news-inner
clock09:00 calendar-gray 19 Sentyabr 2013 view-gray2446 dəfə oxunub
view-gray2446 dəfə oxunub

“Səttar Bəhlulzadə söyüşlə danışırdı” MÜSAHİBƏ

Ədəbiyyat onlara heç nə qazandırmayıb. Nə şan-şöhrət, nə maddi imkan. Siz deyən elə mükafatları-filan da yoxdur. Onların ədəbiyyat tarixində qalıb-qalmayacaqları da mübahisəlidir. Çünki yaddaşlarda qalmaq əhəmiyyətli dərəcədə bu gündən asılı olan məsələdir. Bu gün isə onlar ortada yoxdurlar, başqaları var. Onları itirib-axtarmırlar. Onların iddiası da yoxdur. Başlarını aşağı salıb yazırlar. Həm də yaxşı yazırlar. Oxuyan olsa da, olmasa da.

Ədəbiyyatın keşiyində durmaq üçün jurnal, qəzet də buraxırlar. Oxuyan olsa da, olmasa da.

Kimdir onlar? Məmməd Orucdur, Azər Abdulladır... Və başqalarıdır...

Onları arayıb-axtaran olmasa da biz onları axtarmaq, tapmaq istəyirik. Bir müddət öncə Məmməd Orucu tapmışdıq.

Dünən Azər Abdullanı tapdıq, yazdıqları ilə bağlı heç bir iddiası olmayan adamı...

1969-cu ildə nəşr olunmuş ilk kitabının-“Bir durna qatarı”nın ilhamvericisi İzabellanı soruşduq ondan. Dedi ki, “Qobustan”da ondan İzabella haqqında çox soruşublar:

“Adam var sevgisini dünyaya sərir, sərgi kimi hamı gəlib baxır. Adam var gizlədir, demək istəmir. Mən ikincilərdənəm. Məncə bu barədə danışmaq doğru çıxmaz”.

“Qəmərlidən keçən qatar”a gəldik. Bu hekayənin əvvəlində yazılıb: “Hadisə Ermənistan zəlzələsindən on iki il öncə olub”. Burada 7 dekabr 1988-ci ildə baş vermiş Spitak zəlzələsi nəzərdə tutulur. Hekayənin ən qısa məzmunu belədir ki, bir dəstə erməni millətçi mövqedən çıxış edərək bir azərbaycanlı ailəni zorla kupedən çıxarıb, onların yerinə yiyələnmək istəyirlər. Müəllifin “Hadisə Ermənistan zəlzələsindən on iki il öncə olub” yazmağı belə bir şeyin doğrudan da baş verdiyi təəssüratı yaradır.

1976-cı ildə, xalqlar dostluğu ideyasının hələ yüksək səviyyədə işlədiyi vaxtlarda azərbaycanlılarla ermənilər arasında belə problemlər vardı?

Azər Abdullanı dinləyirik: “Azərbaycanda yaşayan türklər ermənilərin xarakterini Ermənistanda yaşayan türklər qədər bilə bilməz. Bakıda çoxluq təşkil etdiyimizə görə ermənilər üzdə özlərini başqa cür aparırdılar. Amma Ermənistanda çox olduqlarına görə bizi hər zaman sıxışdırıblar. Mən bu basqı və təzyiqi həmişə hiss eləmişəm. “Qəmərlidən keçən qatar”da yazdıqlarım realdır, düzdür artıma olub, ancaq şişirtmə olmayıb. “Kəpənək bayramı” kitabımdakı beş yazının hamısı ermənilər haqqındadır. O yazıları oxuyanda ermənilər haqqında daha aydın təsəvvürünüz yaranacaq”.

Məmməd Oruc yazır: “Ötən yüzillikdə Azərbaycan ədəbiyyatında meydana gələn “Danabaş kəndinin əhvalatları” da içində olmaqla on povest seçməyi mənə tapşırsalar, mən o siyahını “Qəmərlidən keçən qatar”sız təsəvvür edə bilmirəm”. Məncə bu, daha çox dost tərifidir. Ancaq Azər Abdulla razılaşmır: “İndiyə qədər o əsəri oxuyub tərifləməyən adam görməmişəm. Ədəbiyyatçılar, tənqidçilər, rejissorlar bu hekayəni çox tərifləyiblər. Və mən də məhz bundan sonra belə qənaətə gəlmişəm ki, mən də bəyənim bu əsəri. Bu əsər jurnalda Anar müəllimin “Qırmızı limuzin"i ilə eyni vaxtda çap olunmuşdu. Anar müəllim oxumuşdu və demişdi ki, Azər, bu, kinoluqdur. Rövşən Almuradlı bəlkə məndən on dəfə soruşub ki, necə edək, bu hekayənin motivləri əsasında bir film çəkək... Mən də deyirəm, vallah, mən gücsüz adamam, nə edə bilərəm ki. Yazdığımı yazmışam. Natiq Səfərov isə bu əsər haqqında deyirdi ki, Azər, sən bunu tapmısan, inanmıram belə əsər yaza biləsən. Seçilən tənqidçilərimizdən olan Əsəd Cahangir də hər yerdə tərifləyir bu hekayəni”.

Kənan Hacı “Məzələnmə” avtobioqrafik romanının niyə işıq üzü görmədiyini soruşur. Müəllif deyir ki, o əsər hələ çap olunmayacaq: “Çünki on dəfə təriflədiyin adamı bir dəfə yüngülvarı tənqid etsən səndən inciyəcək. Bəlkə büruzə verməyəcək, amma ürəyinin dərin yerində səni yamanlayacaq. Müşahidə elədiyim 40-50 yazıçı, şair haqqında yazmışam. Amma ehtiyat edirəm ki, adamlar inciyərlər. Bəlkə də indi çap olunsa daha çox rezonans doğurar, nəinki 50 ildən sonra”.

Kənan Hacı Azər Abdullanın Səttar Bəhlulzadə ilə münasibətləri haqqında soruşur. Yaxşı münasibətləri olub. Ancaq belə gözəl münasibətin özülü incikliklə qoyulub: “Onun emalatxanasına getmişdim, yazı hazırlamağa. Söhbət edəndə hiss elədim ki, Səttar müəllimin məndən heç xoşu gəlmir. Səbəbini soruşanda bəlli oldu ki, Çingiz Əzizov haqqında yazmağım Səttar müəllimin xoşuna gəlməyib. Dedi ki, o nə rəssamdır, onun haqqında yazırsan? Sən demə onların heç arası yoxmuş. Bu mövzuda Səttar müəllimlə bərk mübahisə elədik. Sonra gördüm, yazı alınmayacaq, başladım onun qılığına girməyə. Yumşalda bildim. Yazını yazandan sonra isə özü gəldi redaksiyaya. Yazı çox xoşuna gəlmişdi. Çox ərköyün adam idi, xoşu gəlməyən adamlarla söyüşlə danışırdı, çox vaxt yuxarıları saymırdı. Buna görə onun redaksiyaya gəlməyi təəccübləndirdi məni.

Mən də belə bir xüsusiyyət var. Yaxşı bir şeyə-sənət əsərinə, teatra baxıramsa istəyirəm ona atam, anam, yoldaşım da baxsın.

Buna görə də nişanlımı götürüb getmişdim Səttar müəllimin emalatxanasına. Dedi ki, hansı əsəri istəyirsən götür. Tək mənə yox, çox adama əsərlərini hədiyyə etmişdi. Çox səxavətli adam idi. Bəlkə də dünyada heç bir adam bu qədər səxavətli olmayıb. Səttar Bəhlulzadə haqqında “Qapıları bir-bir döydüm” kitabını yazana qədər 70-80 evə getmişəm. O evlərdə Səttarın əsərləri vardı”.

“Solfecio dərsi”nə giririk. Baş qəhrəman əslində müəllifin özüdür. Köçəri jurnalda texniki işçi kimi çalışır, amma işi bacarmadığından onu fəhləliyə-zada da göndərirlər. Köçəri işi bilmədiyindən dinə bilmir. Ancaq bu da çox davam etmir. Köçəri taleyi ilə barışmır, taleyindən qaçır. Bəli, bu, Azər Abdullanın özüdür. Uzun müddət “Qobustan”da texniki işçi olub. Amma Köçəridən fərqli olaraq taleyindən qaçmayın, taleyi ilə barışıb.

Görək müəllif nə deyir: “O hekayəni Anar müəllim bəyənməmişdi. Sırf “Qobustan”la bağlı olduğuna görə. O vaxt Qaraşəhərdən kağızları özümüz yükləyib, gətirib özümüz də boşaldırdıq. Yəni fəhləçilik edirik. Bir dəfə mən tək getməli oldum, çox çətin idi, çox əziyyət çəkdim. Hekayədə onu yazmışam. Hekayə mənim öz taleyimə etirazım idi. Amma mən “Qobustan” mənim üçün çox doğma idi, ona görə ayrıla bilmirdim burdakı işimdən. Mən “Qobustan”ın texniki redaktoru kimi yox, toplunun bir əməkdaşı kimi həmişə sevinib iftixar hissi duymuşam. Yazılarımımın şöbə müdirləri, bəzən Anar müəllim tərəfindən bəyənilməsi mənim üçün toy-bayram olub. Getdyim yerlərdə bəzən tanıdığım, bəzənsə tanımadığım adamların yanında “Qobustan”da işlədiyimi bildirməkdən sevinmişəm, içimdə bir güvənc duyğusu baş qaldırıb. “Qobustan”nın adı mənim “vizit karoçkam” olub. Bu gün Anarı tənqid eləyənlər vallah onu tanımırlar. İnsaf da yaxşı şeydi. Anar o zaman orada çox gözəl mühit yaratmışdı. Hələ mən görmədim ki, Anar kiməsə iradını hamının içində bildirsin, qüsurun 5 adamın içində desin”.

“Gül yağışı”... Müəllif bu hekayədə öləndən sonra qəbirdə dirilmək qorxusu haqda yazıb. Daha doğrusu öz qorxularını qələmə alıb: “O çox dəhşətli bir qorxudur, bu dəqiqə də məndə var. Amma etiraf edim ki, o hekayəni yazandan sonra bir az yüngülləşmişəm. Hər dəfə bir adam rəhmətə gedəndə onun qəbrinə qorxa-qorxa baxıram ki, İlahi, burdan necə çıxmaq olar. Məndə ölmək qorxusu yoxdur, ölməyi təbii qəbul edirəm. Amma öləndən sonra dirilməkdən çox qorxuram, hətta evdəkiləri də başa salmışam ki, nə etmək lazımdır. Deyirəm, bacarsaydınız, başıma bir güllə vurun, ya da toka verin ki, dirilməyim”.

Kənan Hacı Mehdi Bəyazidi yada salır. Azər Abdulla deyir ki, təəssüf o bədii mətn yazmadı: “O, ədəbiyyatdan danışanda ekstaza gəlirdi. Çox maraqlı adam idi. Onun qurduğu cümlələri hər adam qura bilməzdi. Çox yüksək səviyyəli publisist idi, təəssüf ki, bədii mətn yazmadı. İki dəfə vərəmdən müalicə olundu. Yanına getmişdim. Çox sevindi, dedi ki, yanıma gəlib-gedən yoxdur. Bir dəfə mənə zəng vurdu və israrla xahiş etdi ki, görüşək. Mən çox yaxın bir adamımı itirmişdim, dedim, o əhvalda deyiləm. Çox pis vəziyyətdə idim. Bir müddət sonra rəhmətə getdi. Onunla görüşmədiyimə görə bu gün də ürəyim ağrıyır”.

“Məndən nə oxumusan?” Bəzi yazıçıların qorxusu var sanki. Onlar sanki öz-özlərinə deyirlər: İsa Hüseynovu, Əkrəm Əylislini, Anarı qoyub niyə məni oxumalıdırlar ki? Bizə bu sualı verən Azər Abdulla belə bir qorxusunun olmadığını deyir, jurnalistlərdən şikayətlənir: “Jurnalistlər ümumi sualları ilə adamı yorur, bezdirirlər. İnanın ki, indinin özündə də “Dünyaya bir daha gəlsəydiniz, yazıçı olardınızmı?” sualını verirlər. Hamıya verilmiş sualları bir də sənə verirlər. Bu, bir az adamı incidir. Mənim yazılarım haqqında təsəvvürü yoxdur, amma müsahibə götürmək istəyir. Bu cür olmaz axı. Sənin yaradıcılığın, şəxsi həyatın haqqında heç bir məlumatı olmayan adam səndən müsahibə almaq istəyir. Bu, nə dərəcədə düzgündür?”

Söhbət Azər Abdullanın üzdə olmamağından düşür. Azər Abdulla deyir ki, ədəbiyyatla bağlı iddiası yoxdur: “Təbliğat böyük şeydir, ancaq mən bunu bacarmamışam. Həvəsim, marağım olmayıb. Bir az iddiasız olmuşam. İddiasız olmaq yazıçı üçün nöqsandır. Amma məndən də iddiasız, ancaq gözəl yazıçılar var, heç sizin xəbəriniz yoxdur. Bu, çox kədərli vəziyyətdir”.

Həmsöhbətimiz Xalq Yazıçısı Sabir Əhmədli haqqında məqaləsində onun işdən çıxarılmağını ümumi şəkildə qınayır, ancaq Sabir Əhmədlinin işdən çıxarılmasının əsas səbəbkarı Anar haqqında heç nə yazmır, başqa bir məqalədə isə onu göylərə qaldırır. Bunu necə başa düşək?

Azər Abdulla bunları deyir: “Siz bu sualla məni çox çətin vəziyyətdə qoyursunuz. Allahdan başqa hamı səhv edə bilər. Hətta peyğəmbərimiz də. Bəlkə də o məsələdə Anar səhv edib. Sabir Əhmədli işdən çıxanda ürəyim ağrıyıb, ancaq Anara ancaq buna görə qiymət verə bilmərəm axı. On dəfə yaxşılıq edirsən, on birinci dəfə yaxşılıq etməyi bacarmayanda olursan pis adam. İndi Anarın bütün fəaliyyətini vurum yerə ki Sabir Əhmədli niyə işdən çıxarılıb? Onu da deyim ki, Sabir Əhmədli haqqında xüsusi buraxılış çıxardıq, o da yaxşı qarşılanmadı”.

Kim yaxşı qarşılamadı? Həmsöhbətimiz ad açıqlamır.

Belə... Məncə söhbətimiz alındı...

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020