news-inner
clock09:00 calendar-gray 19 İyul 2013 view-gray1635 dəfə oxunub
view-gray1635 dəfə oxunub

Aydın Talıbzadə: “İnsanla Tanrı arasında dinlərə ehtiyac yoxdur”

İllər əvvəl, bizim İncəsənət Universitetinin tələbəsi olduğumuz zamanlarda Dövlət Pantomima Teatrında Fəridəddin Əttarın əsəri əsasında hazırlanmış “Uçuş” tamaşası vardı. Bu tamaşada sufi dərvişlərinin keçdiyi yollar səhnə-səhnə tamaşaçıların qarşısında canlanırdı. Və elə bu ərəfələrdə bizə dərs deyən teatrşünas alim Aydın Talıbzadə “Şərq teatr tarixi”ndə müsəlman mədəniyyətinin ən cazibədar hadisəsi olan mövləvi dərvişləri haqqında danışırdı. Sufilik barədə öyrənmək üçün ona müraciətimizin səbəbi yalnız bu deyil. Aydın Talıbzadə “Orta əsr yaxın şərq mədəniyyəti” mövzusunda dəyərli araşdırmaların, elmi işlərin müəllifidir.

- Aydın müəllim, sufilik necə yarandı? Dərviş mərasimlərinin məqsədi nə idi?

- Əvvəla ondan başlayaq ki, sufidən soruşmurlar sufilik nədir? Çünki sufi bilmir sufilik nədir. Əslində, bu soru artıq məni ilgiləndirmir. Elmi tədqiqatlarda yazılıb ki, sufiliyin kökləri VIII əsrdə yaşamış ərəb şairəsi Rəbiyyə ilə bağlıdır. Sonradan sufilik inkişaf edib müəyyən qardaşlıqlar əmələ gətirib. 12 qardaşlıqdan ibarətdir sufilik. Bunlar əsas, ana qardaşlıqlardır. Bir də bu ana qardaşlıqların nəzdində kiçik bacı qardaşlıqları olub. Sufiliyin mahiyyətində dünyadan, dünya əzabından qurtulmaq dayanır. Sufilik həyatda nə varsa, ona qarşı sonsuz bir eşqdir, hər bir nəsnədə Allahı görüb, duyub, dərk edib sevməkdir. Lakin sonucda bu eşqin özündən də qurtulmaq gərəkir. Çünki eşqin özü də bir nişanədir. Hər hansı bir yerdə bir nişanə oldumu, orada mütləq bir fərqlilik var. Fərqlilik meydana gəldimi, sufilik itər. Yalnız Allahda olmaq nişanəsizlik deməkdir. Sufiliyin əsas məramı kamilliyə yetməkdir. Bunun üçünsə gərək həyatda heç nəyə meyl etməyəsən. Sufiliyin devizi budur: həyatda heç nəyə bağlanma, çünki heç nə sənin deyil. Həyat əvvəldən axıra kimi itkilərdən hörgülənmiş bir qüssədir. Nəyəsə öyrəşmək insanı asılı eləyir. Hətta intellekt də bir asılılıq formasıdır. İntellektin özündə də bir oyun, intellektual bir blef gizlənə bilər. Əsl sufi bu oyundan da, intellektdən də qurtulur.

- Yəni, intellekt özü iddia yaradır, ona görə?

- Bəli. Öz intellektual oyununa vurğunluq da sufiliyə ziddir. İntellektin özü də nəfsin bir formasıdır. Sufi öz intellektindən də qurtulub öz içində sakitləşmiş bir adamdır. Əgər sən müəyyən bir imic yaradırsansa, hətta özün üçün yaradırsansa bu imici, deməli, sən yalançı sufisən. Əsl sufi sufilikdən danışmır.

- Sufi dərvişin fənaya, kamilliyə qədər keçdiyi mərhələlər hansılardır? Çillə keçirmək mərhələsinə nələr aiddir?

- Sufi, dərviş sinonim sözlərdir. Dərviş olan sufidir, sufi olan dərvişdir. Bilirsiniz ki, insan bədənin diktə etdiyi arzuların, hisslərin düşkünüdür, həzzin, dadların, ləzzətlərin düşkünüdür. Sufilik səni bunlardan qurtarır. Qurtarır ki, fənaya çatasan. Fəna o yerdir, o məqamdır ki, orada bütün fərqlər, bütün dadlar yox olur. Fənaya çatmaq üçün 4 mərhələ var: şəriət, təriqət, mərifət və həqiqət. Əslində, üçünü əsas götürürlər, mərifət həqiqətin bir təzahürüdür. Şəriəti qəbul edib təriqətdən keçməlisən. Səbir, tövbə bu yolda əsas köməkçidir. Sufi dərviş bu mərhələlərdə özünü imtahana çəkir. Çillə dediyimiz təriqətə, yəni sufiliyə qədər olan məqamdır. Qardaşlığa gələn dərviş mütləq o çilləni keçməli idi. Çillə sufi məktəbidir, onu keçib mühib kimi qardaşlığa qəbul olunursan. Mən bütün qardaşlıqların necə çillə keçirdiyini bilmirəm. Mövləvilərdən isə yaxşı xəbərdaram. Dərvişlər Mövləvi xanəgahında 1001 gün müddətində sınağa çəkilirdilər. Bu sınaq “çillə” adlanırdı. 1000 gün ərzində mühiblər müxtəlif sahələrdə fiziki əməklə məşğul olmalı, dilənməli və dini biliklərini artırmalı idilər; zikr praktikasını mənimsəməliydilər. Sonrakı bir gün isə səmaxanada düzəldilən imtahan üçündü.

- Bildiyimiz qədərilə bütün mərhələlərdən keçib kamilləşən sufi “fəna” məqamına çatır, yəni bir heç olur, tanrıya qovuşur, harmoniyaya çatır, əbədiyyətə qovuşur. Və deməli bir heç olduğu üçün fiziki ölüm də mənasızlaşır. Onda demək olarmı ki, bu sufilik ölüm qorxusu qarşısında əbədiyyətə iddiadır? Ölümdən bir şəkildə yaxa qurtarmaqdır?

- Qətiyyən. Ölümdən qorxan sufi deyil. Sufiyə görə ölüm son deyil.

Hətta ölüb çürüyüb torpağa qarışırsansa belə, torpaq şəklində kainatda var olursan: kainatdan harasa itəcək bir yer yoxdur.

Fəna isə ölüm deyil, heçləşməkdir. Fəna kamilliyin son həddidir. Fənanın qarşıdurumu isə bəqadır. Bəqa əbədiyyət deməkdir. Fəna ölüm deyil, özündən qurtulmaqdır. Hər kəs müəyyən nişanələrin daşıyıcısıdır. Məsələn hərənin bir adı var, adların özü fərqlilikdir. Sufi olanda insan bu fərqlilikdən qurtulur.

Sizə bir əhvalat danışım. Bir gün sufi İbrahim ibn Əlhəm bazardan bir qul alıb gətirir. Quldan soruşur: adın nədir? Qul deyir ki, sən nə çağırsan adım elə odur. Soruşur, nə geyinirsən? Qul deyir ki, nə geyindirsən. Soruşur, nə yeyirsən? Deyir, nə versən onu da yeyəcəyəm. Soruşur ki, bəs sənin nə isə bir istəyin varmı? Qul deyir ki, qul nə istəyə bilər? Bu məqamda İbrahimin ürəyi gedir. Ayıldanda ondan bunun səbəbini soruşurlar. İbrahim deyir ki, mən Tanrıya “qulunam” deyirəm, amma mən qul olmağın nə olduğunu indi dərk etdim. Bütün istəklərini itirəndə özündən azad olub Tanrıya qul olursan.

- Sufi orucu haqqında nə bilirsiniz?

- Sufi heç nəyi əmrlə qəbul etmir. Sufi ibadətdən yüksəkdə dayanır. Sufinin ac qalması önəmli deyil. Bilmirəm sufilərdən hansı deyib ki, əsl sufi orucu bir öküzü yeyib durmaqdır. Əsl sufi rəqsi o rəqsdir ki, ayağın yerdə ola əlin göylərə dəyə.

- Zikrlər necə keçirilir? Hansı sözlər deyilirdi?

- Dərvişlərdə xəlvət və kollektiv zikrlər var. Mövləvilərin zikri kollektiv zikrlərdir. Onlar deyir ki, biz allahı dilimizlə “lə ilahə İlləlah” deyib ana biliriksə, bunu bütün bədənimizlə də edə bilərik. Onlar əlləri, ayaqları bədəni ilə zikr edirlər. Hətta onların geyimi də, bağladıqları qurşaq da Allahı anır. Bu, zikrin məkan içərisində kalliqrafik formasıdır.

- Mövləvilərin geyimlərinin nə kimi simvolik mənası vardı?

- Onların geyim tərzinə Şəms Təbrizinin ölümü ilə bağlı Mövlanənin uzun müddət əynindən çıxarmadığı hüzn paltarlarının güclü təsiri olub. Tənnurə-bədənin nuru- dərvişlərin dümağ rəngli, iki hissədən ibarət alt paltarıdır. Həm də dərvişlərin kəfənə büründüyünü bildirir. Onun zəng formalı aşağı hissəsi, daha doğrusu, geniş tuman dəstəgül adlanır. Fırfıra dərvişlər bellərinə əlif-lam formasında dörd barmaq enində bir qurşaq da bağlayırlar. Bu, “lə ilahə illəllah” kəlməsini eyhamlaşdırır. Tənnurənin üstündən dərvişlər qara və yaxud yaşıl rəngli xirqə geyinirlər. Xirqə dərvişlərin qəbrinə işarədir. Onların başlarına qoyduqları konusvari tünd qəhvəyi rəngli papaqsa “sikkə” adlanır. Mövləvilər onu öz qəbirlərinə başdaşı bilirlər. Həm də sikkə “Ya Həzrət Mövlana” kəlməsinin kalliqrafik quruluşunun inikasıdır.

- Mövləvilərin səma rəqsləri necə keçirilirdi?

- Səma məclisləri, mövləvi zikrləri fərdlə tanrı arasında yaşanan ünsiyyət qatlarının, bir növ, bədii-vizual obrazıdı. Səma məclisləri hər həftənin cüməyə keçən gecəsi musiqi sədaları altında keçirilirdi. Səma məclislərinin kompozisiyası çox sadədir və adi, aramsız hərlənmələrdən ibarətdir. Ancaq elə ilk baxışdan sadə və adi təsir bağışlayan bu hərəkətləri yerinə yetirmək üçün dərvişlər Axci Dədənin (“aşpaz dədə”, yəni səma məclislərində iştirak etmək üçün dərvişləri “bişirən”, hazırlayan, onları müxtəlif sınaq mərhələlərindən keçirən şəxs-A.) rəhbərliyi altında uzun sürən asketik təlim-məşq prosesi keçirdilər. Səma məclisi beş bölümdən ibarətdir. Əvvəlcə Şeyx, səmazənlərin (rəqqas dərvişlərin) arxasınça gəlir. Dərvişlər fırlanaraq bir-birlərini salamlayıb cərgəyə düzülürlər, hərəkətin ahəstə ritmini saxlamaq şərtilə dairə boyunca əyləşirlər. Hafiz, “Fatihə” surəsi və “Rast” muğamı üstündə dini musiqi formasında bəstələnmiş “Nət-i Şərif”i (sözləri Ruminindir-A.) oxuyurdu. Bu, birinci bölümdür: məqsədi Muhamməd Mustafanı, onu xəlq eləmiş Allahı və Tanrının digər peyğəmbərlərini mədh etməkdir.

“Nət-i Şərif” tamamlanan kimi “təqsim”, yəni neyin improvizəsi başlayır. Dərvişlər bu zaman diz üstündə oturub “tənhalar sirdaşı” neyin səsini dinləyir və gözlərini qapayıb yerlərində yırğalanırlar. Bu, ikinci bölümdür: hər şeyə can verən ilahi nəfəsin təmsilçisidir.

Neyin naləsi qurtaran anda dərvişlər cəld bir hərəkətlə əllərini yerə vurub qiyamət gününə və qıl körpüsünə çatdıqlarını bildirirlər. Onlar ayağa qalxıb şeyxin ardınca saat əqrəbinin əksi istiqamətində dairə perimetri boyunca gəzişirlər. Üçüncü bölüm başlanır. Mövləvi musiqisinin “peşrev” adlanan giriş hissəsi çalınır. Bu zaman dərvişlər başlarını çevrə cızmaq şərtilə yavaşca hərlədə-hərlədə bir-birini salamlayırlar. Beləliklə, Sirr bir dərvişdən digərinə ötürülür. Başın çevrə boyunca hərəkət etdirilməsi əslində “salamlamaq” yox, sufisayağı “zikr”dir. “Laillahə il allah”ı ifadə edir. Halqa üç dəfə təkrarlandıqdan sonra şeyx öz yerinə keçir.

Dərvişlər çevikcəsinə xirqələri əyinlərindən çıxarıb öpür və yerə atırlar. Dördüncü bölüm, yəni səmazənlərin rəqsi başlayır. Dördüncü bölüm simvolik hərəkətlər toplusu olan dörd salamdan ibarətdir. Beşinci bölümdə hafiz avazla Qurandan parçalar söyləyir. Şeyx “Hu” kəlməsi ilə bitən “Gülbəng” adlı dini duanı oxuduqdan sonra rəqs ustası ilə bahəm səmaxananın ortasında fırlanmağa başlayır. Öncə “pişrou”dan, sonra isə “Yürük səmai”dən hissələr səsləndirir. Burada Şeyx Günəşi, səmazənbaşı isə Ayı simvollaşdırır. Beləliklə, səma məclislərinin kompozisiyasında fəza cismlərinin hərəkətinin canlı şəkli alınır. Günəşlə Ay, gecə ilə gündüz Şeyxlə səmazənbaşının timsalında yerlərini növbə ilə bir-birilərinə verib fırlanırlar. Ətraf sakitlik olur. Yalnız “Allah” sözünün qısaldılmış əvəzləyiçisi olan “Hu...” nidasının sürəkli pıçıltısı eşidilir...

- Mövləvi zikrlərində qadınlar iştirak etməyib. Nə üçün belə ayrı-seçkili münasibət var idi?

- Mövlanənin zamanında qadınlara bu məclisdə oturmağa icazə verilib, hətta Ruminin özünün iştirakı ilə. Amma sufilik özü qadından - ərəb şairəsi Rəbiyyədən başlayır. Görünür, islam yasaqları bu məsələdə də aktual olub. Amma bu faktı dərindən tədqiq eləməmişəm. Onu bilirəm ki, dünyanın heç bir ənənəvi teatr formalarında qadına yer verilməyib.

- Niyə?

- Bilmirəm. Heç bir təriqətdə, teatr sənətinin qədim ənənəvi formalarında qadınları teatra yaxın buraxmayıblar.

-Aydın müəllim, indi Azərbaycanda sufi xanəgahları varmı?

- Şamaxıda və Cəlilabadda sufi zikrlərinin keçirildiyini eşitmişəm.

- Bəs sufiliyin dünya mədəniyyətində paralelləri varmı?

- Əlbəttə var. Sufiliyin özünün qədim hind mədəniyyəti, buddizm və induizmlə əlaqəsi var. Bütün dinlər qohumdur. Hamısı eyni şeyi deyir - hamısı insanı içdən təmizlənməyə, ruhaniliyə çağırır.

- Filmlərimizdə-“Nəsimi”də, “Dəli Kür”də kollektiv zikrlər, məclislər verilib. Bunlar nə qədər dəqiq işlənib?

- Dəqiqdir. Sadəcə olaraq “Dəli Kür”dəki səhnə sovet ideologiyasına görə murdarcasına, iyrənc bir formada təqdim olunub. Seyid Əhməd Nigarinin şeyx olduğu sufi qardaşlığı məhz belə zikrlər keçirib. Onlar həqiqətə çatmağın yolunu qadınla seksual əlaqədə görürdülər. Sufilərin ideoloqlarından biri Ibn Ərabinin fikrinə görə, qadın Tanrının ən ideal təcəllasıdır.

- Teatr xadimləri ittifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatı ilə assosiasiya etmək istəmirəm, amma bu adla kimisə fərqləndirməli olsanız mədəniyyət aləmində Dərviş sözünü kimə deyərdiniz?

- Səttar Bəhlulzadəyə.

- Bəs həyatda olanlardan?

- Musiqidə Arif Məlikova, teatrda Bəxtiyar Xanızadəyə, ədəbiyyatda Xanəmirə.

- Müasir dünyada “sufi kimi” sözünü kimə demək olar?

- Müasir dünyada sufi o adamdır ki, aza qane olmağı bacarır. Müasir sufi öz pendir çörəyi ilə xoşbəxt ola bilən kəsdir. Xoşbəxtlik öz nəfsindən qurtulmaqdır. İnsan nəfsinə görə günah batır.

- Dünya istehlakçı olduqca günahkarlaşır həm də...

- Bəs necə? Təklif artır, tələbat artır və əgər mən daha çox istəyirəmsə, deməli, daha çox qazanmalıyam, deməli, təbiətə, insana daha çox ziyan vurmalıyam.

- Necə düşünürsünüz, zaman keçdikcə mənəvi tənəzzül, yoxsa mənəvi inkişaf baş verir? Deyə bilərikmi orta əsrlər daha insani idi?

- Mən elə düşünmürəm. Deqradasiyadan danışmaq absurddur. Deqradasiya yoxdur. İnsanın pisliyə və yaxşılığa münasibəti əvvəllər necə idisə indi də elədir. Mənə elə gəlir ki, insanlar daha yaxşı olmağa başlayıb. İndiki gənclər daha az yalan danışır, daha təmizdilər. Dünya sosiallaşır və yalan yoxa çıxır. Məni daha çox tələbələrim yaradıb, nəinki müəllimlərim.

- Şərqin sosial-mədəni geriliyinin səbəbini islam dinində, müsəlman mədəniyyətində, dünyagörüşündə axtarmağa necə baxırsınız?

- Mənə elə gəlir ki, o fikrin əsasında siyasi manipulyativ məqamlar var. Sivilizasiya komfort, rahatlıq üçündür. Biz açıq gözlə baxsaq, görərik ki, Qərbin sırıdığı, bizimsə qəbul etdiyimiz dəyərlər - texnologiya, demokratiya, bərabərlik – altında şərqin özgürlüyünün, təbiiliyinin itməsi prosesi gedir. Biz nə qədər sivilləşiriksə, o ilkin gözəllikdən məhrum oluruq. Sivilizasiya əldə etdiklərini təbiəti ram etməklə qazanır. İnduizm , buddizm, yəhudilik, xristianlıq, islam gözəldir. Bütün din və təriqətlər gözəldir. Amma insanın sonucda məqsədi bu dindən və təriqətdən azad olmaqdır. İnsanla tanrı arasında dinlərə və təriqətlərə ehtiyac qalmayanda bəşəriyyət, toplumlar öz ideal harmoniya vəziyyətinə gələcək. Qərb ona görə irəli gedir ki, o düzxətli inkişaf istiqamətini seçib. Şərq isə dairəvi hərəkətdədir. Şərq özünə qane olur. Çünki inkişaf sonucda insanın özünün əleyhinə yönəlir. Nədən ki, nə qədər çalışsan da, inkişaf eləsən də, təbiətin özündən yaxşı, gözəl heç nə yarada bilməyəcəksən. Bax, bu, elə fənadır və bəqadır.

news-inner-user
Aliyə

974 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti