Şit aktyorlar

Şit aktyorlar
19 iyul 2013
# 10:50

Bu həyatda nəyisə dəyişmək istəyirsənsə, özündən və övladlarından başlamalısan. Bu mənim həyat prinsipimdir. Mən də yaxşı olmaq istəyən bir ana kimi övladlarıma, onların dünya görüşünün artmasına və düzgün təhsil almalarına lazımi diqqəti yetirməyə çalışıram. Ona görə də onlara çoxlu kitab alır, onları tez-tez teatra aparıram.

Düzdür, bu haqda məhz Kulis.Az saytında yazdıqda əlim birdən dayanır. Çünki Sevda Sultanova olan yerdə kinodan, aktyordan, Aliyə Dadaşova olan yerdə teatrdan, yenə də aktyordan danışmaq mənə düşməz.

Amma bu mövzu məni narahat etdiyi üçün bir tamaşaçı olaraq öz sözümü demək istəyirəm.

Uşaqlarımı təxminən iki-üç yaşından Kukla Teatrına aparmağa başladım. Elə yaşlarına uyğun sayda tamaşaya baxdıqdan sonra qızlarım daha oraya getmək istəmədilər. Uşaqları necə qınayaydım? Eybəcər kuklalar, xeyli dəyişdirilmiş və mənasız hala salınmış nağıllar, üstəlik nağıl qəhrəmanlarının addımbaşı oxuduğu və körpələrin anlamadığı xarici dildəki mahnılar...

Kukla Teatrını dəyişdik Gənc Tamaşaçılar Teatrına. Baxdığımız ilk tamaşa “Yatmış gözəl” oldu. Nicat Kazımovun rejissorluğu ilə qoyulan bu tamaşanın lap əvvəlində tamaşanın sonunda yatmış gözəli oyadacaq şahzadə o qədər şitlik edib həvəsimi öldürdü ki, rolunu daha yaxşı oynayan aktyorların oyunundan heç bir zövq ala bilmədim. Ona görə də qızlarımla şərt kəsdim ki, bundan sonra tamaşaya gəldikdə onlar parterdə oturub tamaşanı izləyəcəklər, mənsə onları foyedə gözləyəcəyəm. Razılaşdılar və artıq neçə vaxtdı ki, biz tamaşalara bu razılığa əməl edərək gedirdik.

Ancaq teatrın yay tətilinə bağlanmazdan əvvəl verdiyi son uşaq tamaşası “Balaca və Karlson”a getdikdə balaca qızım ağladı və şərtimizi pozub məndən içəridə qalmağımı istədi. Premyera olmasına baxmayaraq, içəridə boş yer çox idi, nəzarətçilər də sağ olsunlar, icazə verdilər ki, uşaq sakitləşənədək içəridə qalım.

Onu da qeyd etmək lazımdır ki, Astrid Lindqren çox sevimli uşaq yazıçılarımdan biridir. Hələ uşaq vaxtı Lindqrenin “Uzuncorab Peppi”, “Balaca və Karlson”, “Lönniberqidən olan Emil” əsərlərini sevə-sevə oxumuşam, bir neçə il əvvəl isə uşaq jurnallarından biri üçün Lindqrenin bir hekayəsini də tərcümə etmişəm. Sovet dövründə çəkilmiş əzbər bildiyim cizgi filmi də var...

Amma...

Tamaşaya gələndə əvvəlcədən ona baxmayacağımı düşünürdüm, ona görə də içimi yeyib-dağıdan bircə fikir var idi ki, gərək özümə də bilet alaydım, heç olmasa, Karlsona baxmaq üçün. Qızım mənə belə bir fürsəti verdi. Ancaq içəridə olduğum 20-25 dəqiqə ərzində razı qaldığım təkcə dekorasiyalar və “ata” obrazını canlandıran aktyor oldu.

Şitlik edən Balaca, bacısı, bacısının dostu, rolunu yaxşı oynaya bilməyən ana obrazı... Ən əsası da, bütün ümidlərimi puç etmiş Karlson, daha doğrusu, bu rolu ifa edən hədsiz dərəcədə arıq, qarabuğdayı, şitlik etməkdə teatr yoldaşlarından geri qalmayan aktyor.

Elə obrazlar var ki, onları özününküləşdirmək bəzən mümkün olur. Amma dünya ədəbiyyatının elə qəlibləşmiş obrazları var ki, onları istər forma, istər məzmun cəhətdən bu dərəcədə kökündən dəyişmək tamamilə səhv addımdır. “Balaca və Karlson” tamaşasının da rejissoru bu səhvə yol vermişdi.

Deyirəm, görəsən, teatrlarımızın hər tamaşadan sonra nə qədər gözdən düşdüklərindən, nə qədər tamaşaçı itirdiklərindən xəbəri varmı? Gələcəyin potensial tamaşaçısı kimi hazırlaya biləcəkləri uşaqları teatrdan necə ayrı saldıqlarından xəbərləri varmı?

# 2711 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #