news-inner
clock15:11 calendar-gray 01 Avqust 2013 view-gray1017 dəfə oxunub
view-gray1017 dəfə oxunub

Darısqal ev

Kulis.Az amerikalı yazıçı Pol Boulzun “Darısqal ev” hekayəsini Azad Yaşarın tərcüməsində təqdim edir.

Altmış, yetmiş il əvvəl kəndin əsas küçəsində, qonşu şəhərdən bir neçə mil aralıda kiçik bir ev inşa olunmuşdu. Zamanla böyüyən şəhər buralara qədər gəlmiş və kiçik evi hər tərəfdən əhatəyə almışdı. Əvvəl-əvvəl bu ev birmərtəbəliydi, sonradan mətbəxin damında əlavə bir otaq da tikildi. Havalar xoş keçəndə həmin otağın pəncərəsindən hətta indinin özündə də cənub-qərb tərəfdə, həm də çox uzaqlarda uzanan dağlar aşkar görünür. Leyla Ayşə bu mənzərəyə baxmaqdan doymazdı: oturub, təsbehini çevirər və oğlu onu öz yanına gətirəndən bəri həyat tərzinin tanınmaz dərəcədə dəyişməsi barədə düşünərdi. Onun bütün ömrü-günü dağların o biri üzündə qalan vadidə keçmişdi. Ancaq qadın bir daha oralara ayaq basmağı heç arzulamırdı.

Vaxtilə oradan şəhərə köçməsini böyük bir xoşbəxtlik sayırdı. Halbuki indi belə düşünmürdü. Düzdür, buradakı yemək-içməyi həm bol, həm də daha ləziz idi, ancaq neyləyəsən ki, ev hədsiz dərəcədə dar-darısqal idi. Qudalarının yaxınlıqdakı evi xeyli iri idi. Qadın öz-özlüyündə heyfsilənirdi ki, oğlu Sadek niyə özünə Fatimədən daha yaxşı bir arvad tapa bilməyib. Vecəyaramaz qızlarıyla evləndiyinə görə, qudaları Sadekə evlərinin bəlli bir bölümünü ayıra da bilərdilər. Orada daha rahat ömür sürər, bir-birlərinin əl-ayağına dolaşmazdılar. Hər dəfə anası bu barədə söz salanda Sadek sadəcə gülməklə kifayətlənərdi.

Oğlu evlənəli bir il olsa da, uşaq-filan söhbəti yox idi ortalıqda və Leyla Ayşə bunda gəlinini günahlandırırdı. Halbuki gənc ər-arvad bəlli bir məbləğdə pul yığandan sonra dünyaya övlad gətirməyə qərarlıydı. Qaynanası onların evinə köçəndən bəri Fatimə özünə yer tapmır, hər xırda şeydən qıcıqlanırdı. Nə gəldi, necə gəldi yeyən yaşlı qadın Fatimənin evdarlığından daim narazılıq edirdi. Hər hansı iş görən Fatimənin başının üstünü kəsdirən Leyla Ayşə ona göz qoyar, başını yırğalayaraq, deyinərdi: “Bizim vaxtımızda, yəni Mulay Yusif sağ olanda, bunu belə eləmirdilər”. Qadına elə gəlirdi ki, işdən gələn əri üçün yeməyi də Fatimə candərdi bişirir. Gəlini sorğu-suala tuturdu:

- Axı niyə ərin masada oturub, yeməyin bişməsini yarım saat gözləməlidir?

Olmaz ki ha, hazırlıqlarını əvvəlcədən görəsən və onun addım səsləri gələndə yeməyi süfrəyə verəsən? Bəxtin onda gətirib ki, oğlum üzüyoladır, sən isə bundan yararlanırsan.

Sonra Sadeki təkbətək yaxalayan qadın Fatimənin qayınanasını heç sevmədiyindən, ona sayğısız davrandığından şikayətlənirdi. Şəhərə, dükan-bazarı dolaşmağa çıxan gəlin onu özüylə götürmürmüş. Özü istədiyi vaxt isə qadın buralara nabələd olduğu üçün təkbaşına şəhərə çıxa bilmirmiş. Ötən gün onu həkim müayinəsinə aparanda qabağa düşüb, elə yeyin yeriyirmiş ki, qadının lap nəfəsi daralıbmış. Anası tam əmin idi ki, bu gəlin onun ölümünü arzulayır, vəssalam. Bu sözlərə gülən Sadek: “Sənin ağlın çaşıb, vallah!” - demişdi.

Onlarla bir evdə yaşadığı gündən Fatimə qaynanasını dilə tutmuşdu ki, xaiqdən (qadının üzünü örtən ənənəvi baş yaylığı – A.Y.) imtina eləsin və bütün şəhər qadınları kimi qalabəya (başdan geyilən və topuqlara qədər uzun qadın paltarı – A.Y.) geyinsin. Cəbəllada dolaşan qadınlara pis baxan Leyla Ayşə isə demişdi ki, yaşasaydı, Mulay Yusif belə abırsızlığa əsla yol verməzdi. Fatimənin nəzərində xaiq taxmaq – kəndçiliyin əlamətiydi və gəlin bu yolla öz qayınanasını yerli camaatın kinayələrindən qorumağa can atırdı. Xaiq taxan bu qarını arxasına salıb, şəhərdə dolaşanda xəcalət çəkirdi.

Hər söhbət düşəndə Fatimə qayınanasına minnət qoyurdu ki, bu evin ən yaxşı otağı ona ayrılıbdır. Bunun belə olmadığı isə hər ikisinə yaxşı bəlliydi. Sadəcə olaraq, cavanların otağıyla müqayisədə qadının qaldığı otaqda pəncərələr çox idi, ora daha işıqlıydı. Halbuki yaşlı qadın gündə neçə kərə pilləkənlə qalxmağa məcbur idi və leysan yağışlar yağanda Sadeklə Fatimə mətbəxə bitişik, isti otaqda xumarlandıqları vaxt qadının otağına hər səfər təzə yerdən yağış suları damırdı.

Heç birisi özünü tam haqlı saymadığından qadınlar hələlik açıq düşmənçilik yürütmürdülər, çünki Sadekin hansının tərəfini tutacağı sual altındaydı. Onun yanında özlərini farağat apardıqlarından bu kiçik evdəki həyat qanqaraçılıq olmadan sürüb, gedirdi.

Bel sütununda ətli şiş yarandığının Leyla Ayşə çoxdan fərqinə varsa da, hələlik bu sirri kimsəyə açmamışdı. Bir dəfə oturduğu döşəmədən qalxmağa çalışan anasına kömək edən Sadek əliylə paltarın altındakı həmin şişə toxunanda heyrətdən çığırdı. Qadını həkimə aparmaqdan ötrü xeyli dil tökən Sadek hər şeyə rəğmən, dediyində durdu. Müayinədən sonra həkim şişin alınmasının vacibliyini bildirdi və əməliyyat gününü təyin elədi.

Xəstəxanada yatacağı tarixdən öncəki günlər qadın yaman həyəcanlıydı. Eşitmişdi ki, narkoz – təhlükəli bir şeydir, üstəlik, çox qan itirməkdən də qorxurdu, bir də ki xaçpərəst həkimlərin elminə içində dərin şəkk-şübhə bəsləyirdi.

Sadek ona ürək-dirək verirdi:

- Heç qorxub eləmə. Sağaldacaqlar səni.

Əməliyyatdan əvvəlki gecə Sadeklə Fatimə öz otaqlarında oturub, əməliyyatın neçəyə başa gələcəyi barədə fikir yürüdürdülər. Leyla Ayşə isə üstdəki otaqda əşyalarını toplamaqla məşğul idi.

İçini çəkən Fatimə dedi:

- Boğazımızdan kəsib, dar gün üçün yığdığım bütün pullar bu əməliyyata xərclənəcək.

Əri dilləndi:

- Onun yerində öz anan olsaydı, kim bilir, daha nələri qurban verərdin.

Arvadı dinmədi. Giriş qapısı döyüldü. Eyni küçədə, üzbəüz cinahda yaşayan Leyla Həlimə Leyla Ayşəni yoluxmağa gəlmişdi.

Fatimə candərdi dilləndi:

- Yuxarıdadır.

Qonşu qadın tövşüyərək və nıqqana-nıqqana pilləkənlə üst qata qalxdı. Sadeklə Fatimə isə təkrar qanıqara halda hesablamalara kökləndilər.

Leyla Ayşənin xəstəxanaya gedəcəyi gün səhər yeməyi süfrəsinə oturan Sadek arvadına dedi:

- Onsuz ev tamamilə fərqli olacaq amma.

Fatimə əlavə elədi:

- Əcəb sakitlik olacaq.

Arvadına sarı dönən Sadek dedi:

- Onun bizimlə yaşamasının könlüncə olmadığından, ondan cırnadığından agaham. Ancaq hər necə olsa da, o - mənim anamdır.

Fatimə üzünə incik ifadə verdi:

- Mən indi nə dedim, axı?! “Əcəb sakitlik olacaq” dedim, vəssalam.

Axşamüstü Sadek işdən dönəndə Fatimə ona iri bir zənbil uzatdı. Əri əliylə onun çəkisini yoxladı. Ağır idi.

- Xəstəxanaya, anana apar bunu. Limonlu tajindir (ət və tərəvəzlərdən buxarda bişirilən yemək növüdür. Mərakeş mətbəxinin məşhur təamlarından sayılır – A.Y.). Soyumamış apar.

Bu, Leyla Ayşənin sevimli xörəyi idi. Arvadının çəkdiyi əziyyəti qiymətləndirmək üçün əri Fatimənin yanağından öpərək dedi:

- Bir Allah bilir ki, o, buna necə sevinəcək!

Xəstəxananın giriş qapısı kilidlənmişdi. Sadek pəncərəni döydü. Qapıya çıxan gözətçi bildirdi ki, xəstələrin ziyarət saatı bitib və xəstəxanaya ümumiyyətlə, kənardan yemək gətirilməsi yasaqlanıbdır. Sadek onu gah dilə tutdu, gah üz vurdu, gah qorxutdusa da, bunların heç biri işə yaramadı ki yaramadı. Gözətçi içəri keçib qapını örtəndə Sadek əlindəki zənbillə qapıda quruyub qaldı. Nə özü limonlu tajindən xoşlanırdı, nə də arvadı. İndi bu səbəti evə qaytarmağın da heç bir mənası yox idi. Küçəyə atmaq isə günah olardı. Ən azından isti ikən, bunu bir Allah bəndəsi dadaydı. Bu məqamda onun ağlına Fatmanın bu küçədə, bir az aralıda yaşayan ata-anası gəldi. Onlar da qədim təamları xoşlayırdılar və bu buğlanan tajinə görə kürəkənlərinə təşəkkür edəcəkdilər hər halda.

Fatimənin anasını mətbəxdə tapan Sadek zənbildəki qazanı ona uzatdı:

- Bu tajini Fatimə təzəcə bişirib.

Qadının çöhrəsinə təbəssüm qondu:

- Axşam süfrəmizdə bunu görəndə Si Muhamməd yamanca sevinəcək.

…Sübh tezdən, Sadek hələ səhər yeməyinə oturmamış qapı möhkəm döyüldü. Bir cüt polis qapını kəsdirmişdi. Fatiməylə vidalaşmağa imkan vermədən onlar Sadeki tutub, cipə mindirdilər. Müəmma çox tez çözüldü. Polis şöbəsində dünənki zənbillə qazan qabağına qoyulanda məlum oldu ki, tajinin çoxusu heç yeyilməyib. Ona dedilər ki, xörəyə xeyli ağu qatıldığından qaynanası canını tapşırıb. Xəstəxanaya aparılan Si Muhamməd isə kürəkənini öz arvadının qatili sayır.

İndi Sadekin beynində ancaq bir fikir dolaşırdı: “Fatimənin niyyəti – anamı zəhərləmək imiş”.

Uzun sürən istintaq zamanı o, istəmədən öz təlaşlarını dilə gətirdi və alayarımçıq söylənən bu fikirlər polislərdə böyük maraq doğurdu.

- Allah özü onu cəzalandırdı! Mənim anamı öldürməyə niyyətlənmişkən, öz doğma anasının canına qıyıb.

Sadekin arvadı barədə danışdığını az sonra anlasalar da, qətlin bu versiyasına nədənsə inanmadılar. Xəstəxana gözətçisi dindiriləndən sonra heç bir şübhə yeri qalmadı. Dediyinə görə, gözətçi Sadeki yaxşı xatırlayırdı, çünki bu adam zənbildəki yeməyin nəyin bahasına olursa-olsun, anasına çatdırılmasını arzulayırmış.

Fatimənin də ardınca polis yolladılar. Sadekin qəflətən həbs olunmasından sarsılan qadın anasının öldüyünü öyrənəndə lap dəhşətə gəlibmiş. Suallara qarmaqarışıq cavab verən qadın etiraf elədi ki, xəstəxanaya aparmaqdan ötrü Sadekə verdiyi səbətdəki tajini özü bişiribmiş. Bu etirafa görə Fatiməni kameraya saldılar.

Aradan bir neçə həftə ötəndən sonra məhkəmə quruldu. Xəstəxanadan çıxan Leyla Ayşə döndüyü ev-eşiyi kimsəsiz gördü. Sadek və Fatimə ilə bağlı olub-bitənləri ondan-bundan səbirlə dinləyən qadın başını yırğalamaqla mızıldanırdı: “Taleyimiz belə imiş”.

Ondan aralanan qonum-qonşu deyirdi:

- Zavallı qadının ağlı başından çıxıb. Deyəsən, başına nələr gəldiyini hələ də anlamır.

Qadın bazar-dükana getməsin deyə, hər gün qonşular ona hazır yemək gətirirdilər. Leyla Ayşə də daha pilləkənlə öz otağına qalxmağa gərək duymurdu, elə aşağıda, oğluyla gəlininin yataq otağında qalırdı. Qonşulara da deyirdi ki, Sadeklə Fatimə evə dönənə qədər tamamilə sağalıb, yataqdan qalxacaq və onda üst qata çıxması nisbətən asanlaşacaq. Qonşular isə öz aralarında deyirdilər: “Hələ də nələr baş verdiyini anlamır bu!”

Məhkəmədə ifadə verən Fatimə içində qazan olan səbəti Sadekə verdiyini etiraf eləsə də, yeməyə zəhər qatıldığından xəbərsiz olduğunu bildirdi.

- Yəni tajini sən mətbəxdə öz əllərinlə bişirdiyini deyirsən, eləmi?

Fatimə təsdiqlədi:

- Əlbəttə. Qayınanam onu bişirəndə mən də mətbəxdə idim. Xəstəxanaya getməzdən öncəki gün qadın tajin üçün gərəkli hər hazırlığı öz ağız dadına uyğun görmüş, mənə isə demişdi: “Sabah bunu ocağın üstünə qoyub, azca isidəndən sonra Sadek ilə xəstəxanaya, mənə göndər”.

Bu açıqlama ağlasığmaz sayıldığından məhkəmədə fasilə elan olundu və növbəti iclasa Leyla Ayşənin çağırılması uyğun görüldü.

Ağbirçək qadın şahid kürsüsünə çıxanda üzünü yenə də xaiqin ardında gizlətmişdi. Səsi pis eşidildiyi üçün ona başını açmaq təklif olundu. Sonra qadın az qala öyünürmüş kimi etiraf elədi ki, bəli, həmin tajini öz əlləriylə hazırlayıbmış. Bu ifadəsiylə o, məhkəmə heyətini heyrətləndirdi.

Qadın təkrarladı:

- Hə, hə. Çünki mən o xörəyə gen-bol duzlu limon qatmağı xoşlayıram.

Qazı uşaqdan söz alırmış kimi bişim-bişimlə ondan xəbər aldı:

- Bəs o xörəyə daha nə qatmışdın?

Leyla Ayşə də o xörəyə qatılan bütün qidaları sadalamağa başladı. Sonra qəfil duruxub, soruşdu:

- Yoxsa mən onun hazırlanma üsulunu da sənə izah edim?

Hamı gülüşdü. Qazı zaldakıları sakitliyə dəvət elədi. Qaşqabaqla qadını süzərək, dedi:

- Hər şey anlaşıldı. Yetər, camaatı əyləndirdin. Otur. Səni daha sonra dindirəcəyəm.

Keçib yerində əyləşən Leyla Ayşə nəzərlərini yerə zilləyərək, donquldandı, təsbehini çevirməyə başladı. Qazı hələ də qadını qəzəblə süzməyindən qalmırdı, çünki baxılan işə bir faydası dəymədiyi üçün ona acığı tutmuşdu. Leyla Ayşə məhkəməyə aparılandan sonra mülki polislər Sadekin evində qalmışdılar. Qazı indi onların geri dönərkən edəcəyi məruzəni intizarla gözləyirdi. Az sonra məruzə ediləndə məlum oldu ki, yuxarı qatda qadının paltarları arasında yarıyacan siçan zəhəriylə dolu bir qab tapılıb və tajinə qatılan zəhər də bunun eynisi imiş.

Bu faktı öyrənən qazı özündənrazı halda Leyla Ayşəni təkrar şahid kürsüsünə dəvət elədi. Sol əlində tutduğu tənəkə qabı şahid qadının burnunun önündə yellədən qazı zəhmli səslə xəbər aldı:

- Sən daha öncə bu qabı heç görmüşdün?

Leyla Ayşə çəkinmədən dilləndi:

- Əlbəttə ki, görmüşdüm. Bu qab mənimkidir və tajinə də məhz elə bu zəhərdən qatmışdım.

Zaldakı camaat pıçıldaşdı. Hamıya elə gəlirdi ki, qarı tamam xərifləyib. Qazının isə ağzı açıla qalmışdı. Üz-gözünü bürüşdürərək, o, soruşdu:

- Deməli, sən tajinə zəhər qatdığını boynuna alırsan?

Leyla Ayşə dərindən köks ötürdü:

- Bayaq soruşdum axı: tajinin hazırlanma üsulunu da sənə izah edim? Özün bunu istəmədin. Mən ona yarım kilo limon qatmışdım ki, zəhərin acısını bir az azaltsın.

Gözünü ondan ayırmayan qazı dedi:

- Davam elə.

Sözünün ardını gətirən qadının səsində qəzəb çaları sezildi:

- Bu yeməyi mən sırf özüm üçün hazırlamışdım. Başqası üçün yox. Məcun idi bu. Bəlkə sən elə bilirsən ki, mən onu yeməyə niyyətliydim? İstədiyim o idi ki, bu tajinə qatdığım ağu mənim canımda yığılan zəhəri çəkib, alsın, zərərsizləşdirsin.

Qazı karıxdı:

- Vallah, nədən bəhs etdiyini anlamıram.

- Onu ağzına alan kimi yerə tüpürürsən. Eyni şeyi bir daha təkrarlayırsan. Bunu ardıcıl şəkildə edirsən və hər dəfə də ağzını su ilə yaxalayırsan. Bizim kənddə bu üsul qədimdən bəri geniş yayılıb və istənilən zəhəri zərərsizləşdirə bilir.

- Deyəsən, o mərhumənin sənin bu səfehliyin ucbatından öldüyündən tamam xəbərsizsən?

Leyla Ayşə başını yırğaladı:

- Yox, yox. Sadəcə onun da taleyi elə imiş.

Zaldan Fatimənin tükürpədici nidası eşidildi:

- Yalan deyir! Həm də ağ yalan! Xəstəxanaya ev yeməyi buraxılmadığını o, əla bilirdi! Orada yatana qədər də bilirdi bunu!

Fatimədən susmasını tələb elədilər. Bununla yanaşı, qazı onun sözlərini dəftərinə yazdı və səhəri gün o, şahid ifadəsi verəndə bu məqama aydınlıq gətirməsini istədi. Fatimənin ifadəsi əsasında küçənin qarşı cinahında yaşayan qonşuları Leyla Həlimə məhkəməyə çağırıldı. Xaiqini aşağı salmağı xahiş edəndə qadın narazılığını bildirdi.

- Leyla Ayşə xəstəxanada yatandan iki-üç gün əvvəl mən onu yoluxmağa getmişdim. Könlünü almaq üçün ona dedim: “Qızıma deyəcəm sənin üçün qurabiyə bişirsin, xəstəxanaya, yoluxmağa gələndə sənə gətirəcəyəm”. O isə dedi: “Çox xeyirxahsan, ancaq buna nə gərək var?! Həkim özü mənə xatırlatdı ki, qüvvəyə minən yeni qanuna görə, xəstəxanaya kənardan yemək buraxılmır”. Ancaq mən buna məhəl qoymadan qızıma tapşırdım ki, qurabiyə bişirsin və Leyla Ayşə xəstəxanaya yatacağı gündən əvvəlki axşam mən özüm qurabiyəni onun evinə apardım. Düşündüm ki, onu çantasında, yəni şəxsi əşyalarının arasında gizlətsə, bəlkə diqqətdən yayına bilər.

Qazı: “Bəsdir” dedi və əl hərəkətiylə ona oturmaq göstərişi verdi. Sonra isə çılğın baxışlarını Leyla Ayşəyə zillədi:

- Görək indi mənə nə deyəcəksən?

Qadın tövrünü heç pozmadı:

- Bütün deyəcəklərimi bayaq dedim, bitirdim. Mən öz məcunumla girinc olduğum müddətdə tamamilə unutmuşdum ki, onu xəstəxanaya buraxmayacaqlar. Qocalıb, əldən düşmüşəm də. Huşum da ki, korşalıb.

Zalın bir küncündə canlanma sezildi. Fatimə səsini başına atdı:

- O, heç nəyi unudub-eləməyib! Yaxşı bilirdi ki, Sadek yeməyi aparıb, anama verəcək!

Fatiməni zaldan çıxartmağa çalışdılar, o, isə dirənməklə çığırmağından qalmırdı. Leyla Ayşə lal-dinməz durmuşdu, ona nə vaxt müraciət olunacağını gözləyirdi. Qazı gözlərini ondan çəkmirdi və indi onun baxışlarından dərin şübhə yağırdı.

Nəhayət, o, əsəbi halda soruşdu:

- Sən küt və bisavad bir qadınsan. Kim sənə deyib ki, ağıza alınan ağu qana işləyən zəhəri zərərsizləşdirə bilər? Yoxsa elə sanırsan ki, kimsə sənin bu sayıqlamalarına inanacaq?

Leyla Ayşə təmkinini qoruyaraq bunu təsdiqlədi:

- Hə, elə bilirəm. Xaçpərəstlərin və müsəlmanların dərmanları eyni vaxtda içiləndə onların təsirinin artdığı bütün aləmə bəllidir. Ancaq yenə də hər əlac Allahın əlindədir.

Səbri daralan qazı şahidlərin üçünü də evə buraxdı. Sadekə isə tapşırdı ki, əgər anası bənzər bir hoqqa çıxartsa, buna görə oğlu məsuliyyət daşıyacaq, çünki bu ahıl qadın öz hərəkətlərinə görə artıq heç bir cavabdehlik daşıya bilməz.

Gecə Leyla Ayşə öz otağında, üst qatda yuxuya gedəndən sonra Fatimə əri Sadekə belə bir ultimatum verdi: ya o, anasını bu evdən yollayacaq, ya da gəlin ər evini tərk etməklə, ata ocağına sığınacaq.

- Anamı qətlə yetirən bir qadınla mən eyni bir damın altda yaşaya bilmərəm!

Sadek ağlı başında birisi olduğundan buna heç etiraz eləmədi, razılaşdı. Çünki anasının çıxartdığı o hoqqadan sonra onu geriyə, kənddəki qohum-əqrəbasının yanına göndərməyin ən yaxşı yol olduğuna inanmışdı artıq.

Ağbirçək qadın oğlunun qərarını təmkinlə qarşıladı: deyəsən, hətta bunu gözləyirdi də. Anasına kəc baxmadığını, onu bir bəhanə tapan kimi başından etmədiyini sübuta yetirmək üçün Sadek dedi:

- Görürsən də, sənin mənasız bir hərəkətin başımıza nə boyda oyun açdı?

Bu yerdə oğluna tərəf dönən qadın onun gözlərinin içinə baxaraq dedi:

- Sən məni heç nədə günahlandıra bilməzsən. Sənin hələ də belə darısqal bir evdə yaşamanın günahkarı mən deyiləm.

Həmin an anasının sözləri Sadekə mənasız göründü: ağlını itirən qarının sayıqlaması saydı bunu.

Anasını vadidəki kəndə aparıb, geri qayıdan Sadek Fatimə ilə can bir qəlbdə yaşamağa başlayanda bu sözləri təkrar xatırladı. Bu sözlər üzərində sonradan o, hələ çox baş sındıracaqdı.

Dilimizə çevirdi – Azad YAŞAR

facebook.com/azadyasharofficial

news-inner-user
Azad Yaşar

83 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020