Ölçü vahidi

Ölçü vahidi
6 sentyabr 2013
# 15:17

Hər xalqın, hər millətin kim olduğunu, nəyə qadir olduğunu, haracan olduğunu yəqin o xalqın, o millətin fikir, söz adamları daha çox ifadə eləyir. Millətin kimliyi, xalqın tarixi barədə ən dürüst, bəzək-düzəksiz informasiya o adamların yazdıqlarından boy verib görünür. Söz zamana-məkana sığmır: bu mənada 14-cü əsrdə Hələbdə edam olunan Nəsimi də, 16-cı əsrdə İraqda yaşamış Füzuli də bu gün bizimlə bir ölkədə, bir dövrdə yaşayan neçə-neçə söz, fikir adamından daha təzə, daha yenidi. Yox, heç onların yazdıqlarının bədii keyfiyyət fərqini, fikir miqyasını da demirəm, müqayisə mövzusu bu deyil; söhbət onların həyat tərzindən, seçdikləri yaşam fəlsəfəsindən və yazılarının verdiyi informasiyanın tutumundan gedir.

Azərbaycan tarixinin hər dönəmində belə şəxsiyyətlər olub. Nə yaxşı ki, indi də var. Bu günlərdə o adamlardan birini – bənzərsiz şair Ələkbər Salahzadəni itirdik. Sakit, səssiz yaşadığı kimi, “xəlqə əfğanı ilə zəhmət vermədən” – sakit, səssiz də başını götürüb getdi.

Ələkbər Salahzadə adı cəmiyyətin müxtəlif təbəqələri üçün çox az informasiya verirdi. Neçə dəfə şahidlik eləmişəm: məclislər olub ki, çağdaş ədəbiyyatdan söz düşəndə Ələkbər Salahzadənin adını çəkmişəm və dərhal neçə cüt gözün təəccüblə üzümə zilləndiyini görmüşəm. Düzü, belə məqamlarda həmsöhbətlərim mənə o qədər maraqsız görünüb ki, nəinki əlavə izahat verməyə, ümumiyyətlə, söhbətə davam eləməyə də həvəsim, taqətim qalmayıb.

Amma bir şeyi də müşahidə eləmişdim: Ələkbər Salahzadə özü bu mənzərədən qətiyyən narahat deyildi. Elə bil o, maraq dairəsi tam fərqli olan, özgə dəyərlərə tapınan bu cəmiyyətin nəzəri altına düşməyi heç istəmirdi də. Mənə elə gəlirdi, bu adamların onu tanımaması Ələkbər Salahzadənin heç vecinə də deyil. Bunu o adamın xarakteri də istəmirdi, buna onun bənzərsiz, əsl xiridarlara hesablanan şeirləri də imkan vermirdi. Əvəzində Ələkbər Salahzadə yaradıcılığına münasibətini soruşmaqla istənilən həmsöhbətin zövqünü, ruslar demiş, “potolokunu” müəyyən eləmək də mümkün idi. Bu mənada demək olar ki, çağdaş Azərbaycan ədəbiyyatı öz ölçü vahidlərindən birini itirdi. Məndə bir əminlik var ki, bu ölçü vahidini yaradan adam dünyasını dəyişsə də, onun həm ölçüsü, həm də vahidi dipdiri qalacaq.

Sakit, səssiz, iddiasız, ipək kimi bir ömür yaşayıb dünyasını dəyişən Ələkbər Salahzadəyə “Ruhun şad olsun” deyirəm mən.

Azərbaycan ədəbiyyatı, Azərbaycan dili durduqca dipdiri qalacaq o ölçü vahidinə “Həmişə var ol” deyirəm...

mediaforum.az

# 1994 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #