudu, dedi, incimə, sənin şeirlərini çapa göndərə bilmərəm. Ancaq mən sənə deyirəm, yaz. Təəssüf ki, ondan sonra Bəxtiyar müəllimlə görüşə bilmədim”.

Gülbala Teymur söyləyir ki, onun institutu qurtarandan sonra Bakıda saxlamaq istəyirmişlər, ancaq razı olmayıb: “Mən əyaləti sevən adamam. Amma burda böyüyə bilmədik”.

Şairin ilk kitabı 1999-cu ildə, 44 yaşında işıq üzü görüb. İlk kitabının niyə belə gec ərsəyə gəlməyi ilə maraqlanırıq: “Mən kitabın çapına həvəs göstərməmişəm. Yazmağa həvəsim olub, yaxşı şeir yazanda ləzzət almışam, amma kitab çap etdirməyə həvəsim olmayıb. Onu da demək lazımdır ki, sovet dövründə kitab çat etdirmək çox çətin idi. Tələbə olanda bir dəfə “Yazıçı” nəşriyyatına müraciət etdim, dedilər, rəyə göndərəcəyik, ancaq heç hara göndərmədilər, eləcə qaldı orda. Əlyazmalarım elə indi də ordadı yəqin. Həm də rayonda yaşamaq texniki cəhətdən müəyyən problemlər yaradır”.

Gülbala müəllimin ümumilikdə 3 kitabı var, bu ildən prezident təqaüdü alır.

Gülbala Teymur Yazıçılar Birliyinə 2001-ci ildə üzv olub. 46 yaşında. Üzvlüyə gec qəbul olunmağını Cəlilabaddan heç yana çıxmamağı ilə izah edir: “Mən təmənnasız adamam, başqası məni nəzərə almasa, özüm heç nə edə deyiləm. Məclisə girəndə ayaq tərəfdə otururam. Yuxarı tərəfə keçmirəm”.

Şair deyir ki, mən çox dərinliklərə getmirəm, gördüklərimi, duyduqlarımı yazıram.

Həmsöhbətimiz ədəbiyyat saytlarını, o cümlədən Kulis.az izləyir: “Diqqətimi çəkən yazıları, şeirləri oxuyuram. Yaxşı şeirə rast gələndə elə bilirəm, övladım, nəvəm olub. Mənə elə gəlir ki, gənclərin mənəm-mənəmliyi onları kölgədə qoyur. Bəlkə də gənclər daha güclüdürlər. Ancaq insan mənəm-mənəm deyəndə bir az kölgəyə çəkilir. Cavan uşaqların danışığında, maşın sürməyində də bir mənəm-mənəmlik var”.

Aqşinin dini tənqid edən yazılarından söhbət salırıq. Dindar yer olan Cəlilabadda bu yazılara necə reaksiya verildiyini soruşuruq. Şair deyir ki, mən belə məsələlərə qarışmıram: “Ancaq Aqşini istedadlı, yaxşı şair kimi qəbul edirəm. Biz bilmirik ki, Məhəmməd Füzuli necə adamdır. Biz onu yaradıcılığından tanıyırıq. Zaman keçdikcə hər şey unudulur, əsas yaradıcılıqdır”.

Şairlərə münasibətdən söz düşür. Gülbala müəllimin yaralı yerinə toxunuruq: “İstəyirəm bu fikrim olduğu kimi getsin. Səməd Vurğun “Vaqif” əsəri ilə şairi göylərə qaldırdı. Onun oğlu Vaqif Səmədoğlu isə Moşu ilə şairləri hörmətdən saldı. Gərək Moşu yaranmayaydı. İndi xalq şair adı eşidəndə elə bilir ki, hamımız Moşuyuq. Vaqifə hörmətim var, şeirlərini bəyənirəm, amma gərək şairi o kökə salmayaydı. Şairə bizdə həmişə incə duyğular olub”.

Gülbala Teymur qəzəl də yazır. İndiki dövrdə bu janrın nə qədər aktual olduğunu soruşuruq: “Qəzəllərimin sayı elə də çox deyil.

Mənim yaxşı səsim vardı. Oxuyurdum özüm üçün. Qəzəlləri də o vaxt yazmışam”.

Şairdən öz kitablarını hansı idarəyə təqdim edib-etməməyi barədə soruşuram: “Son kitabım 300 nüsxə çıxıb, kimsə məndən istəməmiş bu kitabın bir nüsxəsini də kiməsə verməmişəm. Məni kim görübsə, deyib ki, mənə kitabından niyə vermirsən? Kitablarımı təmənnasız paylamışam. Bu kitabı İsgəndər adlı qrup yoldaşım öz vəsaiti hesabına nəşr etdirib. Allah onun canını sağ eləsin. Ona görə mən kitabdan təmənna ummuram”.

Söhbətimiz yekunlaşır, amma Gülbala müəllimin narahatlığı yenə də azalmayıb. Gah materialı hazırlayarkən diqqətli olmağı tövsiyə edir, gah şəkillərdə pis düşə biləcəyindən narahat olduğunu büruzə verir: “Arıq olduğumdan şəkillərdə yaxşı düşmürəm, ona görə narahatam”.

Şair bizi Bakıya çatandan sonra da rahat buraxmadı. Bu dəfə Vaqif Səmədoğlu haqqında səsləndirdiyi fikirlərə görə narahat idi. O fikirləri yumşaltmağı məsləhət bildi.

Bağışla, şair, o fikirləri olduğu kimi verməliyik, müsahibənin ən maraqlı hissəsini verməsək, yumşaltsaq, vallah bizi “daşa basarlar”.

Səmimi, yaxşı, təvazökar insan təsiri bağışladı Gülbala müəllim. Amma çox narahatdır. Bir az rahat olun, şair, beş günlük dünyada çəkinə-çəkinə, sizin kimi narahat yaşamaq olmaz.

# 4434 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #